Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1182/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “maddi və mənəvi ziyanın tutulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3309/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Bakı şəhər İcra hakimiyyətinə və Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Aydınbəyov küçəsi 18 saylı binanın sol tərəfində olan “B” tikilisinin sökülməsinə görə Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətindən, Bakı şəhəri İcra hakimiyyətindən 53.500 manat məbləğində maddi ziyanın və 100.000 manat məbləğində mənəvi ziyanın tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 18 saylı binanın sol tərəfindən olan “B” tikilinin sökülməsinə görə Bakı şəhəri İcra Hakimiyyətindən 53.500 manat məbləğində maddi ziyanın və 1000 000 manat məbləğində mənəvi ziyanın tutulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmə tərəfindən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1988-ci ildə Ermənistandan qaçqın kimi gəlmiş, Bakı şəhərində Binəqədi rayonu ərazisində məskunlaşmışdır, həmin ərazidə müəyyən fəaliyyətlə məşğul olmuşdur. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 18 saylı binanın sol tərəfində A və B sahəsi də inşa etmişdir, uzun illər orda yaşamışdır. Həmin tikililələrdə istifadə edilən qaz, elektrik və su üçün haqqlar da onun tərəfindən ödənilmişdir. Qeyd edilən tikililərə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 15 sentyabr 1997-ci il tarixli Texniki Pasport verilmişdir. X8 əsasən “A” və “B” tikililərinin ona aid olması öz əksini tapmışdır. 1997-ci ildən rəsmi olaraq onun istifadəsində olan “B” tikilisi Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən heç bir rəsmi xəbərdarlıq edilmədən və heç bir məhkəmə qərarı olmadan xx.xx.2019-cu il tarixində sökülmüşdür. Ona verilən texniki pasportun mülkiyyətçi və icarədar təşkilat adı verilmiş qrafada onun adı yazılmışdır. Texniki pasportdan görünür ki, qeyd edilən ərazidə iki tikili vardır. “A” və “B” tikililəri. Həmin tikililərin ümumi sahəsi 307.5 kv. metrdir. “A” tikilisində 3 istehsalat sexi (ümumi sahəsi 199.6 kv. metr), 1 müdir otağı (sahəsi 8.8 kv. metr), 1 sanitar qovşağı (sahəsi 2.2 kv. metr) vardır. “B” tikilisində 1 istehsalat sexi (sahəsi 97.9 kv. metr) vardır. Uzun illər həmin tikililərin onun istifadəsində və hətta dövlət tərəfindən ona verilmiş rəsmi sənədin olmasına baxmayaraq, Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq sökülmüşdür. Bakı şəhər İcra Hakimiyyətinə və Binəqədi rayon İcra Hakimiyyətinə vurulmuş zərərin ödənilməsi ilə bağlı müraciət edilmiş, lakin hər iki qurum tərəfindən vurulmuş zərərin ödənilməsindən faktiki olaraq imtina edilmişdir. Bundan əlavə ona vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün tərəfindən X3 müraciət edilmiş və X4nin xx.xx.2020-ci il tarixli, 249 saylı Rəyi ilə ona vurulmuş zərər 53.500 manat müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3309/2021 saylı, 07 dekabr 2021-citarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Bakı ŞİH tərəfindən söküldüyünü iddia etdiyi tikili əslində iddiaçıya məxsus olmamış, yəni bu faktı sübut edən hər hansı bır dəlil məhkəməyə təqdim olunmamış, eləcə də həmin tikilinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən söküldüyünü təsdiq edən hər hansı bir sübut (qərar, sərəncam, göstəriş və s) yoxdur. Mülkiyyət hüququ üç komponentdən-sahiblik, istifadə və sərəncam hüququndan ibarətdir ki, bunlardan sonuncusu əmlakın hüquqi taleyini həll etmək üçün əsasdır və bu sonuncu hüquq o zaman meydanda olur ki, mülkiyyətçi həmin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmış olsun. Əgər həmin hüquq Dövlət reyestrində qeydiyyata alınmamışdırsa, onda həmin hüququn müdafiəsinə dövlət təminat vermir. Bundan əlavə tikilinin Bakı ŞİH tərəfindən söküldüyünü təsdiq edən hər hansı bir sübut (qərar, sərəncam, göstəriş və s.) yoxdur. Məhkəmə icraatında tərəflərin iştirakı: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-1182/2022 saylı qərardadı ilə Azərbaycan respublikası Maliyyə Nazirliyinin inzibati iş üzrə üçüncü şəxs qismində statusu ləğv edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən göründüyü kimi, iddia qismən təmin olunsa da, iddianı təmin olunmayan hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, Məhkəmə kollegiyası yalnız cavabdehin verdiyi apellyasiya şikayəti həddində qərarı –iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, İddiaçı 1997-ci ildən rəsmi olaraq istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Aydınbəyov küçəsi 18 saylı binanın sol tərəfində olan “B” tikilisi sökülmüşdür. İddiaçı tikilinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən söküldüyünü iddia edərək, dəymiş zərəri tələb edir. İnzibati orqan tikilinin iddiaçının mülkiyyətində olmaması və söküntünün icra hakimiyyəti tərəfindən aparılmaması əsası ilə kompensasiya ödənişindən imtina edir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Apellyasiya şikayətinin əsas dəlillərindən biri olan iddiaçının subyektiv hüquqa malik olmamasına münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı subyektiv hüquqa malikdir. Belə ki, Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu,M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Aydınbəyov küçəsi 18 saylı binanın sol tərəfində olan A və B tikililərinə dair İddiaçı adına 15 sentyabr 1997-ci il tarixdə Texniki pasport tərtib olunmuşdur. Həmçinin, iş materiallarına əlavə edilmiş Bakı Elektrikşəbəkə ASC tərəfindən hazırki iş üzrə iddiaçıya ünvanlanmış məktubdan, istifadə olunan elektrik enerjisi haqqının ödənişi üçün vergihesab fakturalarından, həmçinin, Azərsu ASC tərəfindən bağlanılmış “Qeyri-əhali qrupunda su sayğacının quraşdırılması, dəyişdirilməsi, təmiri və istismara qəbuluna dair” aktdan aydın olur ki, cavabdeh inzibati orqan tərəfindən sökülməsi iddia olunan Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Aydınbəyov küçəsi 18 saylı binanın sol tərəfində olan “B” tikilisi İddiaçı daimi sahibliyi və istifadəsində olmuşdur. Belə olan halda iddiaçı həmin tikilinin sökülməsi nəticəsində ona dəymiş zərərin ödənilməsini tələb etmək hüquqa malikdir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X7rşı” qərarının 139-cu bəndində göstərilmişdir ki, 1 saylı protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqları da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət” hesab edilməsinin qarşısını almır. Həmçinin, edilməsi nəzərə alınmalı olan amillərdəndir. Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” qərarında ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmamasını onun mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. İnzibati işdən müəyyən olunur ki, iddiaçı özünə məxsus olan qeyri-yaşayış sahəsinin sökülməsinə görə cavabdehdən ona kompensasiya ödənilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Hazırki iş üzrə iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona kompensasiya ödənilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia yoxlanılan hissədə mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası İnzibati icraat haqqında Qanunun: - 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. - 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. - 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası iş üzrə əldə edilmiş sübutları nəzərdən keçirir: - İddiaçı müraciətinə əsasən X4 tərəfindən verilmiş 16 iyun 2020-ci il tarixli 249 nömrəli ekspert rəyindən görünür ki, 15 sentyabr 1997-ci il tarixli Texniki Pasporta və fotoşəkillərə əsasən, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 18 saylı binanın sol tərəfində yerləşmiş, hazırda sökülmüş “B” literli istehsalat sexinin bazar qiymətlərinə uyğun dəyəri 53.500,0 manat məbləğində müəyyən edilmişdir. - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02/12-11-11/B-76/3-149/2 №-li 08 dekabr 2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Aydınbəyov küçəsi, 18 saylı binanın sol tərəfində olan “B” tikilinin sökülməsinə dair cavabdeh şəxslərin müəyyən edilməsi və maddi zərərə görə 53500,00 manat kompensasiyanın ödənilməsi barədə Binəqədi rayonu İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli B-76/2-149 saylı və Bakı şəhər İcra Hakimiyyətindən xx.xx.2020-ci il tarixli B-217/2-150/2 saylı məktublarla Binəqədi rayonu İcra Hakimiyyətinə daxil olmuş müraciətlərə tərəflərindən baxılmışdır. Müraciətlərlə əlaqədar bildirirlər ki, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən iddia olunan ərazidə hər hansı söküntü işləri aparılmamış, tikilinin sökülməsi ilə əlaqədar olaraq hər-hansı bir qərar (inzibati akt) qəbul edilməmiş, abadlıq-quruculuq işləri aparılmamış, üçüncü şəxslərə və digər qurumlara göstəriş verilməmişdir. Qeyd olunanlardan əlavə onun cavabdehlər Binəqədi rayon İcra Hakimiyyətinə və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Aydınbəyov küçəsi, 18 saylı binanın sol tərəfində olan “B” tikilinin sökülməsinə dair cavabdehlərdən maddi və mənəvi zərərə görə 250.000,00 manat kompensasiyanın tutulması barədə Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır və hal-hazırda məhkəmənin icraatındadır. - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli etiraz ərizəsində qeyd edilir ki, iddiaçının iddia etdiyi tikili “Azərbaycan Yazıçılar Birliyinin əməkdaşları üçün çoxmənzilli binanın tikintisi üçün ayrılmış ərazinin giriş hissəsindədir. İddiaçının istifadə etdiyi anbar hissəsi həmin torpaq sahəsinin girişini məhdudlaşdırmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 14 saylı “Azərbaycan Yazıçılar Birliyinin əməkdaşlarına yaşayış binasının tikintisi üçün torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında” sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-cı il tarixli tapşırığını, Azərbaycan Yazışılar Birliyinin xx.xx.2018-ci il tarixli və 08.01,2019-cu il tarixli, 1K13/013 saylı məktublarını, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2018-ci il tarixli, xx/xx-3910 nömrəli və Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Torpaqların X5 üzrə Dövlət Agentliyinin xx.xx.2018-ci il tarixli, **********96 nömrəli razılıq məktublarını nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, X10 küçəsinin şimal hissəsində Yazıçılar Birliyin əməkdaşlarının mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədilə yaşayış binasının tikintisi üçün 0,40 ha torpaq sahəsi Yazıçılar Birliyinin daimi istifadəsinə verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, S.S.Axundov küçəsinin şimal hissəsində yerləşən 0,4 ha yaşayış məntəqələri torpaqları Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Azərbaycan Yazıçılar Birliyinin əməkadaşlarına yaşayış binasının tikintisi üçün” xx.xx.2019-cu il tarixli 14 saylı sərəncamına əsasən Azərbaycan Yazıçılar Birliyinin adına (istifadəsinə) xx.xx.2019-cu il tarixdə hüquqi qeydiyyatdan keçirilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsinin şimal hissəsində yerləşən 0,4 ha torpaq sahəsinə dair Azərbaycan Yazıçılar Birliyinə xx.xx.2019-cu il tarixli AN seriyalı 381522№-li torpaq sahəsinə plan və ölçüsü verilmişdir. - Bakı İnzibati məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(112)-3309/2021 saylı qərardadına əsasən iş üzrə mühəndis texniki ekspertizası təyin edilmişdir. Ekspert qarşısında sökülmüş tikilinin real bazar dəyərinin müəyyən edilməsi sualı qoyulmuş və ekspertizanın aparılması X3 həvalə edilmişdir. “X4” MMC tərəfindən verilmiş 215 №li 01 noyabr 2021-ci il tarixli ekspert rəyindən göründüyü kimi, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Aydınbəyov küçəsi 18 saylı binanın sol tərəfində olan “B” tikilisinə dair İddiaçı adına 15 sentyabr 1997-ci ildə tərtib olunmuş Texniki Pasportda qeyd olunan ölçülər nəzərə alınmaqla, hazırda sökülmüş “B” literli istehsal sexinin tikilib istifadəyə tam yararlı vəziyyətə gətirilməsi üçün, mövcud bazar qiymətlərinə müvafiq olaraq, təqribən 51.398,00 manat məbləğində pul vəsaitinin tələb olunduğu müəyyən edilmişdir. - X4 tərəfindən verilmiş 09 iyun 2022-ci il tarixli 68 nömrəli arayışında qeyd edilmişdir: “Siz 06 iyun 2022-ci il tarixdə Mərkəzə müraciət edərək, Azərbaycan Respublikası Bakı şəhər icra hakimiyyəti başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən. Bakı şəhəri, Binəqədı rayonu. M Ə Rəsulzadə qəsəbəsi. Q Aydınbəyov küçəsi 18 saylı binanın sol tərəfində olan ’B’ tikilisinə dair 15 sentyabr 1997-cı il tarixdə sizin adınıza tərtib olunmuş Texniki Pasportda qeyd olunan ölçülər nəzərə alınmaqla, hazırda sökülmüş "B” literli istehsal sexmın yerləşmə mövqeyinin, döngə nöqtələrinin koordinatlarının təyin edilməsi və sökülmüş tikilinin Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 09 01.2019-cu ıl tanxli, 14 nömrəli sərəncamı ilə Azərbaycan Yazıçılar Birliyinə ayrılmış 0 40 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi barədə arayış verilməsini xahiş etmisiniz. Bununla əlaqədar, Mərkəzin mütəxəssisi tərəfindən, Sizin iştirakınızla, sökülmüş «B» literli istehsalat sexinin yerləşdiyi əraziyə baxış keçirilmiş, adınıza tərtib olunmuş texniki pasportun məlumatlarından istifadə edilib sökülmüş tikilinin («B» literli istehsalat sexi) ölçüləri əsasında yerində döngə nöqtələrinin koordinatlan təyin edilərək «Google Earth» proqramının ortofoto (aerokosmik çəkiliş) görüntüləri üzərində dəqiqləşdirmə aparılmışdır. Dəqiqləşdirmə zamanı müəyyən olunmuşdur ki. «B» literli istehsalat sexi sökülməzdən öncə mövcud birmərtəbəli binadan aralıda və qonşu ilə həmsərhəddə yerləşmişdir. Bundan əlavə, Azərbaycan Yazıçılar Birliyinə ayrılmış 0 40 ha torpaq sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin Bakı şəhər Memartıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş döngə nöqtələrin koordinatları «Google Earth» proqramı vasitəsilə ortofoto görüntüləri üzərində dəqiqləşdirilərək müəyyən olunmuşdur ki, sökülmüş «B» literli istehsalat sexi 0.40 ha torpaq sahəsinin sərhədlərindən kənarda, şimal-şərq tərəfdə, mövcud gediş-gəliş yolunun üzərində yerləşmişdir. Sökülmüş «B» literli istehsalat sexinin yerləşmə mövqeyi, döngə nöqtələrinin koordinatları və Azərbaycan Yazıçılar Birliyinə ayrılmış 0,40 ha torpaq sahəsini əks etdirən sxem arayışa əlavə olunur.” Beləliklə, qeyd edilən sübutları məhkəmə kollegiyası birgə qiymətləndirərək hesab edir ki, iş üzrə araşdırma zamanı müəyyən olundu ki, iddiaçının qanuni sahibliyi və istifadəsində olmuş tikili Bakı şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı inzibati akt, sərəncam və ya yazılı xəbərdarlıq olmadan sökülmüşdür. Belə ki, sənədlərdən həmçinin, Binəqədi Rayon İcra Hakimiyyətinin etiraz ərizəsindən aydın görünür ki, iddiaçıya məxsus olan tikili Bakı şəhər İcra Hakimiyyəti tərəfindən “Azərbaycan Yazıçılar Birliyinin” əməkdaşlarına çoxmənzilli binanın tikintisi üçün ayrılmış ərazinin girşi hissəsində yerləşir. Belə olan halda Bakı şəhər İcra Hakimiyyəti söküntüyə cavabdehlik daşımaması barədə apellyasiya şikayətinin dəlilinin də əsassız olduğu iş üzrə sübuta yetirilir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının tələbinin maddi ziyanın tutulması hissəsində qismən təmin olunmaqla, cavabdehdən onun xeyrinə 51.398,00 manat məbləğində pul tutulması ilə bağlı gəldiyi nəticə haqlı olmuşdur. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3309/2021 saylı, 07 dekabr 2021-ciil tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhər İcra hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3309/2021 saylı, 07 dekabr 2021-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova MirzəTağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1182/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1182/2022
16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver