Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1180/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Yusifov Cahangir Afər oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə. İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı qərarların ləğv edilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-368/2019 saylı iş üzrə qəbul etdiyi 08.02.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-368/2019 saylı iş üzrə qəbul etdiyi 08.02.2019-cu il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 27.03.2017-ci il tarixli **********087197 nömrəli və “Vergilərin hesablanması barədə” 10.11.2017-ci il tarixli **********515900 nömrəli qərarları ləğv edilmişdir. (hakim R.Kərimli). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 27.03. 2017-ci il tarixli **********087197 nömrəli və “Vergilərin hesablanması barədə” 10.11.2017-ci il tarixli **********515900 nömrəli qərarları ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, İddiaçı (VÖEN **********) 01.03.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin qərarı ilə şirkətin fəaliyyətində vergi qanunvericiliyinə əməl edilməsinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması aparılmış və həmin yoxlamanın nəticəsi 17.03.2017-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Həmin akt əsasında vergi orqanı tərəfindən 27.03.2017-ci il tarixli **********087197 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunmuşdur. Həmin qərarla İddiaçınə 2015-cı ilə mənfəət vergisi üzrə 1.648,43 manat, 2015-ci ilin 1-ci rübünə ödəmə mənbəyində tutulan vergi üzrə 31.729,36 manat, 2016-cı ilin 1-ci və 2-ci rüblərinə ödəmə mənbəyində tutulan vergi üzrə birlikdə 252 manat əlavə vergi məbləğləri hesablanmış, həmin məbləğlərə müvafiq olaraq (50% həcmində) 824,22 manat, 15.864,68 manat, 126 manat maliyyə sanksiyaları və 2016-cı ilin 2-ci rübü üzrə hesabatın vaxtında təqdim edilməməsinə görə 40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıdakılara əsasən səyyar vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləğləri tamamilə qanunsuzdur və ləğv edilməlidir: aktın 1.11-ci bəndəndən göründüyü kimi, müəssisə yoxlanılan dövrdə topdansatış fəaliyəti ilə məşğul olmuşdur. Aktın 1-ci səhifəsindən görünür ki, yoxlama 21 oktyabr 2016-cı il tarixdə 36 gün müddətinə dayandırılmışdır. Yoxlamanın 15.09.2016-cı il tarixdən başlandığı və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinə uyğun olaraq 30 gün ərzində başa çatdırılmalı olmasına baxmayaraq, cavabdeh 36 gün sonra, yəni 21.10.2016-cı il tarixdə yoxlamanın müvəqqəti dayandırılması barədə qərar qəbul etmişdir. Bundan əlavə yoxlama 27 yanvar 2017-ci il tarixdə 30 gün müddətinə uzadılsa da, aktın 1.1-ci bəndindən göründüyü kimi, 14.03.2017ci il tarixdə, yəni 43 gün ərzində başa çatdırılmışdır ki, bununla da növbəti prosessual pozuntuya yol verilmişdir. Həmçinin qeyd olunmalıdır ki, yoxlama müddətinin uzadılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinə görə yalnız aşağıdakı halarda həyata keçirilə bilər: nümunə kimi göstərilən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cvabların alınma müraciətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Aktın 1.9.4-cü və 1.9.5-ci bəndlərindən göründüyü kimi, yoxlama zamanı ekspertiza aparılmamış, mütəxəssis dəvət edilməmişdir. Həmçinin aktın 1.9.1-ci bəndinin son cümləsindən göründüyü kimi, sənədlər yoxlamay təqdim edilmişdir. Bununla da, vergi orqanı qanunvericliklə müəyyən edilən əsaslar olmadan yoxlamanın müddətini uzatmaqla bir daha pozuntuya yol vermişdir. Aktın 9-cu səhifəsində 2015-ci ilin 1-ci rübü üzrə 31.981,36 manat məbləğində ödəmə mənbəyində tutulan verginin guya azaldılması qeyd edilmişdir. Yoxlayıcı isə həmin hesablamanın əks olunduğu cədvəlin aşağısında “ÖMV 31.729,36 manat az hesablanmışdır” qeydi ilə kifayətlənərək həmin məbləğin hansı formada az hesablandığını əsaslandırmamışdır. Qeyd olunan hesablama Azərbaycan Respublikası Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar tərəfindən ödəmə mənbəyində vergilərin tutulmasına görə alınır. Bir qayda olaraq, qeyd olunan formada aparılan yoxlamalar zamanı mütəxəssis cəlb edilərək görülən işlərin hansı sayda şəxslərlə yerinə yetirilə biləcəyi müəyyən edilir və ölkə üzrə statistik göstəricilər nəzərə alınmaqla həmin şəxslərə ödənilməli məbləğdən tutulmalı olan hissə əlavə vergi məbləği kimi hesablanır. Şirkət barəsində həyata keçirilən səyyar vergi yoxlaması zamanı isə heç bir ekspert və ya mütəxəssis cəlb edilməmiş, yoxlayıcı xayali olaraq 31.729,36 manat məbləğində pul vəsaitinin az hesablandığını, başqa sözlə işlərin görülməsinə cəlb edilmiş şəxslərdən tutulmamasını qeyd etmişdir. Aktda 2015-ci ilin 1-ci rübü ərzində şirkət tərəfindən hansı işlərin görüldüyü, hımin işlərə kimlərin cəlb edildiyi, onlara ödənilən məbləğin miqdarı, ödəniş forması və qeyd olunan hesablama üçün əsas ola biləcək digər hallar (ekspert rəyi, mütəxəssis rəyi, şəxslərin izahatları və s.) barədə heç bir qeyd aparılmamışdır və bu da, qeyd olunanların mövcud olmadığını və həyata keçirilmədiyini sübut edir. Halbuki, İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən fktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, 31.729,36 manat məbləğində ödəmə mənbəyində tutulan verginin hansı əsasla hesablanmasını sübut edən heç bir fakt mövcud deyildir və həmin məbləğ tamamilə qanunsuz və əsassız tətbiq edilmişdir. Eyni zamanda, aktın 6-cı səhifəsində xərclərin uçotunun düzgün aparılmaması səbəbindən 2015-ci ilin mənfəət vergisinin 1.648,43 manat az hesablandığı qeyd olunmuşdur. Lakin xərclərin uçotunun düzgün aparılmadığının nədən ibarət olduğu izah edilməmiş, eyni zamanda həmin xərclərin hansı xərclər olduğu və hansı əsasla az hesablanmış vergi kimi qiymətləndirilməsi göstərilməmişdir. Göründüyü kimi, şirkət barəsində tərtib olunan 17.03.2017-ci il tarixli səyyar vergi yoxlaması aktında göstərilən hesablama məbləğləri heç bir sübutla öz təsdiqini tapmamış, eyni zamanda prosessual pozuntularla həyata keçirilmişdir. Bu səbəbdən yoxlama aktı əsasında qəbul olunmuş 27.03.2017-ci il tarixli **********087197 nömrəli qərar qanunsuz olduğundan ləğv edilməlidir. Göstərilənlərə və İPM-in 70.1-ci maddəsinə əsaslanaraq, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 27.03.2017-ci il tarixli **********087197 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının (inzibati aktlnın) ləğv edilməsi məhkəmədən xahiş olunur. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək (həcmi artırılaraq) “27.03.2017-ci il tarixli **********387197 nömrəli və 10.11.2017-ci il tarixli **********515900 nömrəli qərarların ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, yaranmış zərurətlə əlaqədar olaraq İddiaçı iddia tələbinin həcminin artırılmasında maraqlıdır. Belə ki, mübahisələndirilən 27.03.2017-ci il tarixli **********2387197 nömrəli inzibati aktla yanaşı, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən əlavə kameral vergi yoxlaması ilə 10.11.2017-ci il tarixli **********515900 nömrəli “Vergilərin hesablanması barədə” qərarla şirkət barəsində 2017-ci ilin may ayı üzrə 31.000 manat əlavə dəyər vergisi hesablanmışdır. Lakin həmin qərarda hesablamaya əsas olan heç bir hal göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.4-cü maddəsinə görə vergi orqanının qərarında hesablamanın səbəbləri göstərilməlidir. Cavabdeh isə göstərilən inzibati aktın təsdiqedici məlumatlar hissəsində anlaşılmayan “sair: azalma cədvəli” kimi vergi orqanının daxili prosedurlarına aid olan qeydi etməklə hesablamanı sübut edən heç bir fakta istinad etməmişdir. Göründüyü kimi, şirkət barəsində tərtib olunan 17.03.2017-ci il tarixli səyyar vergi yoxlaması aktında qeyd olunan əsassız məbləğlərlə yanaşı, kameral vergi yoxlaması ilə qəbul edilmiş 10.11.2017-ci il tarixli **********515900 nömrıli qərar da əsaslandırılmamışdır. Belə ki, 31.000 manat məbləğində əlavə dəyər vergisi üzrə hesablamanın hansı dövriyyədən formalaşdığı, həmin dövriyyənin nə zaman və hansı malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə təsdiq olunduğuna dair heç bir sübut göstərilməmiş, bununla da həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğuna istinad edilməmişdir. Bununla da 17.03.2017-ci il tarixli səyyar vergi yoxlaması aktının nəticəsində qəbul edilmiş 27.03.2017-ci il tarixli **********087197 nömrəli qərarla yanaşı kameral vergi yoxlaması ilə qəbul edilmiş 10.11.2017-ci il tarixli **********515900 nömrəli qərar qanunsuz olduğundan ləğv edilməlidir. İş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1545/2019 saylı 24.07.2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-368/2019 saylı iş üzrə qəbul etdiyi 08.02.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-3158/2019 saylı 17.12.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1545/2019 saylı 24.07.2019-cu il tarixli qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1188/2020 saylı 19.08.2020-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-368/2019 saylı iş üzrə qəbul etdiyi 08.02.2019-cu il tarixli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2065/2020 saylı 17.11. 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1188/2020 saylı 19.08.2020-ci il tarixli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi X3 izahatında apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, 27.03.2017-ci il tarixli **********087197 saylı qərar və 27.03.2017-ci il tarixli “vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********513100 saylı tələbnamə müəssisənin rəhbəri A.Qazıyev tərəfindən imzalanaraq və müəssisənin möhürü ilə təsdiq edilərək qəbul edilmişdir. Eyni zamanda tələbnamə elektron qaydada iddiaçıya göndərilmiş, iddiaçı tərəfindən həmin gün, yəni 27.03.2017-ci il tarixdə oxunmuşdur. Qərarın iddiaçıya təqdim edilməsindən təxminən 1 il yarım müddət keçdiyindən, 30 günlük şikayət müddətini ötürməsini pərdələmək məqsədilə müəssisənin direktoru 06.09.2018-ci il tarixdə ərizə ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə müraciət edərək qərarın surətinin cəmiyyətin hüquqi ünvanına göndərilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə cavab olaraq qərarın surəti iddiaçıya təkrarən təqdim edilmişdir. İddiaçı tərəfindən vergi orqanına ünvanlanmış həmin ərizədə də yoxlama aktının, həmçinin adı çəkilən qərarın tarixi, nömrəsi, həmin qərar əsasında cəmiyyətə hesablanmış məbləğlər barədə məlumatlar ətraflı qeyd olunmuşdur. Hətta təkrarən iddiaçıya təqdim edilmiş qərarda da müəssisənin rəhbərinin həmin qərarı imzaladığı və müəssisənin möhürü ilə təsdiq etdiyi müəyyən edilir ki, bunlar da iddiaçının həmin müraciətindən əvvəl mübahisələndirilən qərarın ona şəxsən təqdim edildiyini bir daha təsdiq edir. Eləcə də 10.11.2017-ci il tarixli **********515900 nömrəli “Vergilərin hesablanması barədə” qərar həmin tarixdə iddiaçıya göndərilmiş, qərar 16.11.2017-ci il tarixdə iddiaçı tərəfindən oxunmuş və qəbul edilmişdir (vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat və elektron sənəd mübadiləsi haqqında müqavilənin surəti əlavə olunmuşdur). Qərarın iddiaçıya təqdim edilməsindən təxminən 1 ilə yaxın müddət keçdiyindən, müəssisənin direktoru 12.10.2018-ci il tarixdə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə ərizə ilə müraciət edərək, “İddiaçı" barəsində 10 noyabr 2017-ci il tarixli **********515900 nömrəli "Vergilərin hesablanması barədə" qərarla 31000,0 manat məbləğində vergilərin hesablandığını, həmin hesablama qərarının təsdiq olunmuş surətinin “İddiaçı”nin hüquqi ünvanına göndərilməsini xahiş etmişdir. 2016-cı ilin sonuna iddiaçının mal qalığı olmuşdur. Lakin iddiaçı tərəfindən 2016-cı ilin mənfəət vergisi bəyannaməsi təqdim edildikdən sonra bu günə qədər sahibliyində qalan malların təqdim edilməsinə dair hər hansı hesabat təqdim etməmiş, nə də həmin malların onun sahibliyində qalmasına dair hər hansı sənədi nə vergi orqanına nə də məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, məhkəmə iddiaçının sahibliyində qalmış və vergi uçotundan yayındırılmış malların təqdim olunub-olunmasına dair məsələni araşdırmadan əsassız qərar qəbul etmişdir. Hazırkı mübahisələndirilən qərar iddiaçı tərəfindən təqdim edilmiş bəyannamənin yoxlanılması nəticəsində deyil, iddiaçı tərəfindən inzibati qaydada vergi orqanına etdiyi müraciətin nəticəsi olaraq qəbul edilmişdir. Belə ki, iddiaçı 10.08.2017-ci il tarixdə cavabdehə müraciət edib onun barəsində hesablanmış 175131,77 manat məbləğində vergilərin azaldılmasını xahiş etmişdir. İddiaçının müraciəti araşdırılmış, həmin müraciətin nəticəsi olaraq iddiaçının barəsində 2017-ci ilin may ayı üçün qəbul edilmiş əvvəlki qərar ləğv edilərək, əvvəl hesablanmış 175.131,77 manat məbləğində vergilər azaldılmış və hazırda mübahisələndirilən qərarla həmin hesabat dövrü üzrə 31.000 manat məbləğində ƏDV hesablanmışdır.Nümayəndə apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Birinci instansiya məhkəməsi iddia müddəti ilə bağlı qeyd etmişdir ki, hazırkı iddia ərizəsi məhkəməyə 15.10.2018-ci il tarixdə daxil olmuşdur. Mübahisələndirilən 27.03.2017-ci il tarixli **********087197 nömrəli və 10.11.2017-ci il tarixli **********515900 nömrəli qərarların 15.09.2018-ci il tarixədək olan dövrdə əlverişsiz inzibati akt kimi maraqlarına toxunan şəxs qismində hazırkı İddiaçı səlahiyyətli nümayəndəsinə “möhürlənmiş və təsdiqlənmiş” şəkildə sifarişli məktubla və rəsmi qaydada çatdırılması ilə bağlı cavabdeh tərəf məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, iddia müddəti buraxılmış sayılmamalıdır. Qeyd edilənləri və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını nəzərə alaraq, məhkəmə iddianı mümkün iddia kimi qiymətləndirir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində iddia müddətinin ötürülməsi ilə bağlı dəlilinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd olunan normadan görünür ki, qanunvericilik inzibati aktın mübahisələndirilməsi üçün müddəti onun tərəfə təqdim olunma və ya elan olunması vaxtından hesablayır. Cavabdeh iddia müddətinin ötürülməsi ilə bağlı «Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında 24.05.2013-cü il tarixli müqaviləyə, vergi ödəyiciləri ilə yazışmalar barədə 18.12.2018-ci il tarixdə çap edilmiş hesabata istinad edərək vergi orqanının mübahisələndirilən qərarlarının elektron qaydada vergi ödəyicisinə göndərildiyini, həmin qərarların müvafiq olaraq 27.03.2017-ci il və 16.11.2017-ci il tarixlərdə oxunduğunu bildirmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.4-cü maddəsinə görə vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Həmin Məcəllənin 70.2-ci maddəsinə görə vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd adı göstərilməklə vergi orqanın rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqmda sənədlərində və ya vergi ödəyicisi olan fıziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazımi qaydada vergi ödəyicisinə verilmiş sayılır. Həmçinin, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçtla təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə görə bu qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, həm vergi qanunvericiliyi, həm də inzibati icraat haqqında qanunvericilik vergi ödəyicisi barədə vergi məsuliyyəti və öhdəliyi yaradan sənədlərin, o cümlədən əlavə vergilərin hesablanmasına dair qərarların vergi ödəyicisinə təqdim olunması faktını və müddətini sübut etmək vəzifəsini vergi orqanının üzərinə qoymuşdur. Hazırki iş üzrə cavabdeh orqan mübahisələndirilən qərarlarının surətini verilmə tarixini təsdiq edən üsulla təqdim etməmişdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, işin materiallarında mübahisələndirilən qərarın iddiaçının yazılı müraciəti əsasında cavabdehin 04.09.2018-ci il tarixli müşayiət məktubu ilə göndərildiyi göstərilir (iş v.19). Qeyd edilənlərə əsasən kollegiya hazırki iş üzrə iddiaçının mübahisələndirdiyi vergi orqanının qərarlarına münasibətdə iddia müddəti ilə bağlı mümkünlük şərtinin ödənildiyi və bu əsasdan iddiaya mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları ilə VN yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin İddiaçı üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında 17.03.2017-ci il tarixli **********041010 nömrəli aktı ilə ÖMV və mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. Vergi ödəyəcisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 27.03.2017-ci il tarixli, **********087197 nömrəli qərarı ilə “İddiaçı “şirkətinə 2015-ci il dövr üzrə mənfəət vergisi, 2015-2016-cı illər üzrə ödəmə mənbəyində tutulan vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergilərin azaldılmasına görə cəmi 33640,57 manat əlavə vergi və 16860,29 manat maliyyə sanksiyası hesablanmışdır. İşdə olan VN yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən tərtib edilmiş 10.11.2017-ci il tarixli, **********515900 qərarından görünür ki, kameral yoxlama nəticəsində İddiaçınə verginin azaldılmasına görə 144131,77 manat vergi hesablanmışdır. İnzibati mübahisənin mahiyyəti ilə bağlı birinci instansiya məhkəməsi aşağıdakı xüsusatalara əsasən cavabdeh VN yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin hazırda mübahisələndirilən 27.03.2017-ci il tarixli, **********087197 və 10.11.2017-ci il tarixli **********515900 nömrəli qərarlarla bağlı mövqeləri ilə razılaşmamış: - Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti İddiaçı faəliyyətində səyyar vergi yoxlaması keçirərkən, yoxlamanın müddətinin dayandırılması barədə qərar qəbul olunsa da, həmin qərar belə yoxlama üçün vergi qanunvericiliyində müəyyən olunmuş 30 günlük müddət qurtaqdıqdan sonra qəbul olunmuşdur. Eləcə də qanunvericiliklə müəyyən edilmiş müvafiq əsaslar (Vergi Məcəlləsinin 38.2-ci maddəsi üzrə) mövcud olmadan yoxlamanın müddəti uzadılmışdır; - yoxlama ilə ödəmə mənbəyində tutulan verginin hesablanması cavabdeh inzibati orqan tərəfindən əsaslandırılmamışdır. Əlavə işçilərin cəlbi heç bir mötəbər sübutla təsdiqləmir, mülahizələrə söykənən qənaətdir (ekspert rəyi, mütəxəssis rəyi, şəxslərin izahatları və s. yoxdur); - 2017-ci ilin may ayına əlavə dəyər vergisi üzrə 31.000 manat borcun hesablanması barədə cavabdehin kameral vergi yoxlamasının nəticələri üzrə 10.11. 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37-ci maddəsinin tələbləri pozulmaqla qəbul olunmuşdur. Belə ki, cavabdeh həmin qərarı qəbul edərkən qeyd olunan maddə ilə müəyyən edilmiş 30 günlük (iş günü) müddətə riayət etməmişdir. Eləcə də cavabdehin vergi ödəyicisi kimi iddiaçı tərəfindən müvafiq əməliyyatın (malların təqdim edilməsinin) məhz 2017-ci ilin may ayında aparılması qənaəti heç bir sübutlar təsdiqlənmir. Malların təqdim olunması ondan əvvəlki aylara həyata keçirildiyi təqdirdə, 2017-ci ilin may ayı üzrə bu əməliyyata görə kameral qaydada ƏDV hesablanmasına imkan vermir; - səyyar vergi yoxlaması üzrə hesablanmış vergi məbləği ilə yanaşı tətbiq olunmuş maliyyə sanksiayaları da qanunsuz sayılır; - cavabdeh inzibati orqanın 27.03. 2017-ci il tarixli **********087197 nömrəli və 10.11.2017-ci il tarixli **********515900 nömrəli qərarları – əlverişsiz inzibati aktları yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktların özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş)istinad edilmiş və inzibati məhkəmə icraatında vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan irəli gələn qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. -37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. -37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. -37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Sadalanan normaların məzmunundan göründüyü kimi, qanunverici vergi sisteminin sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə xidmət etməli olduğunu rəhbər tutaraq kameral vergi yoxlamasının müddətini Vergi Məcəlləsinin 37.2-ci maddəsində dəqiq müəyyən etmişdir. Vergi yoxlamasına aid edilən istənilən hərəkət qanunla müəyyən edilmiş müddətlərdə icra olunmalıdır. Həmin müddətlərin xaricində aparılan vergi kameral vergi yoxlamasının nəticələrinə dair qərarın qəbul edilməsi üçün Vergi Məcəlləsində ayrıca müddət müəyyən edilmədiyindən (qərarın vergi ödəyicisinə göndərilməsi üçün VM-nin 37.4-cü maddəsində müəyyən olunmuş 5 günlük müddət istisna edilməklə) həmin qərar da kameral vergi yoxlaması üçün müəyyən edilmiş 30 günlük müddət daxilində qəbul edilməli idi. Vergi Məcəlləsinin 37.2-ci maddəsinin imperativ tələbinə görə kameral yoxlama üçün 30 günlük müddət vergi ödəyicisinin vergi bəyannaməsinin vergi orqanına təqdim etdiyi vaxtdan hesablanır və bu müddət başa çatdıqdan sonra vergi ödəyicisinin təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamələr əsasında yenidən kameral vergi yoxlaması keçirilməsi yolverilməzdir. Bu zaman vergi orqanı yalnız bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququndan yararlana bilər. İşdən göründüyü kimi iddiaçının 2017-ci ilin may ayına əlavə dəyər vergisi bəyannaməsini 08.09.2017-ci il tarixdə təqdim etdiyi halda vergi orqanı yalnız 08.10.2017- ci il tarixədək kameral vergi yoxlamasını yekunlaşdırmalı olduğu halda vergi ödəyicisinə 10 noyabr 2017-ci il tarixli qərarı ilə əlavə dəyər vergisi hesablamış, bununla da kameral vergi yoxlaması üçün nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Bununla əlaqədar qeyd etmək lazımdır ki, AR Prezidentinin 04.08.2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “2016-cı ildə vergi sahəsində aprılacaq islahatların istiqamətləri”ndə kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılması qeyd edilmişdir (müəyyən edilməlidir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz). Digər tərəfdən cavabdehin vergi ödəyicisi kimi iddiaçı tərəfindən müvafiq əməliyyatın (malların təqdim edilməsinin) məhz 2017-ci ilin may ayında aparılmasını bildirsə də qənaəti heç bir sübutlar təsdiqlənmir. Malların təqdim olunması ondan əvvəlki aylara həyata keçirildiyi təqdirdə, 2017-ci ilin may ayı üzrə bu əməliyyata görə kameral qaydada ƏDV hesablanmasına imkan vermir. Səyyar vergi yoxlaması ilə əlaqədar kollegiya qeyd edir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə görə vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin 38.4-cü maddəsinə görə səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. İşdən görünür ki, yoxlama 15 sentyabr 2016-cı il tarixdən başlanılmış, 36 gün sonra, yəni 21 oktyabr 2016-cı il tarixdə yoxlama müvəqqəti dayandırılmışdır. Bundan başqa əlavə yoxlama 27 yanvar 2017-ci il tarixdə 30 gün müddətinə uzadılsa da 14 mart 2017-ci il tarixdə, yəni 43 gün ərzində başa çatdırılmış ki, bununla da səyyar vergi yoxlamasının keçirilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətlər pozulmuşdur. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə görə aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlamasından görünür ki, yoxlama zamanı ekspertiza aparılmamış, mütəxəssis dəvət edilməmişdir. Beləliklə, yoxlama müddətinin artırılmasına əsas verən qanunvericiliklə sadalanan müəyyən edilmiş müvafiq əsaslar hazırki mübahisələndirilən vergi yoxlaması üzrə mövcud olmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar tərəfindən ödəmə mənbəyində vergilərin tutulmasına görə alınır. Vergi orqanı səyyar vergi yoxlaması ilə ödəmə mənbəyində tutulan verginin azaldılması müəyyən etsə də iddiaçı tərəfindən hansı işlərin görüldüyü, həmin işlərə əlavə işçilərin edilməsi, həmin işçilərə ödənilən məbləğ, ödəniş forması və qeyd olunan hesablama üçün əsas ola biləcək digər hallar (ekspert rəyi, mütəxəssis rəyi, şəxslərin izahatları və s.) barədə heç bir qeyd aparmamışdır. Beləliklə, yoxlama dövründə əlavə işçilərin cəlb edilməsi ilə bağlı vergi orqanı hər hansı mötəbər sübuta ekspert rəyi, mütəxəssis rəyi, şəxslərin izahatları və s. əsaslanmadan yoxlama ilə ödəmə mənbəyində vergi hesablamaqda haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktm qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin cavabdeh yoxlama əsasında qəbul olunmuş qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qərar yalnız müvafiq qanunvericiliyə formal istinadlara əsaslanmış, onun çıxarılmasına əsas olan halları nə “İnzibati icraat haqqında”, nə də Vergi Məcəlləsinin tələbləri baxımından əsaslandırılmamışdır. İnzibati orqan işin faktiki hallarından və inzibati icraatın gedişində toplanmış sübutlardan çıxış etməli, eləcə də mübahisəyə inzibati icraat haqqında hüquq normalarını və ya maddi hüquq normalarını tətbiq etməklə aydın şəkildə əsaslandırdığı inzibati akt qəbul etməlidir. Mübahisələndirilən qərarlarda inzibati orqanın hər hansı qənaəti və buna dair dəlilləri əks olunmamışdır. Halbuki, məhkəmə inzibati aktın çıxarılmasının zəruriliyini inzibati orqanın əvəzinə əsaslandırmaq vəzifəsi daşımır, əksinə inzibati orqanın gətirdiyi əsasların qanuniliyini və əsaslılığını yoxlayaraq inzibati orqanlar üzərində məhkəmə nəzarətini həyata keçirmək vəzifəsi daşıyır. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi Məcəlləsinin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-368/2019 saylı iş üzrə qəbul etdiyi 08 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1180/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1180/2021
04.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver