Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1180/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6465/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona “Vətəndaşların pensiya təminatı haqqında” Azəbraycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanunu ilə 27 aprel 2015-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləğinin həmin Qanunun tələblərinə uyğun olaraq yenidən hesablanaraq müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-6465/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, 01 yanvar 2010cu il tarixdə qüvvəyə minmiş Qanuna dəyişilkliklər iddiaçıya münasibətdə tətbiq eilə bilməz. Həmin dəyişikliklər yalnız pensiya hüququ göstərilən tarixdən sonra yaranmış şəxslərə, yəni tələb olunan ümümi və güzəştli iş stajlarını 01 yanvar 2010-cu il tarixdən sonra toplamış və tələb olunan yaş həddinə həmin tarixdən sonra çatmış şəxslərə şamil oluna bilər. İddiaçı isə tələb olunan iş stajlarını 01 yanvar 2006-cı il tarixinədək toplamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-nin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarında olan: - İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 1978-1981-ci illərdə təhsil almış, 01.08.1981-ci il tarixdən, 29.09.1981ci il tarixədək, 01.12.1983-cü il tarixdən 03.08.1987-ci il tarixədək, 18.08.1987-ci il tarixdən, 14.01.1988-ci il tarixədək, 09.02.1988-ci il tarixdən, 09.03.1988-ci il tarixədək, 12.04.1988-ci il tarixdən, hal-hazıradək müxtəlif vəzifələrdə işləyir. - Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 03.03.2021-ci il tarixli, **********9 nömrəli “Güzəştli şərtlərlə pensiyanın yenidən hesablanmasının mümkün olmaması haqqında” imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, 6 iyun 2017-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon Şöbəsi tərəfindən ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun qeyd olunan maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq orta aylıq əmək haqqına əsasən hesablanması ilə bağlı bildirirlər ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “Bu qanun qüvvəyə mindiyi günədək Qanunun 9-cu maddəsində göstətrilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir”. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi həmin Qanunun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə əmək pensiyasının hansı qaydada hesablanmasını deyil, yalnız yaşa və staja görə əvəllər qüvvədə olmuş qanunvericiliyə uyğun güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini müəyyən edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının ərizəsində göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmişdir. - Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçıya məxsus pensiya işinin surətindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon Şöbəsinin 299 nömrəli, 05.05.2015-ci il tarixli qərarı ilə iddiaçıya 27.04.2015-ci il tarixdən, ömürlük, yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır və hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. İşin hallarından aydındır ki, İddiaçı 05.05.2015-ci il tarixli qərarla 52 yaşının tamam olduğu 27.04.2015-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş və qüvvədə olan qanunvericilik normalarının tələblərinə uyun qaydada hesablanaraq, ödənilmişdir. 28.12.2020-ci il tarixdə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 17-ci maddəsinin tələblərinə əsasən, pensiyanın yenidən hesablanması tələbilə müraciət etmiş, lakin imtina cavabı almışdır. Kollegiya hesab edir ki, cavabdehin pensiyanın yenidən hesablanmasına imtina cavabı qanuni və əsaslı olmuşdur. Belə ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 10.2-ci maddəsinə və 27-ci maddəsinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD №li Qanununa müvafiq olaraq edilmiş dəyişiklik 01 yanvar 2010-cu il tarixindən qüvvəyə minmişdir. Bu dəyişikliklərlə 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan pensiya hesablanmasının aparılması qaydası dəyişdirilmişdir. Beləliklə, iddiaçıya pensiya təyin edilən 2015-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsində deyilir ki, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin tarixdə qüvvədə olan, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İddiaçı apelyasiya şikayətində onun əmək pensiyasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17 və 72-ci maddələrinə əsasən hesablanmasıni bildirmişdir. Buna münasibətdə kollegiya qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün əsas olan iş stajı 01.01.2006-cı il tarixə qədər toplanmış olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cü maddəsinin tələblərinə əsasən, pensiya təyin edilməsi 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminat haqqında” AR Qanunun müvafiq maddəsinin dispozisiyasının təlblərinə uyğun olaraq təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyaların yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməsini təsbit edir. Göründüyü kimi, qeyd edilən normanın dispozisiyasında Qanun qüvvəyə mindiyi günədək tam əmək stajını toplamış şəxslərə münasibətdə pensiyanın hesablanması qaydası deyil, yalnız təyin edilməsi qaydası tənzimlənir. Belə olan halda, iddiaçının ona 2015-ci ildə təyin edilmiş pensiyanın hesablanması zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17 və 72-ci maddələrinə istinad etməsi əsaslı deyildir. Cavabdeh inzibati orqan tərəfindən də yuxarıda qeyd edilən normaların tələblərinə uyğun olaraq imtina cavabı verilmişdir. İddiaçının hüquqlarının pozulmasına səbəb olmuş hər hansı hərəkətin edilməsi müəyyən edilmir. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, iddiaçının apelyasiya şikayəti isə hər hansı mötəbər dəillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti hər hansı mötəbər dəlillə əsaslandırımadığından, şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6465/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Cəmilova Xəyalə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1180/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1180/2022
22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver