Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1181/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əmək pensiyasının bərpa edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10380/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli "əmək pensiyasının dayandırılması haqqında" qərarın ləğv edilərək, güzəştli şərtlərlə əmək pensiyasının xx.xx.2022-ci il tarixdən bərpa edilməsi və xx.xx.2022-ci il tarixdən ödənilməli olan pensiya ödənişlərinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə ona Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdən, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və o, həmin tarixdən xx.xx.2022-ci il tarixinədək aylıq olaraq pensiyasını almış, lakin xx.xx.2022-ci il tarixində onun pensiyası dayandırılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda dayandırılmaya səbəb kimi qeyd etmişdir ki, fondun mütəxəssisləri tərəfindən vətəndaşın vaxtilə işlədiyi "xxxx" ASC-nin Dövlət Arxivinin Bakı Filialında saxlanılan sənədlərinin yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1990 xx.xx.1993-cü il və xx.xx.2001 - xx.xx.2004 dövrləri ərzində öz hesabına haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir, bununla əlaqədar onun ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 20 ildən az (18 il 1 gün (xx.xx.1979xx.xx.1984-cü illər, xx.xx.1984-xx.xx.1990-cı il və xx.xx.1993- xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd edilmiş bu səbəblə şəxsin pensiyasının dayandırılması hüquqa ziddir. Belə ki, 2006-cı il 1 yanvar tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. Onun da tələb olunan bu stajı vardır və bu öz əksini şəxsin əmək kitabçasında tapmışdır, həmin əmək kitabçası vaxtilə inzibati orqana təqdim edilmişdir, inzibati orqanın tərəfindən verilmiş məktubda qeyd edilmiş səbəb yetərli qədər əsaslandırılmamış və sübuta yetirilməmişdir. Nəzərə alınsa ki, inzibati orqan tərəfindən verilmiş məktubda qeyd edilmiş səbəblər həqiqətə uyğundur və onun 18 il 1 gün iş stajı vardır, bu fakt yenə də şəxsin güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun realizəsinə qanunvericilik baxımından maneə deyildir. Çünki “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 14-cü maddəsinə əsasən 3 uşağı olan analar 51 yaşına çatdıqda və azı 16 il iş stajı olduqda yaşa görə əmək pensiyası almaq hüququna malikdirlər. O da bu kateqoriyadan olan şəxslərə daxildir, onun üç uşağı vardır və onları böyüdüb tərbiyə etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən iddiaçıya xx.xx.2012-ci il tarixindən DSMF-nin Binəqədi rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ona xx.xx.2012-xx.xx.2022-ci illərdə ümumilikdə 20934,90 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin pul vəsaitinin büdcəyə qaytarılması Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tapşırılmış, bununla əlaqədar iddiaçıya artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarılması xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi ona bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10380/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” **********5 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa edilməsi və həmin tarixdən ödənilməli olan pensiya ödənişlərinin ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı əsassızdır. Belə ki, Fondun mütəxəssisləri tərəfindən vaxtilə iddiaçının işlədiyi "xxxx" ASC-nin Dövlət Arxivinin Bakı Filialında saxlanılan sənədlərinin yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1990 - xx.xx.1993-cü il və xx.xx.2001 - xx.xx.2004 dövrləri ərzində öz hesabına haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmiş, bununla əlaqədar onun ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 20 ildən az (18 il 1 gün (xx.xx.1979xx.xx.1984-cü illər, xx.xx.1984-xx.xx.1990-cı il və xx.xx.1993- xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.Qeyd edilən faktlar Filial tərəfindən xx.xx.2021-ci il tarixli BA-06101-2021 nömrəli Aktla təsdiq edilmişdir. Beləliklə də iddiaçıya qanunvericiliyə zidd 52 yaşdan pensiya təyin edilmiş, xx.xx.2012-xx.xx.2022-ci illərdə ümumilikdə 20934,90 manat artıq pul vəsaitinin ödənilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Kərimov apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçının nümayəndəsi Vəkil isə onunla razılaşmamış birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfi dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.2015-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə müraciət etmiş və sonuncunun 1715 nömrəli xx.xx.2015-ci il tarixli qərarı ilə ona xx.xx.2012-ci il tarixdən yaşa görə ömürlük pensiya təyin edilmişdir. Eyni zamanda işdən görünür ki, X4 Departamentindən daxil olmuş xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktubuna əsasən cavabdehin “Əmək pensiyasının dayandırılması haqqında” **********5 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2012-ci il tarixdən təyin edilmiş pensiyanın dayandırılması qərara alınmış, daha sonra, ondan xx.xx.2012- xx.xx.2022-ci illər ərzində ödənilən 20934,90 manat məbləğində pul vəsaitinin büdcəyə qaytarılması tələb olunmuş, əks halda, barəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəyi bildirilmişdir. Konkret halda, iddiaçının tələbindən göründüyü kimi, cavabdehin qeyd olunan "əmək pensiyasının dayandırılması haqqında" xx.xx.2022-ci il tarixli qərarın ləğv edilərək, əmək pensiyasının xx.xx.2022-ci il tarixdən bərpa edilməsini və həmin tarixdən ona ödənilməli olan pensiyasının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini birinci instansiya məhkəməsindən tələb etmiş, məhkəmə tərəfindən onun tələbi təmin olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Çünki cavabdeh tərəfindən iddiaçının pensiyasının dayandırılması və ona ödənilmiş pulun geri tələb olunması inzibati və əmək pensiyları haqqında hüquq normalarına uyğun olmamışdır. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, birincisi, qeyd olunmalıdır ki, DSMFnin Binəqədi rayon şöbəsinin iddiaçıya 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması barədə 1715 nömrəli xx.xx.2015-ci il tarixli qərarı ləğv edilməmiş, qüvvəsindədir. Başqa sözlə, iddiaçıya münasibətdə pensiya təyinedicisinin əlverişli inzibati aktı qüvvədə olduğu halda, ona xx.xx.2012-ci il tarixdə təyin olunmuş pensiyas ödənişnin xx.xx.2022-ci il tarixli qərarla dayandırılaraq xx.xx.2012-xx.xx.2022-ci illər ərzində ona ödənilmiş 20934,90 manat məbləğində pensiya vəsaitinin büdcəyə qaytarılmasının tələb olunması yolverilməzdir. Digər tərəfdən qeyd etmək lazımdır ki, iddiaçı, onun pensiya işi araşdırılıb pensiyanın dayandırılması barədə qərar qəbul olunarkən, inzibati icraata da cəlb olunmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə inzibati orqan qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 36.3-cü maddəsi isə nəzərdə tutur ki, isə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. İş materiallarına əsasən isə pensiya təyinatını aparan orqanın hazırkı hüquqi varisi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən inzibati qanunvericiliyin qeyd olunan tələblərinə riayət olunduğu müəyyən olunmur. Ən başlıcası, pensiyaçı olaraq iddiaçının etimad etdiyi, barəsində qəbul olunmuş 02.02. 2015-ci il tarixli pensiya təyinatı barədə qərar qüvvədə olduğu halda, pensiya ödənişini dayandırması və ödənilmiş pensiya vəsaitinin iddiaçıdan tələb olunması inzibati icraat haqqında hüquq normalarına aşağıdakı tələbələrinə tamamilə ziddir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz, cavabdeh etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi, hazırda isə aşkar ahıl dövrünü yaşadığı və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı halda, iddiaçı tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin ondan qaytarılmasının tələb olunması qanunsuzdur. Ən azından, «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsinin tələbindən görünür ki, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İddiaçı tərəfindən Qanunun qeyd olunan normasında sadalanan hallardan hər hansı birinə yol verilməmişdir.Ümumiyyətlə, cavabdehin apellyasiya şikayətində və məhkəməyə təqdim edilmiş digər sənədlərə əsasən pensiyaçı tərəfindən Qanunun 67.6-cı maddəsində göstərilən hallardan hər hansı birinə yol verilməsi ilə bağlı heç bir əsaslandırma mövcud deyil və bununla əlaqədar dəlil-sübut məhkəməyə təqdim olunmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki: «… Etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir… İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)…» Beləliklə də, cavabdeh tərəfindən iddiaçının pensiyasının xx.xx.2022-ci il tarixli qərarla dayandırılaraq, ondan xx.xx.2012-xx.xx.2022-ci illər ərzində ödənilmiş 20934,90manat məbləğində pensiya vəsaitinin büdcəyə qaytarılmasının tələb olunmasının inzibati icraat haqqında hüquq normalarına və Avropa Məhkəməsinin presedent qərarlarına zidd olduğu sübuta yetiriilir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə cavabdehin əmək pensiyasının dayandırılması haqqında" xx.xx.2022-ci il tarixli qərarın ləğv edilərək, əmək pensiyasının xx.xx.2022-ci il tarixdən bərpa edilməsini və həmin tarixdən ona ödənilməli olan pensiyasının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi işin hallarına, maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun nəticə kimi qiymətləndirilməlidir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin həmin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10380/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10380/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1181/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1181/2023
09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver