Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1179/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2- 1(112)-7482/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 61 yaş 1 ayının tamam olduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1961-ci ildə Şəki rayonunda doğulmuşdur. İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982- ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilə qədər 134 №-li Texniki Məktəbdə orta ixtisas üzrə təhsil almışdır. İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1984cü ilə qədər Bakı Dəniz Limanında talman şagirdi, xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilə qədər talman, xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilə qədər qatar tərtibçisi, xx.xx.1994-cü ildən xx.xx.2002-ci ilə qədər atıcı, xx.xx.2002-ci ildən xx.xx.2015-ci ilə qədər yanğına qarşı profilaktika təlimatçısı vəzifəsində işləmiş, xx.xx.2015-ci ildən hazırkı vaxta qədər isə qatar tərtibçisi vəzifəsində işləyir. Şəxsin yuxarıda sadalanan əmək fəaliyyətləri ona məxsus əmək kitabçası ilə yanaşı iş yerindən verilmiş xx.xx.2022-ci il tarixli, İRD 017 №-li arayış ilə də öz təsdiqini tapmışdır. Qeyd edilən arayışda iddiaçının işlədiyi sahələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərara müvafiq olaraq həmin siyahının 21.4 yarımbölməsinin “qatar tərtibçiləri” peşəsinə uyğun olaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun güzəştli şərtlərlə əmək stajı 14 il 06 ay 21 gün təşkil etdiyi qeyd edilmişdir. Bundan sonra iddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli, **********1 №-li cavab məktubu ilə iddiaçının ərizəsində qeyd etdiklərinin icrasından imtina etmişdir. İmtinanın əsası kimi 2 hal əsas göstərilmişdir: 1. iddiaçının işlədiyi “qatar tərtibçisi” peşəsinin sahəvi uyğunsuzluğunun olması, yəni iddiaçı dəniz nəqliyyatında işlədiyindən dəmiryol nəqliyyatında qeyd olunan zərərli peşələrin ona aid olmaması; 2. iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi. Cavabdeh inzibati orqanın imtinası əsassızdır. Hazırkı mübahisə üzrə cavabdeh inzibati orqanın imtinasından görünür ki, o, yalnız zərərli iş stajını və sığorta kapitalını mübahisələndirmişdir. Yəni cavabdeh inzibati orqan iddiaçının minimum 25 il ümumi iş stajı faktını qəbul etmişdir. Əmək kitabçasının iş yerindən təsdiq edilmiş surətindən, rus dili hissəsinin Azərbaycan dilinə notarial qaydada tərcümə ilə təsdiq edilmiş surətindən, iş yerindən verilmiş arayışdan hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçının 61 yaş 1 ayı tamam olan tarixə, yəni xx.xx.2022- ci ilə qədər 40 il 9 ay 10 gün ümumi iş stajı mövcuddur. İddiaçının əmək fəaliyyətinə nəzər yetirdikdə görünür ki, həmin əmək fəaliyyətinin əksər hissəsi sovet dövrünə düşmüş, müstəqillik illərindəki əmək fəaliyyəti isə dövlət müəssisələri təşkil edir. İddiaçının tələb olunan 25 illik ümumi iş stajı yaranmışdır. İddiaçı nəqliyyat sahəsində “qatar tərtibçisi” peşəsində işləyib və işləyir. “Qatar tərtibçiləri” peşəsi AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənzidə çalışan neftçilərə yaşa görə güzşətli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nın Nəqliyyat bölməsinin “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” yarımbölməsinin 23001000-18726 koduna və AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş siyahının 21.4-cü Bölməsində qeyd olunmuşdur. Cavabdeh inzibati orqan iddiaçının dəniz nəqliyyatı sahəsində əmək fəaliyyətini həyata keçirdiyini bəyan etsə də nəzərə almaq lazımdır ki, "xxxx" QSC təkcə dəniz daşımaları ilə deyil, həmçinin avtomobil və dəmiryolu daşımalarını həyata keçirir. Belə ki, QSC-nin ərazisində təxminən 35 km-dək uzunluğa malik dəmiryolları, eləcə də qovşaqlar və yol ayrıcları mövcuddur. Bütün bu sahənin idarə edilməsində isə digər mütəxəssislər ilə yanaşı iddiaçının da əməyi mövcuddur. Yəni iddiaçının peşə funksiyaları və icra etdiyi işlər sırf dəmiryol nəqliyyatı sahəsinə aiddir. Cavabdeh inzibati orqanın yalnız iddiaçının işlədiyi müəssisənin adını əsas götürməklə onun peşəsinin sahə uyğunsuzluğuna istinad etməsi məntiqli olmamışdır. Bu əsasdan iddiaçının işlədiyi sahə zərərli peşəyə aid edilməlidir. Göründüyü kimi iddiaçının xx.xx.2022-ci ilə qədər, yəni 61 yaş 1 ayına qədər ümumilikdə 12 il 06 ay 3 gün zərərli iş stajı mövcuddur. Cavabdeh inzibati orqan hesab edir ki, hazırda iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı üçün pensiya kapitalının aşağı həddi 46 080,00 manat təşkil etdiyi halda iddiaçının pensiya kapitalı cəmi 43 346,30 manat təşkil etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə müəyyən edilmiş hesablamalarda yanlışlığa yol verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları əsasında aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2006-cı ildən xx.xx.2022-ci ilə qədər fərdi şəxsi hesabında 26 956,78 manat pensiya kapitalı mövcuddur. Eyni zamanda, iddiaçının xx.xx.2006-cı ilə qədər istehlak qiymətləri indeksinin illik səviyyəsi də nəzərə alınaraq indeksləşdirmə aparılmaqla 20 041,23 manat pensiya kapitalı mövcuddur. Həmin məbləğləri hesabladıqda isə ümumilikdə 46 998,23 manat (20 041,23+26 957= 46 998,23 manat) pensiya kapitalı yaranır. Göründüyü kimi cavabdeh inzibati orqanın 2-ci imtina əsası da düzgün olmamışdır. Bütün bu sadalananlardan belə müəyyən olunur ki, iddiaçının tələb olunan 25 il ümumi, 12 il 06 ay zərərli iş stajı mövcud olmasına baxmayaraq, DSMF orqanı tərəfindən ona güzəştli şərtlərlə 61 yaş 1 ayının tamam olduğu tarixdən pensiya təyin edilməsindən imtina edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş, etirazda imtina məktubunda göstərilən dəlillərə istinad olunaraq iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(112)-7482/2022 saylı qərarı ilə (hakim A.Əhədova) iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etməmişdən öncə cavabdeh inzibati orqana müraciət ünvanlanmış, lakin onun müraciəti təmin edilməmişdir. İmtinanın iki səbəbi qeyd olunmuşdur. Şəxsin pensiya kapitalının minimal meyarlara uyğun olmaması; şəxsin işlədiyi vəzifənin sahə uyğunsuzluğu səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmaması. İşə məhkəmədə baxılan zaman iddiaçının imtinada göstərilən birinci səbəb üzrə minimal pensiya sığorta kapitalına malik olması öz təsdiqini tapmışdır. Bu hal cavabdeh tərəfindən məhkəməyə göndərilmiş arayış və cavabdehin nümayəndəsinin izahatı ilə öz təsdiqini tapmışdır. Eləcə də, iddiaçının 25 il ümumi iş stajının mövcud olması və onun yaşı ilə bağlı olan məsələlər işin mübahisələndirilməyən halı kimi öz əksini tapmışdır. Məhkəmə iddianı rədd edərkən yalnız şəxsin 12 il 06 ay zərərli peşədə işləməməsi əsasını qeyd etmişdir. Məhkəmə bu halı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 №-li icmal məktubu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “iş, peşə və vəzifə uyğunsuzluğu”na, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar işlərlə bağlı hüquqi mövqeyinə istinad etmişdir. Məhkəmənin gəldiyi hüquqi nəticə əsassızdır. Belə ki, işə məhkəmədə baxılan zaman məhkəmə tərəfindən iddiaçının işlədiyi qatar tərtibatçısı vəzifəsi üzrə vəzifə təlimatı sorğu ilə tələb edilmiş və həmin vəzifə təlimatı iddiaçının işlədiyi "xxxx" QSC tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin vəzifə təlimatına diqqət yetirdikdə təlimatın “Bilməlidir” yarımbölməsində iddiaçının aşağıdakı normativ sənədləri mənimsəmiş olması qeyd olunmuşdur. Bunlar aşağıdakılardan ibarətdir. “Azərbaycan Dövlət Dəmir Yolu”nun Texniki istismar Qaydaları; “Azərbaycan Dövlət Dəmir Yolu”nda “İşarəvermə təlimatı”, “Azərbaycan Dövlət Dəmir Yolu”nda Qatarların hərəkəti və manevr işi üzrə təlimatı; Manevr tərkiblərinin vaqonlarla qadağa hərəkəti zamanı təhlükəsizliyi təmin etmək; "xxxx" QSC-nin Daxili intizam Qaydalarını; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, gigiyena və sanitariya qaydalarını, o cümlədən yanğından mühafizənin norma və qaydalarını. Göründüyü kimi iddiaçının işlədiyi müəssisənin adına nəzər yetirdikdə ilk baxışda həmin QSC-nin dəniz nəqliyyatı sahəsinə aid edilməsi təəsüratı yaranır. Lakin həmin QSC-nin rəsmi saytı olan www.portofbaku.com internet saytından əldə edilən məlumatlardan görünür ki, bu QSC təkcə dəniz nəqliyyatı deyil, eləcə də dəmir yolu və avtomobil nəqliyyatını da özündə birləşdirən kompleks ticarət limanıdır. Təsadüfi deyildir ki, iddiaçının vəzifə təlimatlarında digər hallar ilə yanaşı Azərbaycan Dövlət Dəmir Yolunun normativ sənədlərini bilmək vacibliyi qeyd olunmuşdur. Həmçinin, internet resursundan əldə edilən məlumatlardan görünür ki, QSC-nin təşkilati strukturuna digər sahələrlə yanaşı "xxxx" adlanan struktur bölməsi mövcuddur. Həmin "xxxx" bölməsi birbaşa olaraq QSC-nin təşkilati struktur vahidi olan liman əməliyyatları departamentinə aiddir. Göründüyü kimi həmin departament məhz iddiaçının işlədiyi qrupun üst struktur vahididir. Həmçinin, QSCnin rəsmi internet saytından əldə olunan məlumatlardan görünür ki, limanın multi modal daşımalar adlanan bölməsində avtomobil nəqliyyatı ilə yanaşı dəmir yol nəqliyyatı təşkil edir. Həmin bölməyə nəzər yetirdikdə belə bir qeydlər öz əksini tapmışdır. Ümumi fəaliyyətinin 80 %-ni əsasən Qazaxstan və Türkmənistandan daxil olan tranzit yükləri təşkil edən Bakı Limanındakı bərə terminalı Avrasiya nəqliyyat şəbəkəsində əsas giriş platformasıdır. Mövcud iki mərtəbəli dəmir yolu bərələrində xidmət etmək məqsədi ilə hər yanalma körpüsü üzrə təmin edilməli olan 4 bərə yolunda ümumi uzunluğu 364 metrə bərabər olan 26 vaqon yerləşdirilə bilər. Bakı limanının 4 əsas beynəlxalq dəmir yoluna çıxışı var. QSC-yə məxsus internet portalında terminallar adlanan bölmədə bərə terminalı və əsas yük terminalı qeyd olunmuşdur. Bərə (qatar daşıyan bərə) terminalı və ona bitişik körpülərdə limana dəmir yolu ilə daxil olan vaqonlar birbaşa olaraq bərədə yerləşdirilirlər. Bu proses hər biri bilavasitə dəmir yolu xətlərinə qoşulu olan qaldırıcı körpüyə malik iki bərə körpüsündə həyata keçirilir. Nazirlər Kabinetinin 320 №-li qərarında qatar tərtibçiləri peşəsi zərərli peşə kimi nəqliyyat bölməsinin dəmir yolu nəqliyyatı yarımbölməsində qeyd olunmuşdur. Həmin bölmənin dəniz nəqliyyatı yarımbölməsində belə bir vəzifə öz əksini tapmamışdır. Lakin məntiqi olaraq düşündükdə belə bir vəzifənin dəniz nəqliyyatı yarımbölməsində olması qeyri-realdır. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli icmal məktubu və sahə, peşə və iş uyğunsuzluğu ilə bağlı qəbul etdiyi qərarlarda fərqli mövqe nümayiş etdirsə də hazırkı mübahisə üzrə iddiaçıya münasibətdə analoji mövqenin sərgilənməsi qəbuledilməzdir. Şikayətdə qeyd etdikləri və şikayətə əlavə olunan məlumatlardan görünür ki, iddiaçının işlədiyi QSC sırf dəniz nəqliyyatı sahəsinə aid deyil. Həmin QSC bu nəqliyyat sahəsi ilə yanaşı özündə dəmir yolu və avtomobil nəqliyyatını da birləşdirən kompleks müəssisədir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1961-ci ildə doğulmuş, xx.xx.1980-ci il tarixdə hərbi xidmətə çağırılmış, xx.xx.1982-xx.xx.1983-cü illərdə 134 saylı texniki məktəbində təhsil almış, xx.xx.1982-ci ildə hərbi xidmətdən tərxis edilmişdir. xx.xx.1984-cü ildə Bakı Dəniz Limanında 1 №-li yük rayonuna meşə limanında talman şagirdi işinə qəbul olunmuş, xx.xx.1984-cü ildə imtahanın verilməsindən sonra həmin yerdə talman hesab olunmuş, xx.xx.1986-cı ildə 2 №-li istehsalat-yükləmə kompleksində talman keçirilmiş, xx.xx.1988-ci ildə İB 10 №-li lokomotiv briqadasına qatar tərtibçisi keçirilmiş, xx.xx.1991-ci ildə İB strukturunun dəyişməsi ilə əlaqədar mexanizasiya üzrə 2 №-li yük rayonunun 5-ci dərəcəli 10 №-li lokomotiv briqadasının qatar tərtibatçısı hesab olunmuş, xx.xx.1994-cü ildə Hərbi Mühafizə dəstəsinə sınaq müddətinə 2-ci dərəcəli atıcı keçirilmiş, xx.xx.1994-cü ildə sınaq müddətinin bitməsi ilə 2-ci dərəcəli atıcı hesab olunmuş, xx.xx.2002-ci ildə Yanğına qarşı profilaktika təlimatçısı vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı ildə yanğına nəzarət və yanğından mühafizə sektoruna keçirilmiş, xx.xx.2015-ci ildə Əsas yük terminalı mexanizasiya sahəsinə qatar tərtibatçısı vəzifəsinə keçirilmiş, xx.xx.2017-ci ildə İnzibati xidmət, təmir-tikinti və texniki xidmət departamenti, Mühəndislik və mexanizasiya sahəsinə qatar tərtibatçısı vəzifəsinə keçirilmiş, xx.xx.2019-cu ildə Liman əməliyyatları departamenti, Əməliyyata dəstək sahəsi, Dəmiryol qrupuna qatar tərtibatçısı vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci ildə Liman əməliyyatları departamenti, Liman yüklər terminalına həmin vəzifəyə keçirilmişdir. Hal-hazırda Liman əməliyyatları departamenti, Ümumi yüklər terminalında qatar tərtibatçısı vəzifəsində çalışır. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********5 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) qatar tərtibçiləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə onun xx.xx.1986-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində və xx.xx.2015-ci il tarixindən bugünədək "xxxx" QSC-də qatar tərtibatçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi sahə yuxarıda qeyd olunan dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 46080,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 43346,30 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən yuxarı ümumi iş stajının olduğunu müəyyən edərək, iddia tələbinin rədd edilməsi əsası kimi qeyd etmişdir ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 60 yaşını xx.xx.2021-ci il tarixdə tamamlamışdır. İddiaçının hərbi bilet, əmək kitabçasına əsasən xx.xx.1980-xx.xx.1982-ci ilədək hərbi xidmət dövrü, xx.xx.1982-xx.xx.1983-xx.xx.1984-xx.xx.2021-ci ilədək (60 yaşı tamam olduğu tarixə) əmək fəaliyyəti dövrü nəzərə alınmaqla ümumi iş stajı 39 il 08 ay 06 gün təşkil edir. Beləliklə, iddiaçının ümumi iş stajı qanunla tələb olunan 25 il ümumi iş stajından çoxdur. Cavabdeh iddiaçının ümumi iş stajını mübahisələndirməmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş məlumata əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 45360,00 manat məbləğində hesablandığı halda fərdi hesabında qeydə alınmış kapital 49038,74 manat təşkil edir. Beləliklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiaysı təyini üçün pensiya kapitalı ilə bağlı tələb olunan şərt ödənilir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün onun xx.xx.1986-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində və xx.xx.2015-ci il tarixindən bugünədək "xxxx" QSC-də qatar tərtibatçısı kimi işlədiyi müddətin güzəştli pensiya hüququ verən sahəyə aid edilməsi istisna olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın quruluşundan da göründüyü kimi, ilk növbədə “istehsalat” sahələri aşkar surətdə fərqləndirilmiş, yalnız bundan sonra həmin istehsalat sahəsinə aid iş, peşə və vəzifələr təsbit olunmuşdur. İddiaçının bilavasitə çalışmış olduğu “iş, peşə və vəzifə” isə dəmiryolu nəqliyyatına deyil, Liman əməliyyatları departamentinə aid olmuşdur. Belə ki, "xxxx" QSCnin verdiyi arayışa əsasən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında iddiaçının işlədiyi əsas sahə liman əməliyyatlları departamenti, işlədiyi vəzifə ümumi yük terminalında işləyən qatarların qatar tərtibatçısı hesab olunur ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahılarında qeyd edilən sahə üzrə həmin adda peşələrin mövcudluğu müəyyən olunmur. Sözügedən peşə yalnız həmin “Siyahı”nın “Nəqliyyat” (XXVİİİ) bölməsinin 23001000 Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bölməsində 23001000—18726 kodu altında qatar tərtibçiləri peşəsi güzəştli pensiya hüququ verən göstəricilər sırasında təsbit olunmuşdur ki, iddiaçının işlədiyi sahə isə bilavasitə dəmiryol nəqliyyatı sahəsi deyildir. Beləliklə, iddiaçının işlədiyi sahə ilə “Siyahı”da mübahisələndirilən peşələr üzrə güzəştli pensiya hüququnu nəzərdə tutan sahələr bir-birindən fərqlidir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iş üzrə əldə edilmiş "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 173485 nömrəli məktubunda sadalanan Dəmiryol nəqliyyatında 23001000—18726 kodu altında qatar tərtibçiləri peşələrində çalışan işçilərin yerinə yetirdiyi işlərin zərərli hesab edilməsinin xüsusiyyətləri sırasında 10 kq-dan artıq yükün yerinin dəyişdirilməsi, açıq hava şəraitində davamlı olaraq işlərin görülməsi nəticəsində yaranan iş gərginliyinin yüksək səviyyəsi xüsusiyyətləri göstərilmişdir. Qeyd edilən bu xüsusiyyətlər "xxxx" QSC-nin təqdim etdiyi limanda qatar tərtibatçısı vəzifəsinin əmək funksiyaları ilə müqayisəli təhlil etdikdə müəyyən olunur ki, Azərbaycan Dəmir Yolları QSC-də qatar tərtibçisi işləyən şəxslərin məruz qaldığı zərərli iş xüsusiyyətləri ticarət limanında qatar tərtibatçısı işləyən işçinin vəzifə təlimatına uyğun olaraq məruz qaldığı zərərli iş xüsusiyyətləri ilə eyniliyi müəyyən olunmur. Bundan əlavə, qeyd olunmalıdır ki, oxşar işlər üzrə istehsal sahəsi fərqli olub lakin dəmiryol nəqliyyatında sadalanan vəzifə adları ilə eyni olan peşələrdə çalışmış şəxslərin pensiya təyinatı ilə bağlı məhkəmə təcrübəsində də iddia edilən zərərli peşələrin Siyahıda “sahə” uyğunluğu məsələsinin bilavasitə zəruriliyi qeyd edilmişdir. Beləliklə mübahisələndirilən Bakı Dəniz Limanında qatar tərtibatçısı peşələrinin sahə uyğunsuzluğu səbəbindən 2 №-li Siyahının “Nəqliyyat” bölməsində təsbit olunan göstəricilərə aid edilməsi istisna edilir. Belə olan halda iddiaçının 12 il 6 ay xüsusi stajı mövcud olmadığından güzəştli şərtlərlə pensiya hüququ da yaranmır. Göstərilənlərlə əlaqədar məhkəmə kollegiyası aşağıdakları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Nazirlər Kabinetinin xx.xx.2007 -ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı” (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2 nömrəli əlavəsinin 2.4.1-ci maddəsindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsi əsasında yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunmalıdır. Şərh ounan normaların tələblərindən görünür ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a) İddiaçının 60 yaşına çatması; b) İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c) İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması d) Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: . . . v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; “ğ” ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. İşin müəyyən olunmuş hallarına görə, iddiaçının ümumi iş stajı əmək kitabçaları və arxiv arayışları ilə təsdiq edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim olunan sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. İş materiallarından göründüyü kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində 49038,74 manat pensiya kapitalı vardır. Məhkəmə kollegiyası hesab edir ki, bu məbləğ iddiaçıya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olaraq ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verərək, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaradır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iş materiallarında olan attestatın, hərbi biletin, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən, göründüyü kimi 01 yanvar 2006-cı ilədək iddiaçının hərbi xidmət müddəti də nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. İddiaçının güzəştli iş stajına münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, İRD 017 nömrəli Arayışından görünür ki, iddiaçı həqiqətən xx.xx.1984-cü ildə Bakı Dəniz Limanında (indiki "xxxx" QSC) 251/л tarixli əmrə əsasən 1 saylı Meşə liman yük rayonuna talman şagirdi vəzifəsinə işə qəbul edilmiş və çalışdığı dövr ərzində aşağıdakı vəzifələri icra etmişdir: 918/л saylı xx.xx.1984-cü il tarixli əmrə əsasən talman vəzifəsinə keçirilmişdir; 524/л saylı xx.xx.1986-cı il tarixli əmrə əsasən mexanizasiya istehsalat kompleksinin 10 saylı lokomotiv briqadasına 3-cü dərəcəli qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir; 823/л saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən mexanizasiya istehsalat kompleksinin 10 saylı lokomotiv briqadasına 3-cü dərəcəli qatar tərtibatçısı vəzifəsində keçirilmişdir; 930/л saylı xx.xx.1989-cu il tarixli əmrə əsasən 4-cü dərəcəli qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir; 2123/л saylı xx.xx.1990-cu il tarixli əmrə əsasən 10 saylı briqadaya 5-ci dərəcəli qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir; 131/k saylı xx.xx.1994-cü iltarixli əmrə əsasən sınaq müddəti ilə 2-ci dərəcəli atıcı vəzifəsinə keçirilmişdir; 6/4-703 saylı xx.xx.1994-cü il tarixli əmrə əsasən 2-ci dərəcəli atıcı vəzifəsinə keçirilmişdir; 84/k saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən 1-ci dərəcəli yanğına qarşı profilaktika təlimatçısı vəzifəsinə keçirilmişdir; 118 saylı xx.xx.2006-cı il tarixli əmrə əsasən yanğına nəzarət və yanğıdan mühafizə sektoruna keçirilmişdir; 97/k saylı xx.xx.2015-ci il tarixli əmrə əsasən Əsas yük terminalının mexanizasiya sahəsinə qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir; 1/021 saylı xx.xx.2017-ci il tarixli əmrə əsasən İnzibati xidmət, təmir-tikinti və texniki xidmət departamenti, Mühəndislik və mexanizasiya sahəsinə qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir; 1/178 saylı xx.xx.2019-cu il tarixli əmrə əsasən Liman əməliyyatları departamenti, Əməliyyata dəstək sahəsi, Dəmiryol qrupuna qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir; 1/272 saylı xx.xx.2021-ci il tarixli əmrə əsasən Liman əməliyyatları departamenti, Ümumi yüklər terminalına qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir; Hal hazırda Liman əməliyyatları departamenti, Ümumi yüklər terminalında qatar tərtibatçısı vəzifəsində çalışır. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarında 28 saylı bölmənin (kod 23000000-Nəqliyyat) 1-cü bəndinə (kod 23001000 - Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər) əlavə edilən “qatar tərtibçiləri” (kod 23001000—18726) və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarında 21 saylı bölmənin 21.4 bəndinə əlavə edilən “qatar tərtibçiləri” qeydlərinə görə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ümumi iş stajı 14 il 6 ay 21 gün təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, dəmiryolları iqtisadi fəaliyyət sahəsi olaraq təyinatına görə (yüklərin və sərnişinlərin) daşıma xidmətlərinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bu mənada, dəmiryolları fəaliyyət sahəsi kimi digər iqtisadi fəaliyyət sahələrindən özünün spesifik və müəyyən mənada universal xarakteri ilə fərqlənir. Daha dəqiq deyilsə, dəmiryolları konkret istehsalat sahəsinə və ya müəssisəyə (idarəyə) bağlı fəaliyyət sahəsi kimi deyil, idarə və müəssisə mənsubiyyətindən və tabeçiliyindən asılı olmayaraq funksional təyinatına uyğun ümumi anlamda qəbul edilməlidir. Dəmiryollarının və dəmiryolu nəqliyyat vasitələrinin yalnız "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryol xətləri ilə məhdudlaşdırılması ölkənin vahid dəmiryolları sisteminin vahidliyi baxımından yolverilməzdir. Bu yanaşma ona əsaslanır ki, Azərbaycan Respublikasının dəmiryolları sistemi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, ayrı-ayrı müəssisələrin həmin magistral yollara çıxışı olan və daşımaların həyata keçirildiyi dəmiryolları şəbəkələrini də ehtiva edir. Bu zaman nəzərə alınmalıdır ki, "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryolları da Azərbaycan Respublikasının vahid dəmiryolları sisteminin tərkibinə daxildir və ümumi istifadədə olmaqla sərnişinlərin və yüklərin daşınması funksiyasını yerinə yetirir. Həmçinin nəzərə almaq lazımdır ki, dəmiryolu şəbəkəsinin, eləcə də həmin şəbəkədə təyinatı üzrə istismar edilən və daşımaları həyata keçirən teplovozların fərqli iqtisadi fəaliyyət sahəsinə aid müəssisəyə mənsubiyyəti prinsip olaraq həmin dəmiryolu şəbəkəsinin və teplovozların funksional təyinatını və istismar xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir. Bu baxımdan güzəştli şərtlərlə pensiya təyin olunarkən nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın müvafiq bəndi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryollarında çalışan qatar maşinistlərinə, maşinist köməkçilərinə, qatar tərtibçilərinə deyil, həm də təşkilatihüquqi və mülkiyət formasından asılı olmayaraq istənilən müəssisəyə aid dəmiryollarında və dəmiryolu nəqliyyat vasitələrində çalışan maşinistlərə, maşinist köməkçilərinə, qatar tərtibçilərinə də şamil olunmalıdır. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisələrin iqtisadi profilinə və ya müəssisənin tabeçiliyinə deyil, həmin şəxslərin funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Bu baxımdan ayrı-ayrı müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidində işləyən və daşımalarla məşğul olan qatar tərtibçiləri də magistral dəmiryollarının nəqliyyat vasitələrinin, o cümlədən qatar tərtibçiləri anlamında qəbul edilməlidir. Həmçinin, nəzərə almaq lazımdır ki, həm magistral dəmir yollarında, həm də müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidlərində işləyən və daşımalarla məşğul olan qatar tərtibçiləri eyni peşənin daşıyıcılarıdırlar və məzmun baxımından eyni funksiya və vəzifələri yerinə yetirirlər. Bu baxımdan, həmin şəxslər hansı müəssisəyə aid dəmiryolunda və dəmiryolu nəqliyyatında qatar tərtibçisi işləməsindən asılı olmayaraq, peşə ümumiliyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Başqa sözlə, qeyd olunan şəxslərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisənin iqtisadi fəaliyyət sahəsinə və müəssisəyə deyil, həmin müəssisənin struktur vahidində onların həyata keçirdikləri fəaliyyətin funksional təyinatına və məzmununa bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır. Yuxarıda ifadə olunan mövqeyə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq fərqli müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində çalışan maşinistlərin, maşinist köməkçilərinin, qatar tərtibçilərinin qanunla nəzərdə tutulmuş digər şərtlər daxilində imtiyazlı pensiya hüququ tanınmalıdır. Hazırkı mübahisəyə münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda qatar tərtibçiləri peşələrinin dəmiryolu nəqliyyatı bölməsində nəzərdə tutulması həmin bölmənin müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrinə münasibətdə iqtisadi fəaliyyət sahəsi baxımından tətbiq olunmasını istisna edən hal kimi təfsir oluna bilməz. Odur ki, iddiaçının "xxxx" QSC-də işlədiyi qatar tərtibçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “23000000 XXVİİİ. Nəqliyyat 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər. Kod 23001000—18726-“ qatar tərtibçiləri” peşələrinə uyğundur. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə (60 yaş) çatdığından, xx.xx.2022-ci il tarixədək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verdiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən onun 61 yaş 1 ayının tamam olduğu vaxtdan (xx.xx.2022-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(112)-7482/2022 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 61 yaş 1 ayının tamam olduğu 18 fevral 2022-ci il tarixdən təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(112)-7482/2022 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 61 yaş 1 ayının tamam olduğu 18 fevral 2022-ci il tarixdən təyin olunması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rəşid Səmədov Hakimlər Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1179/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1179/2023
31.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver