Məhkəmə qərarları › İş №2-1(103)-1180/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1180/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1180/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “minik avtomobilinə tibbi göstəriş verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X7 ibarət tərkibdə, X10-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “minik avtomobilinə tibbi göstəriş verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1664/2023 saylı 19 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1970-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin müayinə olunan şəxs barədə məlumatından görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz olaraq birinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2022-ci il tarixli avtomobil müayinələrinin nəticələrindən görünür ki, iddiaçıya avtomobil təyin edilməsindən 413 saylı qərara əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə tibbi göstəriş meyarına uyğun olaraq imtina edilmişdir. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “onun avtomobil növbəsinə götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini iradə ifadəsi və hüquqi marağını nəzərə alaraq “minik avtomobilinə təyinatla bağlı müvafiq rəyin (minik avtomobilinə tibbi göstərişin) verilməsi vəzifəsinin cavabdeh qurumun üzərinə qoyulması” kimi qəbul etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, N saylı hərbi hissədə hərbi xidmətdə olarkən xx.xx.1994-cü il tarixdə yaralanmışdır. Hal-hazırda İ qrup əlilliyə görə əmək pensiyası alır. Dəfələrlə avtomobil növbəsinə durmaq üçün sənəd toplayıb cavabdehə təqdim etmiş, cavabdeh orqan isə ona imtina vermişdir. İddiaçı məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Şuşa rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ30-İ52 - Ürəyin digər xəstəlikləri => İ42 Kardiomiopatiya => İ42.0 - Genişlənmiş kardiomiopatiya; Diaqnozun mətni: Dilatasıon kardiomiopatiya. ÜQDÇ İV f.s. Səyrici artimiya. Sağ tərəfli hemiplegiya. Hər iki ətrafında mina qəlpələri ilə çoxsaylı yaralanması. Sağ baldırın orta 1/3-nin kor qəlpə ilə yaralanması və yad cism. Hipertoniya xəstəliyi İİ f.s.; Meyar: 2.1 Birinci dərəcə əlillik => 2.1.8. ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya. Triplegiya hemiplegiya, paraplegiya, tetraparez, triparez...” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. İddiaçı avtomobil və motorlu araba almaq üçün müraciətinə xx.xx.2021-ci il tarixli, 0056003AAB60 saylı göndəriş əsasında baxılmış və Diaqnozun mətni: İ25.1 Ürəyin aterosklerotik xəstəliyi Dilatasion kardiomiopatiya. Hər iki ətrafında mina qəlpələri ilə çoxsaylı yaralanmaları, Sağ baldırın orta birində kor qəlpə yarası Sol diz oynağının yaralanması, Tsekin əlavə diaqnozu: Dilatasion kardiomiopatiya. ÜQDÇ İV f.s Səyrici artimiya. Sağ tərəfli hemiplegiya. Hər iki ətrafında mina qəlpələri ilə çoxsaylı yaralanması Sağ baldırın orta 1/3-nin kor qəlpə ilə yaralanması və yad cism. Hipertoniya xəstəliyi İİ f.s, 501 №-li əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər: Əks göstəriş yoxdur" səbəbi ilə imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1664/2023 saylı 19 oktyabr 2023-cü il tarixli qərarı ilə İddiaçı minik avtomobilinə təyinatla bağlı müvafiq rəyin (minik avtomobilinə tibbi göstərişin) verilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apelyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin dəlillərinə dair etiraz: Apellyasiya şikayətinin dəlillərinə dair etiraz onunla əsaslandırılmşdır ki, iddiaçı İ qrup müddətsiz Qarabağ Müharibəsi əlilidir, birinci instansiya məhkəməsinin qərarından sonra onun əlilliyi dayandırılmışdır. Halı pisləşdiyi üçün Mərkəzi Klinikaya yerləşdirilmiş, bir gün orada müalicə almışdır. Daha sonra o, Travmatologiya İnstitutu, Şuşa şəhər İnstitutunda exokardioqrammadan müayinədən keçmiş və xəstəliyi barədə arayışlar əldə etmişdir. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia “məcburetmə haqqında” iddia növünə aid olub, iddiaçı iddia qaldırmamışdan əvvəl hazırki tələblə bağlı cavabdeh quruma müraciət etmiş, lakin ona imtina verildiyi üçün həmin vaxtdan qanunla müəyyən edilmiş müddət daxilində məhkəmədə iddia qaldırmışdır. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyətinə gəldikdə isə hazırki işin hallarından görünür ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz İ dərəcə əlillik təyin edilmiş, o, “avtomobil və motorlu araba almaq üçün” cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməsinə, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməməsinə, imtinanın cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, iddiaçıya 07 mart 2018-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz olaraq birinci dərəcəli əlillik təyin edilmiş, xx.xx.2022-ci il tarixli avtomobil müayinələrinin nəticələrinə əsasən onun avtomobillə təmin edilməsindən imtina edilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən məhkəmə tərəfindən təyin olunan məhkəmə-tibbi ekpertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş T230/2023 nömrəli ekspert rəyində göstərilmişdir ki, İddiaçı adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “İ25.1 Ürəyin aterosklerotik xəstəliyi. Dilatasion kardiomiopatiya. Hər iki ətrafında mina qəlpələri ilə çoxsaylı yaralanmaları. Sağ baldırın orta birində kor qəlpə yarası. Sol diz oynağının yaralanması. TSEK-in əlavə diaqnozu: Dilatasion kardiomiopatiya. ÜQDÇ İV f.s. Səyrici aritmiya. Sağ tərəfli hemiplegiya. Hər iki ətrafında mina qəlpələri ilə çoxsaylı yaralanması. Sağ baldırın orta 1/3-nin kor qəlpə ilə yaralanması və yad cisim. Hipertoniya xəstəliyi İİ f.s” diaqnozda göstərilən əsas xəstəlik və onun ağırlaşmalarından hazırda əziyyət çəkir. Məhkəmə iclasında ekspert X8 izahatında bildirmişdir ki, iddiaçıda göndərişdə qeyd edilən xəstəliklər aşkar edilmişdir. İddiaçıda müvafiq xəstəliyin (ürək qandamar çatışmazlığı (ÜQDÇ)) 4-cü sinfi aşkar edildiyinə görə, 1-ci və 2-ci dərəcələr daha əvvəldən yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”: 1.1. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” (bundan sonra – Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin (bundan sonra – Şəxs) reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. 1.2. Şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X3 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X5 (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.10. Minik avtomobili Nazirliyin mülkiyyətində saxlanılmaqla qeydiyyata götürülür. 4.1. Bu Qaydanın müddəalarının pozulmasından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavə (Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri):

57. Minik avtomobili aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir:

1. ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı; Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına X1 Konsultativ poliklinika şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından və Transtorakal exokardioqrafiyadan görünür ki, iddiaçının müayinəsi taxisitolik forma səyirici aritmiya fonunda aparılmış və müəyyən olunmuşdu ki, sol mədəciyin sistola diastolik ölçüləri normaldır, Sistolik funksiyası azalmışdır LVEF-28%, Sol mədəciyin divar hərəkət qüsuru izlənilir (diffuz hipokinetik), Sol mədəciyin diastolik disfunksiyası. Sol qulaqcıq genişlənmiş və Sağ boşluq ölçüləri normaldır. Pulmonar arteriya təzyiqi (SPAP 50 mmHg) yüksəkdir. Doppler EXO-KQ: İİİ MÇ, İİ AÇ, İİ TÇ. Şuşa rayon Mərkəzi Xəstəxanasının verdiyi tibbi sənədlərdən, Azərbaycan Elmi Tədqiqat Travmatologiya və X9 Hüquqi Şəxsinin verdiyi xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı odlu silahla yaralanmalardan sonra ona qoyulan diaqnoz: “sağ baldırın yuxarı, orta, aşağı, ön, arxa, sol pəncənin ön, sağ saidin aşağı hissəsinin ön səthlərində çapıq toxuması, hər iki diz oynağının travmadan sonra, solda İİİ ümumi, sağda ikinci dərəcəli, sol diz oynağının açıcı-bükücü kontrakturası, açma 170; bükmə 75% sol budçanaq oynağının ikinci dərəcəli kontrakturası, əzələ afrotiyası, daimi ağrı sindromu və dayaq hərəkət funksiyasının pozulması, sağ əlin İİ-İİİ barmağının orta falanqasının bitişmiş sınığı, mil və bilək oynağının artrozu Y36.2 Y364 L91.0, L90.5, M17.5, M 24.5, M16.7, M24.5, M62.5, R52.1, R26.8, S62.5, M81.2, M19.1” olmuşdur. Göründüyü kimi, iddiaçıda hazırki vəziyyətdə də onda əvvəlcədən mövcud olmuş “ürək qandamar çatışmazlığı (ÜQDÇ) 4-cü dərəcəlidir, bu fakt iş üzrə verilmiş ekspert rəyi ilə də öz təsdiqini tapır. İş üzrə birinci instansiya məhkəməsinə dəvət olunmuş ekspert izahatında iddiaçıda mövcud olan “ürək qandamar çatışmazlığı (ÜQDÇ) xəstəliyinin 4-cü sinif olmasını onda 1-ci və 2-ci dərəcələrin daha əvvəldən yaranması ilə izah etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıda mövcud olan xəstəlik ona minik avtomobili verilməsi üçün tibbi göstəriş olduğu üçün birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehin imtinasını əsassız hesab etmiş və iddiaçının haqlı olaraq verdiyi iddianın təmin olunması barədə qanuni və əsaslı olan qərar qəbul etmişdir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Kollegiya onu da qeyd edir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Kollegiya qeyd edir ki,“ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı” ekspert rəyi ilə müəyyən olunduğundan, ona minik avtomobilinə tibbi göstərişin verilməsindən imtina edilməsi əsassız olmuşdur. Qanunvericiliyin yuxarıda sadalanan tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; Çernobıl AES-də qəzanın ləğvi (həmçinin hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minik avtomobili ilə təmin edilirlər. Yuxarıda göstərilən imtiyazlı şəxslər barəsində Nazirliyin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin minik avtomobilinə təyinatla bağlı müvafiq rəyinə əsasən Sosial Xidmətlər Agentliyində avtomobil növbəsinə götürülür və növbəlilik qaydasında avtomobillə təmin edilirlər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya minik avtomobilinə təyinatla bağlı müvafiq rəyin (minik avtomobilinə tibbi göstərişin) verilməsi vəzifəsinin cavabdeh qurumun üzərinə qoyulması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilməsi üçün əsas vermir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin 2-1(112)-1664/2023 saylı 19 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1664/2023 saylı 19 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar