Məhkəmə qərarları › İş №2-1(103)-118/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-118/2022

28.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-118/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə (3-cü şəxs "xxxx" ASC) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1(112)-479/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs "xxxx" ASC) 28 avqust 2008- ci il tarixdə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının 574 saylı sərəncamına uyğun olaraq mövcud texniki pasportun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınması barədə və həmin əmlaka hüquqların qeydiyyata alınmasının cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. 23.02.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin “İddiaçı adına Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Məktəbli küçəsi ünvanda yerləşən 16 nömrəli fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi oxunması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X2 İcrayə Komitəsinin 25 iyul 1976-cı il tarixli, 30/413 saylı Bakı şəhərində vətəndaşlara məxsus evlərin hüquqi qeydiyyatı haqqındakı qərara uyğun olaraq idarələrarası komissiyanın 22 avqust 2008-ci il tarixli aktını və İddiaçı ərizəsini nəzərə alaraq, Şağan qəsəbəsi, Məktəbli küçəsi vətəndaş İddiaçı məxsus olan 16 saylı evin ilkin hüquqi qeydiyyata alınması barədə sənədlərə baxaraq komissiya üzvləri qeyd edir ki, mülkün oktyabr ayı 1963-cü il tarixli Texniki Pasportu vardır. Mülk 1933-cü ildə tikilib. A yaşayış evi, 2 yaşayış otağı-29,3 kv.m, köməkçi sahə-32,9 kv.m-dən ibarətdir. Əlavə A yaşayış evinə bitişik mətbəx 23,8 kv.m, hamam-3,4 kv.m, dəhliz-4.4 kv.m. açıq eyvan 65.2 kv.m. tikilmişdir. Torpaq sahəsində saray sökülmüşdür, quyu-2 kv.m, hovuz-24.8 kv.m. mövcuddur. Əlavə yarımçıq tikili 107 kv.m. tikilmişdir. Mülkün cəmi torpaq sahəsi 809.8 kv.m-dən ibarətdir. Yuxarıda qeyd olunanların və idarələr arası komissiyanın 22 avqust 2008-ci il tarixli aktını nəzərə alaraq Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısı 28 avqust 2008-ci il tarixdə Şağan qəsəbəsi Məktəbli küçəsində yerləşən vətəndaş İddiaçı məxsus 16 saylı evin ilkin qeydiyyata alınması haqqında 574 saylı Sərəncamı aşağıdakı şəkildə imzalamışdır. Şağan qəsəbəsi Məktəbli küçəsində yerləşən 2 yaşayış otağı-29,3 kv.m, köməkçi sahə-64.5 kv.mdən ibarətdir. Əlavə: “A” yaşayış evi torpaq sahəsində quyu 2 kv.m, bitişik mətbəx 23,8 kv.m, hamam-3,4 kv.m, dəhliz-4.4 kv.m, açıq eyvan 65.2 kv.m. tikilmişdir. Torpaq sahəsində saray sökülmüşdür, hovuz-24.8 kv.m mövcuddur. Əlavə yarımçıq tikili 107 kv.m, ayaqyolu 2.9 kv.m. tikilmişdir. Mülkün cəmi torpaq sahəsi 809.8 kv.m-dən ibarət olan 16 saylı mülk ilkin hüquqi qeydiyyata alınsın. Həmin mülkə vətəndaş İddiaçı adına reyestrdən çıxarışın verilməsi əlavə dəyişikliklərin mülkün texniki pasportunda qeydə alınması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsindən xahiş edilsin. Lakin uzun müddət keçməsinə baxmayaraq bu gün yaşadığı fərdi yaşıyış evinin hüquqların dövlət qeydiyyatına alınaraq çıxarış verilməsini istəsə də onun hüquqları məhdudlaşır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Elektron Kadastr baza məlumatlarına əsasən güya mövcud vəziyyətdə 360 kv.m. hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşdüyünü saxta sənədlərlə sübut etməyə çalışırlar ki, mümkünsüzdür. Hesab edir ki, cavabdehin imtinası əsassızıdır. Bakı İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1(112)-479/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı adına Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Məktəbli küçəsi ünvanda yerləşən 16 nömrəli fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 15.11.2019-cu il tarixdə İdarəyə poçt vasitəsilə müraciət etmişdir. Sənədlərin əsilləri İdarəyə təqdim edilməmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Belə ki, bununla bağlı İdarə tərəfindən "xxxx" ASC-yə 12.12.2019-cu il tarixli, **********43 saylı sorğu göndərilmiş və "xxxx" ASC-nin 6-01/06- 08/2693 saylı, 27.12.2019-cu il tarixli cavab məktubunda vətəndaş İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Məktəbli küçəsi, 16 saylı fərdi yaşayış evinə dair hüquqların dövlət qeydiyyatı ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə elektrik xətlərinin mühafizə zonaları ilə bağlı müraciətinə baxıldığı və qeyd olunan torpaq sahəsinin 6 kV-luq elektrik hava xəttinin mühafizə zolağında yerləşdiyi qeyd edilmişdir. Bundan əlavə, müvafiq ünvanda aparılmış yoxlama-ölçü işləri zamanı torpaq sahəsinin texniki pasportda qeyd edilən ölçüsü ilə faktiki ölçüsü arasında uyğunsuzluq və perimetrik ölçü fərqi var. Belə ki, torpaq sahəsinin faktiki ölçüsü 104.8 kv.m azdır. Həmçinin, müvafiq ünvanda özbaşına olaraq tikintialtı sahəsi 108,1 kv.m 1 mərtəbəli yaşayış evi, 32 kv.m anbar və sanitar qovşağı, 45,4 kv.m təsərrüfat otağı (faktiki olaraq mağaza kimi istifadə olunur), 2.6 kv.m sanitar qovşağı, 24,3 kv.m kölgəlik və “A” yaşayış evinə bitişik 33 kv.m əlavə tikililər inşa edilmişdir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, Bakı İnzibati Məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar nəzərə alınmamış, aidiyyəti dövlət qurumları üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb edilməmiş, müvafiq ünvanda ekspertiza keçirilməmiş, qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və məhkəmə tərəfindən ekspertiza keçirilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə 3-cü şəxs "xxxx" ASC-yə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən 3cü şəxs "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasport”dan görünür ki, Şağan qəsəbəsi, Məktəbli küçəsində yerləşən 16 nömrəli evin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasportu 1963-cü ilin oktyabr ayında tərtib edilmişdir. Həmin Pasporta əsasən yaşayış evi - 1933-cü ildə, saray -1935-ci ildə, daş hasar 1936-cı ildə, quyu – 1933-cü ildə, basseyn – 1950-ci ildə tikilmişdir. Şağan qəsəbəsi, Məktəbli küçəsində yerləşən 16 nömrəli evdə yaşayan vətəndaşların yazılışından ötrü Ev dəftəri 1967-ci ildən yazılmağa başlanılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Əzizbəyov Rayon icra Hakimiyyəti başçısının “Şağan qəsəbəsi, Məktəbli küçəsində yerləşən vət. İddiaçı məxsus 16 saylı evin ilkin hüquqi qeydiyyata alınması haqqında” 28.08.2008-ci il tarixli Sərəncamında göstərilmişdir: Şağan qəsəbəsi, Məktəbli küçəsində yerləşən 2 yaşayış otağı-29,3 m2 , köməkçi sahə-64,5 m2, açıq eyvan-65,2 m2-dən ibarət “A” yaşayış evi, torpaq sahəsində quyu-2,0 m2, hovuz-24,8 m2, yarımçıq tikili-107,0 m2, ayaqyolu-2,9 m2 cəmi torpaq sahəsi- 809,8 m2-dən ibarət olan 16 saylı mülkün ilkin hüquqi qeydiyyata alınsın; həmin mülkə vət. İddiaçı adına reyestrdən çıxarışın verilməsi, əlavə və dəyişikliklərin mülkün texniki pasportunda qeydə alınması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsindən xahiş edilsin. "xxxx" ASC məhkəmənin sorğusuna cavab olaraq 27.11.2020-ci il tarixli məktubla bildirmişdir ki, Şağan qəsəbəsi, Məktəbli küçəsi, ev 16 ünvanı yaxınlığında yerləşən TM207 nömrəli transformator 1978-ci ildən quraşdırılmışdır. İddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir, torpaq sahəsi elektrik şəbəkəsinin mühafizə zonasına düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 7-ci bəndinə əsasən, gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. Həmin Qaydaların 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Nazirlər Kabinetinin yuxarıda adı çəkilən qərarından da göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında bəzi məhdudiyyətlər olsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. İş materialları ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlak 1933-cü ildə tikilmiş (1963-cü ildə Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasport verilmişdir), həmin evin yaxınlığında yerləşən TM207 nömrəli transformator isə 1978-ci ildən quraşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndində Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.9-cu bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 04 iyun 2015-ci il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əsasnaməsinin 2.0.3-cü bəndinə əsasən Xidmət daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin edir. Həmin Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. Həmin Əsasnamənin 3.0.24-cü bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Şağan qəsəbəsi, Məktəbli küçəsi ünvanda yerləşən 16 nömrəli evin cavabdeh inzibati orqanın imtina üçün əsas gətirdiyi TM207 nömrəli transformatorun quraşdırılmasından əvvəl tikilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, imtina məktubunda göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarında elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında bəzi məhdudiyyətlər olsa da, onların xüsusi mülkiyyətdə olmasına dair heç bir qadağa olmadığından, həmçinin Şağan qəsəbəsi, Məktəbli küçəsi ünvanda yerləşən 16 nömrəli evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport mövcud olduğundan, cavabdehin imtinası qanuna zidd və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1.1-ci bəndində Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar hüququn qeydə alınması üçün əsas kimi nəzərdə tutulmuşdur. Fərmanın 2-ci bəndində qeyd edilmişdir ki, müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak yüksək gərginlikli elektrik şəbəkələrinin mühafizə zonalarında olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Mübahisə predmeti olan daşınmaz əmlaka dair 1963-cü ildə Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasport verildiyindən, həmin evin yaxınlığında yerləşən TM207 nömrəli transformator isə 1978-ci ildən quraşdırıldığından torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Məktəbli küçəsi ünvanda yerləşən 16 nömrəli fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası cavabdehin Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üçüncü şəxs qismində icraata cəlb edilməli olduqlarına dair apellyasiya şikayətinin dəlili ilə razılaşmır və hesab edir ki, hazırkı mübahisənin həlli ilə bağlı göstərilən subyektlərin icraata cəlb edilməsini tələb edən hər hansı zərurət müəyyən olunmamışdır. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi Azərbaycan Respublikası İPM-nin 28-ci maddəsində nəzərdə tutulmuşdur. İPM-in 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Maddənin tələblərindən də göründüyü kimi, üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsini zəruri edən amil – həmin şəxslərin qanunla qorunan maraqlarına toxunacağı haldır. Lakin cavabdeh tərəfindən istinad edilmiş qurumların cəlb edilməsi ilə bağlı hansı məsələnin araşdırılmalı olduğundan irəli gəldiyi, yəni qanunla qorunan hansı maraqlara toxunulduğu (misal üçün, torpaq sahəsinin kateqoriyasının müəyyən edilməsi ilə bağlı və yaxud torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxslərə hər hansı hüquqla məxsus olması və s.) barədə bildirilməmiş və bu hissədə apellyasiya şikayəti əsaslandırılmamışdır Ekspertizanın təyin edilməli olması ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin icraatında olan zaman məhkəmənin 27.10.2020-ci il tarixli qərardadı ilə 13.11.2020-ci il tarixdə yerində müayinə təyin edilmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi hazırda İddiaçı istifadəsindədir. Torpaq sahəsi daş hasara alınmışdır. Fərdi yaşayış evinin və daş hasarın yeni tikili olmadığı, yəni uzun müddət əvvəl tikilməsi müəyyən edilir. Hasara alınmış torpaq sahəsinin yaxınlığında, yəni hasara alınmış torpaq sahəsindən kənarda "xxxx" ASC tərəfindən quraşdırılmış transformator yerləşir. Hazırkı iş üzrə ekspertizanın təyin edilməsi üçün zərurət yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1(112)-479/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar