Məhkəmə qərarları › İş №2-1(103)-1182/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1182/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1182/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-806/2019 saylı, 22 fevral 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-806/2019 saylı, 22 fevral 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya əmək kitabçasınbda əks olunmuş 2N may 1994-cü il tarixdən 6 oktyabr 2003-cü il tarixədək işlədiyi müddət sosial sığorta satajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının təyin olunası öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim R.Kərimli). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-1922/2019 saylı 04.09.2019-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-806/2019 saylı, 22 fevral 2019-cu il tarixli dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən və məruzəçi H.Həmidov, hakimlər V.Baxışova və E.Nağıyeva). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 18.12.2019-cu il tarixli 2-1(102)- 3522/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-1922/2019 saylı 04.09.2019-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün məhkəməyə göndərilmişdir (sədrlik edən və məruzəçi İ.Hüseynov, hakimlər N.Rəsulbəyova və Z.Quliyev). Bakı Apellyasiya Məhkəməsinin İK-nın 08.06.2020-ci il tarixli 2-1(103)-916/2020 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-806/2019 nömrəli iş üzrə 22 fevral 2019-cu il tarixli qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi rədd edilmişdir (sədrlik edən və məruzəçi V.Məmmədov, hakimlər X.Cəmilova və Ü.Mayılov). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın 18.11.2020-ci il tarixli 2-1(102)- 1983/2020 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.06.2020-ci il tarixli 2-1(103)-916/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün məhkəməyə göndərilmişdir (sədrlik edən və məruzəçi İ.Şəfiyev, hakimlər R.Nəbizadə və V.Həsənov). İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, müvafiq illər sığorta stajına daxil edilməklə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1967-ci il tarixdə doğulmuşdur. Hazırda ünvan 1 ünvanında yaşayır. 23.05.1994-cü il tarixdən Hərbi hissənin Təmir və təminat hissəsində mühasibatçı vəzifəsində işə başlamışdır. 23.06.1994-cü il tarixdə andiçmə tədbiri olmuşdur. Daha sonra 07.06.1999-cu il tarixdə həmin yerdə Avtomobil təmiri sexinə təyin olunmuş, 06.10.2003-cü il tarixdə tutduğu vəzifədən azad olunmuşdur. Həmin illərdə işlıməsi əmək kitabçasında əks olunmuşdur. O, ikinci qrup əlildir. Bu barədə müvafiq arayış verilmişdir. O, 2018-ci ildə əlilliyə əmək pensiyasının təyin olunması ilə bağlı hazırkı cavabdeh DSMF Bakı şəhəri Xətai rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh 22.11.2018-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda qeyd olunmuşdur ki, 23.05.1994-cü il tarixdən 06.10.2003-cü il tarixədək olan dövr üzrə iş stajının qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Hesab olunur ki, cavabdehin imtinası qanunsuz və əsassız olmaqla onun hüquqlarını məhdudlaşdırır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, İİ və İİİ qrup əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində göstərilmiş sığorta stajı olduqda təyin edilir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İşdə olan, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin notariat təsdiqli surətinə əsasən iddiaçı xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. AR ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair 13.12.2018-ci il tarixdə çap edilmiş arayışa görə iddiaçıya ümumi xəstəlik səbəbindən 13.10.2016-cı il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. İT-İ ******* nömrəli əmək kitabçasının notariat təsdiqli surətinə əsasən iddiaçı 23.05.1994-cü il tarixdən 06.10.2003-cü il tarixədək Rusiya Federasiyasının N nömrəli Hərbi Hissəsində əvvəl mühasib, sonra isə çilingər vəzifələrində işləmişdir. İddiaçı əlilliyə görə pensiyanın təyin edilməsi barədə cavabdehə müraciət etsə də, həmin müraciət sonuncunun 22.11.2018-ci il tarixli 19/6338-01 nömrəli imtina məktubu ilə təmin olunmamış, 23.05.1994-cü il tarixdən 06.10.2003-cü il tarixədək olan dövr üzrə iş stajının qarşılıqlı yoxlanılmasının mümkün olmadığı bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlillik 13.10.2016-cı il tarixdə təyin olunduğundan, onun bu əlilliklə bağlı pensiya hüququnun yaranıb-yaranmaması faktına həmin tarixdə qüvvədə olan maddi hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçı 11 oktyabr 1985-ci il tarixdən 29 sentyabr 1987-ci il tarixə kimi hərbi xidmətdə olmuş, 2N may 1994-cü il tarixdə hərbi hissənin təchizat və təmir bölməsinin mühasib vəzifəsinə qəbul edilmiş və 06 oktyabr 2003-cü il tarixdə öz istəyi ilə işdən azad edilmişdir. İddiaçıya 13 oktyabr 2016-cı il tarixdə ikinci dərəcəli əlillik təyin edilmiş və diaqnozu şizofreniya paranoid forma, psixi qüsur halı müəyyən edilmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinasında göstərmişdir ki, iddiaçının 2N may 1994- cü ildən 06 oktyabr 2003-cü il tarixədək olan iş stajının qarşılıqlı yoxlanılması mümkün deyildir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya əlillik təyin olunduğu tarix, yəni 13.10.2016-cı il tarixi 01.07.2017-ci il tarixindən əvvəlki vaxta düşdüyündən, əlilliyə görə əmək pensiyası da həmin dövrdə qüvvədə olan qanunvericiuliyə əsasən təyin edilməlidir. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh DSMF Bakı şəhəri Xətai rayon şöbəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, cavabdeh iddiaçıya əlilliyə görə pensiya ödənilməsini mümkünsüz edən hal kimi, onun 23.05.1994-cü ildən 06.10.2003-cü ilədək N nömrəli hərbi hissədə işlədiyi müddəti qarşılıqlı yoxlamağın mümkün olmadığını bildirir. Lakin iş materiallarına bu barədə hər hansı sübut əlavə olunmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına təqdim etdiyi AR İqtisadiyyət Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin AR ƏƏSMN tabeliyində DSMF Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanlandığı 12.02.2021-ci il tarixli, **********18 saylı məktubu ilə müəyyən olunur ki, cavabdeh 29.01.2021-ci il tarixli məktubla müraciət edərək İddiaçı 1994-2003-cü illərdə Qəbələ radiolokasiya stansiyasında (RLS “Daryal”) işləməsini təsdiq edən məlumatların təqdim edilməsi barədə məlumatların təqdim edilməsini xahiş etmişdir. Həmin məktubla bildirilmişdir ki, qeyd olunan stansiya 2002ci il tarixədək Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən istismar edilmişdir. 2002-ci ildə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında “Qəbələ radiolokasiya stansiyasının (RLS “Daryal”) statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında” Saziş imzalandıqdan sonra stansiya Rusiya Federasiyasına icarəyə verilmiş və 2013-cü il tarixinədək Rusiya Federasiyasının müfaviq hərbi qurumu tərəfindən fasiləsiz istifadə edilmişdir. Eyni zamanda bildirilmişdir ki, 2013-cü ildə qeyd olunan ərazi Azərbaycan Respublikasında təhvil verildikdən sonra həmin ərazidə yerləşən dövlət əmlaklarının qorunub saxlanılmasının və mühafizəsinin təmin edilməsi məqsədilə "xxxx" MMC təsis edilmiş və həmin dövlət müəssisəsi heç bir hüquqi şəxsin varisi deyildir. Göründüyü kimi, Qəbələ radiolokasiya stansiyası 2002-ci il tarixədək Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən istismar edildiyi, 2002-ci ildə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında “Qəbələ radiolokasiya stansiyasının (RLS “Daryal”) statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında” Saziş imzalandıqdan sonra stansiya Rusiya Federasiyasına icarəyə verildiyi və 2013-cü il tarixinədək Rusiya Federasiyasının müfaviq hərbi qurumu tərəfindən fasiləsiz istifadə edildiyi, iddiaçının Azərbaycan Respublikasının ərazisində və xarici dövlətin icarəsində olan obyektdə işləməsi müəyyən edilir. “Sosial sığorta haqqında” Qanunun 8-ci maddəsinə görə Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər – sığortaedənlər sayılır. Qanunun 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda fərdi əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərdir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarında göstərişlərini nəzərə alaraq iddiaçının işlədiyi Qəbələ radiolokasiya stansiyasının (RLS “Daryal”) sığortaedən kimi qeydiyyatda olub-olmaması, sığorta haqlarının ödənilib-ödənilmədiyi araşdırılması məqsədilə AR ƏƏSMN tabeliyində DSMF sorğu göndərilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsinin 14 saylı regional ərazi filialının 24.04.2021-ci il tarixli, ********** saylı məktubunda 1994-2003-cü illərdə Qəbələ Radiolokasiya stansiyası (RLS “Daryal”) Fondun Qəbələ rayon şöbəsində sığortaedən kimi qeydiyyatda olmadığı bildirilmişdir. “Sosial sığorta haqqında” Qanunun 30.11.2018-ci ilə qədər qüvvədə olan 9-cu maddəsinin maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarına əsasən sığortaçının bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığortasını tələb etmək; məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək hüququdur. Həmin maddənin ikinci hissəsinə görə sığortaçının özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək vəzifələsidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçasında göstərilən dövrü - 1994-2003-cü illəri sosial sığorta stajı kimi qəbul edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçının stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yəni, iddiaçının əmək fəaliyyəti göstərdiyi və fəaliyyəti rəsmiləşdirildiyi dövrdə əmək stajını təsdiq edən əsas hüquqi sənəd - əmək kitabçası olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiyanın bu norması, hazırki işin stajla bağlı hissəsinin həllində «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun müddəalarına istinad olunmasına imkan verir. Bundan başqa, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün əsas sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi, qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Bu halda əmək kitabçasında əksini tapmış əmək stajını inzibati orqanın qəbul etməməsi qanuna ziddir. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.2-ci maddələrinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq kollegiya həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 11 oktyabr 1985-ci il tarixdən 29 sentyabr 1987-ci il tarixə kimi hərbi xidmətdə olmuş, 2N may 1994-cü ildən 06 oktyabr 2003-cü il tarixə kimi isə işləmişdir. İddiaçının ümumi sığorta stajı 11 il 3 ay təşkil edir və iddiaçının əmək stajı olmaqla iddiaçının adına tərtib edilmiş əmək kitabçası ilə sübut olunur. İddiaçı əlilliyə görə əmək pensiyası almaq üçün qanunvericiliklə tələb olunan 5 ildən az olmamaqla sığorta stajına malikdir. İddiaçı 1967-ci ildə anadan olmuş və ona əmək pensiyası təyin edilərkən 49 yaşı olmuşdur. Qaydaların 2.3.1-ci bəndinə uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 49 yaşlı sığortaolunan-İddiaçı tələb olunan 11 il 3 ay (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (49 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 34 x 4 ay = 136 ay : 12 = 11 il 3 ay) sığorta stajı olduğu üçün onun əlilliyə görə əmək pensiyası hüququ vardır. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün hüquqi nəticəyə gəlmişdir və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-806/2019 saylı, 22 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar