Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-118/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə hüququn mərhuma məxsus olması barədə arayışın verilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1984/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinin ilkin hüquqi qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı ŞİH X2 İdarəsi tərəfindən Nardaran bağlar sahəsindən 16 saylı order əsasında 9/333 nömrəli 0,12 ha torpaq sahəsi olan 635b bağ sahəsi iddiaçının anası X5 ayrılmışdır. X7 4 iyun 2002-ci il tarixdə vəfat etmişdir. Həmin bağ sahəsinə dair iddiaçının müraciəti üzrə vərəsəlik işi açılmışdır. Bakı ŞİH tərəfindən verilmiş arxiv çıxarışından və Bakı Şəhər XDS İK-nın 30 avqust 1989-cu il tarixli 9/333 nömrəli sərəncamından görünür ki, həqiqətən X5 Sabunçu rayonu, Nardaran qəsəbəsində 0,12 ha bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsi ayrıldıqdan bu günədək fasiləsiz olaraq mərhumun ailəsinin istifadəsindədir. Torpaq sahəsi hasara alınmış və onun abadlaşdırılması (qulluq olunması) davam edir. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən “635b” saylı torpaq sahəsi üzərində (vərəsəlik qaydasında) hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 6 iyun 2023-cü il tarixdə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə cavabdehin 7 iyul 2023-cü il tarixli məktubu ilə imtina cavabı verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, bağların bölgüsünə dair sxematik xəritədə “635b” saylı bağ nömrəsi öz əksini tapmamışdır, ümumi ərazidə hasarlama işləri sxematik xəritəyə uyğun aparılmadığından torpaq sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır, İdarənin mütəxəssisləri tərəfindən əraziyə texniki baxış keçirilən zaman torpaq sahəsinin ölçüsü sənəd üzrə 1.200 kv.m göstərilsə də, faktiki 1.161 kv.m təşkil edir. İddiaçı hesab edir ki, cavabdehin bu mövqeyi tamamilə əsassız və qanunsuzdur. Göstərilən bağ sahəsi sxematik xəritəyə uyğun gəlmədiyi halda, 1989-cu ildən bu günədək bağ sahəsinin kənar şəxslərin bağ sahələri ilə kəsişməsi aşkar edilər və nəticədə mübahisə açıla bilərdi. Belə bir fakt mövcud deyil. İmtinada göstərilən başqa bir əsas isə bağ sahəsinin ölçüsünün faktiki olaraq 1.161 kv.m olmasıdır. Göründüyü kimi, torpaq sahəsinin sənəddə olan ölçüsü ilə faktiki ölçüləri arasında ciddi fərq yoxdur və hesab edilir ki, yaranmış fərq bağ sahəsi hasarlanarkən yolun genişləndirilməsinə görə yaranmışdır. Bütün bu dəyişikliklər cavabdehin texniki baxış keçirən mütəxəssislərinə bildirilmişdir. Cavabdeh qanunla üzərinə qoyulmuş vəzifənin icrasından imtina etmişdir. İddiaçının istifadəsində olan bağ sahəsinin cizgi planından da aydın görünür ki, həmin bağ sahəsi sxematik xəritəyə tam uyğundur. Həmin bağ sahəsinin qonşu ərazidə yerləşən bağ sahələri ilə üst-üstəsi halı mövcud deyil. İşin mübahisəsiz halları ondan ibarətdir ki, göstərilən torpaq sahəsi yuxarıda istinad olunan order əsasında ayrılmışdır. Orderin həqiqiliyi dövlət orqanının vermiş olduğu arxiv çıxarışı ilə təsdiq olunur. Göstərilən torpaq sahəsi naturada mövcuddur. Göstərilənlərə və «İnzibati icraat haqqında» Qanunun 15, 19-cu maddələrinə, «Torpaq islahatı haqqında» Qanunun 9, 10-cu maddələrinə, İPM-in 2, 33, 34, 35, 45-ci maddələrinə əsaslanaraq, Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 635b saylı bağ sahəsinin iddiaçının adına dövlət reyestrində ilkin qeydiyyatdan keçirilməsi və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, aparılan araşdırma zamanı İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmçinin göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilmədiyindən və ümumi ərazidə hasarlanma işləri sxematik xəritəyə uyğun aparılmadığından yerləşmə mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Bundan başqa, torpaq sahəsinin yerləşməsi qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlmir. Belə ki, qonşu bağ nömrələri 1386V, 1386S və 1223Q-dür. Qeyd edilənlərlə yanaşı, təqdim edilmiş sənədlərdə mərhumun soyadında uyğunsuzluq mövcuddur. Belə ki, təqdim edilmiş orderdə mərhumun soyadı “Mövsümə” kimi qeyd edilsə də, Bakı Şəhər XDS İK-nin 30 avqust 1989-cu il tarixli 9/333 saylı qərarında “Mövsümova” kimi qeyd edilmişdir. Eyni zamanda, torpaq sahəsinin ölçüsü sənəd üzrə 1.200 kv.m qeyd edilsə də, faktiki 1.161 kv.m təşkil edir. İddia tələbində müvafiq bağ sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi deyil, İddiaçı İsrafıl oğlunun adına çıxarışın verilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat»ın 1.2-ci maddəsinə əsasən bu Təlimatda müəyyən olunmuş qaydada Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 11.1, 23.1-ci maddələrinə, «Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 635b saylı bağ sahəsinə hüququn iddiaçının mərhum anası X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehn üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1984/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun olaraq onunla əsaslandırılmışdır ki, torpaq sahəsi ümumi hasar daxilində yerləşir. Həmçinin göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilmədiyindən və ümumi ərazidə hasarlanma işləri sxematik xəritəyə uyğun aparılmadığından yerləşmə mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Torpaq sahəsinin yerləşməsi qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlmir. Belə ki, qonşu bağ nömrələri 1386V, 1386S və 1223Q-dür. Təqdim edilmiş sənədlərdə mərhumun soyadında uyğunsuzluq mövcuddur. Belə ki, təqdim edilmiş orderdə mərhumun soyadı “Mövsümə” kimi qeyd edilsə də, Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu iol tarixli, 9/333 saylı qərarında isə “Mövsümova” kimi qeyd edilmişdir. Torpaq sahəsinin həqiqi yerləşməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, Bakı ŞİH X2 və İstismarı Birliyinin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində 96 saylı BTK tərəfindən verilmiş 10 oktyabr 1989-cu il tarixli 16 saylı orderlə iddiaçının mərhum anası X4 istifadəsinə həmin bağlar massivindəki 635b saylı bağ sahəsi ayrılmışdır. X7 4 iyun 2002-ci il tarixdə vəfat etmiş və müvafiq notariat qurumunda açılmış vərəsəlik işində hazırkı İddiaçı onun vərəsəsi kimi müəyyən edilmişdir. Hazırda iddiaçı qeyd olunan bağ sahəsi üzərinə vərəsəsi olduğu şəxs X4 hüquqlarının olmasına dair ölmüş adamın adına arayışın verilməsini tələb edir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mahiyyətcə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.3-cü bəndinə görə torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda mərzçəkmə işləri aparılır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Cavabdehin apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir:
1. Torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilmədiyindən və ümumi ərazidə hasarlanma işləri sxematik xəritəyə uyğun aparılmadığından yerləşmə mövqeyinin müəyyənləşdirilə bilməməsi;
2. Təqdim edilmiş sənədlərdə mərhumun soyadında uyğunsuzluğun mövcudluğu.
3. Torpaq sahəsinin ümumi hasar daxilində yerləşməsi;
4. Torpaq sahəsinin həqiqi yerləşməsi məhkəmə tərəfindən araşdırılmamışdır.
5. Torpaq sahəsinin yerləşməsinin qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlməməsi;
Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Bakı ŞİH X2 və İstismarı Birliyinin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində 96 saylı BTK tərəfindən verilmiş 10 oktyabr 1989-cu il tarixli 16 saylı orderə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, bundan başqa, sözügedən order geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından qeyd olunan order mötəbər sənəd kimi qiymətləndirilməlidir. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı Dövlət Notariat Arxivinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə və 39 saylı Notariat Ofisinə sorğular ünvanlanaraq, işin obyektiv araşdırılması məqsədilə, ünvan runun dövlət notariusu X8 tərəfindən xx.xx.2015-ci il tarixdə “10 oktyabr 1989-cu il tarixli 16 nömrəli orderin” təsdiq edilməsi ilə bağlı notariat işinin (reyestrdə 1S- 2877 nömrə ilə qeydiyyata alınmış) təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi xahiş olunmuş, Bakı şəhəri 39 saylı Notariat Ofisinin sorğuya cavab məktubunda qeyd edilmişdir ki, X3 müraciətinə əsasən tərəflərindən həmin orderin surəti təsdiq edilmiş, bu barədə “Notariat hərəkətlərinin qeyd edilməsi üçün İS reyestr kitabında” müvafiq qeyd aparılmışdır, həmin notariat hərəkəti aparılan zaman sənədin əsli və təsdiq edilmiş surəti ofisə müraciət etmiş şəxsə verilmişdir, həmin sənəd notariat ofisində saxlanılmır və bu barədə yalnız “Notariat hərəkətlərinin qeyd edilməsi üçün İS reyestr kitabında” müvafiq qeydiyyat aparılır. Sorğuya cavab məktubuna həmin orderin təsdiq edilməsinə dair “Notariat hərəkətlərinin qeyd edilməsi üçün İS reyestr kitabında” aparılmış müvafiq qeydin (1S- 2877) kserosurəti əlavə edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus hüquqmüəyyənedici sənəd qismində orderin mötəbərliyini təkzib edən hər hansı sübut təqdim edilmədiyindən, sözügedən sənədin mötəbərliyi məhkəmə üçün şübhə doğurmur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Göründüyü kimi, torpaq sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi iddiaçının idarəsindən asılı olan hal deyil, iddiaçı buna görə məsuliyyət daşımır. Cavabdeh qeyd olunan hallarla əlaqədar mötəbər sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddiaçının məhum anası X1 bağ sahəsinə dair orderdə (Mövsümə) və Bakı Şəhər XDS İK-nın qərarında (Movsumova) fərqli (texniki səhv olaraq) göstərilməsi də iddiaçının və mərhum anasının iradə ifadəsindən asılı olmayan bir haldır və onların məsuliyyət sferasına aid olmamışdır. Orderdən də görünür ki, Bakı Şəhər XDS İK-nın məhz 30 avqust 1989-cu il tarixli, 9/333 nömrəli qərarına istinad edilmişdir. Bu hal da onu göstərir ki, soyadda qeyd edilən uyğunsuzluq (hecada dəyişiklik) texniki yalnışlıq kimi qiymətləndirilməlidir. Bu səbəbdən də cavabdehin qeyd edilən imtina əsası da formal xarakter daşıyır. “Torpaq sahəsinin ümumi hasar daxilində yerləşməsi” dəlilinə münasibətdə məhkəmə kollegiya qeyd edir ki, bağ sahəsinin ümumi hasar daxilində yerləşməsi, ara sərhədinin olmaması onun üzərində hüququn qeydiyyata alınmasını istisna edən edən hal deyil və bu qeydiyyata maneə yaratmır. “Torpaq sahəsinin həqiqi yerləşməsinin məhkəmə tərəfindən araşdırılmaması” və “Torpaq sahəsinin yerləşməsinin qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlməməsi” ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində icraat zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanaraq, işin obyektiv araşdırılması məqsədilə, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 635b saylı bağ sahəsinin faktiki vəziyyətinə tərəflərin iştirakı ilə yerli baxış keçirilərək müayinə aktının tərtib edilərək məhkəməyə təqdim edilməsi xahiş olunmuş, xx.xx.2024-cü il tarixli müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənəd üzrə 0,12 ha, faktiki 0,1161 ha-dır, bağ sahəsi qonşu bağla ümumi hasar daxilində yerləşir, faktiki olaraq bağ sahəsinin sərhədləri cənub tərəfdən (yol tərəf) hasarlanıb, şərq və şimal tərəfdən qonşu hasarlarla ayrılıb, keçid-yolu olan tərəfdən isə sərhədi şərtidir, tikili yoxdur, bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığından, bağın yerləşməsinin düzgünlüyünü araşdırmaq mümkün olmadı, bağ sahələrinə 5 metrlik keçidyolu qoyulub.Torpaq sahəsinin planı müayinə aktına əlavə edilmişdir. Məhkəmə iclasında mübahisəli əraziyə dair sxematik xəritə və ortofoto görüntü məhkəməyə təqdim edilmiş, onlara tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanaraq Nardaran bağlar sahəsində 633, 634, 635, 635A, 636 və 637 nömrəli bağ sahələrinin sxematik xəritəyə əsasən yerləşmə yeri barədə, həmin bağ sahələri ilə bağlı ortofotogörüntünün, yuxarıda qeyd edilən bağ sahələrinin qeydiyyatdan keçib-keçməməsi barədə məlumatın, əgər qeydiyyatdan keçmişdirsə bununla bağlı hüquqmüəyyənedici sənədlərin, həmçinin Nardaran bağ sahəsinə dair arxiv qovluğunun məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya cavab məktubunda qeyd edilmişdir ki, hazırda istinad edilən mövcud məhdud bazaya əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi, 633 və 634 saylı bağ sahələrinə aid sənəd idarənin arxivində aşkar edilməmişdir. Həmçinin sorğunun icrası ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 635, 636 və 637 saylı bağ sahələrinə dair, eləcə də 46 nömrəli BTK nəzdində 13 nömrəli order əsasında ayrılmış 635a saylı bağ sahəsinə aid müvafiq sənədlərin təsdiq edilmiş surəti, həmçinin ortofoto görüntü məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə əsasən müəyyən edilir ki, cavabdeh inzibati orqanın tələb etdiyi kimi iddia olunan ərazi ilə rəqəm ardıcıllığı ilə eyni ərazidə, qonşuluqda yerləşməli olan, lakin qonşuluqda yerləşməyən 636, 637 nömrəli bağ sahələrinə dair cavabdeh inzibati orqan tərəfindən digər vətəndaşların adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Eyni zamanda iddiaçı tərəf izahatında bildirmişdir ki, hazırda iddia olunan bağ sahəsi ilə eyni hasar daxilində yerləşən 1467b, 775A, 1446, 1448, 1415 nömrəli bağ sahələrinə dair çıxarışlar verilmişdir. Qeyd olunan bağ sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarları məhkəməyə təqdim edilmişdir. Beləliklə, qeyd olunan əsaslar da Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 635b saylı bağ sahəsinə mülkiyyət hüququnun İddiaçı mərhum anası X5 məxsus olması barədə arayışın verilməsindən imtina üçün əsaslı hesab edilə bilməz. Göründüyü kimi torpaq sahəsinin mərhum X5 məxsus olmasına dair arayış almaq üçün qanunvericiliyə uyğun olaraq hüquq müəyyənedici sənədlər mövcuddur və inzibati orqana təqdim edilmişdir. Arayışın verilməsindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası və apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi bağ sahəsinin ölçüsü ilə bağlı məqama qiymət verməsə də, iş üzrə araşdırmalardan müəyyən olunur ki, faktiki olaraq bağ sahəsinin ölçüsü 1161 kvm.-dir. Belə olan halda məhkəmə qərarının nəticə hissəsində qeyd edilən hal dəqiq göstərilməlidir. Bu gələcəkdə məhkəmə qərarının icrasında hər hansı bir yeni mübahisənin yaranmasının qarşısının alınmasına xidmət edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Müvafiq ünvanda olan torpaq sahəsinin mərhum X5 məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, mərhumun Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 635b saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının olması öz təsdiqi tapdığından, həmin torpaq sahəsinin başqa şəxsə verilməsi, başqa şəxsin adına qeydiyyatdan keçməsi müəyyən edilmədiyindən hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Əlbəttə ki, vərəsə anlayışın və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun tənzimlənməsi prinsipi Mülki Məcəllənin müddəalarında əks olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. - 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. - 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar bağ sahəsinin ölçüsü 1161 kvm qeyd edilməklə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1984/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qərarı “bağ sahəsinin ölçüsü 1161 kv.m. qeyd edilməklə” dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova