Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1181/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Yasamal rayon qeydiyyat şöbəsinə qarşı “iddiaçının övladlarının doğum haqqında şəhadətnaməsində atanın milliyyətinin azərbaycanlıdan almana dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9092/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək qızı (X9) doğulması haqqında 08 sentyabr 2008-ci il tarixli akt qeydi № 2528 və oğlu (X4) doğulması haqqında 06 sentyabr 2013-cü il tarixli akt qeydi № 2523 atanın milliyyətinin “azərbaycanlıdan” “almana” dəyişdirilməsi öhdəliyinin cavabdeh Yasamal rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9092/2021 saylı , xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətin təmin edilməsin və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etmir və gəlməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa cavabdein iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəfin izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı doğum haqqında şəhadətnaməsindən görünür ki, O, xx xxxxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. X3 (milliyyəti azərbaycanlı), anası X1 (milliyyəti azərbaycanlı). İş materiallarında olan X7 doğum haqqında şəhadətnaməsindən görünür ki, O, 04 avqust 2009-cu ildə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı (milliyyəti azərbaycanlı), anası X8 (milliyyəti tatar). İş materiallarında olan X4 doğum haqqında şəhadətnaməsindən görünür ki, o, 18 iyul 2013-cü ildə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı (milliyyəti azərbaycanlı), anası X8 (milliyyəti tatar). İş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş anasının doğumu haqqında arayışdan müəyyən edilir ki, X14 xx.xx.1950-ci ildə anadan olmuşdur, atası X13 (milliyyəti azərbaycanlı), anası X11 (milliyyəti alman). Uşağın soyadı “Haan”dan “Mamedova”ya dəyişdirilmişdir. İş materiallarında olan X17 (iddiaçının nənəsidir) haqqında olan reabilitasiya haqqında arayışa əsasən, 1941-ci ildə repressiyaya məruz qalmış şəxs kimi reabilitasiya olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin “X2 X12”nın təsdiq edilməsi haqqında Qərarın 2.8-ci bəndinə əsasən doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: 2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında aıtın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qedyiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə o həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər; uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrdəki qeydlər əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlat qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikasının X2 arxivində, Naxçıvan Muxtar Respublikasının X2 arxivində saxlanmadıqda, uşağın doğum haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin “milliyyəti” qrafasında “məlumat təqdim edilməyib” sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt ata və ya ana, ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyyətlərdən biri göstərilir. Uşağın doğum haqqında akt qeydində və şəhadətnamədə valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası müvafiq qeydiyyat aparılanadək qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən ərizəçiyə izah olunmalıdır. X21 Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi həyatına hörmət hüququna malikdir. X21 Məhkəməsinin presedent hüququna əsasən “şəxsi həyat” fərdin özəl həyatına nisbətən daha geniş anlayışdır, belə ki, hər bir fərdin müstəqil inkişaf etdiyi və şəxsiyyət kimi formalaşdığı sahələri, o cümlədən digər şəxslərlə münasibətlərini və ətraf aləmlə təmaslarını da əhatə edir. Şəxsə ad qoyulması və ailənin mənşəyi barədə məlumat əldə etməsi “şəxsi həyat”ın əhatə dairəsinə aiddir. İlk növbədə qeyd edilməlidir ki, X21 Məhkəməsinin presedent hüququna əsasən, şəxsi həyat fərdin özəl həyatına nisbətən daha geniş anlayışdır, belə ki, hər bir fərdin müstəqil inkişaf etdiyi və şəxsiyyət kimi formalaşdığı sahələri, o cümlədən digər şəxslərlə münasibətlərini və ətraf aləmlə təmaslarını da əhatə edir; Ailənin mənşəyi barədə məlumat əldə etməsi şəxsi həyatı əhatə edir. Odur ki, məhkəmə şəxsin ailənin mənşəyi barədə məlumat əldə etməsi ilə bağlı məsələnin həm daxili qanunvericilik, həm də X21 Məhkəməsinin presedent hüququ baxımından qiymətləndirilməsi üçün aşağıdakı məsələləri araşdırmalıdır: - Müdaxilə varmı? - Müdaxilə qanunla nəzərdə tutulubmu? - Müdaxilə qanuni məqsəd daşıyırdımı? - Müdaxilə demokratik cəmiyyətdə zəruri idimi? X21 Məhkəməsinin presedent hüququna əsasən: - “zəruri” anlayışı “əvəzolunmaz” anlayışının sinonimi deyil, o cümlədən bu anlayış “qəbul edilən”, “adi”, “ağlabatan”, “faydalı” və ya “arzu edilən” ifadələrinə xas olan çevikliyə malik deyil; - Razılığa gələn dövlətlər məhdudiyyətlərin tətbiqi zamanı müəyyən, lakin qeyri-məhdud olmayan qiymətləndirmə sərbəstliyi hüququna malikdirlər, lakin onların Konvensiyaya uyğunluğuna dair yekun qiymətləndirmə Avropa Məhkəməsinin səlahiyyətindədir; - “demokratik cəmiyyətdə zəruri” anlayışı onu ifadə edir ki, müdaxilə Konvensiya ilə uzlaşmaqla “təxirəsalınmaz ictimai ehtiyaca” uyğun və “qarşıya qoyulmuş qanuni məqsədə mütənasib” olmalıdır; - Hüquqların təminatının məhdudlaşdırılmasına dair Konvensiyadakı maddələr məhdud təvsir olunmalıdırlar (X5rşı). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə, məhkəmə kollegiyası müəyyən edir ki, qüvvədə olan qanunvericiliyə uyğun olaraq uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında müəyyən edilir. Qeyd edilən tələbə uyğun olaraq iddiaçının uşaqları X15 və X4 doğum haqqında şəhadətnamələrində ataları olaraq iddiaçının milliyyəti iddiaçının özünün şəxsiyyətini təsdiq edən sənədə və doğum haqqında şəhadətnaməsinə uyğun olaraq yazılmışdır. Odur ki, belə olan təqdirdə, məhkəmə inzibati orqanın imtinası nəticəsində iddiaçının və uşaqlarının şəxsi həyatına müdaxilənin olduğunu müəyyən etmir. İddiaçının uşaqları X15 və X4 doğum haqqında akt qeydində müvafiq düzəlişin edilməsi üçün hər hansı hüquqi əsas yoxdur və nəticə etibarilə iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Kollegiya apellyasiya şikayətinə münasibətdə bildirir ki, iş materialları və qanunvericiliyin müddəaları baxımından şikayət düzgün əsaslandırılmamışdır . Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, cavabdeh qurumun hazırki imtinasının qanunsuz olması qənaətinə gəlməsi üçün hər hansı əsas görmür. Lakin məhkəmə hesab edir ki, iddiaçı arzuladığı nəticəyə nail olmaq üçün hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi qaydasında ərizə ilə aidiyyəti üzrə ümumi məhkəməyə müraciət edə bilər. Belə ki, anasının doğum haqqında şəhadətnaməsində onun milliyyəti almana dəyişdirilərsə, onda iddiaçının da doğum haqqında şəhadətnaməsində milliyyəti almana dəyişdirilə bilər. Bu haqda iddiaçıya müvafiq izahlar verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmamasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9092/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1181/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1181/2022
12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver