Məhkəmə qərarları › İş №2-1(103)-1181/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1181/2020

16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1181/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinə qarşı qərarın iddiaçıya aid hissədə ləğv edilməsi tələbi barədə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-160/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-160/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim M.Hacıbəyova). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx xxxx 2019-cu il tarixli, **********7 saylı qərarının iddiaçıya aid hissədə (1.2.Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində baş məsləhətçi – baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə xx xxxx 2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı işlədiyi müddət ərzində intizam xətasına yol verməmiş, əmək müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini qüsursuz yerinə yetirmiş və heç bir intizam tənbehi almamışdır,hətta dəfələrlə mükafatlar almışdır,buna baxmayaraq iddiaçı barəsində ən sərt (ağır) intizam tənbehi tətbiq edilmişdir, ancaq hər hansı xidməti araşdırmanın aparılması zəruri hesab edilməmişdir. İddiaçı müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının üzvüdür. Həmkarlar təşkilatının razılığına baxmayaraq iddiaçı müvafiq məsələyə baxılması üçün həmkarlar iclasına dəvət edilməmişdir. Bu səbəbdən iddiaçı hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericilik tələbləri pozulmuşdur. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatı: İddiaçı verdiyi apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, xx xxxx 2019-cu il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək və X5 Naziri tərəfindən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə istinad olunaraq, əmək funksiyalarımın icrasında yol verdiyi nöqsanlara görə iddiaçı ilə bağlanmış xx xxxx 2015-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda sözügedən əmrin məzmunundan görünür ki, iddiaçı barəsində yuxarıda göstərilən əmrin qəbul edilməsinə Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi E.Cəfərovun xx xxxx 2019-cu il tarixli, **********7 nömrəli yazılı məruzəsi əsas olmuşdur. İşdə olan Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sabiq rəisi tərəfindən imzalanmaqla nazirə ünvanlanmış “yazılı məruzə”nin məzmunundan görünür ki, sözügedən Xidmətin rəisi tərəfindən iddiaçı və digər əməkdaşlar barəsində aparılmış araşdırmalar zamanı onlar tərəfindənvətəndaş müraciətinin araşdırılması zamanı bir sıra nöqsanlara yol verildiyi, qanunvericiliyin tətbiqinin düzgün həyata keçirilmədiyi, vəzifə səlahiyyətlərini aşaraq qulluq etdikləri orqanın nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verdikləri müəyyən edildiyinə istinad olunaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinin tələblərinə əsasən barələrində intizam tədbirlərindən birinin tətbiq olunması məqsədəmüvafiq hesab edilmişdir.Eyni zamanda qeyd olunan “yazılı məruzə”nin məzmununda göstərilmişdir ki, guya Nazirliyin əməkdaşı T.Əliyev icraatılarında olan vətəndaş X3 şikayətinin araşdırılması üçün barəsində şikayət olunan “xxxxx” MMC-nin rəhbərliyinə ünvanlanmış dəvət məktubu həmin cəmiyyətin nümayəndəsinə təqdim edərkən ondan rüşvət tələb etmişdir. Bununla bağlı iddiaçı qeyd etdi ki, istər onun barəsində yuxarıda sözügedən əmrin verilməsinə əsas olmuş “yazılı məruzə” adlanan sənəddə, istərsə də xx xxxx 2019-cu il tarixli əmrin məzmununda ümumi şəkildə ifadə olunmuş əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlar iş materialları ilə təsdiq olunmamaqla yanaşı cavabdeh orqan tərəfindən də iddiaya etirazın əsası kimi istinad olunan hallar məhkəmədə sübuta yetirilməmişdir. Məhz bu səbəbdən də işə baxan məhkəmə iddia tələbimi əsassız hesab edərkən qərarında bu və ya digər hala istinad edə bilməmiş, yalnız “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun bəzi müddəalarının məzmununu qərarında sadalamaqla hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. İddia tələbinin təmin edilməməsi barəsində qərar qəbul edən məhkəmə nəzərə almamışdır ki, iddiaçı barəsində olan əmr ümumi ifadələrlə, yəni onun əmək funksiyalarının icraatı zamanı guya yol verdiyi nöqsanlara istinadən əsaslandırılmışdır. Əmrdə əmək funksiyalarını hansı qaydada icra edə bilmədiyi, hansı nöqsana yol verdiyi göstərilməmişdir. İddiaçı bununla bağlı qeyd etdi ki, onun barəsində olan əmrin verilməsinə əsas olmuş “yazılı məruzə” adlanan sənəd də ümumi sözlərlə əsaslandırılmışdır. Həmin sənəddən də dəqiq müəyyən edilmir ki, iddiaçı tərəfindən hansı nöqsanlara yol verilmişdir. İddiaçı qeyd etdi ki, “yazılı məruzə”də ifadə edilən bu xüsusat yalnışdır və xidmət rəisinin subyektiv mülahizəsi olmaqla heç bir araşdırmanın nəticəsinə əsaslanmır.Məhkəmə hazırkı mübahisəyə təqdim edilməli olmayan hüququ tətbiq etməklə səhvə yol vermiş və beləliklə də iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Həmçinin məhkəmə iş üzrə sübutlara qeyri-obyektiv, birtərəfli və natamam baxmaqla qanunvericiliyi əhəmiyyətli dərəcədə pozmuş və nəticədə isə əsassız və qanunsuz qərar qəbul etmişdir. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-160/2020 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İddiaçı iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə şəxsiyyət vəsiqəsinin və işdən azad edilmə haqqında əmrin surətlərini təqdim etmişdir. Bundan əlavə məhkəməyə Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyinin və Nazirliyin Bakı şəhəri üzrə X1 Komitəsinə ünvanlanmış məktubu, Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi Bakı şəhəri üzrə X1 Komitəsinin xx.xx.2019-cu il tarixli iddiaçının əmək müqaviləsinə xitam verilməsinə razılıq məktubu, Ə-934 nömrəli, xx.xx.2019-cu il tarixli məktub, iddiaçının və M.Həsənlinin 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə ünvanlanmış xx.xx.2019-cu il,xx.xx.2019-cu il,xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli məlumatları,4 saylı region üzrə müfəttişliyin işçilərinin işə davamiyyəti cədvəli (işə gəliş – iyun 2019), cavabdehin **********7 nömrəli, xx.xx.2019-cu il tarixli əmri, əmrlə tanış olma haqqında sənəd, “xxxxx” MMC-nin cavabdehə ünvanlanmış məktubu, cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli yazılı məruzə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarından müəyyən etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində dövlət qulluğunda baş məsləhətçi – baş əmək müfəttişi vəzifəsində işləmişdir, cavabdehin xx xxxx 2019-cu il tarixli əmrinin 1.2-ci bəndi ilə onunla bağlanmış əmək mqaviləsinə xx.xx.2015-ci ildə bağlanmış əmək müqaviləsinə əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə xitam verilmişdir. Hazırda iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab edərək, cavabdehin xx xxxx 2019-cu il tarixli, **********7 saylı əmrinin iddiaçıya aid hissədə (1.2.Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində baş məsləhətçi – baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə xx xxxx 2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin) ləğv edilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab etmişdir: «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununun 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 18.0-ci maddəsinə əsasən dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı; 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli; 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; 18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur: 20.1.1. dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa; 20.1.2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa; 20.1.3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa; 20.1.4. dövlət qulluğuna xitam verildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 20.1.5. qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə; 20.1.6. qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə; 20.1.7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə; 20.1.8. dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə. Həmin Qanunun 25.11-ci maddəsinə əsasən dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Həmin Qanunun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Həmin Məcəllənin 80-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir, 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinə əsasən dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır, 12.2-ci maddəsinə əsasən dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyrimaddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən aşağıdakı hallarda intizam icraatına başlanıla bilər: 23.3.1. bu Qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi; İşin faktiki hallarına əsasən iddiaçı vəzifəsinin icrası zamanı kobud pozuntulara yol verdiyi üçün işdən azad edilmişdir və bu zaman onun işlədiyi qurumun həmkarlar təşkilatının razılığı alınmışdır.Belə olan halda onun iddiasının hüquqi əsasları mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər:32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt;32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Məhkəmə kollegiyası apelyasiya şikayərində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, qərarın ləğv edilməsi üçün əsas yoxdur, ona görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-160/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar