Məhkəmə qərarları › İş №2-1(103)-1182/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1182/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1182/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (Bağırova Hicran Firudin qızı və digəriləri üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, Üçüncü şəxs X4 nümayəndəsi-vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bağırova Hicran Firudin qızı, X9 və X12 üçüncü şəxs qismində cəlb edilməklə) “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 253/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçıya məxsus Səbail rayonu, Salyan şosesi 12 ünvanında yerləşən torpaq sahəsinə aid koordinatlar üzrə cavabdeh tərəfindən Bağırova Hicran Firudin qızının və X4 adına aparılmış mülkiyyətə dair qeydiyyatın etibarsız hesab olunaraq qeydiyyat əsasında verilən çıxarışın və texniki pasportların ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 12 ünvanında yerləşən torpaq sahəsinə dair müvafiq çıxarışın və texniki pasportun iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət etmiş, “iddiaçıya məxsus Səbail rayonu, Salyan şosesi 12 ünvanında yerləşən torpaq sahəsinə aid koordinatlar üzrə cavabdeh tərəfindən Bağırova Hicran Firudin qızının və X4 adına aparılmış mülkiyyətə dair qeydiyyatın ləğv edilməsi, həmin qeydiyyat əsasında verilən xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli və xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışların və xx.xx.2014- cü il tarixli, AA 064877 nömrəli və xx.xx.2014-cü il tarixli, AA 064924 nömrəli texniki pasportların etibarsız hesab edilməsi; Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 12 ünvanında yerləşən torpaq sahəsinə dair müvafiq çıxarışın və texniki pasportun iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 22 dekabr 2022–ci il tarixli qərardadı ilə iddia tələbi məhkəmənin icraatına qəbul edilməsi qərara alınmışdır

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti əsasında Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 12 ünvanındakı 1200 kv.m torpaq sahəsinin özəlləşdirilməsinə dair Səbail Bələdiyyəsi tərəfindən 2005-ci il 27 dekabr tarixli, 532 saylı qərar qəbul edilmişdir. Sözügedən torpaq sahəsinin özəlləşdirilməsi üçün 4992 (dörd min doqquz yüz doxsan iki) manat məbləğində maliyyə vəsaiti Səbail Bələdiyyəsinin hesabına köçürülmüş və bu fakt 064546 saylı kassa mədaxil qəbzində öz əksini tapmışdır. Sözügedən qərar və kassa mədaxil qəbzi əsasında iddiaçı ilə Səbail Bələdiyyəsi arasında torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Həmçinin, Səbail Bələdiyyəsinin Ərazi İnkişaf Daimi Komissiyası tərəfindən ona sözügedən torpaq sahəsinin planı təqdim edilmişdir. Son vaxtlar məlum olmuşdur ki, iddiaçıya ayrılan qanuni torpaq sahəsi tamamilə qanunsuz olaraq iş üzrə üçüncü şəxslər Bağırova Hicran Firudin qızının və X4 adına əsassız qeydiyyata alınmışdır. Halbuki, Hicran Bağırova və Tapdıq Əmiraslanov Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 7-4830/17 saylı razılıq məktubu əsasında Səbail Bələdiyyəsi tərəfindən xx.xx.2004-cü il tarixində müvafiq olaraq 234 və 235 saylı Sərəncamlar qəbul edilmiş və məhz Səbail rayon, Salyan şosesi 32 ünvanında hər birinə ayrılıqda 600 kv.m torpaq sahəsi verilmişdir. Bununla belə, həmin şəxslərə ayrılan torpaq sahəsi iddiaçıya aid torpaq sahəsindən təxminən 12 kilometr uzaqda yerləşən Səbail rayon, Salyan şosesi 32 ünvanında olmasına baxmayaraq, onlara iddiaçıya aid torpaq sahəsinin koordinatları üzrə mülkiyyətə dair çıxarış verilmişdir. Məsələnin aydınlaşdırılması və yaranmış şübhələrin aradan qaldırılması məqsədi ilə Səbail Rayon Bələdiyyəsinə Səbail rayon, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahəsinin kimlərə məxsus olması ilə bağlı xx.xx.2021-ci il tarixində müraciət ünvanlamış, həmin müraciətə 09 avqust 2021-ci il tarixində təqdim edilmiş cavab məktubunda xx.xx.2004-cü il tarixli 233/234/235 saylı Sərəncamlar əsasında Səbail rayon, Salyan şosesi 32 ünvanında X10, Bağırova Hicran Firudin qızı və X4 hər birinin adına 600 kv.m torpaq sahəsinin sənədləşdirildiyi bildirilmişdir. Beləliklə, məlum olmuşdur ki, ona ayrılan qanuni torpaq sahəsi tamamilə qanunsuz olaraq üçüncü şəxslər adına əsassız qeydiyyata alınmışdır. Belə ki, üçüncü şəxslərə ayrılan torpaq sahəsi ona aid torpaq sahəsindən təxminən 12 kilometr uzaqda yerləşən Səbail rayon, Salyan şosesi 32 ünvanında olmasına baxmayaraq, onlara ona aid torpaq sahəsinin koordinatları üzrə mülkiyyətə dair Çıxarış verilmişdir. Üçüncü şəxslərin ünvanı Səbail rayonu, Salyan şosesi 32 ünvanına aid olsa da, həmin çıxarışlara aid olan texniki pasportlarda göstərilmiş ərazi səhvən və ya bilərəkdən Salyan şosesi 32 ünvanına aid ərazinin cizgilərinə deyil, Salyan şosesi 12 ünvanına aid olan ərazinin cizgilərinə aiddir. Nəticə etibarı ilə Salyan şosesi 12 ünvanındakı ərazinin plan-cizgiləri əsasında Salyan şosesi 32 ünvanına aid Çıxarış verilmişdir. Həmçinin, mübahisəli həmin torpaq sahəsi, yəni Salyan şössesi 12 ünvanında yerləşən iddiaçının torpaq sahəsinin bir neçə yüz metr yaxınlığında Bakı Baş Gömrük İdarəsi yerləşir və onun ünvanı Salyan şosesi 11-dir. Üçüncü şəxslərin ərazisi, yəni Salyan şosesi 32 isə Bakı Baş Gömrük İdarəsindən 3-4 kilometr aralıda yerləşir. Həmçinin, mübahisəli həmin torpaq sahəsi, yəni Salyan şosesi 12 ünvanında yerləşən iddiaçının torpaq sahəsi yaxınlığında “Homebridge” və “Schlumberger” şirkətləri yerləşir. Həmin şirkətlərin ünvanı isə müvafiq olaraq Salyan şosesi 14-cü km və Salyan şosesi 10-dur. Bu hallar sübut edir ki, mübahisəli torpaq sahəsinin ünvanı Salyan şössesi 12-dir. Bu torpaq sahəsinə Salyan şosesi 32 ünvanına aid texniki pasport çıxarılması tamamilə qanunsuzdur. Salyan şosesi 12 ünvanında yerləşən torpaq sahəsinin plan cizgiləri əsasında Salyan şosesi 32 ünvanına texpasport və çıxarış verilə bilməz. Göründüyü kimi, Salyan şosesi 32 ünvanına aid çıxarış faktiki olaraq aid olmalı olduğu ərazi ilə üst-üstə düşmədiyi üçün, yəni çıxarışın verilmə əsası əsassız olduğu üçün çıxarış hüquqi mahiyyətini itirmiş hesab olunmaqla etibarsız hesab edilməlidir. Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 12 ünvanında ona ayrılan qanuni torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, imtina cavabı almışdır. Üçüncü şəxslərin daşınmaz əmlakın dövlət qeydiyyatı üçün əsas yalnız sözügedən sərəncamlar ola bilər ki, həmin sərəncamlarda da ona məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 12 ünvanında yerləşən torpaq sahəsi deyil, məhz Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahəsi qeyd edilmişdir. Üçüncü şəxslər tərəfindən DƏDRX-dən çıxarış əldə edilərkən sözügedən qurum tərəfindən texniki səhvə yol verilmiş və onun koordinatları 32 yerinə 12 yazılmışdır. Bu baxımdan üçüncü şəxslərə məxsus daşınmaz əmlaka dair çıxarışlarda məhz iddiaçıya məxsus torpaq sahəsinin ünvanı qeyd edilmişdir. Sözügedən sərəncamlardan, eləcə də ona məxsus torpaq sahəsinə dair plan sxemdən də göründüyü kimi nə torpaq sahələrinin planlarında, nə də faktiki ünvanlarında heç bir oxşarlıq və eynilikdən söhbət gedə bilməz. Üçüncü şəxslərə məxsus torpaq sahələri ilə iddiaçıya məxsus torpaq sahələri tamamilə fərqli ünvanlarda yerləşməkdədir. Qeyd edilmiş hallardan bir daha sübut edir ki, əslində Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 12 ünvanına aid koordinatda yerləşən torpaq sahəsinə dair üçüncü şəxslərə təqdim edilmiş Çıxarışların heç bir qanuni əsası mövcud deyildir və bu səbəbdən də etibarsız hesab edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, göstərmişdir ki, elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Həmçinin, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi digər fiziki şəxsin (X12) mülkiyyətindədir. Bundan başqa, təqdim edilən Səbail Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 532 nömrəli qərarında torpaq sahəsinin hansı məqsədlə ayrılması qeyd olunmamışdır. Həmçinin təqdim olunan alqı-satqı aktı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmamışdır. İddia tələbində qeyd edilən Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi (0,6 ha olmaqla) JN-16464H nömrəli şəhadətnamə əsasında Bağırova Hicran Firudin qızının adına ilkin qeydiyyatdan keçmiş, iddia tələbində qeyd edilən müvafiq torpaq sahəsinin digər hissəsi (0,6 ha olmaqla) JN-16463H nömrəli şəhadətnamə əsasında X4 adına ilkin qeydiyyatdan keçmişdir. xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Bağırova Hicran Firudin qızı Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 600 kv.m torpaq sahəsini, X9 xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 600 kv.m torpaq sahəsini (faktiki 520 kv.m) X1. X12 xx.xx.2022-ci il tarixli ərizə ilə müvafiq torpaq sahələrinin və onlara bitişik 0,6 ha torpaq sahəsinin birləşdirilərək ümumilikdə 1720 kv.m torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli elektron çıxarış almışdır. Müvafiq torpaq sahələri hal-hazırda X7 mülkiyyətindədir.

5. Üçüncü şəxslərin iddiaya dair etirazında bildirilmişdir ki, İddiaçı alqı-satqı müqaviləsini, protokol və kassa mədaxil qəbzinin həqiqiliyini təsdiq edən arxiv sənədlərini məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən Milli Arxiv İdarəsinə sorğu ünvanlanmış və Səbail Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi təsbit olunmuşdur. İddiaçı bu məsələyə müxtəlif bəhanələr gətirərək guya ki, sənədlərin Azərbaycan Respublikasının Baş Prokurorluğunda olduğunu bildirmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna da sorğu göndərilmişdir. Lakin bir nəticə əldə edilməmişdir. Alqı-satqı müqaviləsi natamam tərtib edilmişdir. Səbail rayon Bələdiyyəsinin 27 dekabr 2005-ci il tarixli 532 nömrəli qərarı, torpaqların alqı-satqısına dair tarixsiz, kimin imzalanması bəlli olmayan aktı və 05 mart 2008-ci il tarixli, 064546 saylı qəbzləri bir-biri ilə ziddiyyət təşkil edir. Səbail rayon Bələdiyyəsinin müvafiq qərarı ilə torpaq 27 dekabr 2005-ci il tarixində ayrılmışdır. Tarixsiz, nömrəsiz alqı-satqı aktında 05 mart 2008-ci il tarixli 064546 saylı qəbzə istinad edilərək vəsaitin əvvəlcədən ödənildiyi qeyd edilmişdir. Lakin Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən əldə edilən və qəbzin üzərindəki məlumatlardan aydın olur ki, tarixsiz, nömrəsiz və kim tərəfindən imzalanması bəlli olmayan alqı-satqı aktında qeyd edilən xx.xx.2008-ci il tarixli, 064546 saylı qəbz 2008-ci ilin mart ayında nəşr edilmişdir. Müqavilə bağlanan zaman müqaviləni bağlayanlar haradan bilirdilər ki, 2008-ci ildə 064546 saylı qəbz nəşr ediləcəkdir? İş üzrə üçüncü şəxslər Bağırova Hicran Firudin qızına və X5 məxsus alqı-satqı müqavilələri, eləcə də çıxarışlar mövcuddur. Həmin sənədlər həm üçüncü şəxslər tərəfindən, həm də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən məhkəməyə təqdim edilmişdir. İşə Bakı İnzibati Məhkəməsində baxılaraq xüsusi qərardad çıxarılmaqla saxta sənədləri tərtib edən şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməlidir. Üçüncü şəxslərin nümayəndəsi göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-253/2024 saylı qərardadı ilə iddia tələbinin mümkün hesab edilməməsi qərara alınmışdır.

7. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin mümkün hesab edilərək baxılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanındakı 1200 kv.m torpaq sahəsi İddiaçı müraciəti əsasında Səbail Bələdiyyəsi tərəfindən 2005-ci il 27 dekabr tarixli, 532 saylı qərar qəbul edilməklə özəlləşdirilmişdir. Həmçinin buna uyğun olaraq İddiaçı və Səbail Bələdiyyəsi arasında Torpaqların alqı-satqısına dair akt bağlanmış və Bİİ 06456 №-li qəbz əsasında 4992 manat pul Səbail Bələdiyyəsinə ödənilmişdir və bu faktı təsdiq edən bütün sənədlər Məhkəməyə təqdim edilmişdir. Lakin Bakı İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2- 1(112)-253/2024 saylı qərardadında İddiaçı alğı-satqı müqaviləsini, protokol və kassa mədaxil qəbzinin arxiv nüsxələrini məhkəməyə təqdim edə bilməməsi və həmin sənədlərin arxiv nüsxəsi məhkəmə araşdırması zamanı da müəyyən edilməmidiyini əsas gətirməklə iddiaçının təqdim etdiyi sənədləri mötəbər hesab etməmişdir. Məhkəmənin bu mövqeyi “İnzibati İcraat haqqında” qanunun 19.1-ci maddəsində müəyyən edilmiş mötəbərlik prezumpsiyasının pozulmasıdır. Çünki fiziki və ya hüquqi şəxslərin təqdim etdiyi sənəd və dəlillərin həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunmalıdır. Odur ki, Məhkəmənin İddiaçı sənədlərin arxiv nüsxəsini tələb etməsi tamamilə əsassızdır. Çünki həmin sənədlərin arxivə verilməsi və sonradan oradan əldə edilməsi İddiaçı vəzifəsi deyildir. Digər tərəfdən məhkəmənin araşdırma nəticəsində sənədlərin arxiv nüsxəsini əldə edə bilməməsi mötəbərlik prezumpsiyasına uyğun olaraq İddiaçı təqdim etdiyi sənədlərin həqiqiliyini təsdiq edir. Bu faktların mövcudluğu İddiaçı iddia tələbi barədə subyektiv hüququnun mövcud olduğunu təsdiq edir.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

9. 13 fevral 2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Nuriyev apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

10. 13 fevral 2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 nümayəndəsi-vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə iddiaçı və digər üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə onlar məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər.

12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

13. İş materiallarında olan Səbail rayon bələdiyyəsinin 27 dekabr 2005-ci il tarixli 532 saylı qərarına əsasən, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi,12 ünvanda yerləşən bələdiyyə ərazisinə məxsus 1200 kv.m torpaq sahəsi əlavə olunmuş çizgi əsasında alqısatqı qaydasında İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır.

14. Torpaqların alqı-satqısına dair akta əsasən, ünvan 18 ünvanda yaşayan İddiaçı (AZE № 02627664 Sabunçu RPİ xx.xx.2004-cü il tarixdə verilib) Səbail bələdiyyəsinə torpaq sahəsinin ayrılması barədə müraciət etmiş, ərizəyə bələdiyyənin iclasında baxılmış müvafiq rəy verilmiş, bələdiyyə ərazisində 1200 kv.m torpaq sahəsi satılması barədə 2005ci il 27 dekabr tarixli 532 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən 4992 manat haqq ödənilmişdir (qəbz 064546). Akt bələdiyyə sədri Ə.Hüseynov və İddiaçı imzaları ilə, bələdiyyənin və müvafiq torpaq şöbəsinin möhürü ilə təsdiq edilmişdir.

15. Bələdiyyə tərəfindən tərtib edilmiş İddiaçı adına sənədləşdirilməsi nəzərdə tutulmuş 1200 kv.m torpaq sahəsinin planına əsasən, torpaq sahəsi 40x30 m. təşkil edir.

16. Səbail rayon Səbail bələdiyyəsinin seriya Bİİ nömrə 004546, 05 mart 2008-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən, İddiaçı torpaq alqısı üçün 4992 manat mədaxil edilmişdir. Məhkəmə sorğusu əsasında təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində saxlanılan arxiv qovluğunda olan sənədlərə əsasən:

17. Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32 ünvanda yerləşən 0,172 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X7 adına xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

18. Torpağın mülkiyyətə verilməsinə dair 15 noyabr 2004-cü il tarixli (JN 16464H, kod ********) şəhadətnaməyə əsasən Bağırova Hicran Firudin qızına Bakı şəhər Səbail bələdiyyəsinin 29 oktyabr 2004-cü il tarixli 234 nömrəli sərəncamı ilə 0,06 ha torpaq sahəsi fərdi yaşayş evi tikintisi üçün mülkiyyətinə verilmişdir.

19. Torpağın mülkiyyətə verilməsinə dair 15 noyabr 2004-cü il tarixli (JN 16463H, kod ********) bu şəhadətnaməyə əsasən X5 Bakı şəhər Səbail bələdiyyəsinin 29 oktyabr 2004cü il tarixli 235 nömrəli sərəncamı ilə 0,06 ha torpaq sahəsi fərdi yaşayş evi tikintisi üçün mülkiyyətinə verilimişdir.

20. Torpağın mülkiyyətə verilməsinə dair 15 noyabr 2004-cü il tarixli (JN 164632H, kod ********) bu şəhadətnaməyə əsasən X6 Bakı şəhər Səbail bələdiyyəsinin 29 oktyabr 2004-cü il tarixli 233 nömrəli sərəncamı ilə 0,06 ha torpaq sahəsi fərdi yaşayş evi tikintisi üçün mülkiyyətinə verilmişdir.

21. Seriya RX, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32-də yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi Bağırova Hicran Firudin qızının adına ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2014-cü il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

22. Seriya RX, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32–də yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi X4 adına ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2014-cü il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

23. xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X2 Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsini X3 mülkiyyətinə verir.

24. xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Satıcı Bağırova Hicran Firudin qızı Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsini X3 mülkiyyətinə verir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

25.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-253/2024 saylı qərardadı ləğv edilməli, işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. 26.Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 27.Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarından: 1.1 Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2 İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4 Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.

28. Birinci instansiya məhkəməsi qərardadını belə əsaslandırmışdır ki, İddiaçı alğısatqı müqaviləsini, protokol və kassa mədaxil qəbzinin arxiv nüsxələrini məhkəməyə təqdim edə bilməmişdir. Həmin sənədlərin arxiv nüsxəsi məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Bundan əlavə, iddiaçının istinad etdiyi “Torpaqlıarın alqı-satqısına dair akt” da natamam tərtib edilmişdir. Səbail rayon Bələdiyyəsinin müvafiq qərarı ilə torpaq 27 dekabr 2005-ci il tarixində ayrılmışdır. Tarixsiz və nömrəsiz “Torpaqlıarın alqısatqısına dair akt”da 05 mart 2008-ci il tarixli 064546 saylı qəbzə istinad edilərək vəsaitin əvvəlcədən ödənildiyi qeyd edilmişdir. Lakin Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən əldə edimiş və qəbzin üzərindəki məlumatlardan aydın olur ki, həmin aktda qeyd edilən xx.xx.2008-ci il tarixli, 064546 saylı qəbz 2008-ci ilin mart ayında nəşr edilmişdir. Bundan əlavə, iddiaçının istinad etdiyi və iş materiallarında olan planda (cizgidə) ayrılan torpaq sahəsinin koordinatları mövcud olmadığından həmin torpaq sahəsinin harada yerləşməsini müəyyənləşdirilmək mümkün olmayacaqdır. Odur ki, mübahisə predmeti torpaq sahəsinə hər hansı hüququnun mövcudluğu ilə bağlı biri digərini tamamlayan mötəbər sənədlər müəyyən edilmədiyindən və hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən onun hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olması qənaətinə gəlmək mümkün deyildir. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” ilə bağlı tələblər pozulmuşdur”.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

30. Məhkəmə kollegiyası İPM-nin 13-cü maddəsini nəzərə alaraq qeyd edir ki, həmin maddə məhkəmənin açıqlama və göstəriş vermək vəzifəsini müəyyənləşdirir. Məhkəmə proses iştirakçılarına formal çatışmazlıqların aradan qaldırılmasında köməklik göstərməlidir. Tərəflərin bu və ya digər hüquqi vasitələri seçdikləri halda, hansı hüquqi nəticələrin baş verəcəyi ehtimalını məhkəmə onlara açıqlamalıdır. Bunun üçün ilk növbədə məhkəmə iddia tələblərinin düzgün yasılmasında, ərizələrin, vəsatətlərin düzgün tərtib edilməsində yardımçı olmalıdır. Məhkəmə bu vəzifəni tək bir tərəfə münasibətdə deyil, prosesin bütün iştirakçılarına münasibətdə həyata keçirməlidir.

31. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlük şərtlərinə qiymət verilərkən işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuşdur. 32.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. 33.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 34.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-253/2024 saylı qərardadı ləğv edilsin. İşə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar