Məhkəmə qərarları › İş №2-1(103)-1183/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1183/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1183/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Republikası Təhsil Nazirliyinə (hazırda Azərbaycan Republikasının Elm və Təhsil Nazirliyi) qarşı “təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8367/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə qaydasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Republikası Təhsil Nazirliyinə (hazırda Azərbaycan Republikasının Elm və Təhsil Nazirliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun sosial baxımdan həssas əhali qrupuna aid edilən ailənin üzvü olan tələbə olmasının tanınması və 2020-2021-ci tədris ili üçün ödədiyi təhsil haqqının geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərara qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailənin üzvü kimi onun Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində təhsil aldığı 2020/2021-ci tədris ili üzrə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8367/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailənin üzvü kimi İddiaçı Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə- İqtisad Kollecində təhsil aldığı 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Republikası Təhsil Nazirliyinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının atası 1-ci qrup əlil olmasına baxmayaraq, həssas əhali qrupuna aid ailələrin üzvü olan tələbələrin elektron müraciəti dövründə onun anası işsiz kimi qeydiyyata düşməmişdir. İddiaçı Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi xx.xx.2021-ci il tarixdə göndərdiyi müraciət İnformasiya sistemi tərəfindən yoxlanılmış və tələbənin valideyni (anası) Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial baxımdan həssas ailə qrupuna aid edilən ailələrin üzvi olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” xx.xx.2020-ci il tarixli 138 nömrəli qərarının 1-ci bəndində nəzərdə tutulan sosial baxımdan həssas əhali qrupuna aid olmadığı üçün onun müraciətinə sistem tərəfindən imtina verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə yenidən portal vasitəsi ilə müraciət etmiş, valideynlərinin şəxsiyyət vəsiqələrindəki FİN kodu barədə məlumatları sistemə daxil edilməmiş və göndərdiyi müraciətdə hər iki valideynin sosial statusu “məlum deyil” qeyd etdiyi üçün ona İnformasiya sistemi tərəfindən təkrarən imtina verilmişdir. xx.xx.2021-ci il tarixdə isə sistemdə müraciətini tamamlamadığı üçün müraciətinə baxılmamışdır. İşə baxan məhkəməyə Təhsil Nazirliyinin Təhsil X1 müraciətlər haqqında məlumatların təqdim edilməsinə baxmayaraq, məhkəmə həmin məlumatlara əhəmiyyət verməmiş və nəticədə iddia tələbini təmin etmişdir. Həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin özlərinə məxsus məlumatlarının İnformasiya sisteminə düzgün yerləşdirilməməsinə görə nazirlik hər hansı məsuliyyət daşımır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial baxımdan həssas ailə qrupuna aid edilən ailələrin üzvi olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” xx.xx.2020-ci il tarixli 138 nömrəli qərarının tələblərindən göründüyü kimi, Təhsil Nairliyinin funksiyası təhsil müəssisələri (tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq) tərəfindən təqdim edilən məlumatlar əsasında həssas ailə qrupuna aid edilən ailələrin üzvi olan tələbələrin adları qeydiyyat almaqla Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə bu Qərarın icrasını təmin edir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv olunması, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində təhsil aldığı 2020/2021-ci tədris ili üzrə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi məqsədi ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailənin üzvü kimi siyahıya daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, iddia tələbinin onun Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində təhsil aldığı 2020/2021-ci tədris ili üzrə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi məqsədi ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailənin üzvü kimi siyahıya daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması kimi nəzərə alınaraq təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İş materiallarında olan Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin xx.xx.2022-ci il tarixli, 04/064 nömrəli məktubundan görünür ki, İddiaçı 2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin tam orta (11 illik) təhsil bazasından ödənişli əsaslarla əyani şöbəsinin Mühasibat uçotu ixtisası üzrə MUT-2010a nömrəli qrupuna qəbul olmuş və xx.xx.2022-ci il tarixində Kolleci bitirmişdir. xx.xx.2022-ci il tarixli T-082 nömrəli əmrlə ona subbakalavr peşə-ixtisas dərəcəsi verilmişdir. İllik təhsil haqqının məbləği 900 (doqquz yüz) manatdır. xx.xx.2022-ci il tarixə onun 450 (dörd yüz əlli) manat məbləğində təhsil haqqı borcu vardır. İş materiallarında olan müraciətlər haqqında məlumatdan görünür ki, iddiaçı təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə cavabdehə elektron qaydada müraciət etmiş, bu zaman atasının əlilliyi ilə bağlı məlumatı sistemə daxil etsə də, anasının həssas təbəqə üzrə sosial statusu haqqında məlumatı təqdim etməmiş, buna görə də müraciətinə imtina cavabı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2021-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, X6 (FİN-1KDQMJ0) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsisteminə əsasən xx.xx.2021-ci il tarixindən işsiz kimi qeydiyyatdadır və “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən adına hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X4 (FİN 4B0R0PU) və X2 (FİN 1KDQMJ0) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsistemində ünvanlı dövlət sosial yardımı alan, “Sosial ödənişlər” altsistemində yaşa görə sosial müavinət alan, “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olmalarına, həmçinin “Əlillik” və “Pensiya” altsistemlərində X2 əlilliyinə və yaşa görə əmək pensiya almasına dair xx.xx.2022-ci il tarixinə məlumatlar aşkar edilməmişdir. X7 isə “Əlillik” altsistemində xx.xx.1999-cu il tarixdən ümumi səbəbdən müddətsiz ikinci dərəcə əlil və “Pensiya” altsistemində əlilliyə görə əmək pensiya alan kimi qeydiyyatdadır. “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 saylı qərarının 1-ci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri), eləcə də 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin: 1.1. ünvanlı dövlət sosial yardımı alanlar; 1.2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar: 1.2.1. İ və İİ dərəcə əlilliyi olan şəxslər; 1.2.2. işsiz kimi qeydiyyatda olanlar; 1.2.3. yaşa görə əmək pensiyaçıları; 1.2.4. yaşa görə sosial müavinət alanlar (Azərbaycan Respublikasının Nazirlər Kabineti xx.xx.2021-ci il tarixli 129 saylı qərarı ilə 1-ci hissəsədə “semestrləri (yarımillikləri)” sözlərindən sonra”, eləcə də 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili)” sözləri əlavə edilmişdir). Həmin qərarın 2-ci hissəsinə əsasən bu Qərarın 1-ci hissəsində qeyd olunan tədris semestrləri (yarımillikləri) üçün dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulan təhsil haqqı xərci ali təhsil müəssisələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010cu il 25 iyun tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin, orta ixtisas və peşə təhsili müəssisələrində isə illik təhsil haqqının 50 faizi miqdarında müəyyən edilmişdir. Həmin qərarın 3-cü hissəsinə əsasən Cavabdeh təhsil müəssisələri (tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq) tərəfindən təqdim edilən məlumatlar əsasında normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə müəyyən edərək, bu Qərarın icrasını təmin edir. Həmin qərarın 6-cı hissəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqdim etdiyi sifarişlərə uyğun olaraq maliyyələşməni təmin edir. Göründüyü kimi, qanunverici sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrə kimlərin aid edildiyini konkret tənzimləmiş, burada hər iki valideynin bu kateqoriyaya daxil olması tələbi qoyulmuş, ilkin olaraq isə yalnız 2020-ci ildə tədris semestrləri (yarımillikləri), yəni 2019/2020-ci tədris ilinin yaz semestri (yarımili) və 2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini müəyyən etmişdi. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, 2020-ci ilin tədris semestrləri (yarımillikləri) zamanı iddiaçının valideynlərindən yalnız biri, atası sosial baxımdan həssas əhali qrupuna aid edilmiş, əlilliyi müəyyən edilmiş şəxs olmuş, lakin anası həmin vaxt bu kateqoriyadan olan şəxslərə aid olmamışdır. Belə olan halda aydındır ki, iddiaçı 2020-ci ilin tədris semestrləri (yarımillikləri), o cümlədən 2020/2021-ci tədris ilinin payız semestri üzrə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini tələb etməkdə haqlı olmamışdır. 2020/2021-ci tədris ili üzrə yaz semestrinə gəldikdə, yuxarıda qeyd olunduğu kimi, 138 nömrəli qərara xx.xx.2021-ci il tarixdə edilmiş dəyişikliyə əsasən 2020/2021-ci tədris ili üzrə yaz semestri də təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənildiyi dövrə aid edilmişdir. İddiaçının anası X5 xx.xx.2021-ci il tarixdə işsiz statusu verilmiş, bununla da həmin tarixdən etibarən iddiaçının hər iki valideyni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 saylı Qərarının birinci hissəsində nəzərdə tutulan sosial baxımdan həssas əhali qrupuna aid olmuşdur. Belə olan halda orta ixtisas təhsil müəssisəsində əyani təhsil alan iddiaçının 2020/2021-ci tədris ili üzrə yaz semestrinin təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini tələb etmək hüququ olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının sosial baxımdan həssas əhali qrupuna aid edilən ailənin üzvü kimi 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini tələb etmək hüququ olmuş, lakin cavabdeh əsassız olaraq iddiaçının müraciətini həmin hissədə təmin etməyərək onun hüquqlarını pozmuşdur. Lakin birinci instansiya məhkəməsi qərarda sosial baxımdan həssas əhali qrupuna aid edilən ailənin üzvü kimi iddiaçının Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində təhsil aldığı 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Republikası Təhsil Nazirliyinin üzərinə qoyulmasını göstərmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 saylı qərarından da görünür ki, Azərbaycan Republikası Təhsil Nazirliyinin qeyd olunan şəxslərin təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini həyata keçirmir, yalnız belə şəxslərin müvafiq siyahısını Azərbaycan Republikası Maliyyə Nazirliyinə təqdim edir və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqdim etdiyi sifarişlərə uyğun olaraq maliyyələşməni təmin edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı «Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailənin üzvü kimi İddiaçı Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində təhsil aldığı 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Republikası Təhsil Nazirliyinin üzərinə qoyulsun» hissəsində dəyişdirilməli, İddiaçı Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində təhsil aldığı 2020/2021-ci tədris ili üzrə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi məqsədi ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailənin üzvü kimi siyahıya daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulmalı, qərar digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Republikası Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-8367/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı «Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailənin üzvü kimi İddiaçı Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində təhsil aldığı 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Republikası Təhsil Nazirliyinin üzərinə qoyulsun» hissəsində dəyişdirilsin. İddiaçı Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə- İqtisad Kollecində təhsil aldığı 2020/2021-ci tədris ili üzrə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi məqsədi ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailənin üzvü kimi siyahıya daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulsun. Qərar digər hissədə dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar