Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-118/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı “diplomun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2-1(112)-4086/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 31 yanvar - 03 fevral 2023-cü il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməklə, iddiaçıya diplomun tanınması və ona müvafiq ekvivalentlik şəhadətnaməsi verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, “innovasiya sahibkarlığına dövlət dəstəyinin təşkilinin elmi metodoloji əsasları” mövzusunda Ukrayna Milli Çerniqov Texnologiya Unversitetində müdafiə etmiş, Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüş, 28 iyun 2018-ci ildə müvafiq sənədlərlə birlikdə cavabdeh inzibati orqana müraciət edərək həmin diplomun tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. 2019-cu ilin aprel ayında iddiaçının iştirakı ilə dissertasiya işi Ali Attestasiya Komissiyasının Ekspert Şurasının iclasında müzakirə olunaraq müsbət rəy verilmiş, lakin iddiaçıya məlum olmayan səbəbdən cavabdehin 09 oktyabr 2020-ci il tarixli, 04/08-7/97 saylı məktubunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədlərinin heç bir əsas və səbəb göstərilmədən təkrar attestasiya əsasında tanınmasından imtina edildiyi bildirilmişdir. İddiaçı 23 oktyabr 2020-ci il tarixində cavabdehə müraciət edərək bunun səbəbi barədə məlumat verilməsini xahiş etmiş, cavabdehin 04/08-7/15 nömrəli xx.xx.2021-ci il tarixli cavab məktubunda İqtisad elmləri üzrə ekspert şurasının mənfi rəyi nəzərə alınaraq, dissertasiya işinin bilmədiyi dildə olması, həmçinin ingilis dilində yazdığını bildirdiyi halda, həmin variantı təqdim etmədiyi əsas tutularaq sənədlərin təkrar attestasiya əsasında Azərbaycan Respublikasında tanınmasından imtina edilmişdir. Sənədlərinin tanınması məsələsinə apelyasiya qaydasında baxılarkən 22 fevral 2021-ci il tarixində ərizə ilə müraciət edərək sanitar epidemioloji qaydalara uyğun olaraq iddiaçını qəbul etmələrini xahiş etmiş, lakin cavabdehin 04 mart 2021-ci il tarixli cavab məktubunda xüsusi karantin qaydasında vətəndaşların qəbulunun keçirilmədiyi qeyd olunmuşdur. Apelyasiya qaydasında işə baxılarkən iddiaçı işinin ingilis dilli variantını 29 mart 2021-ci il tarixində 186 vərəq olmaqla rəsmi qaydada cavabdehə göndərmiş, lakin buna baxmayaraq Ali Attestasiya Komissiyasının 06 iyul 2021-ci il tarixli, 04/08-7/67 nömrəli məktubunda Kollegiyanın İqtisad elmləri üzrə ekspert şurasının tövsiyəsini nəzərə alaraq 29 iyun 2021-ci il tarixli qərarı ilə onun İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədlərinin təkrar attestasiya əsasında tanınmasından imtina edilməsi haqqında Kollegiyanın xx.xx.2020-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. Qeyd etmək istəyir ki, Ali Attestasiya Komissiyasının Ekspert Şurasının iclasında müzakirə olan dissertasiya işinin hansı meyarlarla yoxlanmasına, bu zaman həmin ixtisasa sahib mütəxəssislərin cəlb olunması barədə nə iddiaçıya məlumat verilmiş, nə də ki, imtina məktubuna bu barədə sənədlər əlavə olunaraq əsaslandırılmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı “İnnovasiya sahibkarlığın dövlət tərəfindən təşkililnin və dəstəyinin elmi-metodik əsasları” mövzusunda müdafiə etdiyi dissertasiya işinə görə Ukraynada verilmiş iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədin təkrar attestasiya əsasında tanınmasından Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (bundan sonra - Komissiya) Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə imtina edilmişdir. İddiaçının xx.xx.2020-ci il tarixli müraciəti əsasında onun işinə apellyasiya qaydasında yenidən baxılmış və Komissiyanın xx.xx.2021-ci il tarixli qərarı ilə sənədin tanınmasından imtina barədə qərar qüvvədə saxlanılmışdır. İddiaçı iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədinin tanınmasından imtina edilməsi ilə bağlı Komissiyanın Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı barədə xx.xx.2021-ci il tarixli 04/08-7/67 nömrəli məktubla məlumatlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 10.3-cü bəndinə müvafiq olaraq şikayət əsasında Komissiyada baxılmış və imtina edilmiş işlərə, faktiki və ya hüquqi halların maraqlı şəxsin xeyrinə dəyişməsi istisna olmaqla, eyni əsaslar üzrə yenidən baxılmır. 10.4-cü bəndinə əsasən Komissiyanın dissertasiyanın elmi dəyəri barədə şikayətə dair qəbul etdiyi qərar qətidir. Yuxarıda qeyd olunanlarla yanaşı Əsasnamənin 10.2-ci bəndinə müvafiq olaraq Komissiyanın nostrifikasiya və təkrar attestasiya ilə bağlı qərarlarından iddiaçılar və digər maraqlı şəxslər həmin qərarların qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya və ya məhkəməyə şikayət verə bilərlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması ilə bağlı inzibati aktlara münasibətdə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Lakin göründüyü kimi iddiaçı Komissiyanın Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarını məhkəmə qaydasında yuxarıda qeyd olunan iddia müddəti keçdikdən sonra mübahisələndirmişdir. təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Göründüyü kimi, iddia prosessual qanunvericiliyin müəyyən etdiyi qaydalar çərçivəsində verilməmişdir. Bu səbəbdən iddiaya məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilməməlidir. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının iddiaçının iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədinin tanınmasından imtina edilməsi barədə qəbul etdiyi qərar onun diskresion səlahiyyətləri çərçivəsində qəbul olunmuşdur. “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 10.4-cü bəndinə görə Komissiyanın dissertasiyanın elmi dəyəri barədə şikayətə dair qəbul etdiyi qərar qətidir. İddia müddətinin ötürüldüyünü və qeyd olunanları nəzərə alaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı “diplomun tanınması və ona müvafiq ekvivalentlik haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinin təmin edilməməsinə dair müvafiq qərarın qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2-1(112)-4086/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: M.Qarayeva) Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 10.3-cü bəndinə müvafiq olaraq, şikayət əsasında Komissiyada baxılmış və imtina edilmiş işlərə, faktiki və ya hüquqi halların maraqlı şəxsin xeyrinə dəyişməsi halı olduğundan yəni Ali Attestasiya Komissiyasının 22 fevral 2021-ci il tarixli imtina məktubundan imtina səbəbi kimi ingilis dili variantının təqdim olunmadığı qeyd olunduğundan, 29 mart 2021-ci il tarixində ingilis dili variantının 186 vərəq olmaqla rəsmi qaydada cavabdehə göndərildiyindən, maraqlı şəxsin xeyrinə dəyişməsi halı olduğundan və bu əsasla bu hala qiymət verilmədiyindən Ali Attestasiya Komissiyasına müraciət olunmuşdur. Ali Attestasiya Komissiyası tərəfindən həmin müraciətə 20 oktyabr 2021-ci il tarixli, 04A08-7/112 nömrəli məktubla imtina edilmişdir. Bundan sonra qanunvericlikdə nəzərdə tutulmuş iki aydan belə tez, yəni 24 noyabr 2021-ci il tarixində məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifıkasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Lakin, məhkəmə mülahizələrə və qarşı tərəfin etirazını əsas götürüək hesab etmişdir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən Ali Attestasiya Komissiyasının yalnız 06 iyul 2021-ci il tarixli məktubu əsas götürülmüş, işdə olmasına və məhkəmənin diqqətinə çatdırmalarına baxmayaraq 20 oktyabr 2021-ci il tarixli, 04A08-7/112 nömrəli imtina məktubuna nəinki əhəmiyyət verilməmiş hətta həmin məktuba aid hissəyə toxunulmamışdır. Halbuki, məhkəmə Ali Attestasiya Komissiyasının 20 oktyabr 2021-ci il tarixli, 04/08-7/112 nömrəli məktubuna hansı səbəbdən toxunmadığını əsaslandırmalı idi. Məhkəmə yalnız mülahizələrə və cavabdeh tərəfin etirazına əsaslanaraq qanunsuz olaraq, Ali Attestasiya Komissiyasının yalnız 06 iyul 2021-ci il tarixli məktubunu əsas götürmüş və qeyd etmişdir ki, iddia müddəti ötürülmüşdür. Məhkəmənin gəldiyi bu nəticə qanunvericilin tələblərinə də zidd olaraq qəbul edilmişdir. Halbuki, Ali Attestasiya Komissiyasının 20 oktyabr 2021-ci il tarixli, 04A08-7/112 nömrəli məktubuna əsasən iddia müddəti ötürülməmiş və vaxtında iddia ərizəsi məhkəməyə təqdim edilmişdir. Məhkəmə öz mülahizəsinə əsasən qanuna zidd olaraq iddia müddətini Ali Attestasiya Komissiyasının yalnız 06 iyul 2021-ci il tarixli məktubu əsasında müəyyən etsə belə yenə də qanunvericilin tələbləri pozulmuşdur. Belə ki, İnzibati İcraat Haqqında qanunun 73.2-ci maddəsinə əsasən İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Ali Attestasiya Komissiyasının 06 iyul 2021-ci il tarixli məktubunda nəinki şikayət verilmə müddəti, hətta məhkəməyə müraciət etməsi belə tövsiyə olunmamışdır. Məhkəmə tərəfindən iddia müddəti 06 iyul 2021-ci il tarixindən hesablansa belə qanunvericilin tələbləri pozulmamışdır. Lakin məhkəmə tərəfindən bunların heç birinə qiymət verilməmişdir. Apelyasiya baxışı zamanı İddiaçı və nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı cavabdehin imtinasının qanunsuz hesab edilməklə, iddiaçıya diplomun tanınması və ona müvafiq ekvivalentlik şəhadətnaməsi verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və məhkəmə məcburetmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtlərindən birinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia mümkünlük şərtlərinə cavab vermir. Belə ki, İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə baxışı zamanı iddiaçı elmi dərəcə haqqında sənədin təkrar attestasiya əsasında tanınmasından cavabdehin xx.xx.2020-ci il tarixli qərarı ilə imtina edildiyindən və özünün xx.xx.2020-ci il tarixli müraciəti əsasında onun işinə apellyasiya qaydasında yenidən baxılaraq sənədin tanınmasından imtina barədə qərarın qüvvədə saxlanılması barədə Komissiyanın xx.xx.2021-ci il tarixli qərarından həmin tarixlərdə məlumatlı olmasını bildirsə də, lakin “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinə görə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıgından, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə biləcəyini hesab edərək iddia müddətinin ötürülmədiyini bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. “İnzibati icraat haqqında” Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki “İnzibati icraat haqqında” Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. “İnzibati icraat haqqında” Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır (“İnzibati icraat haqqında” Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). İş üzrə iddiaçı narazı qaldığı xx.xx.2020-ci il tarixli inzibati aktı və özünün xx.xx.2020-ci il tarixli müraciəti əsasında onun işinə apellyasiya qaydasında yenidən baxılaraq həmin aktın qüvvədə saxlanılması barədə xx.xx.2021-ci il tarixli inzibati aktdan vaxtında məlumatlı olduğunu etiraf etdiyi halda, hazırki iddia ilə qanunla müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Buna baxmayaraq iddiaçı iddia müddətinin üzrlü səbəbdən ötürülməsini əsaslandırmamaqla yanaşı, bu müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən hər hansı mötəbər sübutu da məhkəməyə təqdim etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 35.1-ci maddəsinə əsasən maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. Həmin Qanunun 35.3-cü maddəsinə əsasən ərizə yalnız o halda qəbul edilir ki, maraqlı şəxs icraatı təzələmək üçün bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş bu və ya digər əsasın əvvəlki icraat zamanı təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Qanunun 35.4-cü maddəsinə əsasən ərizə 3 ay müddətində təqdim olunmalıdır. Müddətin axımı icraatı təzələmək üçün əsas olan halların maraqlı şəxsə məlum olduğu gündən başlanır. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Halbuki iddiaçı iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədinin tanınmasından imtina edilməsi ilə bağlı Komissiyanın Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı barədə xx.xx.2021-ci il tarixli 04/08-7/67 nömrəli, daha sonra isə xx.xx.2021-ci il tarixli 04/08-7/112 nömrəli məktublarla məlumatlandırılarkən ona izah edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 10.3-cü bəndinə müvafiq olaraq şikayət əsasında Komissiyada baxılmış və imtina edilmiş işlərə, faktiki və ya hüquqi halların maraqlı şəxsin xeyrinə dəyişməsi istisna olmaqla, eyni əsaslar üzrə yenidən baxılmır. Həmçinin həmin Əsasnamənin 10.4-cü bəndinə əsasən Komissiyanın dissertasiyanın elmi dəyəri barədə şikayətə dair qəbul etdiyi qərar qətidir. Yuxarıda qeyd olunanlarla yanaşı Əsasnamənin 10.2-ci bəndinə müvafiq olaraq Komissiyanın nostrifikasiya və təkrar attestasiya ilə bağlı qərarlarından iddiaçılar və digər maraqlı şəxslər həmin qərarların qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya və ya məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi, mövcud qanunvericilikdə inzibati orqana müvafiq ərizə ilə təkrar müraciət etməsi üçün konkret əsaslar nəzərdə tutulsa da, iş materiallarından müəyyən edilmişdir ki, iddiaçının hazırkı tələblə təkrar olaraq müraciət etməsi üçün həmin əsaslar mövcud olmamışdır. İddiaçıya İPM-in 13-cü maddəsinə müvafiq olaraq hüquqi yardım göstərilərək müddətin üzrlü səbəbdən buraxıldıgını təsdiq edən müvafiq təsdiqedici sənədləri əlavə etməklə müddətin bərpası barədə ərizə verilməsi təklif olunduguna və bununla bağlı məhkəmə iclası təxirə salındıgına baxmayaraq iddiaçı belə bir ərizə və ya təsdiqedici sənədləri təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 saylı 10 aprel 2015-ci il tarixli, Qərarına əsasən, ...mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarından müəyyən olunur ki, İddiaçı Ukrayna Milli Çerniqov Texnologiya Unversitetində “İnnovasiya sahibkarlığın dövlət tərəfindən təşkililnin və dəstəyinin elmimetodik əsasları” mövzusunda müdafiə etdiyi dissertasiya işinə görə Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən verilmiş iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədin təkrar attestasiya əsasında tanınmasından Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə imtina edilmişdir. İddiaçının xx.xx.2020-ci il tarixli müraciəti əsasında onun işinə apellyasiya qaydasında yenidən baxılmış və Komissiyanın xx.xx.2021-ci il tarixli qərarı ilə sənədin tanınmasından imtina barədə qərar qüvvədə saxlanılmışdır. İddiaçı iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədinin tanınmasından imtina edilməsi ilə bağlı Komissiyanın Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı barədə xx.xx.2021-ci il tarixli 04/08-7/67 nömrəli məktubla məlumatlandırılmışdır. Apellyasiya baxışı zamanı məhkəmənin sorğusu əsasında iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Milli Operator tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, SS709209565AZ ştrix kodlu sifarişli məktub barədə ətraflı məlumat verilməsinə dair "xxxx" MMC-yə göndərdiyiniz müraciətə tərəfimizdən baxılmışdır. Bildiririk ki, “Poçt haqqında Azərbaycan Respublikası Qanunu”nun 21.2-ci maddəsinin tələblərinə əsasən poçt göndərişlərinin çatdırılması, gecikdirilməsi, oğurlanması, zədələnməsi və itirilməsi ilə bağlı istifadəçinin iradı göndərişin qəbulu günündən keçən 6 (altı) ay ərzində müvafiq poçt rabitəsi operatorunun istənilən poçt məntəqəsinə verilməlidir. Bununla belə, bütün mümkün imkanlardan istifadə edərək sistem üzərindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixdə 1 saylı Poçt Filialının 1 saylı poçt şöbəsində (PŞ) qəbul olunan sözügedən məktub xx.xx.2021-ci il tarixdə xidmət ərazisi üzrə X4 Filialının 6 saylı PŞ-nə daxil olmuş və xx.xx.2021-ci il tarixdə müvafiq qaydada ünvanı üzrə çatdırılmışdır. Lakin, mövcud qanunvericiliyin tələblərinə uyğun arxiv sənədləri məhv edildiyindən çatdırma vərəqindən çıxarışın Sizə təqdim olunması imkanımız xaricindədir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə Ali Attestasiya Komissiyasının xx.xx.2021-ci il tarixli, 04/08-7/112 nömrəli məktubuna hansı səbəbdən toxunmadığını əsaslandırmalı idi. Məhkəmə yalnız mülahizələrə və cavabdeh tərəfin etirazına əsaslanaraq qanunsuz olaraq, Ali Attestasiya Komissiyasının yalnız xx.xx.2021-ci il tarixli məktubunu əsas götürmüş və qeyd etmişdir ki, iddia müddəti ötürülmüşdür. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin xx.xx.2021-ci il tarixli 04/08-7/67 nömrəli məktubundan görünür ki, Ali Attestasiya Komissiyasının Kollegiyası İqtisad elmləri üzrə ekspert şurasının tövsiyəsini nəzərə alaraq xx.xx.2021-ci il tarixli qərarı ilə onun İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədlərinin təkrar attestasiya əsasında tanınmasından imtina edilməsi haqqında Kollegiyanın xx.xx.2020-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. Qeyd olunan məktubla iddiaçıya izah edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 10.3-cü bəndinə müvafiq olaraq şikayət əsasında Komissiyada baxılmış və imtina edilmiş işlərə, faktiki və ya hüquqi halların maraqlı şəxsin xeyrinə dəyişməsi istisna olmaqla, eyni əsaslar üzrə yenidən baxılmır. İş materiallarında olan iddiaçının cavabdeh orqana ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda iddiaçı xx.xx.2021-ci il tarixli məktuba istinad edərək Ali Attestasiya Komissiyasının Kollegiyası ekspert şurasının tövsiyəsi nəzərə alınaraq xx.xx.2020-ci il tarixli qərarın qüvvədə saxladığını bildirmişdir. Cavabdeh orqanın iddiaçıya ünvanlandığı xx.xx.2021-ci il tarixli, 04/08-7/112 nömrəli məktubdan görünür ki, iddiaçının xx.xx.2021-ci il tarixli müraciətinə baxılaraq xx.xx.2021-ci il tarixli məktubda göstərilən əsaslar təkrarən iddiaçıya izah edilmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2021-ci il tarixli məktubdan məlumatı olduğu və ona izah verildiyi halda o, yenidən eyni əsasla cavabdehə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmayaraq hesab edir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyristabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarına müvafiq olaraq mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-nin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-nin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyekti əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2-1(112)-4086/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-118/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-118/2023
03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver