Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1178/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlilliyin təyin edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 962/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə qaydasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə İddiaçı əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi vəzifəsinin qoyulması və cavabdehdən pensiyanın təyin olunmayan ayları üzrə ödənilməmiş ümumi məbləğinin alınması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının razılığı ilə əsl olmayan iddiaçı X3 əsl İddiaçı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin üzərinə əlilliyinin bərpa edilməsi, həmin məlumatların əlilliyinin etibarsız hesab edildiyi 01 mart 2021-ci il tarixdən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya alt sisteminə daxil edilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə xx.xx.2021-ci il tarixdən ikinci qrup əlilliyinin təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-962/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlilliyinin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-962/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyəti 9 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri; Diaqnozun mətni: Keçirilmiş virus mənşəli ensefalitin qalıq əlamətləri; Meyar: 4. 18 yaş tamam olana qədər: => DİGƏR: Keçirilmiş virus mənşəli ensefalitin qalıq əlamətləri” əsas gətirilməklə 18 yaşınadək verilmişdir. Daha sonra, 17 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.4 - Generalize olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri; Diaqnozun mətni: Keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları Motorafaziya sensor agır eşitmə Bulbar iflic və epileptik tutmalarla; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.16. Epilepsiya tez-tez təkrarlanan (ayda 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi ilə” əsas gətirilməklə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 17 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.0 - Fokal başlanığıclı qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (fokal) (parsial...; Diaqnozun mətni: Keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları Motorafaziya sensor agır eşitmə Bulbar iflic və epileptik tutmalarla; Meyar:2.2. İkinci dərəcə əlillik => 2.2.16. Epilepsiya tez-tez təkrarlanan (ayda 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi ilə.” əsas gətirilməklə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sözügedən Xəstəxananın xx.xx.2014-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri; Diaqnozun mətni: Keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları.Motor afaziya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları.Motor afaziya” əsas gətirilməklə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri; Diaqnozun mətni: Keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları.Motor afaziya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları.Motor afaziya” əsas gətirilməklə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli 2768003AACNX saylı göndərişi əsasında qiymətləndirilmiş və “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları Keçirilmiş ensefalitdən sonrakı ikincili yuvenil demensiya-koqnitiv funksiyaların kobud pozulması ilə; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2016cı ildən sonra stasionar müalicələr almayıb, tutmaların sayı göstərilməyib, hal-hazırki vəziyyətini qiymətləndirmək üçün ixtisaslaşmış xəstəxanada ətraflı müayinə, müalicə alması məsləhət görülür” əsas gətirilməklə imtina verilmişdir. Hazırkı iş üzrə mübahisə predmeti iddiaçı barəsində olan 01 mart 2021-ci il tarixli 2768003AACNX nömrəli göndərişin maddi hüquq normalarına uyğun tərtib edilib-edilməməsindən ibarətdir. Halhazırda mübahisələndirilən 2768003AACNX nömrəli göndəriş 01 mart 2021-ci il tarixdə verildiyindən iddiaçının həmin tarixə qədər olan müalicə müddətləri nəzərə alınmalıdır. İddiaçının 2021-ci il tarixə qədər müalicə alması iş üzrə onun son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması üçün kifayət etməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01№ 019429 nömrəli, xx.xx.2011-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci ildə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinət almaq hüququ verən tibbi göstərişlərin meyarlarının 2.1.4-cü bəndinə əsasən 18 yaşına qədər sağlamlıq imkanı məhdud uşaq hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 11 №-li Zona Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-02№ 288288 nömrəli, xx.xx.2012-ci il tarixli, SER TSE-01№-187292 nömrəli, xx.xx.2013-cü il tarixli, SER TSE-01№-499001 nömrəli, xx.xx.2014-cü il tarixli arayışlarının surətlərindən görünür ki, İddiaçı müvafiq olaraq xx.xx.2012-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə ikinci qrup əlillik təyin edilmiş, xx.xx.2013-cü il tarixdə xx.xx.2014-cü ilədək, xx.xx.2014-cü ildən xx.xx.2016-cı ilədək ümumi xəstəlik səbəbi ilə ikinci qrup əlillik təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli, xxxxxxx005 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ümumi xəstəlik səbəbi ilə “Keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları. Motor afaziya” daiqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan “17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası” tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına ünvanlanmış xx.xx.2021-ci il tarixli, 2768003AACNX №-li, TQS № 088 tibbi arayışdan görünür ki, İddiaçı TSEK-ə göndərilən zaman vəziyyəti - status localis: Xəstə 2009-cu ilin iyul ayında - Naməlum mənşəli virus ensefaliti, psevdobulbar iflic, tota afaziya, hiperkinezlər diaqnozu ilə Mirqasımov adına RKX-ın reanimasiya şöbəsinə qəbul olunmuş, bundan sonra davamlı stasionar və ambulator müalicələr alsa da səhhətində yaranmış ağırlaşmaların geridönməzliyi səbəbindən xəstəyə 2-ci qrup əlillik təyin edilmişdir, halhazırda xəstənin səhhətində olan ağırlaşmalar qalmaqdadır, davamlı olaraq Nootroplar, Antikonvulsantlar-Epiexx-500 mh.Finlepsin 400 mg qəbul edir. Əlillik müddəti bitdiyindən əlillik dərəcəsinin uzadılmasi üçün müraciət etmişdir. Huşu aydın, meningial əlamətlər qeyd olunmur, xəstənin nitqi tamamilə olmadığından və kar olması səbəbindən ünsiyyət qurmaq olmur, əl işarələri ilə fikirlərini izah edir, koqnitiv funksiyaları kobud pozulub, üzü mərkəzi tipli assimetrik, fotoreaksiya canlı, horizontal nistaqm qeyd olunur, ətraflarda reflekslər yüksəlib, parez və iflic qeyd olunmur. Xəstədə ayda 8-12 dəfə təkrarlanan generalizə olunmuş tonik klonik tutmalar baş verir, antikonvulsantların qəbuluna baxmayaraq, xəstədə Psevdobulbar iflic, Total motor afaziya, ikitərəfli neyrosensor ağıreşitmə 4-cü dərəcə-praktik karlıq var, Emosional ləbildir, uzun müddət əsəbilik və aqresiya nümayiş etdirir, yaddaş, qavrama, özünü idarə etməsi pozulub, yuvenil demensiya qeyd olunub. Əsas diqanoz: G04 - Ensefatil, mielit və ensefalomielit. Keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları- xx.xx.2009-cu il. Ağırlaşma: F02.8* - Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya Keçirilmiş ensefalitdən sonrakı ikincili yuvenil demensiya-koqnitiv funksiyaların kobud pozulması ilə. TSEK-ə göndərilməsi üçün əsas kimi əlillik müddətinin qurtarması-yenidən baxmaq qeyd edilmişdir. İş materiallarında olan cavabdehin TSEK-də sonuncu müayinəyə dair məlumatın verilməsinə dair xx.xx.2021-ci il tarixli çıxarışından görünür ki, İddiaçı “Keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları Keçirilmiş ensefalitdan sonrakı ikincili yuvenil demensiyakoqnitiv funksiyaların kobud pozulması ilə” diaqnozu əsasında xx.xx.2021-ci il tarixdə əlavə müalicəyə ehtiyacın olması səbəbilə - Ətraflı: 2016-cı ildən sonra stasionar müalicələr almayıb. Tutmaların sayı göstərilməyib. Hal-hazırki vəziyyətini qiymətləndirmək üçün ixtisaslaşmış xəstəxanada ətraflı müayinə, müalicə alması məsləhət görülür – imtina edilmişdir. İş materiallarında olan Əlillik altsistemindən çıxarışlardan görünür ki, İddiaçı əlillik vəziyyəti 9 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və 18 yaşına qədər sağlamlıq imkanı məhdud uşaq hesab edilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyəti 17 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2012ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyəti 17 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyəti 17 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyəti elektron təyinatla 17 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyəti 17 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması səbəbindən imtina verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 1561 №-li sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 102/2022 saylı ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün 17 nömrəli Birləşmiş şəhər xəstəxanasının tərtib etdiyi xx.xx.2021 -ci il tarixli, 2768003AACNX №-li, TQS 088 saylı formada şəxsin səhhətini əks etdirən “keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları, keçirilmiş ensefalitdən sonrakı ikinci yuvenil demensiya-koqnitiv funksiyaların kobud pozulması ilə” diaqnozdakı əsas xəstəlik kliniki, laborator instrumental müayinələr əsasında müəyyən olunmuşdur və bu xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə qeyd edilən xəstəliklərin əhatə dairəsinə düşür. Odur ki, şəxsin əlillik dərəcəsinin qiymətləndirilməsi üçün müvafiq ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunması haqqındakı məlumatlar yeni Forma 088 tərtib edilərək TSEK-ə göndərilməklə onun təyininə baxıla bilər. İşin faktiki hallarından görünür ki, İddiaçı ilkin olaraq xx.xx.2011-ci ildə sağlamlıq imkanları məhdud uşaq kimi müəyyən edilmiş, xx.xx.2012-ci ildən davamlı olaraq 2015-ci ilə kimi 1 il müddət müəyyən edilməklə, xx.xx.2015-ci il tarixdən isə 5 il müddətinə ona ümumi xəstəlik səbəbi ilə “Keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları. Motor afaziya” diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddətinin qurtarması ilə əlaqədar iddiaçı qeydiyyatda olduğu 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına müraciət etmiş və həmin xəstəxana tərəfindən cavabdeh inzibati orqana xx.xx.2021-ci il tarixli, 2768003AACNX №-li, TQS № 088 tibbi arayış göndərilmişdir. Cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixdə “əlavə müalicəyə ehtiyacın olması: 2016-cı ildən sonra stasionar müalicələr almayıb. Tutmaların sayı göstərilməyib. Hal-hazırki vəziyyətini qiymətləndirmək üçün ixtisaslaşmış xəstəxanada ətraflı müayinə, müalicə alması məsləhət görülür” səbəbi ilə əlilliyin təyinindən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır . 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20, G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9) hallarında ikinci dərəcə əlillik təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertin rəyinə əsasən iddiaçının iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün 17 nömrəli Birləşmiş şəhər xəstəxanasının tərtib etdiyi xx.xx.2021 -ci il tarixli, 2768003AACNX №-li, TQS 088 saylı formada şəxsin səhhətini əks etdirən “keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları, keçirilmiş ensefalitdən sonrakı ikinci yuvenil demensiya-koqnitiv funksiyaların kobud pozulması ilə” diaqnozdakı əsas xəstəlik kliniki, laborator instrumental müayinələr əsasında müəyyən olunmuşdur və bu xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə qeyd edilən xəstəliklərin əhatə dairəsinə düşür. Hazırki iş üzrə məhkəmə qərardadı əsasında keçirilmiş ekspert rəyində əks olunan məlumatlar şübhə doğurmamış, bu məlumatların mötəbərliyini təkzib edən hallar cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Bu səbəbdən ekspert rəyində olan məlumatlar hazırki iddia tələbi üzrə əhəmiyyət kəsb edən məlumatlar qismində çıxış edir. Həmçinin qeyd olunan ekspert rəyindən görünür ki, iddiaçı Sumqayıt şəhər psixatriya xəstəxanasına müaiynəyə göndərilmişdir və Sumqayıt şəhər psixatriya xəstəxanasının həkim-psixiator komissiyasının rəyinə əsasən xx.xx.2022-ci il tarixdə iddiaçının müayinəsi zamanı komissiya tərəfindən ona “üzvi emosional labil pozuntu, anamnezində qıcolma simptomu, yüngül koqnitiv pozuntu-F066; F067” diaqnozu qoyulmuşdur. ATU-nun X2 iddiaçının xx.xx.2022-ci il tarixli ümumi sedasiya altında Bera testi aparıldı. 33.1 rate 2000 sweep click şiddətində Bera testi zamanı sağ qulaqda 35 dBHL intensivlikdə V dalğa əldə edildi. Nəticə: hər iki qulaqda İ dər. neyrosensor tip ağıreşitmə təsbit edilmişdir. “Baku” Medikal Plazada İddiaçı xx.xx.2022-ci il tarixdə beynin MRT müayinəsi zamanı radioloq nəticəyə gəlmişdir: sağ beyin yarımkürəsində təpə-gicgah payları hüdudunda, gicgah payın bazal səthində, kortikal qatda ensefalomalyasiya və qlioz dəyişiklik, eyni səviyyədə solda, gicgah payda, kortikal qatda və mediobazal hissədə hipokampus ətrafında qlioz dəyişiklik, sol hipokampusda atrofık və sklerotik dəyişiklik kortikal qatda atrofıya (qeyd edilən dəyişikliklər keçirilmiş ensefalitin qalıq əlamətləri kimi düşünülmüşdür), burun çəpərində sola doğru deviasiya. Beləliklə, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən onun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı 17 nömrəli Birləşmiş şəhər xəstəxanasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli 2768003AACNX №-li, TQS 088 saylı formada şəxsin səhhətini əks etdirən “keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları, keçirilmiş ensefalitdən sonrakı ikinci yuvenil demensiya-koqnitiv funksiyaların kobud pozulması ilə” diaqnozu, xx.xx.2021-ci il tarixdə isə Hərbi Xidmətə Çağırışla əlaqədar tibbi müayinədən keçərkən “keçirilmiş ensefalitin davamlı qalıq əlamətləri, Bulbar iflic və qıcolma sindromu ilə” diaqnozu müəyyən edilmişdir. Qeyd edilən əsas xəstəlik və ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd edilən xəstəliklərin əhatə dairəsinə düşür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iş üzrə verilmiş ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək həmin rəyi iş üzrə əsas sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması (1.5.1); şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir) (1.5.2); əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi (1.5.3); peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi (1.5.4); əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması (1.5.5). Apellyasiya şikayətində cavabdeh orqan qeyd etmişdir ki, hal-hazırda mübahisələndirilən 2768003AACNX nömrəli göndəriş 01 mart 2021-ci il tarixdə verildiyindən iddiaçının həmin tarixə qədər olan müalicə müddətləri nəzərə alınmalıdır. İddiaçının 2021-ci il tarixə qədər müalicə alması iş üzrə onun son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması üçün kifayət etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2021-ci il tarixdə qiymətləndirmə zamanı iddiaçının əllilliyi ilkin olaraq təyin edilmədiyindən cavabdehin “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə istinadı əsassızdır. Belə ki, Qaydaların 1.5.3-cü bəndinə əsasən, əlillik müddətinin bitməsindən sonra qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir. Belə olan halda isə cavabdehin müalicə müddətinin yetərli olmaması əsası ilə iddiaçıya təkrar əlillik təyinindən imtinası qanunvericiliyin tələblərinə zidd olmuşdur. Bundan əlavə iddiaçıya ilkin və sonradan təyin edilmiş əlilliklə bağlı diaqnozda hər hansı dəyişiklik olmamış, iddiaçıya davamlı olaraq 10 il ərzində eyni diaqnozla əlillik təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, müəyyən edilmiş diaqnoz iddiaçıya ikinci dərəcəli əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Odur ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-962/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1178/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1178/2023
15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver