Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1183/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Xidmət nümayəndəliyinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi, 16.08.1999-cu il tarixdən 11.01.2004-cü il, 08.02.2004-cü il tarixdən 30.04.2014-cü il tarixədək olan müddətin onun sosial sığorta stajına daxil edilməklə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (atası) X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon Şöbəsinə (hazırda Nərimanov rayon Xidmət nümayəndəliyinə) qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi, 16.08.1999-cu il tarixdən 11.01.2004-cü il, 08.02.2004-cü il tarixdən 30.04.2014-cü il tarixədək olan müddətin onun sosial sığorta stajına daxil edilməklə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-596/2018 saylı 07 fevral 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1984-cü il təvəllüdlüdür. İddiaçıya məxsus İT seriylı ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, 16.08.1999-cu il tarixdə Abşeron rayonu 1 nömrəli “Zeytun” sovxozunda açıq sahədə fəhlə kimi işə qəbul edilmiş və 11.01.2004-cü il tarixdə öz xahişi ilə könüllü olaraq işdən azad edilmişdir. 0582683 saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı 08.02.2004-cü il tarixdən "xxxx" firması MMC-yə qadın bərbəri peşəsinə qəbul edilmiş və 30.04.2014-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı yuxarıda göstərilən əmək stajının mövcudluğuna istinad edərək ona İİ dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış 13/01-2955 saylı 26 iyul 2017-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən İİ qrup əlillərə əlliliyə görə əmək pensiyası əlil və sağlamlıq imkanları məhdud sığortaolunanlara ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, onun tələb olunan 06 il sosial sığorta stajına qarşı 02 il 06 ay sığorta stajı olması səbəbindən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon Şöbəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “cavabdehin imtinasının qanunsuz hesab edilməsi, 16.08.1999-cu il tarixdən 11.01.2004-cü il, 08.02.2004-cü il tarixdən 30.04.2014-cü il tarixədək olan müddətin onun sosial stajına daxil edilməklə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 16 avqust 1999-cu il tarixdə Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozunda fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 11 yanvar 2004-cü ildə "xxxx" firması MMC-də işə düzəlməsilə əlaqədar öz xahişinə əsasən işdən azad edilmişdir. O, 08 fevral 2004-cü il tarixdən 30.04.2014-cü il tarixədək "xxxx" MMCdə qadın bərbəri vəzifəsində işləmiş, işlədiyi müddətdə o, sığorta kartı ilə təmin olunmuşdur. Xəstəliyi ilə əlaqədar ona 19.06.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İİ dərəcəli əlillik verilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, İddiaçı şöbəyə təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1984-cü il təvəllüdlüdür, əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 06 il sosial sığorta stajına qarşı 02 il 06 ay sığorta stajının olması səbəbindən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati –İqtisadi Məhkəməsinin 2-1(82)-596/2018 saylı 07 fevral 2018ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, 2 saylı Bakı İnzibati–İqtisadi Məhkəməsinin 2-1(82)-596/2018 saylı 07 fevral 2018-ci il tarixli qərarının ləğv edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə iddiaçı tərəfindən Abşeron rayon 1 nömrəli Zeytun sovxozunda işləməsi barədə hər hansı bir sənəd təqdim edilməmişdir. Məhkəmənin qərar qəbul edərkən iddiaçının 16.08.1999-cu il tarixdən 11.01.2004-cü il tarixədək Abşeron rayon 1 nömrəli Zeytun sovxozunda işlədiyini nəyə əsaslanıb təsdiq etməsi aydın deyildir. İddiaçının 16.08.1999-cu il tarixdən 11.01.2004-cü il tarixədək Abşeron rayon 1 nömrəli Zeytun sovxozunda işləməsi mötəbər sübutlara əsaslanmır. Həmin dövrdə qüvvədə olan qanunverciliyin tələblərinə əsasən vətəndaşların 01.01.2006-cı il tarixdən sonrakı dövr ərzində pensiya sığorta kapitalı və sığorta stajı 13 rəqəmli sosial sığorta şəhadətnaməsinə əsasən müəyyən edildiyindən vətəndaşın işlədiyi "xxxx" firması tərəfindən 2010-2014-cü illər ərzində “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatları” (Forma B3) ödəmədiyi üçün həmin illər üzrə sosial sığorta stajı və pensiya kapitalı hesablanmamışdır. Apellyasiya və kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati–İqtisadi Kollegiyasının 2-1(103)-1403/18 saylı 14 avqust 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-596/2018 saylı 07 fevral 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi qərara alınmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati–İqtisadi Kollegiyasının 2-1(102)-483/19 saylı 16 yanvar 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1403/18 saylı 14 avqust 2018-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati–İqtisadi Kollegiyasının 2-1(103)-865/19 saylı 21 may 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-596/2018 saylı 07 fevral 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati–İqtisadi Kollegiyasının 2-1(102)-2781/19 saylı 01 noyabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati–İqtisadi Kollegiyasının 2-1(103)-865/19 saylı 21 may 2019-cu il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-277/2020 saylı 17 mart 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-596/2018 saylı 07 fevral 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Yenidən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1603/2020 saylı 18 noyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-277/2020 saylı 17 mart 2020-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya qaydasında işə yenidən baxılarkən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon Şöbəsi əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Xidmət nümayəndəliyi ilə əvəz olunmuşdur. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (atası) X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı 3-cü şəxs "xxxx" firması məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş şikayətə 3-cü şəxs "xxxx" firmasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh inzibati orqana qarşı tələbi “cavabdehin imtinasının qanunsuz hesab edilməsi, 16.08.1999-cu il tarixdən 11.01.2004-cü il, 08.02.2004-cü il tarixdən 30.04.2014-cü il tarixədək olan müddətin onun sosial sığorta stajına daxil edilməklə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi” barədədir. Bununla bağlı iddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun sığorta stajının olmaması səbəbindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Həmin imtina məktubu ilə razılaşmayan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddanın təmin edilməsi qərarına gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Göründüyü kimi, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə görə hazırki iddianın təmin olunması üçün iki şərt- 1) iddiaçının əlil olması və 2) iddiaçının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması zəruridir. Bu şərtlər əsasında işin halları araşdırıldıqda müəyyən olunur ki, iddiaçının 19.06.2017-ci il tarixdə ikinci dərəcəli əlil sayılması işin mübahisəsiz halıdır. Yəni, Qanunun 12.1-ci maddəsində nəzərdə tutulmuş birinci şərt mövcuddur. İkinci şərtə gəldikdə isə, cavabdeh iddiaçıya əlilliyə görə pensiya təyin olunmasını mümkünsüz edən hal kimi onun zəruri sosial sığorta stajına malik olmadığını bildirir. İddianın təmin olunması üçün tələb olunan sosial sığorta stajı isə 6 il (33 – 15 = 18 x 4 = 72 : 12 = 6 il) təşkil edir. İddiaçı əmək stajını təsdiq edən sübut kimi iki əmək kitabçasını təqdim etmişdir. Birinci əmək kitabçasında iddiaçının 16.08.1999-cu il tarixdən 11.01.2004-cü il tarixədək Abşeron rayonu 1 No-li Zeytun savxozunda işlədiyi qeyd olunub. Cavabdeh iddiaçının həmin savxozda işlədiyinə dair məlumatların ziddiyyətli olması və arxiv məlumatları ilə təsdiqlənmədiyinə əsaslanaraq həmin dövrü staja daxil etməkdən imtina edir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-483/2019 saylı 16 yanvar 2019-cu il tarixli qərarında göstərilmişdi ki, iddiaçının kassasiya şikayətində göstərdiyi dəlil, yəni 01 yanvar 2006-cı il tarixədək iş stajını təsdiq edən əsas sənədin əmək kitabçası olması barədə dəlili əsaslıdır. Belə ki, 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə müvafiq olaraq iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1.-ci bəndinə görə sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən olunur. Göründüyü kimi, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qərarında iddiaçının adına 16.08.1999-cu ildə açılmış İT-1 seriyalı ******* nömrəli əmək kitabçasının sübuti əhəmiyyətinə qiymət verilmişdir. Buna görə də işə yenidən baxan kassasiya instansiya məhkəməsi sözugedən əmək kitabçası ilə bağlı məsələni təkrar araşdırmamışdır. Bu baxımdan apellyasiya instansiyası qaydasında işə yenidən baxan məhkəmə kollegiyası iddiaçının adına 16.08.1999-cu ildə açılmış İT-1 seriyalı ******* nömrəli əmək kitabçasındakı qeydlərə əsasən onun 16.08.1999-cu il tarixdən 11.01.2004-cü il tarixədək Abşeron rayonu 1 No-li Zeytun savxozunda işlədiyi müddətin onun sığorta stajına daxil edilməli olduğunu mümkün hesab edir. İddiaçının adına 08.02.2004-cü ildə açılmış ******* nömrəli əmək kitabçasına əsasən isə iddiaçının 08.02.2004-cü ildən 30.04.2014-cü ilədək "xxxx" firması MMC-də qadın bərbəri işləməsi əks olunmuşdur. Cavabdeh orqan iddiaçının bu əmək kitabçasında göstərilən əmək fəaliyyətini də staja daxil etməkdən imtina edir və bu imtinasını onunla əsaslandırır ki, "xxxx" firması MMC tərəfindən sosial sığorta haqları ödənilmədiyinə görə onun həmin firmada işlədiyi illər staj sayılmır. İddiaçının "xxxx" firması MMC-də olan əmək fəaliyyəti ilə bağlı mübahisənin həlli üçün kassasiya instansiya məhkəməsi tərəfindən müvafiq göstərişlər verilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1603/2020 saylı 18 noyabr 2020-ci il tarixli qərarında qeyd olunmuşdu ki, apellyasiya instansiyası məhkəməsi 3-cü şəxs qismində işə VÖEN nömrəsi ********** olan "xxxx" firmasını cəlb etmişdir. Lakin "xxxx" firmasının Bakı Apelyasiya Məhkəməsinə göndərdiyi 05 mart 2020-ci il tarixli 04 saylı məktubundan görünür ki, həmin firmanın VÖEN nömrəsi 150052664-dür (səh 229). Məktubun mətnində isə firmanın VÖEN nömrəsi ********** qeyd olunmuşdur. Məktuba və sonrakı məktublara vurulmuş "xxxx" firmasının dairəvi möhüründə isə VÖEN nömrəsi **********2 qeyd olunmuşdur. Məhkəmənin fəaliyyət göstərməsini yoxladığı "xxxx" firmasının VÖEN nömrəsi **********-dir. Məhkəmə "xxxx" Firmasının 05.03.2020-ci il tarixli məktubunda göstərilmiş “İddiaçı həmin dövr üçün məcburi dövlət sosial ödənişlərə cəlb edilmişdir” məlumatı ilə kifayətlənmiş, iddiaçıya əmək haqqının hesablanmasını, hesablanmış əmək haqqından məcburi sosial sığorta haqlarının tutulub-tutulmamasını, tutulmuş haqların DSMF-yə müəssisə tərəfindən ödənilib-ödənilməməsi araşdırılmamışdır. İşə kassasiya qaydasında baxılarkən iddiaçının vəkili tərəfindən iddiaçıya 2004-2014-cü illərdə əmək haqqı ödənildiyinə dair arayışı və aylar üzrə ödənilmiş əmək haqqı barədə arayışı təqdim etmişdir. Lakin həmin arayışlarda iddiaçının əmək haqqından məcburi sosial sığorta haqlarının tutulmasını müəyyən etmək mümkün olmamışdır. Belə olan halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə iddiaçının işlədiyi “Kamalə” firmasının VÖEN nömrəsini dəqiqləşdirməli, “Kamalə” firmasının 08.02.2004-cü ildən 30.04.2014-cü il tarixədək fəaliyyət göstəribgöstərmədiyi, “Kamalə” firmasının fəaliyyət növü, "xxxx" firması tərəfindən iddiaçıya ödənilmiş əmək haqqından məcburi sosial sığorta haqlarının tutulub-tutulmadığı araşdırılmalı və iddiaçıdan sosial sığorta haqları tutulmuşsa həmin məbləğlərin DSMF-nə ödənilib-ödənilmədiyi müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Kassasiya instansiya məhkəməsinin qərarında qeyd olunanlarla bağlı məhkəmə kollegiyası tərəfindən Abdullayeva (Ramazanova) Xuraman Saleh qızının "xxxx" firmasında 08.02.2004-cü ildən 30.04.2014-cü ilə kimi işlədiyi dövrdə öz hesabına məzuniyyətdə olub-olmaması, əmək haqqından məcburi dövlət sosial sığorta ödənişlərin (tutulmaların) aparılıb-aparılmaması, aparıldığı təqdirdə Abdullayeva (Ramazanova) Xuraman Saleh qızı ilə bağlı həmin dövr üzrə Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan haqq-hesab cədvəllərindən çıxarışların (əmək haqqından tutulmaların əks olunduğu cədvəllər) məhkəməyə təqdim edilməsi barədə 06.05.2021-ci il tarixdə "xxxx" firmasına sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq "xxxx" firması tərəfindən bildirilmişdir ki, Abdullayeva (Ramazanova) Xuraman Saleh qızı 08.02.2004-cü il tarixdə "xxxx" fimasına (VÖEN **********) qadın bərbəri işinə qəbul edilmiş, 30.04.2014-cü il tarixdə öz xahişinə əsasən işdən azad edilmiş, işlədiyi müddətdə öz hesabına məzuniyyətdə olmamış, onun həmin dövr üçün məcburi dövlət sosial ödənişlərə cəlb edildiyi qeyd edilmişdir. Məktuba şəxsə aid əmək haqqı cədvəli də əlavə olunmuşdur. Həmçinin məhkəmə kollegiyası tərəfindən "xxxx" firmasının (VÖEN **********) 2004- 2014-cü illər üzrə olan dövrdə firmanın VÖEN-nin dəyişdirilib-dəyişdirilmədiyi, dəyişdirildiyi təqdirdə hansı VÖEN altında qeydiyyatdan keçməsi, 2004-2014-cü illərdə hüquqi şəxs kimi (VÖEN ********** altında) fəaliyyətinin olub-olmaması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə də sorğu göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən 07.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda 24.05.2021-ci il tarixə olan vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən "xxxx" firmasının ********* nömrəli 9 rəqəmli VÖEN-lə 02.05.1997-ci il tarixdə qeydiyyata alınması və 11.07.2005-ci il tarixdən ********** nömrəli 10 rəqəmli VÖEN-lə əvəz olunması barədə məlumatın müəyyən edildiyi, hüquqi şəxsin qeydiyyata alındığı dövrdən fəaliyyətinin dayandırılması barədə məlumatın müəyyən edilmədiyi və firmanın hazırda fəaliyyətinin aktıv vəziyyətdə olduğu qeyd edilmişdir. "xxxx" firmasının 2004-2014-cü illər üzrə vergi orqanına təqdim etdiyi sadələşdirilmiş vergi bəyannamələrinə əsasən dövriyyəsinin 2010-cu il üzrə 3559.5 manat, 2011-ci il üzrə 21175 manat, 2012-ci il üzrə 8402.64 manat, 2013-cü il üzrə 4272 manat, 2014-cü il üzrə 1000 manat təşkil etdiyi qeyd edilmişdir. Eyni zamanda apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş inzibati orqanın xidməti məktubundan görünür ki, İddiaçı 01.01.2007-ci il tarixdən 01.07.2009-cu il tarixədək olan dövr ərzində sığortaedən "xxxx" firması tərəfindən 1695 manat məbləğində əmək haqqı hesablanmış və əmək haqqından 268.75 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı tutularaq Fonda ödənilmişdir. Həmin məktubun məzmunundan görünür ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqinə 01.01.2006-cı il tarixdən başlandığı üçün 08.02.2004-cü il tarixdən 01.01.2006-cı il tarixədək olan illər aralığında İddiaçı hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların verilməsi mümkün olmamışdır. Bundan başqa cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş “Sığortaolunanın hesabı” sənədindən görünür ki, "xxxx" firması (VÖEN: **********) tərəfindən 2007-ci ilin yanvar ayından 2009-cu ilin iyul ayına qədər olan dövr üzrə İddiaçı üçün əmək haqqından tutulan məcburi dövlət sosial sığorta haqları müvafiq orqana ödənilmişdir. Beləliklə, aparılmış məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçının 08.02.2004-cü ildən 30.04.2014-cü il tarixədək işlədiyi "xxxx" firmasının hüquqi şəxs kimi həmin dövrdə fəaliyyəti olmuş, 2005-ci ilədək müəssisə ********* nömrəli 9 rəqəmli VÖENlə, 11.07.2005-ci il tarixdən isə VÖEN nömrəsini dəyişdirərək ********** nömrəli VÖEN-lə fəaliyyət göstərmiş, bu səbəbdən bəzi sənədlərdə müəssisənin VÖEN nömrələri fərqli göstərilmişdir, iddiaçının həmin müəssisədə işlədiyi 08.02.2004-cü il tarixdən 30.04.2014cü il tarixədək olan dövrün cavabdeh tərəfindən özünün təqdim etdiyi “sığortaolunanın hesabı” sənədinə əsasən qəbul edilən 01.01.2007-ci il tarixdən 01 iyul 2009-cu il tarixədək olan dövrü üzrə iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqları tutulmuş və DSMF-na ödənilmişdir. İddiaçının 08.02.2004-cü il tarixdən 01.01.2007-ci il tarixədək və 01.07.2009-cu il tarixdən 30.04.2014-cü il tarixədək "xxxx" firmasında işlədiyi dövr üzrə isə müəssisənin məhkəməyə təqdim etdiyi İddiaçı 2004-2014-cü illər üzrə aldığı əmək haqlarının aylar üzrə məbləği barədə olan cədvəldə həmin dövr üzrə alınan əmək haqqlarından başqa, aylar üzrə tutulan məcburi sığorta ödənişlərinin də miqdarı əks olunmuşdur. Lakin qeyd olunan dövlərdə müəssisə tərəfindən DSMF-na təqdim olunan haqq-hesab cədvəlləri məhkəməyə təqdim olunmadığı üçün iddiaçının əmək haqqı cədvəllərində qeyd olunan əmək haqlarından tutulan məcburi sığorta ödənişlərinin DSMF-na ödənildiyini müəyyən etmək mümkün deyil. Belə olan halda Kollegiya hesab edir ki, iddiaçının iddiası 16.08.1999-cu il tarixdən 11.01.2004-cü il tarixədək (4 il 4 ay) Abşeron rayonu 1 No-li Zeytun Sovxozunda və 01.01.2007-ci il tarixdən 01.07.2009-cu il tarixədək (2 il 6 ay) "xxxx" firmasında işlədiyi dövrlərin onun sığorta stajına daxil edilməsi hissəsində əsaslıdır. İddiaçının digər- ona əlilliyə görə əmək pensiyasının təyin olunması ilə bağlı tələbinə münasibətdə isə qeyd olunur ki, iddiaçının yuxarıda adı çəkilən müəssisələrdə işlədiyi dövrlər (4 il 4 ay və 2 il 6 ay) nəzərə alınmaqla onun əlilliyə görə əmək pensiyası ala bilmək üçün “Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsində tələb olunan 6 il sığorta stajına qarşı 6 il 10 ay əmək stajının olduğu müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçı ona əlilliyə görə pensiya təyin olunması barədə qərarın qəbul edilməsi üçün zəruri olan faktiki şərtlərin mövcudluğunu sübut edə bildiyindən, cavabdeh isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sözügedən iddiası əsaslıdır və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq bu hissədə təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Kollegiya onu da qeyd edir ki, hazırki apellyasiya baxışı zamanı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon Şöbəsi əsl cavabdeh DSMF-nun Nərimanov rayon Xidmət nümayəndəliyi ilə əvəz edildiyi üçün iddianın təmin edildiyi hissələrdə müvafiq öhdəliklər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Xidmət nümayəndəliyinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-596/2018 saylı 07 fevral 2018-ci il tarixli qərarı qismən, iddiaçının 08.02.2004-cü il tarixdən- 01.01.2007-ci il tarixədək və 01.07.2009-cu il tarixdən 30.04.2014-cü il tarixədək "xxxx" firmasında işlədiyi dövrün onun sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməli, həmin hissələrdə iddia tələbi rədd edilməli, qərar qalan hissələrdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Xidmət nümayəndəliyi hesab olunmaqla dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-596/2018 saylı 07 fevral 2018-ci il tarixli qərarı qismən, İddiaçı 08.02.2004-cü il tarixdən- 01.01.2007-ci il tarixədək və 01.07.2009-cu il tarixdən 30.04.2014-cü il tarixədək "xxxx" firmasında işlədiyi dövrün onun sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə rədd edilsin. Qərar qalan hissələrdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Xidmət nümayəndəliyi hesab olunmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1183/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1183/2021
07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver