Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1179/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “ödənilmiş pensiya məbləği ilə müddətdən artıq hərbi qulluqçulara təyin edilmiş pensiya məbləği arasındakı fərqin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2-1(82)-4570/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 01.01.2007-ci il tarixdən 01.06.2015-ci il tarixədək olan dövrdə ona ödənilmiş pensiya məbləği ilə müddətdən artıq hərbi qulluqçulara təyin edilmiş pensiya məbləği arasındakı fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1990-cı ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına səfərbər olunaraq Gədəbəy rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Bir çox döyüşlərdə, o cümlədən Gədəbəyin cəbhə boyu əraziləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlər zamanı 06.07.1994-cü il tarixdə ağır xəsarət almışdır. Hazırda müharibə veteranıdır və 20.04.1995-ci ildən İİ qrup, 2002-ci ildən İİİ qrup əlillik dərəcəsi verilmişdir. Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək müddətdən artıq hərbi xidmətini nəzərə alaraq pensiya məbləğinin yenidən hesablanmaqla məlumat vərəqinin cavabdehə göndərilməsini, pensiya məbləğinin ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Müraciət etməzdən əvvəl o, hər ay 160 manat məbləğində pensiya almışdır. Müraciəti təmin edilərək sənədlər cavabdehə göndərilmişdir. Pensiyası 2018-ci ilin iyun tarixindən 275 manat olmuşdur. Qanunvericilikdə dəyişiklikdən sonra o, 2007-ci ildən etibarən müddətdən artıq hərbi qulluqçu statusunda olanların aldığı pensiya məbləğini almaq hüququ əldə etsə də, bu status ona verilməmiş, həmin pensiya məbləği də ona ödənilməmişdir. İndiki halda o, həmin statusu əldə etdiyindən 2015-ci ildən bu tərəfə 3 illik məbləğ hesablanaraq ona ödənilmişdir. 2007-ci ildən 2015-ci il tarixədək olan dövrdə ona ödənilmiş pensiya məbləği ilə müddətdən artıq hərbi qulluqçulara təyin edilmiş pensiya məbləği arasındakı fərq isə ona ödənilməmişdir. Hesab edir ki, 8 illik həmin dövrün əlavə pensiyası da hesablanaraq ona ödənilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2-1(81)- 4570/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 01 yanvar 2007-ci il tarixdən 01.06.2015-ci il tarixədək olan dövrdə ödənilmiş pensiya məbləği ilə müddətdən artıq hərbi qulluqçulara təyin edilmiş pensiya məbləği arasındakı fərqin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyun 2020-ci il tarixli 2- 1(103)-754/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1762/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyun 2020-ci il tarixli 2-1(103)-754/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyasının təyin edilməsi müddətləri konkret olaraq göstərilmişdir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Konstitusiya Məhkəməsi Plenumunun göstərişinə əsasən, 2004-cü il 13 sentyabr tarixinədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilir. Əgər iddiaçının da tələb etdiyi kimi, qeyd olunan qanunun tələbləri əsas götürülsə, aşağıdakı nəticəyə gəlmək olar. “Hərbi qulluqçuların pensiya təminatı haqqında“ Qanunun 45-ci maddəsinə əsasən, vaxtında müraciət edilmədikdə keçmiş müddət üçün pensiya həmin pensiyanı almaq hüququnun yarandığı gündən, lakin pensiya üçün müraciət edildiyi gündən ən çoxu 12 ay əvvəl təyin edilir. İddiaçı 20.02.2007-ci il tarixli məlumat vərəqəsi əsasında 10 il ərzində pensiya almış, yalnız 2017-ci ildə məlumat vərəqəsini mübahisələndirmiş və bunun əsasında cavabdehə müraciət etmişdir. Həmin Qanunun 46-cı maddəsinə görə, hərbi qulluqçulara və onların ailələrinə təyin edilmiş pensiyaların məbləğinin dəyişilməsinə səbəb olan vəziyyət yarandıqda belə vəziyyətin yarandığı aydan sonrakı ayın 1-dən bu pensiyalar yenidən hesablanır, həm də pensiyaçı pensiyasının artırılması hüququnu əldə edibsə, keçmiş müddət üçün pensiya fərqi ən çoxu 12 ay üçün ödənməlidir. Eyni zamanda, həmin qanunun 56-cı maddəsinə əsasən, sonradan pensiyaçı pensiyanın daha da artırılmasına hüquq verən əlavə sənədlər təqdim edərsə (hazırkı halda - yeni məlumat vərəqəsi), əlavə sənədlərin təqdim edildiyi gündən əvvəlki 12 aydan çox olmayan və bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq keçmiş müddət üçün pensiya yenidən hesablanır. Göründüyü kimi, bütün hallarda iddiaçının yalnız müraciət etdiyi tarixdən əvvəlki 12 ay üçün pensiyasının yenidən hesablanması hüququ olmuşdur. Apellyasiya şikayətinə etirazın dəlilləri: O, 1990-cı ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına səfərbər olunaraq Gədəbəy rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Bir çox döyüşlərdə, o cümlədən Gədəbəyin cəbhə boyu əraziləri uğrunda gedən qızğın döyüşlərdə iştirak etmiş, döyüşlər zamanı 06 iyul 1994-cü il tarixdə ağır xəsarət almış, hazırda müharibə veteranıdır və ona 1995-ci ildə etdiyi müraciəti və Müdafiə Nazirliyinin məlumatı əsasında hərbi xidmət illəri nəzərə alınmaqla ƏƏSMN tərəfindən 20 aprel 1995-cl ildən 2-ci qrup əlillik təyin edilmiş, 2002-ci ildən əlilliyi 3-cü qrupa keçirilmişdir. 2018-ci ildə yenidən Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək müddətdən artıq hərbi xidmətini nəzərə alıb pensiya məbləğini yenidən hesablamaqla məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Hərbi qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə göndərilməsini, pensiya məbləğinin departament tərəfindən ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Müraciət etməzdən əvvəl o hər ay 160 manat məbləğində pensiya alırdı. Müraciəti təmin edilərək məlumat vərəqəsi yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş Departamentinə göndərilmişdir. Pensiyanı 2018-ci ilin iyun tarixindən isə 275 manat olmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamentindən alır. Buradan aydın olur ki, ona pensiya təyin edilərkən müddətdən artıq hərbi qulluqçu olaraq departament tərəfindən ödənilməli idi. Bu o deməkdir ki, o hələ 1995-ci ildən müddətdən artıq xidmət edən hərbi qulluqçu statusunda olanların aldığı pensiya məbləğini almaq hüququ əldə etsə də bu status ona verilməmiş, həmin pensiya məbləği də ona ödənilməmişdir. İndiki halda o həmin satusu əldə etdiyindən 2015-ci ildən bu tərəfə 3 illik məbləğ hesablanaraq ödənilmişdir. 2007-ci ildən 2015-ci il tarixədək olan dövrdə ona ödənilmiş pensiya məbləği ilə müddətdən - artıq hərbi qulluqçulara təyin edilmiş pensiya məbləği arasındakı fərq isə ona ödənilməmişdir. 8 illik həmin dövrün əlavə pensiyası da hesablanaraq ona ödənilməlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, bu hüquq 1995-ci iİdən yaranmış və Müdafiə Nazirliyinin qanunsuz hərəkəti və ya hərəkətsizliyi ucbatından yenidən həmin idarəyə müraciət etmək məcburiyyətində qalmışdır, O, hələ 2017-ci ilin iyul ayından daha əvvəl, 1995-ci ildə Müdafiə Nazirliyinə xidmət illəri və təminat xərcliyi nəzərə alınmaqla pensiya təyin edilməsi barədə müraciət etməyinə baxmayaraq barəsində əlillik pensiyası təyin edilsə də təminat xərcliyi tam və düzgün hesablanmamış və o bir neçə illər əlavə pensiya məbləğindən məhrum olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının yenidən hesablanmasını deyil, təyin edilməsi halını tənzimləyir və ilk dəfə əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş şəxslərə həmin maddə tətbiq edilməlidir. İşdən görünür ki, o 1995-ci ildə pensiya təyin edilməsi üçün orqana müraciət etmiş və əmək pensiyası həmin tarixdən təyin edilmişdir. 2018-ci ilin ortasınadək o əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh quruma müraciət etmişdir. Plenumun mövqeyi ilə yanaşsaq onun yenidən hesablama ilə bağlı müraciətinə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqi istisna edilir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir və dəyişiklik haqqında həmin qanun 01 yanvar 2019-cu il tarixdə qüvvəyə minmişdir. Həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir ki, o həmin normanın əlavə edilməsinədək artıq müvafiq quruma yenidən hesablama ilə bağlı müraciət etmişdir. Yəni, yenidən hesablama ilə bağlı normanın qanuna daxil edilməsinədək artıq onun daha əvvəldən yenidən hesablama ilə bağlı müraciəti mövcud idi. Bu hal da sözügedən maddənin hazırki mübahisəyə tətbiqini istisna edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, hazırkı mübahisənin düzgün həlli üçün iddiaçının əmək pensiyası hüququnun reallaşdırılması məqsədi ilə inzibati orqana 1 iyul 2017-ci ildən əvvəl və ya sonra müraciət etməsinin, habelə, iddiaçının əmək pensiyası hüququnun 1 iyul 2017-ci il tarixədək reallaşdırılmasının məhz inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş veribvermədiyinin müəyyən edilməsindən ibarətdir. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib və tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb və iş üzrə Ali Məhkəmənin qərarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılaraq iddia rədd edilməlidir. Hazırda iddiaçı 01.01.2007-ci il tarixdən 01.06.2015-ci il tarixədək olan dövrdə ödənilmiş pensiya məbləği ilə müddətdən artıq hərbi qulluqçulara təyin edilmiş pensiya məbləği arasındakı fərqin hesablanaraq ödənilməsini tələb edir. İşdən görünür ki, İddiaçı ilkin olaraq (Azərbaycan Respublikasının müdafiəsi zamanı) ikinci qrup əlillik təyin edilmiş, 25.05.1995-ci il ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü qrup əlil kimi pensiya təyin edilmiş, pensiyanın məbləği 162,31 manatdan 01.03.2018-ci il tarixədək 257,95 manata çatmış, İddiaçı DSMF-nin 10.10.2008-ci il tarixdən Gədəbəy rayon şöbəsindən 121 manat Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü qrup əlil kimi ömürlük Prezident təqaüdü alır. İddiaçı 1965 №-li 04.10.2006-cı il tarixli müayinə aktına əsasən 3cü qrup əlillik dərəcəsi təyin olunmuş, İddiaçı əlillik səbəbi 21.10.2015-ci il tarixdən dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müəyyən olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının adına təminat xərcliyi 469 manat göstərilməklə məlumat vərəqi tərtib edilərək DSMF-yə göndərilmişdir. Həmin məlumat vərəqi əsasında İddiaçı 3-cü qrup (Azərbaycan Respublikasının müdafiəsi zamanı) əlilliyə görə 01.06.2018-ci il tarixdən 257,95 manat pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təkrarən 28.06.2018-ci il tarixdə iddiaçının adına təminat xərcliyi 499 manat göstərilməklə məlumat vərəqi tərtib edilərək DSMF-yə göndərilmişdir. Həmin məlumat vərəqi əsasında İddiaçı pensiyası yenidən hesablanraq ona 3-cü qrup (Azərbaycan Respublikasının müdafiəsi zamanı) əlilliyə görə 01.03.2018-ci il tarixdən 274,45 manat ömürlük pensiya təyin edilmişdir. İşin mübahisələndirilməyən halına əsasən iddiaçıya 3-cü qrup (Azərbaycan Respublikasının müdafiəsi zamanı) əlilliyə görə pensiya təyin edildikdən sonra əvvəlki üç il müddət üçün 3753 manat fərq hesablanaraq ona ödənilmişdir. Cavabdeh 04.10.2019-cu il tarixli **********4 №-li məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının müraciəti əsasında İdarənin sorğusuna əsasən DSMF-nin Gədəbəy rayon şöbəsinin 11.06.2018-ci il tarixli 51/194 nömrəli məktubunda iddiaçının əmək pensiyası 01.06.2018-ci il tarixədək ödənildiyi qeyd edilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 31.05.2018-ci il tarixli MN- 10745 №-li məlumat vərəqəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü qrup əlilliyə görə 12.06.2018-ci il tarixində təminat xərcliyinin (499 manat) 55 faizi-274,45 manat məbləğində pensiya təyin edilmiş və keçmiş üç il müddət üçün hesablanmış, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 3753 manat məbləğində fərq 01.07.2018-30.04.2019-cu il tarixləri arasındakı dövr ərzində hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən hesab etmişdir ki, departament 01.01.2007-ci il tarixdən yarandığından iddiaçıya əlilliyə görə pensiya həmin tarixdən tətbiq edilməklə yenidən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli 03/2020 saylı Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Kollegiya Ali Məhkəmə işi apellyasiya baxışına qaytararkən qərarında əks olunmuş göstərişi ilə bağlı qeyd edir ki, iddiaçının inzibati orqana 1 iyul 2017-ci ildən əvvəl və ya sonra müraciət etməsinin müəyyən edilməsi və müraciətin təqdim edilməsi məqsədilə iddiaçının məhkəmə iclasında iştirakının təmin edilməsi üçün bir neçə dəfə məhkəmə iclasları təxirə salınmış, lakin iddiaçı məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında iddiaçının müraciəti olmasa da, apellyasiya baxışı zamanı təqdim edilmiş etirazda iddiaçı 2018-ci ilin ortalarında müraciət etdiyini qeyd etmişdir. Onun təminat xərcliyi barədə 31.05.2018-ci il tarixli “Məlumat vərəqəsi” nəzərə alınmaqla 12.06.2018-ci il tarixdən yeni məzmunda əmək pensiyası təyin edilmişdir və əvvəlki üç illik müddət üçün ödənilməmiş pensiya məbləği “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə uyğun olaraq ödənilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona ödənilməmiş pensiya məbləğinin ödənilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassız olmaqla işin hallarına uyğun deyil, bu səbəbdən kollegiya iş üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və eyni zamanda qeyd edir ki, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Ona görə də iddia tələbinin təmin edilməsinin əsasları yoxdur, rədd olunmalıdır. Bu barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2-1(82)-4570/2019 saylı qərarı ləğv edilməli, iş üzrə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2-1(82)- 4570/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1179/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1179/2021
18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver