Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1178/2025 01.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “yerləşmə cizgisinin verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “yerləşmə cizgisinin verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5850/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. Cavabdeh başçısının 703 nömrəli, xx.xx.2000-ci il tarixli “Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” Sərəncamına əsasən, Bakı şəhər XDS İcraiyyə komitəsinin xx.xx.1989-cu il tarixli 13/713 saylı qərarına müvafiq olaraq, vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsindən 600,0 kv.m torpaq sahəsi ayrılmışdır.
2. 06 noyabr 2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl, cavabdeh inzibati orqana müraciət etmişdir.
3. Cavabdeh Başçısının müavininin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 5- 13/1-Q-75-091/2023 5-13/1-Q-77-091/2023 nömrəli məktubuna əsasən bildirilmişdir ki, iddiaçının sənədlərində bəzi şübhəli məqamlar olduğundan araşdırma tələb edir. Araşdırmadan sonra müvafiq cavab veriləcəkdir.
4. Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 21 dekabr 2023-cü il tarixli, 3-48-2F/2-09161/2023 saylə məktubuna əsasən bildirilmişdir ki, İddiaçı barəsində Qaradağ rayon İH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 703 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur, lakin həmin sərəncama yerləşmə sxemi, cizgi əlavə edilməmişdir.
5. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-36076/2024 **********76 nömrəli cavab məktubuna əsasən torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı və koordinatlar təqdim edilmişdir.
6. Təqdim edilmiş xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, torpaq sahəsi üzərində ikimərtəbəli fərdi yaşayış evi mövcuddur
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 703 nömrəli 26 iyul 2000-ci il tarixli sərəncamı ilə verilmiş Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 may küçəsi, 4 A nömrəli evin yerləşdiyi istifadəsində olan 0,06 ha torpaq sahəsinin yerləşmə sxemi, cizgisinin çəkilərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, Bakı şəhəri Qaradağ rayonu icra hakimiyyətinin 703 nömrəli 26 iyul 2000-ci il tarixli Sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi hazırda Lökbatan qəsəbəsi 28 may küçəsi, ev 4A ünvanında yerləşir. İddiaçı tərəfindən Cavabdehnə 6 noyabr 2023-cü il tarixində qeyd edilən Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 may küçəsi, 4 A nömrəli evin yerləşdiyi istifadəsində olan 0.06 ha torpaq sahəsinin koordinatlarının – yerləşmə sxemi və cizgisinin müəyyən olunaraq verilməsi üçün ərizə ilə müraciət olunmuşdur. Müraciətinə cavab olaraq bildirilmişdir ki, şübhəli məqamlar olduğundan araşdırma olacağı bildirilmişdir. Qeyd edilən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin iddiaçıya verdiyi sorğuya cavab məktubunda, İddiaçı barəsində Qaradağ rayon İH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 703 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcud olduğu bildirilmiş, lakin həmin sərəncama yerləşmə sxemi, cizgi əlavə edilməmişdir. Həmin torpaq sahəsi barəsində iddiaçı tərəfindən Lökbatan bələdiyyəsinə illik torpaq vergisi ödənilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
9. Cаvаbdеh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada təqdim etdiyi iddiaya dair münasibətində bildirmişdir ki, Cavabdeh başçısının 26 iyul 2000-ci il tarixli 703 nömrəli sərəncamı ilə vətəndaş İddiaçı Lökbatan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin ayrılması barədə sərəncamı normativ xarakterli akt olduğundan və sərəncamın özündə müddət göstərildiyindən (3 il) “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununun 86-cı maddəsinə əsasən qüvvədən düşmüşdür. Hesab edirik ki, iddia üzrə iddiaçının tələbləri əsassız və qanunsuzdur. Vətəndaşa torpaq sahəsi ayrıldığı dövrdə qüvvədə olan, 09 noyabr 1991-ci il tarixində qəbul edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 29-cu maddəsinin tələblərinə əsasən torpaq ayırma qaydasında vətəndaşlara torpaq sahəsi ayrılarkən onun naturada yeri müəyyən edilməli və texniki sənədlər tərtib edilməlidir. Texniki sənədlərin tərtib edilmədiyi sərəncamların isə hüquqi qüvvəsi olmur. Cavabdeh başçısının 26 iyul 2000-ci il tarixli, 703 saylı sərəncamına əsaslanaraq vətəndaşın istifadə etdiyi torpaq sahəsi dövlət torpaq fondu torpaqlarına aiddir və həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən yerləşmə sxeminin yerquruluşu orqanları tərəfindən yerdə müvafiq sənədlər rəsmiləşdirib verilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5850/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, istinad edilən qanunvericilik normalarından göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilsə də, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Belə olan halda iddiaçının torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırki mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
12. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5850/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil etməklə qeyd edilmişdir ki, Cavabdeh başçısının xx.xx.2000-ci il tarixli 703 saylı sərəncamı ilə ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəyerləşən 600 m2 torpaq sahəsi İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Azərbaycan Respublikası “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərində torpaq sahələri üzrə yerləşmə cizgisi yerli icra hakimiyyəti orqanları tərəfindən verilmir. Belə ki, hazırki qanunvericiliyin tələbi ilə bu yerləşmə cizgisi artıq, texniki pasport şəklində AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi (bundan sonra: AR İN yanında ƏMDK DƏDKR) tərəfindən verilir və bununla bağlı vəzifə öhdəliyi daşıyır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 6 iyun2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə»də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzərdə tutulmamışdır. 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, "müvafiq icra hakimiyyəti orqan"-nın səlahiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 7 il iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə"-nin 2-ci bəndinin tələblərinə əsasən yerquruluşu işləri respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Qeyd olunanlardan əlavə olaraq, iddiaçının qeyd etdiyi torpaq sahəsi "xxxx"-Azərbaycan Dövlət Neft Şirkətinin balansında olan ərazinin daxilindədir. Qeyd edək ki, yazılı olaraq "xxxx"-Azərbaycan Dövlət Neft Şirkətinə müraciət olunmuş və cavab məktubu ilə də qeyd olunan torpaq sahəsinin "xxxx"- Azərbaycan Dövlət Neft Şirkətinin balansında olması öz əksini tapmışdır. Belə olan halda rayon icra hakimiyyətinin öz balansında olmayan torpaq sahəsinə dair yerləşmə cizgisi verməsi mümkün deyildir. Rayon icra hakimiyyətləri yerləşmə cizgilərini yalnız öz balansında olan torpaq sahələrinə verə bilər.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmiş və qeyd edilmişdir ki, Cavabdehin yazdığı apellyasiya şikayəti məhkəmə zamanı iddia ərizəmizə verilmiş etiraz və məhkəmədə bildirdiyi mövqeyi ilə ziddiyyət təşkil etməklə barəbər qanunvericiliyə, xüsusilə Azərbaycan Respublikasının Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanına da (X4 Əliyevin 935 nömrəli Fərmanı) ziddiyyət təşkil edir. 11. Belə ki, Cavabdeh etirazında qeyd edilmişdir ki, Cavabdeh başçısının 26 iyul 2000-ci il tarixli, 703 saylı sərəncamına əsaslanaraq vətəndaşın istifadə etdiyi torpaq sahəsi dövlət torpaq fondu torpaqlarına aiddir və həmin zaman qüvvədə olan. qanunvericilik aktlarına əsasən yerləşmə sxeminin yerquruluşu orqanları tərəfindən yerdə müvafiq sənədlər rəsmiləşdirib verilmişdir. 12. Cavabdeh apellyasiya şikayətində isə qeyd etmişdir ki, qeyd edilən torpaq sahəsi onun balansında deyil, icra hakimiyyətinin öz balansında olmayan torpaq sahəsinə dair yerləşmə cizgisi verməsi mümkün deyildir. Rayon icra hakimiyyətləri yerləşmə cizgilərini yalnız öz balansında olan torpaq sahələrinə verə bilər. Göründüyü kimi icra hakimiyyəti özü belə özünün tərtib etdiyi sənədləri təkzib edir. 13. Bundan başqa məhkəmə zamanı icra hakimiyyətinin səlahiyyətli nümayəndəsi izahat verərək bildirmişdir ki, vaxtında həmin torpaq sahəsinə dair yerləşmə çizgisi Cavabdeh tərəfindən verilmiş, hazırda icra başçısı icazə vermir. Yəni qanuni əsas göstərmədən sadəcə vətəndaşın hüquqlarının tapdalandığını cavabdehin nümayəndəsi də təsdiq etmişdir. 14. Cavabdeh apellyasiya şikayətində absurd formada qeyd etmişdir ki, Qeyd edək ki, 1-ci instansiya məhkəməsinin prosesindən gedişat zamanı məlumatımız olduğumuzdan, iddiaçının qeyd etdiyi torpaq sahəsinə baxış keçirilməsi mümkün olmamışdır. Lakin nəzərinizə çatdırmaq istəyərdim ki, tərəfimizdən cavabdehə tərəfimizdən 6 noyabr 2023-cü il tarixdə müraciət olunmuş, iddia ərizəsi ilə məhkəməyə 18 yanvar 2024-cü il tarixdə müraciət olunmuş, cavabdeh tərəfindən 1 aprel 2024-cü il tarixdə sistemə etiraz yüklənmişdir. Cavabdeh elektron məhkəmə sistemində kabinetinin olduğunu da nəzərə alsaq, başa düşmək olur ki, cavabdeh yalan məlumatları apellyasiya şikayətinə əlavə etmişdir. Belə ki əvvəldən - bizim müraciətimizdən qərarın çıxarıldığı xx.xx.2024-cü il tarixədək cavabdehin prosesdən xəbəri olmuş, lakin heç bir hərəkət etməmişdir. 15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 16. “İnzibati icraat haqqında” Qanunun 20-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 17. Hesab edirəm ki, Cavabdeh iddia ərizəsinə verdiyi etirazda isə əsassız qanunvericiliyə uyğun olmayan ifadələr istifadə olunmuşdur. 18. Belə ki, etirazda qeyd edilmişdir ki, Cavabdeh başçısının 26 iyul 2000-ci il tarixli 703 nömrəli sərəncamı ilə vətəndaş İddiaçı Lökbatan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin ayrılması barədə sərəncamı normativ xarakterli akt olduğundan və sərəncamın özündə müddət göstərildiyindən (3 il) “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununun 86-cı maddəsinə əsasən qüvvədən düşmüşdür.
19. Lakin 703 N°-li 26 iyul 2000-ci il tarixli Sərəncamda sərəncamın qüvvədə olma müddəti deyə bir şey qeyd edilməmiş, 3 illik müddət yaşayış evinin tikintisinin başa çatdırılması üçün ayrılmış müddətdir. Yaşayış evinin tikintisi isə 2002-ci ildə başa çatdırılmışdır. 20. Bundan başqa torpaq sahəsi Cavabdeh nüməyəndələri tərəfindən bizə verildikdə sərəncamla birlikdə torpaq sahəsinin koordinatları – yerləşmə nöqtələri də göstərilməli idi. Cavabdeh bundan boyun qaçırmaqla müddət məsələsini ortaya qoymaq istəyir. 21. “İnzibati icraat haqqında” Qanunun 57.1-ci maddəsinə əsasən Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 22. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 17-ci maddəsində qeyd edilir ki, Qovluqların düzgün formalaşdırılması, sənədlərin tez tapılmasının təmin edilməsi, işlərin sistemləşdirilməsi və uçotu, onların saxlanılma müddətlərinin müəyyən edilməsi və gələcəkdə arxivə lazımi səviyyədə təhvil verilməsi məqsədi ilə hər il təşkilatın işlərinin ümumi nomenklatursiyahısı tərtib edilir (15 nömrəli əlavə). 23. Həmin Təlimatın 17-ci maddəsində qeyd edilmişdir ki, Qovluqlar mühafizə üçün təşkilatın arxivinə təhvil verilməzdən əvvəl kargüzarlıq xidməti tərəfindən aşağıdakı tələblərə riayət edilməlidir: qovluqda sənədlərin hamısının olub-olmadığını yoxlamaq, qovluqda işə tikilməli sənədlərin bu Təlimata uyğun surətdə qeydə alınıb-alınmadığını yoxlamaq və qeydə alınmamış sənədlər aşkar edildikdə. onları qeydə aldırmaq, qovluqda sənədlərin yerləşməsinin düzgünlüyünü yoxlamaq və s.İcra hakimiyyəti tərəfindən 703 nömrəli sərəncam arxivə verilərkən, hətta “X5” təhvil verilərkən Azərbaycan Respublikası Prezidentinin Fərmanı nəzərə alınmamış, qovluqda bütün sənədlər tərtib olunmamış, bu səbəbdən koordinatlar bizə təqdim olunmamışdır. 24. “İnzibati icraat haqqında” Qanunun 66-cı maddəsinə əsasən Maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər
d) Prosses iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: (27 fevral 2001-ci il tarixli 96- İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür)
Maddə 7. Torpaq barəsində sərəncam Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Maddə 9. Torpaq üzərində dövlət mülkiyyəti Dövlət mülkiyyətində olan torpaqları, rayon, şəhər xalq deputatları Sovetləri öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilər. Maddə 10. Torpaq üzərində xüsusi mülkiyyət Torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara; .... Maddə 14. Torpaq sahələrindən daimi istifadə Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. M a d d ə 23. Torpaq sahələrinin verilməsi Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin verilməsi və geri alınması, o cümlədən dövlət və ictimai məqsədlər üçün geri alınması barədə vəsatətin qaldırılması və ona baxılması qaydalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 75. Şəhərlərdə, qəsəbələrdə və kənd yaşayış məntəqələrində kooperativ, fərdi mənzil tikintisi və fərdi qarajın, habelə fərdi əmək fəaliyyətinə lazım olan tikililərin inşası üçün torpaq sahələrinin verilməsi Yaşayış məntəqələrinin ehtiyat torpaqlarından sahələr aşağıdakı məqsədlər üçün verilir: … 2) fərdi ev tikdirənlərin mənzil-tikinti kollektivinin daimi istifadəsinə — hər ev tikdirənin bir mənzil üzərində xüsusi mülkiyyət hüququ ilə çoxmənzilli yaşayış evlərinin tikintisi üçün; 3) fərdi ev tikdirənlərin xüsusi mülkiyyətinə — fərdi evlərin tikintisi üçün. Azərbaycan Respublikasının fərdi mənzil tikintisi qadağan edilməmiş yaşayış məntəqələrində yaşayan vətəndaşlara şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından İ şəxsi mülkiyyət hüququ əsasında birmənzilli yaşayış binalarının tikilməsi üçün torpaq sahələri xüsusi mülkiyyətə verilir. Fərdi mənzil tikintisi üçün verilən torpaq sahələrinin ölçüsü yerli şəraitdən və torpaq imkanlarından asılı olaraq müvafiq rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən müəyyən edilir.
18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: (Bu Məcəllə Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir.)
Maddə 43. Yerquruluşu
1. Yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir.
2. Yerquruluşu torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq resurslarının uçotuna və qiymətləndirilməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir.
4. Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır.
5. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə torpaq mülkiyyətçiləri tərəfindən təsdiq edilir. Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
19. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına daxildir.
20. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə əsasən müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir.
21. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:
13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə etirazın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. İşin faktiki hallarından görünür ki, Cavabdeh başçısının 703 nömrəli, xx.xx.2000-ci il tarixli “Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” Sərəncamına əsasən, Bakı şəhər XDS İcraiyyə komitəsinin xx.xx.1989-cu il tarixli 13/713 saylı qərarına müvafiq olaraq, vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsindən 600,0 kv.m torpaq sahəsi ayrılmışdır.
32. İşin hallarına əsasən müəyyən olunur ki, torpaq sahəsi naturada təhvil verilmiş olsa da, qərar tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi verilməmiş, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair ayrıc aktını həmin dövrdə qərar ilə birlikdə vətəndaşa təqdim edilməmişdir. İddiaçı subyektiv hüquqa malik olan şəxs kimi aidiyyəti üzrə cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmiş, imtinanı isə torpaq sahəsinin iddiaçının sənədlərində bəzi şübhəli məqamlar olduğundan araşdırma tələb etməsi ilə əlaqələndirmişdir.
33. Cavabdeh inzibati orqan, apellyasiya şikayətində iddia tələbinə qarşı verdiyi etirazın dəlillərinə istinad etmişdir.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətində qeyd edilmişdir ki, hazırki qanunvericiliyin tələbi ilə bu yerləşmə cizgisi artıq, texniki pasport şəklində AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi (bundan sonra: AR İN yanında ƏMDK DƏDKR) tərəfindən verilir və bununla bağlı vəzifə öhdəliyi daşıyır. 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, "müvafiq icra hakimiyyəti orqan"-nın səlahiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 7 il iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə"-nin 2-ci bəndinin tələblərinə əsasən yerquruluşu işləri respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə görə torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir.
36. Göründüyü kimi, sadalanan qanunvericilik aktlarına əsasən hazırkı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılan vaxtda və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir.
37. Eyni zamanda analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və 2-1(102)- 1577/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarlarında da kassasiya instansiya məhkəməsi həmin işlər üzrə aidiyyəti yerli icra hakimiyyətinin cavabdehlik daşıdığını bildirmişdir.
38. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən olunur ki, hazırki iş üzrə Cavabdehlik daşıyır.
39. Həmçinin, istinad edilən qərara əsasən torpaq sahəsi iddiaçıya ayrılsa da, cavabdeh həmin torpaq sahəsinin yerləşmə vəziyyətini (hüdudlarını) əks etdirən sənədi (cizgini, planı, ayrıc aktını) sərəncama əlavə etməmişdir.
40. Bununla bağlı məhkəmə qeyd edir ki, torpaq sahəsi istinad edilən sərəncama əsasən iddiaçıya naturada akt əsasında təhvil verilmiş olsa da, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud olmadığından torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Belə ki, torpaq sahəsi ayrılarkən qüvvədə olan qanunvericiliyə əsasən torpaq sahəsini ayıran qurum həmin torpaq sahəsinin yerləşmə planını (vəziyyətini) tərtib etməmişidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin torpaq sahəsinə cizginin verilməsindən imtina əsaslı sayıla bilməz.
41. Belə ki, istər yerquruluşu işləri, istərsə də torpaq sahəsinin planı və ölçüsünün hazırlanması mahiyyətinə və məzmununa görə (torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin ərazisində təsərrüfatdaxili yolların, su təsərrüfatı obyektlərinin və digər mühəndis qurğularının yerləşdirilməsi; növbəli əkin sistemlərinin və onların ərazilərinin təşkili; çoxillik əkmələrin ərazilərinin təşkili; təbii yem bitkilərinin ərazilərinin təşkili məqsədilə torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritə) cizginin tərtib edilməsindən əsaslı şəkildə fərqlənir və həmin işləri və bununla bağlı tərtib edilən sənədləri eyniləşdirmək olmaz. Yəni cizgi torpaq sahəsinin yerquruluşu işləri qaydasında tərtib edilmiş xəritəyə əsasən onun sərhədlərinin xəritədə müəyyən edilməsidir.
42. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır.
43. Bununla bağlı kollegiya qeyd edir ki, iddia olunan torpaq sahəsi "xxxx"- Azərbaycan Dövlət Neft Şirkətinin balansında olsa belə, cavabdeh torpaq sahəsinin mərhuma ayrılmasını təsdiq edən qərarın ləğv edilmədiyini, etibarsız sayılmadığını və ya geri çağrılmadığını, ən əsası isə hal-hazırda qüvvədə olduğunu nəzərə alınmmalıdır.
44. Eyni zamanda hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən iddiaçının etimad hüququ pozulmuşdur.
45. Qeyd etmək lazımdır ki, etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı).
46. “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan tələblərinə görə, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Obyektiv araşdırma prinsipini təsbit edən normaya əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
47. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı və s.) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
48. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, həmin tələblərə və prosedurlara uyğun aparılmış icraat üzrə materiallar və həmin materiallar üzrə inzibati orqanın qəbul etdiyi əsaslandırılmış qərar, maraqlı şəxsin narazı qaldığı təqdirdə həmin qərarın mübahisələndirilməsi imkanlarının qiymətləndirilməsi və onun səmərəli hüquqi müdafiə imkanları ilə təchiz olunması məqsədlərinə xidmət edir.
49. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
50. Göründüyü kimi, sadalanan qanunvericilik aktlarına əsasən istər torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə və ya ondan sonrakı dövrdə qüvvədə olan qanunvericiliyin normalarına normaların görə, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaq ayırma prosedurunun ayrılmaz tərkib hissəsi olaraq, torpaq ayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə iddiaçıya, eləcə də arxivə təqdim olunması cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Bu qayda icarə müqaviləsinin bağlanmasına, cizginin tərtib və təsdiq olunmasına da şamil edilir. Odur ki, cavabdehin etiraz ərizəsində qeyd etdikləri onun, qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir.
51. Azərbaycan Respublkası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur.
52. Bununla da, qanunvericilik torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir.
53. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır.
54. Qeyd olunan Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur.
55. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası bildirir ki, nə qədər ki, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə Qərar mübahisələndirilməmişdir və qüvvədədir, həmçinin cavabdeh Qaradağ RİH torpaq ayıran qurum kimi həmin qərarda nəzərdə tutulmuş torpaq sahəsinə dair plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi öz təsdiqini tapmadığından, cavabdeh imtina etməkdə haqlı olmamışdır və bu iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. Odur ki, iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır.
56. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5850/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5850/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.