Məhkəmə qərarları › İş №2-1(103)-1180/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1180/2023

27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1180/2023 27.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı “sərəncamların etibarsız hesab edilməsi” (3-cü şəxs: X6) tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7458/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 453 nömrəli Sərəncamının və həmin sərəncam əsasında verilmiş 030903 nömrəli, xx.xx.1999-cu il tarixli orderin və Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 426 nömrəli Sərəncamın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İcra Hakimiyyətinin göstərişi ilə 1992-ci il tarixdə məcburi köçkün kimi Bakı şəhəri, Yasamal rayonu A.Abbsov (keçmiş Qasımzadə küçəsi) ev 11, 69 saylı mənzildə məskunlaşmışlar. Lakin cavabdeh səlahiyyətlərindən sui istifadə edirək uzun illər məskunlaşdıqları həmin mənzili üçüncü şəxsə vermişdir. Halbuki, iddiaçılar artıq, üçüncü şəxsə order yazılarkən və bunun üçün əsas olmuş sərəncam verilərkən həmin mənzildə yaşamışlar. Bütün bunlara baxmayaraq, cavabdeh tərəfindən onlaırın hüquqları nəzərə alınmamışdır. Üçüncü şəxs, həmin mənzildə heç vaxt yaşamamışdır. Onlar order vəriləməmişdən 7 il əvvəl mənzildə məcburi köçkün kimi yaşamışlar. Mənzilə dair verilmiş həmin order və həmin orderin verilməsinə əsas olmuş sərəncam qanunvericiliyin tələblərinə zidd olaraq verildiyindən etibarsız hesab edilməlidir. Cavabdehin birinci instansiya məhkəməsinə iddia ərizəsinə etirazı daxil olmamış, üçüncü şəxs A.Ağayev iddia ərizəsinə etiraz verərək, iddiaçıların həmin mənzilə hər hansı hüquqlarının olmadığını, Yasamal rayon məhkəməsi tərəfindən onların mənzildən çıxarılmaları və mənzili boşaltalırı barədə qətnamə çıxarıldığını bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7458/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “...Məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, icra başçısı öz hüquqlarından kifayət qədər sui-istifadə etmişdir. Birinci instansiya məhkəməsi üçüncü şəxsin adına İİ qrup əlil kimi növbəyə duraraq əldə etdiyi Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 65, 12 saylı mənzil ilə bağlı heç bir hüquqi dəyərləndirmə aparmadan, qərəzli olaraq 1992-ci ildən həmin mənzildə yaşayan iddiaçıların 1995-ci ildən həmin mənzildə yaşamalarını təhrif edərək, yəni üçüncü şəxsin artıq 1992-ci ildən həmin mənzilə hüququnun yarandığını əsas götürərərk öz qərəzli qərar çıxarmışdır. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, həmin mənzil yalnız mənzil tələbatının təmin edilməsi məqsədi ilə vətəndaşlara verilməsi nəzərdə tutulmuşdur. Lakin mülkiyyətində eyni əsasla (İİ qrup əlil kimi qeydiyyata durması) 1993-cü ildən 2019-cu ilədək mənzil olmasına baxmayaraq 1999-cu ildə mübahisə predmeti olan mənzilin üçüncü şəxsə verilməsi qanunsuz olmuşdur.Lakin ədalətli qərar çmıxarmaqla tanaşı ədaləti bərqərar etmək əvəzinə məhkəmə ədalətsiz qərar çıxarmışdır. Məhkəmədə dəfələrlə bildiriblər ki, inzibati akt verilsə də, həmin mənzildə artıq yaşayan şəxslər olduğuna görə faktiki məlum səbəblər üzündən icrası mümkün olmadığından inzibati akt etibarsız hesab edilməlidir. Bundan başqa, 1999-cu il tarixli icra başçısının yəni oğlunun ataya vəzifə başında təhruf edərək verdiyi sərəncamında göstərilmişdir ki, guya üçüçncü şəxs ailəsi ilı birlikdə mübahisə predmeti olan mənzilə məskunlaşmışdır, bu səbəbdən də ona order verilməsini xahiş edir. Həmin mənzilin faktiki olaraq heç xəbəri olmayan şəxslərin həminmənzildə yaşamalarına dair, uzun müddət məskunlaşmalarına dair həqiqəti əks etdirməyən məlumatlar məhkəmə tərəfindən həqiqətə uyğun olmaması müəyyən edilsə də, bununla bağlı heç bir güquqi dəyərləndirmə aparılmamışdır. Əksinə həmin mənzildə iddiaçılar 1992-ci ildən məskunlaşdıqları üçün onlara verilməlidir. Bundan başqa, məhkəmə öz qərarında X1 İcrayə Komitəsi tərəfindən deyil icra başçısı tərəfindən orderin və sərəncamın verilməsini səlahiyyətli şəxs tərəfindən verilməsini əsaslı hesab etməsini onunla əsaslandırmışdır ki, AR Prezidentinin müvafiq fərmanı ilə xx.xx.1991-ci il tarixli Fərmanı ilə tənzimləndiyinə istinad etsə də, məlum olduğu kimi həmin dövrlərdə hakimiyyətdə dəfələrlə dəyişiklik olmuş, həmin fərmanın 1999-cu ildə hüquqi qüvvədə olmamışdır. Həmin Fərmanın 5-ci bəndində göstərilmişdir ki, rayonlarda, şəhərlərdə icra hakimiyyətinin başçısı təyin edilən kimi rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin) xalq deputatları Sovetlərinin icraiyyə komitələri öz fəaliyyətlərini dayandırırlar. Rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin), şəhərlərdə rayonların xalq deputatları Sovetləri icraiyyə komitələrinin şöbələri və idarələri icra hakimiyyəti başçısı aparatının müvafiq struktur bölmələri yaradılanadək fəaliyyət göstərirlər.Göründüyü kimi həmin Fərman hüquqi qüvvəyə malik olsaydı belə rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin), şəhərlərdə rayonların xalq deputatları Sovetləri icraiyyə komitələrinin şöbələri və idarələri icra hakimiyyəti başçısı aparatının müvafiq struktur bölmələri yaradılanadək fəaliyyət göstərməsi də öz təsdiqini tapmışdır. Bununla yanaşı nəzərə almaq lazımdır ki, xx.xx.2009-cu il tarixdədək qüvvədə olan Mənzil Məcəlləsi xx.xx.1991-ci il tarixli AR keçmiş prezidenti X2 Normativ hüquqi Aktlar haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin tələblərinə əsasən daha üstün hüquqi qüvvəyə malik olduğundan, Mənzil Məccəlləsində göstərildiyi kimi xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilməmiş order səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. Göründüyü kimi Mənzil Məcəlləsində orderin yalnız xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilməsi göstərilmiş, icra başçısına isə belə bir səlahiyyət verilməmişdir. Mənzil Məcəlləsində isə bununla bağlı heç bir dəyişiklik „edilmədiyi üçün Fərman isə Qanundan daha üstün hüquqi qüvvəyə malik olmadığı üçün məhkəmənin Mənzil Məcəlləsinin heç bir tələbinə riayət edilmədən icra başçısı tərəfindən atasının xüsusi mülkiyyətində 1993-2019-cu illərə qədər İİ qrup əlil kimi eyni yollarla aldığı mənzilin olmasını, həmin mənzilin 1992-ci ildən boş olmamasını, iddiaçıların 1992-ci ildən halhazıradək həmin mənzildə yaşamasını, bu səbəbdən də, həmin inzibati aktın icrasının mümükünsüzlüyünü olmasını, qanunvericiliklə orderin verilməsi səlahiyyəti yalnız xalq deputatları Sovetinin icraiyyə komitəsinə verilsə də, icra başçısı həmin səlahiyyətləri mənimsəyərək atasına adma order verilməsini məhkəmə qərəzli yanaşması ilə hüquqi baxımdan qanuni olmasını əsaslandırmağa çalışmışdır.İ şin faktiki hallarından da göründüyü kimi inzibati aktın etibarsızlığı üçün 2 hüquqi əsas var. Onlardan birincisi icra başçısının xalq deputatları Sovetinin icraiyyə komitəsinin səlahiyyətlərini mənimsəməsi, ikincisi isə faktiki səbəblər üzündən (həmin mənzildə iddiaçıların 1992-ci ildən halhazıradək yaşaması, təsərüfat aparması) icrası mümkün olmadığından inzibati akt etibarsızdır.” Məhkəmə kollegiyasının iclasları barədə məlumat verilmiş tərəflər və üçüncü şəxs (səlahiyyətli nümayəndələri) məhkəmə iclaslarında iştirak etməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kolegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçıların apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 36.1-ci maddəsinə əsasən 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısı tərəfindən Ağayev 1992-ci ildən 2-ci qrup əlili kimi güzəştli mənzil uçotuna götürülməsinə əsaslanaraq Ağaqulu Dilbər oğluna (5 nəfər ailə üzvü ilə) Ə.Qasımzadə küçəsi, ev 11 ünvanında yerləşən mənzilin verilməsinə dair xx.xx.1999-cu il tarixli, 453 №-li sərəncam qəbul edimiş və həmin sərəncam əsasında da ona 030903 nömrəli order verilmişdir. Daha sonra isə Yasamal rayon İcra Hakimiyyəti başçısı tərəfindən həmin mənzilin qeyd olunan kirayəçisnin vəfat etməsi ilə əlaqədar kirayə müqaviləsinin X4 adına keçirilməsi barədə xx.xx.2009-cu il tarixli, 426 №-li ikinci bir sərəncam verilmidir. Göründüyü kimi, mübahisəli mənzilin verilməsinə əsas kimi X3 ikinci qrup gözdən əlil kimi, 1992-ci ildən güzəştli mənzil uçotunda olması təşkil etmiş və mənzil növbəsi çatdığı nəzərə alınmaqla, ona cavabdeh tərəfndən qanunvericiliklə müəyyən olunan səlahiyyətləri çərçivəsində mənzillə təmin edilməsi üçün xx.xx.1999-cu il tarixli, 453 №-li sərəncam qəbul edilmişdir. Həmin sərəncamlar qəbul olunarkən (xx.xx.2009-cu il tarixinədək) qüvvədə olmuş Mənzil Məcəlləsinin 36-cı maddəsin 1-ci hissəsi nəzərdə tuturdu ki, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. Həmin Məcəllənin 1-ci hissəsinin 5-ci abzası isə nəzərədə tuturdu ki, yaşayış sahəsi İ və İİ qrup əmək əlillərinə, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə və hərbi qulluqçular sırasından olan İ və İİ qrup əlillərə birinci növbədə verilir. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilir. Həmin Məcəllənin 48-ci maddəsinin 1-ci hissəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 85-ci maddəsinin 1-ci hisssəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli Fərmanı (ləğv edilmiş) ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə” ilə müəyyn olunmuşdur ki, şəhər rayonlarında icra hakimiyyətinin başçısı təyin edilən kimi şəhərlərdə rayon xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, cavabdeh tərəfindən 3cü şəxsin adına mübahisələi mənzillə bağlı verilən verilən sərəncamlar və order həmin vaxt qüvvədə olan qanunvericiliyə uyğun səlahiyyətləri çərçivəsində qəbul olunmuşdur. İddiaçılar isə həmin mənzildə sadəcə olaraq məcburi köçkün kimi müvəqqəti məskunlaşmışlar. Onların mənzil qanunvericiliyinin qeyd olunan tələblərinə müvafiq olan nə mənzil növbəsi mövcud olmuş, nə də ki həmin mənzildən daimi istifadə üçün müvafiq sərəncam, order verilmiş və ya kirayə müqaviləsi bağlanmışdır. Başqa sözlə, həmin mənzilə dair onların daimi sahiblik və istifadə hüququnu təsdiqedicəi rəsmiləşmə mövcud deyildir. Faktiki olaraq onları həmin mənzillə onları bağlı edən onların başqa yaşyış sahəsinə, o cümlədən azad edilmiş torpaqlardakı yaşayış məkanlaırına köçürülənədək orda yaşamalarıdır ki, məhz bu baxımdan sadəcə olaraq onların cavabdehə qarşı hazırkı iddialarının subyektiv baxımdan, mümkün sayılmışdır. İddiaçıların həmin vaxt qüvvədə olan Məncil Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə əsasən orderin yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilməsini mübahisələndirən dəlillərinə gəldikdə, məhkəmə kollegiyası onu qeyd edir ki, onların müvəqqəti olaraq məcburi köçkün kimi yaşadıqlar həmin mənzil üçüncü şəxsə verilənədək kimsənin adında olmamış, yəni, üçüncüşəxslərin hüquqları ilə yüklü olmamış, başqa sözlə, boş olmuşdur. İbu baxımdan iddiaçıların həmin mənzilə əşya hüüququ olmadan məcburi köçkün kimi müvəqqəti olaraq məskunlaşmaları, heç də mənzili boş olmaması kimi təfsir oluna bilməz. Beləliklə də, iddiaçılar tərəfindən cavabdehin üçüncü şəxs barəsində olan mübahisələndirlən sərəncamlarının və ona verilmiş orderin etibarsızlığının tanınması üçün əsaslar mövcud deyildir. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin sübutlarla müəyyən olunan hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçıların apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7458/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7458/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar