Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1179/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın satılması tələbinə dair” iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7869/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 17219.76 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 46000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli qərar çıxarılaraq həmin qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan 45885.65 manat borcuna görə 46000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********6 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 17219.76 manat ödənilməmiş borcu qalmışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7869/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələbləri baxımından apellyasiya icraatını mümkün hesab etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Bakı İnzibati Məhkəməsi tərəfindən siyahıya alınmış əmlakın özgəninkiləşdirilməsi əsas gətirilərək iddia rədd edilmişdir. Məhkəmənin bu mövqeyi əsassızdır. Belə ki, iş məhkəmənin icraatına daxil olarkən siyahıya alınmış əmlak cavabdehin mülkiyyətində olmuş və məhkəmə tərəfindən işə baxılması prosesi uzunmüddətli təxirə salındığından cavabdeh əmlakı özgəninkliəşdirə bilmişdir. Siyahıya alınmış əmlakın satılması ilə bağlı iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə təqim edilmiş, siyahıya alınmış əmlakın özgəninkiləşdirilməsi xx.xx.2023-cü il tarixdə baş vermiş və məhkəmə tərəfindən yekun məhkəmə aktı xx.xx.2023-cü il tarixdə çıxarılmışdır. Əmlak siyahıya alınarkən cavabdehin səlahiyyətli nümayəndəsinə məsul saxlamaya verilmiş və əmlak özgəninkiləşdiriləcəyi təqdirdə səlahiyyətli nümayəndə cinayət məsuliyyəti barədə xəbərdar edilmişdir, lakin məhkəmə tərəfindən bu hallar nəzərə alınmadan qanunvericiliyin tələbinə əsasən inzibati iş üzrə cinayət əməli aşkar edilməsinə baxmayaraq, bu barədə prokurora xəbər vermək üçün xüsusi qərardad çıxarılmadan, əmlak siyahıya alınarkən cavabdehin mülkiyyətində olması faktları əsas götürülmədən iddianın rədd edilməsi qərara alınmaqla kifayətləndirilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən düzgün olmayan qərar çıxrılmış və dövlət büdcəsinə ödənilməkdən yayındırılmış ödənişlər ödənilməmiş və nəticədə də siyahıya alınmış əmlak özgəninkiləşdirilmiş və məhkəmə yalnız iddianın rədd olunmasını qərara almışdır...” Məhkəmə kollegiyasının iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəmə iclaslarına gəlməmişlər, Azərbaycan Respublikasının İnzibati Prosesssual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 23.1.15-1-ci maddəsinə əsasən vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq hüququ vardır; 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur; 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir; 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər; 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir; 89.10-cu maddəsinə əsasən maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir; 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər; Məcəllənin qeyd olunan tələblərindən göründüyü kimi, vergi orqanı məhkəməyə müraciət etməzdən əvvəl, vergi ödəyicisindən yerinə yetirilməmiş vergi öhdəliyinə görə yaranmış vergi borcunu tələb etmək, (hüququnu) və bu səlahiyyətlərin realizə edilməsi mümkün olmadıqda isə sadalanan üsul və vasitələrdən istifadə etməklə, əmlakını siyahıya almaq və onu məsul saxlamaya vermək, daha sonra siyahıya alınmış əmlakını zəruri həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəməyə müraciət etmək hüququ müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən olunur ki, cavabdeh sadələşdirilmiş verginin ödəyicisi kimi vergi orqanında qeydiyyatdan keçmiş, sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisi kimi eyniləşdirmə nömərəsi (VÖEN **********) verilmişdir. İddiaçı vergi orqanı tərəfindən onun xx.xx.2022-ci il tarixə yaranan 45885.65 manat borcunun ödənilməsini təmin etmək məqsədilə cavabdehə 24 yanvar 2022-ci il tarixli **********2 saylı bildiriş təqdim edilmiş, lakin sonuncu tərəfindən borc ödənilmədiyindən iddiaçının xx.xx.2022-ci il tarixli **********6 nömrəli qərarı ilə, ümumilikdə, 46000 manat dəyərində olan əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli protokol tərtib edilərək, həmin protokola bir vərəqdən ibarət əmlakın siyahısı əlavə edilmiş və həmin tarixdə tərtib olunmuş akt əsasında əmlak müəssisə rəhəbərinin məsul saxlamasına verilərək əmlakın özgəninkiləşdirilməsinə görə sonuncuya xəbərdarlıq edilməklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsi ilə cinayət məsuliyyəti daşıması barədə ona xəbərdarlıq edılmişdir. Lakin işə əlavə olunmuş, birinci instansiya məhkəməsinin sorğusu əsasında məhkəməyə təqdim olunmuş Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna və Fövqaladə Hallar Nazirliyi X2 Görülməsi və X4 Agentliyinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, cavabdeh vergi ödəyicisinin vergi borcuna görə siahıya alınan “Hyundai SL 765” markalı ban nömrəsi: 121A001526 olan nəqliyyat vasitəsi fiziki şəxs X1, xx.xx.2023-cü il tarixdə X2 Görülməsi və X4 Agentlikdə müəssisənin adından qeydiyyatdan çıxarılmışdır. Başqa sözlə, işin hazırkı ana olan vəziyyəti ondan ibarətdir ki, vergi borcuna görə siyahıya alınmış nəqliyyat vasitəsi digər şəxsin mülkiyyətdədir, yəni, həmin əmlak özgəninkiləşdirilmiş, artıq onun həmin nəqliyyat vasitəsinə mülkiyyət hüququnu itirmiş, başqasının mülkiyyətidir. Cavabdeh orqannın apellyasiya şikayətinin dəlillərindən isə görünür ki, avtonəqliyyat vasitəsinin hazırkı iş məhkəmənin icraatında olarkən cavbdeh tərəfindən özgəninkiləşdirildiyini məhkəməyə irad tutaraq, bir növ günahkar kimi məhkəməni görür. Halbuki, qeyd olunanlardan göründüyü kimi, xx.xx.2022-ci il tarixdə siyahıya alınmış həmin nəqliyyat vasitəsi müəssisə rəhbərinin məsul saxlamasına verilmiş və ona xəbərdarlıq edilmişdir ki, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsi ilə cinayət məsuliyyəti daşıyır. İddiaçı isə vergi orqanı olaraq siyahıya alınmış nəqliyyat vasitəsinin təhvil alan qanunazidd hərəkətlərinə görə onu müvafiq qaydada məsuliyyətə cəlb edilməsini təmin etmək əvəzinə, məhkəməni günahlandırmaq ona daha asan görünmüş, bununla da, vergi qanunvericiliyi ilə üzərinə düşən vəzifələrinin icrasından yan keçmişdir. Çünki, Vergi Məcəlləsi vergi orqanı olaraq iddiaçının da üzərinə öhdəlik qoyur ki, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyət borcludur (VM m.24.1.1). Siyahıya alınmış nəqliyyat vasitəsi isə artıq üçüncü şəxsin mülkiyyətində olmasına gəldikdə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Beləliklə də, cavabdehin vergi borcuna görə digər şəxsin mülkiyyətində olan əmlakın ixtisaslaşdırılmış açıq hərracda satıldığı nəzərə alınmaqla, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunması işin hallarına, maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun nəticədir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qəbul etdiyi qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7869/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7869/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1179/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1179/2024
13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver