Məhkəmə qərarları › İş №2-1(103)-1178/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1178/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1178/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «məlumat vərəqinin göndərilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7142/2023 nömrəli, 30 avqust 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-7142/2023 nömrəli 30 avqust 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 20 il milis nəfəri kimi 1974- 1980-ci illərdə Dinamo İdman Cəmiyyətində və 1980-1981-cı illərdə Bakı Xususi Orta Milis Məktəbində milis nəfəri kimi işlədiyi daxili işlər orqanlarında xidmət illəri xidmət müddətinə hesablanmamışdır. Belə ki, daxili işlər orqanlarının arxivində saxlanılan sənədlər gizlədilmiş və yaxud yandırılmışdır. Bu barədə heç bir səbəb bildirilmir. Halbuki onun kifayət qədər əsasları və sübutları məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə işlədiyinə dair arxiv arayışının alınması barədə və qarşı tərəfin arxiv sənədlərinin tələb edilməsində heç bir addım atmamışdır. İşçinin və yaxud milis nəfərinin arxiv sənədləri məhv edilsə belə elektron sistemə daxil edilməli idi. Həmin məlumat vərəqəsi göndərilmədiyindən iddiaçı pensiyaya çıxa bilmir. Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının tətbiq olunmasına dair göstərişin 20-ci bəndinə əsasən işə qəbul, yerdəyişmə, mükafatlandırma, həvəsləndirmə, işdən azad etmə, fəhlə və qulluqçuların uzun müddət xaricə ezam edilməsi haqqında Milli Arxiv Fondunda 75 il saxlanılır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı 00****** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1946cı ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü tarixli məktubda qeyd edilir: arxiv şəxsi işinizə əsasən Siz 16 iyun 1981-ci il tarixdən 07 dekabr 1992-ci il tarixədək daxili işlər orqanlarında xidmət etmisiniz. Daxili işlər orqanlarında xidmətdən xaric edilərkən xidmət müddətiniz təqvimi hesablama ilə 12 il 06 ay 00 gün, imtiyazlı hesablama ilə 12 il 11 ay 14 gün təşkil etmişdir. Xidmətdən xaric edilərkən qüvvədə olan «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq xidmət illərinə görə pensiya hüququna xidmətdən buraxılanadək imtiyazlı 20 il və daha çox xidmət etmiş əməkdaşlar malik idilər. Xidmət illəriniz nəzərə alınaraq X9 Nazirliyi xətti ilə pensiya təyin edilməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Arxiv sənədləriniz öyrənilərkən daxili işlər orqanlarında xx.xx.1981-xx.xx.1992-ci illərdə xidmət etdiyiniz, xidmətdən xaric edilərkən xidmət müddətinizin təqvimi hesablama ilə - 12 il, 06 ay, 00 gün, imtiyazlı hesablama ilə - 12 il, 11 ay, 14 gün təşkil etdiyi, həmçinin xx.xx.1974xx.xx.1981-ci illərdə mülki vəzifələrdə işlədiyinizdən həmin illərin daxili işlər orqanlarında xidmət müddətinə daxil edilmədiyi müəyyən edilmişdir. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, qeyd olunan məsələ ilə əlaqədar müraciətlərinizə dəfələrlə məhkəmələr tərəfindən baxılaraq iddianız təmin olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək daxili işlər orqanlarında xidmət etmiş və öz arzusu ilə xaric olunduğu tarixə (xx.xx.1992) xidmət müddəti təqvimi hesablama ilə 12 il, 06 ay, 00 gün (hərbi xidmət - xx.xx.1972-xx.xx.1973, 01 il, 00 ay, 00 gün, DİO-da xidmət - xx.xx.1981-xx.xx.1992, 11 il, 06 ay, 00 gün), imtiyazlı hesablama ilə 12 il, 11 ay, 14 gün (fövqəladə vəziyyət rejimində xidmət: 00 il, 05 ay, 14 gün) təşkil etmişdir. İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edildiyi dövrdə (xx.xx.1992) qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən xidmətdən buraxılanadək 20 il və daha çox xidmət etmiş hərbi qulluqçuların pensiya almaq hüququ yaranırdı. İddiaçı 20 il xidmət müddəti olmadığından onun barəsində məlumat vərəqi Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməmişdir. Bununla yanaşı, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.5.1-ci maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular malikdirlər, həmçinin Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü maddəsinə əsasən xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşların pensiya almaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarında daxili işlər orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan mülki vəzifələrdə iş stajının, eləcə də mülki təşkilatlarda iş stajının daxili işlər orqanlarında xidmət illərinə hesablanması nəzərdə tutulmamışdır. Bu baxımdan, İddiaçı 1974-1980-cı illərdə “Dinamo” İdman Cəmiyyətində məşqçi müəllim (mülki) və 1980-1981-ci illərdə Bakı Xüsusi Orta Milis Məktəbində məşqçi (mülki) vəzifələrdə iş stajı daxili işlər orqanlarında xidmət müddətinə hesablanmamışdır. İddiaçının “1974-cü ilin aprel ayından 1981-ci ilin sentyabr ayınadək X4 Alayında milis nəfəri vəzifəsində işləməsi faktının müəyyən edilməsi” barədə ərizəsinin təmin edilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-8072/2016 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərardadı ilə ləğv edilərək mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-8274/18 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, İddiaçı “1974-cü ilin aprel ayından 1981-ci ilin sentyabr ayınadək X4 Alayında milis nəfəri vəzifəsində xidmət keçməsi barədə arayışın verilməsi” barədə iddiası Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2868/2022 nömrəli qərardadı ilə mümkün sayılmamış, həmin qərardaddan iddiaçının verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)- 2076/2022 nömrəli qərardadı ilə qeyri-mümkün hesab edilərək, apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1676/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-2076/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə qərarlarında İddiaçı 1974-1981-ci illərdə daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrində xidmət aparmadığı öz təsdiqini tapmışdır. Xidmət illərinə görə pensiya hüququna malik olmaq üçün tələb edilən staja (xidmət illərinə) malik olmadığını və yuxarıda qeyd edilən məhkəmə qərarlarını nəzərə alaraq, İddiaçı tələbini əsassız hesab edərək rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 499 nömrəli 22 dekabr 2006-cı il tarixli Fərmanı: 2.4. həmin Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Cavabdeh, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»:

1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Cavabdehndə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Cavabdeh, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir.

2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.

3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. İddiaçının xidmətdən xaric olunduğu dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının zabit heyətinin, praporşiklərinin, miçmanlarının və müddətdən artıq xidmət hərbi qulluqçularının, habelə müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyətinin və onların ailə üzvlərinin pensiya təminatı “Hərbi qulluqçuları pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin şəxslərə onların arzusu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş şərtlərlə və normalar üzrə pensiya təyin edilə bilər. Bu halda hərbi qulluqçuların pul təminatının bütün növləri fəhlə və qulluqçuların əmək haqqı ilə bərabər nəzərə alınır. Həmin dövrdə qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. 12-ci maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna aşağıdakılar malikdirlər: a) xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular; b) xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslər; v) xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 ,təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmət keçmiş şəxslər; q) hərbi xidmətdə və ya orqanlarda xidmətdə 15 il iş stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli qərarına əsasən: 1. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli Qanunu qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır. Göründüyü kimi, xüsusi rütbəli şəxsə əmək pensiyası təyin edilməsi üçün onun xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi şəxsin xidmət keçdiyi orqan tərəfindən Dövlət Sosial Müdafiə Fonduna göndərilməlidir. Məlumat vərəqinin göndərilməsi üçün isə ilk növbədə qanunvericiliyə əsasən şəxsin əmək pensiyası hüququ yaranmalıdır. Beləliklə, iddiaçıya daxili işlər orqanlarının əməkdaşı kimi pensiya təyin edilməsi məqsədilə məlumat vərəqinin verilməsi üçün onun xx.xx.1992-ci il tarixə: 1. 20 il və daha çox hərbi xidmət müddəti olmalı; 2. yaxud da xidmətdən yaşa görə buraxılmalı və buraxıldığı gün 50 yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olmalı, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə olmalıdır. Lakin iddiaçı bu tələblərdən heç birini ödəmir. Belə ki, iddiaçı xx.xx.1992-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən öz arzusuna əsasən xaric olunmuş, bu zaman onun 46 yaşı tamam olmuş, həmin tarixə isə cəmi imtiyazlı hesablama ilə 12 il 11 ay 14 gün xidmət müddəti olmuşdur. Belə olan halda aydın olur ki, iddiaçının hərbi qulluqçu kimi pensiya təyin edilməsi hüququ yaranmamışdır. Bundan başqa, iddiaçının hazırda mübahisələndirdiyi əsas hal onun 1974-1980-ci illərdə «Dinamo» cəmiyyətində məşqçi-müəllim kimi işləməsi göstərilsə də, əslində həmin müddətdə Daxili İşlər Nazirliyi X4 Alayında milis nəfəri kimi işləməsidir. Lakin iş materialları ilə bu hal öz təsdiqini tapmır. Belə ki, iş materiallarından müəyyən olunur ki, ərizəçi İddiaçı Atabala oğlu maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1974-cü ilin aprel ayından 1981-ci ilin sentyabr ayının sonuna kimi X4 Alayında milis nəfəri kimi xidmət keçməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8072/2016 saylı, 07 iyul 2016-cı il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, İddiaçı Atabala oğlunun 1974-cü ilin aprel ayından 1981-ci ilin sentyabr ayına qədər X4 Alayında milis nəfəri vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. Bu qətnamədən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8853/2018 nömrəli, 19 sentyabr 2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 8072/2016 saylı, 07 iyul 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi, ərizədə göstərdikləri ilə bağlı müvafiq orqanlara müraciət etmək, müraciətinin nəticəsindən asılı olaraq isə müvafiq inzibati-iqtisadi məhkəməyə müraciət etmək hüququnun olmasının ərizəçiyə izah edilməsi qərara alınmışdır. Məhkəmə iddiaçının həmin müddətdə “Dinamo” idman cəmiyyətində məşqçi işlədiyini müəyyən etmiş, iddiaçının milis nəfəri kimi işləməsi təsdiq olunmamışdır. Eyni zamanda Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli arayışda iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1981-ci il tarixədək X8 Mühafizə edən Milis Alayında milis nəfəri vəzifəsində xidmət etməsi göstərilsə də, arayışdan görünür ki, onun verilməsinə əsas Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8072/2016 saylı, 07 iyul 2016-cı il tarixli qətnaməsi olmuş, sonradan həmin qətnamə ləğv edildiyindən arayış öz əhəmiyyətini itirmişdir. Həmçinin iddiaçı vəsiqənin surətini təqdim etməklə ona 1975-ci ildə odlu silah verildiyini, bu faktın isə onun 1974-1981-ci illərdə milis nəfəri kimi işləməsini təsdiq etdiyini bildirsə də, işdə olan həmin vəsiqədən görünür ki, vəsiqədə iddiaçının rütbəsi baş leytenant göstərilmişdir, lakin həmin xüsusi rütbə xx.xx.1985-ci ildə iddiaçıya verilmişdir. Belə olan halda həmin vəsiqənin 1975-ci ilə aid olması barədə iddiaçının dəlili əsaslı sayıla bilməz. Göründüyü kimi, iddiaçı ona hərbi qulluqçu kimi pensiya təyin edilməsi üçün tələb olunan staj şərtini ödəmir, onun hərbi qulluqçu kimi pensiya təyin edilməsi hüququ yaranmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7142/2023 nömrəli, 30 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar