Məhkəmə qərarları › İş №2-1(103)-1183/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1183/2024

25.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1183/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2923/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, güzəştli əmək stajını nəzərə alaraq 52 yaşdan ona güzəştli əmək pensiyası təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəqiqləşdirilməsi məhkəmə tərəfindən qəbul olunmuşdur. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-2923/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv olunmalı, iş üzrə yeni, qanuni və əsaslı qərar qəbul olunmalıdır. İddiaçının əmək stajı, fəaliyyəti və yaşı qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təminatına imkan verir. Məhkəmə iş materillarını tam, obyektiv və hərtərəfli araşdırmayaraq, yalnız cavabdehin nümayəndəsinin izahatlarına əsasən qərar qəbul etmişdir. Keçmiş Bakı X3, yəni indiki "xxxx" ASC-də xx.xx.2013-cü il tarixində yanğın baş verdiyindən, zavodun arxiv sənədləri saxlanılan otaqda bütün sənədlər yanmışdır. İşçilərin əmək haqları, əmrləri və T12 kartoçkaları da yanmışdır. Bu səbəbdən də zavod ona əlavə sənədlər təqdim edə bilmir. Məhkəmə maddi və prossesual hüquq normalarının pozulması ilə nəticələnən qanunsuz, ədalətsiz qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamışdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar, birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamışdır. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: İddiaçının apellyasiya şikayəti əsassızdır və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarına əsasən, İddiaçı xx.xx.2020-ci tarixdə ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatı qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 50397,89 manat hesablandığı halda. iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17886,13 manat təşkil edir. İddiaçının 2006-cı ilədək olan 15 il 11 ay 11 gün əmək stajına uyğun hesablanmış pensiya kapitalı 14927,02 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabının sığorta hissəsində qeydə alınan 2759,11 manat olmaqla, cəmi pensiya kapitalı 17686,13 manat təşkil edir. İş materiallarında olan xx.xx.1967-ci il təvəllüdlü İddiaçı məxsus ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Xüsusi Zaqafqaziya idarəsində elektromühərriklərin təmiri üzrə sexdə 2-ci dərəcəli sarıyıcı, xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Bakı Alüminium Prokatı Zavodunda metaləridici sexinde nəzarətçi, xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək Xırdalan meşə melorasiya stansiyasında kiçik laborant, xx.xx.1990-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Bakı Alüminium Prokatı Zavodunda emulsiya bişiricisi, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci tarixədək X7 əlvan metal tullantıları və qırıntılarının çeşidlənməsi sahəsində fəhlə, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Bakı X3 metaləritmə sexində hazır məhsulun nəzarətçisi, xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək məftilçəkmə sexində hazır məhsulun nəzarətçisi vəzifələrində, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" MMC-də laborant vəzifəsində işləmişdir. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən onun xx.xx.2006-ci il tarixədək olan 15 il 11 ay 11 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 12151,56 manat müəyyən edilmişdir. Bu tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 2759,11 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçının apellyasiya şikayətində əmək kitabçasında qeyd edilən "xxxx" ASCdə olsn güzəştli iş stajı olduğunu iddia etdiyi əmək fəaliyyəti dövrlərinə aid əmək haqqı cədvəllərinin, əmrlərin, eləcə də digər sənədlərin arxivlərinin müəssisədə xx.xx.2013-cu il tarixdə baş vermiş yanğında yandığını bildirmişdir. Bu səbəbdən də iddiaçı həmin dövrlərin təsdiq edilməsinə dair əlavə sənəd təqdim edilə bilmədiyini qeyd etmişdir. Bu faktı sübut etmək üçün iddiaçı məhkəmədə Xəzər RPİ-nin 1-ci PB-nin xx.xx.2013-cü il tarixli qərarına əsaslanaraq yanğın səbəbindən müəssisənin hər hansı arxiv sənədi təqdim etməsinin mümkünsüz olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli qərarında həmin yanğınla əlaqədar olaraq iddiaçının 1990-2004-cü illərdə Bakı X3 işləməsini təsdiq edən işə qəbul, işdən çıxma barədə əmrlərin və əmək haqqı cədvəllərinin nə inzibati icraat çərçivəsində, nə də məhkəmə icraatında əldə edilməsinin mümkün olmaması barəsində nəticəyə gəlmişdir. Belə ki, məhkəmənin inzibati işin mahiyyəti üzrə haqlı mövqeyi iddiaçının Bakı Alüminium-Yayma Zavodunda işləməsi ilə bağlı əmək kitabçasındakı qeydlərin mötəbər hesab edilməməsi barəsində olmuşdur. Bakı İnzibati Məhkəməsinin qərarı qanuni və əsaslıdır. İddiaçının apellyasiya şikayətinin təmin edilməməsi və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-495/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2-1(112)-2923/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2305/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-495/2023 nömrəli iş üzrə 04 may 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraza əlavə daxil olmuşdur. Etiraza əlavədə qeyd olunur: Məhkəmə baxışı zamanı Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli məktubu və orda qeyd olunanlara əsas olan sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə baxış zamanı X2 iş qovluğunda yalnız 2000-ci ilin İ-İİİ, 2001-ci ilin İ, İİ, 2002-2005-ci illərin İ-İV rüblərinə dair haqq-hesab cədvəllərinin mövcud olduğu müəyyən olunmuşdur. Sözügedən cədvəllərdə müəssisə tərəfindən ödənilməli olan maliyyə məbləğləri və müəssisənin borcları əks olunmuşdur. Həmin sənədlərdə qeyd olunan məlumatlar ilə iddiaçının həmin müəssisədə (“X6”nda, sonradan isə "xxxx" ASC-də) işləyib əməkhaqqı alması arasında səbəbli əlaqə yoxdur. Həmin məlumatlar müəssisənin hüquqi olaraq mövcud olması ehtimalını yaratsa belə, onun faktiki olaraq mövcud olub, fəaliyyət göstərdiyinə əsas vermir, eləcə də iddiaçının orada işləməsinə dair hər hansı şübhə yaratmır. Beləliklə, hazırki iş üzrə iddia tələbinin təmin edilməməsinə dair əvvəlki məhkəmə qərarları işin bu faktiki halına münasibətdə qanuni və əsaslıdır. Keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli 222 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin Bakı X2 bazasında "xxxx" ASC yaradılmış və həmin səhmdar cəmiyyətin səhmlərinin özəlləşdirilməsi tam başa çatdırılsa da, Səhmdar Cəmiyyətin özəlləşdirmə planında səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında iddiaçının adı qeyd edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Açıq tipli səhmdar cəmiyyətinə çevrilən dövlət müəssisələrinin səhmlərinin əmək kollektivinə güzəştli satışı haqqında» Əsasnamənin 2.1-ci bəndinə əsasən, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və İİ Dövlət Proqramına uyğun olaraq dövlət müəssisəsinin özəlləşdirilməsi zamanı səhmləri güzəştli almaq hüququ əsas iş yeri həmin müəssisə hesab edilən işçilərə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həmin müəssisədə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslərə, özəlləşdirmənin müəssisədə 7 (yeddi) ildən çox çalışmış və həmin müəssisədən pensiyaya çıxmış şəxslərə, 1995-ci il yanvarın 1-dən sonra işçilərin sayı və ştatların ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz kimi qeydiyyata alınmış şəxslərə aiddir. Müəssisənin özəlləşdirilməsinə başlanılmış xx.xx.2000-ci il tarixədək iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbər hesab edilidiyi halda müəssisədə 15 ildən çox iş stajı olacaqdır ki, bu halda iddiaçının adı siyahıda olmalı idi. Hazırda isə səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adının qeyd edilməməsi onun 2000- 2004-cü il tarixlərdə müəssisədə işləmədiyi göstərir. Bakı İnzibati Məhkəməsinin qərarı qanuni və əsaslıdır. İddiaçının apellyasiya şikayətinin təmin edilməməsi və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq Sizə münasibətdə 50397,89 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18622,02 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş X2 (hazırda "xxxx" ASC-nin (SUN:**********8; VÖEN:**********)) 2000-2005-ci illər üzrə hesablanıb ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatdan görünür ki, yalnız 2004-cü ildə 241 manat MDSS ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisdadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı“na uyğun olaraq keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli 222 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin Bakı X2 bazasında "xxxx" ASC yaradılmış və həmin səhmdar cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2020-ci il tarixdə tam başa çatdırılmışdır. Səhmdar Cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı qeyd edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına daxil olmuş, X6 (hazırda "xxxx" ASC (SUN: **********8; VÕEN **********)) tərəfindən 2000-2004-cü illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları və həmçinin İddiaçı (SSN: **********885) xeyrinə məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi ilə bağlı sorğunuza baxılmışdır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlayaraq aparıldığından 2006-cı il tarixdən əvvəlki dövrlər üzrə məlumatların təqdim edilməsi mümkün deyildir. Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialından əldə edilmiş X2 iş qovluğunda olan 2003-cü ilə dair məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat məlumatlarına əsasən 1.205.000,00 manat (241,00 manat) məbləğində məcburi dövlət sosial sığorta haqqı Fondun hesabına köçürülmüşdür. Sığortaedənin iş qovluğunda olan 2000-2002 və 2004-cü illərə dair məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlarda Fondun hesabına köçürülmüş məcburi dövlət sosial sığorta haqları üzrə hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisdadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur: İddiaçı adının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin emissiya prospektində olub-olmaması ilə bağlı məlumatın təqdim barədə sorğunuza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 222 nömrəli sərəncamı ilə Metallurgiya Dövlət Şirkətinin tabeliyində olmuş Bakı X2 bazasında "Şüvəlan” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2020-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Xidmətin arxivində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş işçilərin siyahısında İddiaçı adı aşkar edilmədi. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisdadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur: İddiaçı adının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əmək kollektivinin siyahısında olmamasının səbəbləri ilə bağlı məlumatların təqdim edilməsi barədə sorğunuza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na əsasən özəlləşdirilən bütün orta və iri dövlət müəssisələri (və ya onların struktur bölmələri) əvvəlcə səhmdar cəmiyyətlərə çevrilir və sonradan özəlləşdirilir. Bu məqsədlə hər bir müəssisədə (birlikdə) müəssisə rəhbəri tərəfindən əmək kollektivinin rəyi nəzərə alınmaqla özəlləşdirmə komissiyası yaradılır. Özəlləşdirmə komissiyası müəssisə tərəfindən təqdim olunmuş sənədlər əsasında dövlət müəssisəsinin özəlləşdirmə planını və ona əlavə olunan sənədlər, o cümlədən səhmləri güzəştlə satın almaq hüququ olan işçilərin siyahısını hazırlayaraq təsdiq olunmaq üçün Xidmətə təqdim edir. Müəssisənin rəhbəri və baş mühasibi Xidmətə təqdim olunan sənədlərin dürüstlüyü üçün şəxsən məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 222 nömrəli sərəncamı ilə Metallurgiya Dövlət Şirkətinin tabeliyində olmuş Bakı X2 bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2020-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Xidmətin arxivində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş və müəssisənin direktoru tərəfindən təsdiq olunmuş Bakı X2 işçilərinin ümumi siyahısında İddiaçı adı qeyd edilməmişdir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə doğulmuşdur. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh inzibati orqanına müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci ilədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2022-ci ilədək qüvvədə olan redaksiyasına əsasən əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 52 yaşı xx.xx.2019-cu ildə tamam olduğuna görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, iddiaçı əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını «Əmək pensiyaları haqqında» Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsun. İş materiallarında olan sənədlərdən isə görünür ki, iddiaçının xx.xx.2006-cı ilədək ümumi iş stajı 20 ildən, güzəştli iş stajı 10 ildən az təşkil edir. İş materiallarında olan İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci ilə qədər “Xüsusi Zaqafqaziya idarəsi”ndə elektromühərriklərin təmiri üzrə sexdə 2-ci dərəcəli sarıyıcı, xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək “Bakı Alüminium Prokatı Zavodu”nda metaləridici sexində nəzarətçi, xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixə qədər ”Xırdalan meşə melorasiya stansiyası”nda kiçik laborant, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixə kimi “Bakı Alüminium Prokatı Zavodu”nda emulsiya bişiricisi, xx.xx.1991-ci ildən xx.xx.1991-ci il tarixədək “Əlvan Metal” Dövlət əlvan metal tullantıları və qırıntılarının çeşidlənməsi sahəsində fəhlə, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər Bakı Alüminium yayama zavodunda metaləritmə sexində hazır məhlulun nəzarətçisi, xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixə kimi məftilçəkmə sexində hazır məhlulun nəzarətçisi vəzifələrində, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixə qədər "xxxx" MMC-də laborant vəzifəsində işləmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, komissiya üzvləri FHN BYNX-nin 4-cü ərazi DYNİnin DYNŞ-nin böyük inspektoru Fərhad Ələkbərov, inspektor d/x kapitanı Arif Quliyev və "xxxx" ASC-nin sədri S.Musayev tərəfindən xx.xx.2003-cü il tarixdə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres yaşayış sahəsində yerləşən "xxxx" ASC-də baş vermiş yanğın haqqında xx.xx.2013-cü il tarixli akt tərtib edilmişdir. Yanğın baş vermə ərəfəsində vəziyyət - yanğın baş verən sahədə heç bir təmir-tikinti işləri aparılmayıb. Obyektin fəaliyyəti 2000ci ildən dayandırılıb. Bundan başqa, Xəzər RPİ-nin 1-ci PB-nin xx.xx.2013-cü il tarixli qərarına əsasən xx.xx.2013-cü il tarixdə 4-cü ərazi DYNİ-nin rəhbərliyindən Şimal Dres yaşayış sahəsi ünvanında yerləşən "xxxx" ASC-də baş vermiş yanğın hadisəsi ilə bağlı toplanmış 004 saylı material daxil olmuşdur. Materialda göstərilmişdir ki, "xxxx" ASC-nin sədri X1 4-cü ərazi DYNİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, ona məxsus "xxxx" ASC-nin arxiv otağında yanğın hadisəsi baş vermişdir. Ərizədə S.Musayev onu da qeyd etmişdir ki, həmin müəssisə 2000-ci il tarixdən fəaliyyətini dayandırmış, həmin müəssisəyə qaz və elektrik enerjisinin verilməsi dayandırılmışdır. Baş vermiş yanğın hadisəsində cinayət tərkibi yaradacaq hər hansı bir fakt yoxdur. Ona görə də qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, məhkəməyə təqdim olunan yanğın aktında müəssisənin 2000-ci ildən fəaliyyətinin dayandırıldığı qeyd edilsə də, iddiaçıya məxsus əmək kitabçası qeydində iddiaçının xx.xx.2004-cü il tarixədək müəssisədə işlədiyi göstərilmişdir. Həmin yanğınla əlaqədar olaraq iddiaçının 1990-2004-cü illərdə Bakı Alümunium-Yayma Zavodunda işləməsini təsdiq edən işə qəbul, işdən çıxma barədə əmrlərin və əmək haqqı cədvəllərinin nə inzibati icraat çərçivəsində, nə də hazırkı məhkəmə icraatında əldə edilməsi mümkün olmamışdır. "xxxx" ASC xx.xx.2013-cü ildə zavodda yanğın baş verdiyindən zavodun arxiv sənədlərinin yandığını və bu səbəbdən iddiaçıya heç bir sənəd verilə bilmədiyini, iş materiallarına əlavə edilmiş güzəştli arayışın isə əmək kitabçası qeydlərinə əsasən verdiyini qeyd etmişdir. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2305/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi filialı tərəfindən xx.xx.2021-ci il tarixində Bakı İnzibati Məhkəməsinə ünvanlanmış məktubunda qeyd edilir ki, müraciətinizlə əlaqədar olaraq sığortaedən “X6”nun (hazırda "xxxx" ACS-nin (SUN: **********8; VÖEN: **********)) 2000-2005-ci illər üzrə hesablanıb ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatı təqdim edirik. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi yanğın aktında olan məlumata əsaslanaraq 2000-ci ildən müəssisənin fəaliyyəti olmadığını bildirib əmək kitabçasında qeyd edilən 2000-2004-cü illəri ümumi staj kimi qəbul etməmişdir. Lakin məhkəmə "xxxx" ACS-nin 2000-2005-ci illər üzrə hesablanıb ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatın təqdim edilməsi barədə xx.xx.2021-ci il tarixli məktubu diqqətə almamışdır. Eyni dövr üzrə yanğın aktında müəssisənin işləmədiyi, DSMF-nin məktubunda isə MDSSH ödənildiyi bildirilmişdir. Apelyasiya instansiyası məhkəməsi bu ziddiyyətli məqamla bağlı araşdırma və hüquqi qiymətləndirmə aparmamış, təqdim edilən sənədlər arasında olan ziddiyyətin aradan qaldırılması üçün tədbir görməmiş, qərarında buna münasibət bildirməmişdir. Apelyasiya instansiyası məhkəməsi təkrar işə baxan zaman iş yerinə sorğu göndərərək "xxxx" ASCnin 2000-2004-cü illər ərzində fəaliyyət göstərib-göstərmədiyini, bunu təsdiq, yaxud inkar edən sübutları tələb etməli, həmçinin iddiaçının adının Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilən siyahıda hansı səbəbdən olmadığını yoxlamalı, Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi filialına sorğu göndərərək məcburi dövlət sosial sığorta haqlarına dair 2000-2004-cü illər üzrə müəssisə barədə daxil olan məlumatları almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarındakı göstərişlərinə uyğun olaraq araşdırma aparılmış, müvafiq məhkəmə sorğuları göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə sorğuya cavab olaraq ünvanlanmış xx.xx.2024cü il tarixli məktubdan görünür ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlayaraq aparıldığından 2006-cı il tarixdən əvvəlki dövrlər üzrə məlumatların təqdim edilməsi mümkün deyildir, Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialından əldə edilmiş X2 iş qovluğunda olan 2003cü ilə dair məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat məlumatlarına əsasən 1.205.000,00 manat (241,00 manat) məbləğində məcburi dövlət sosial sığorta haqqı Fondun hesabına köçürülmüşdür, lakin sığortaedənin iş qovluğunda olan 2000-2002 və 2004-cü illərə dair məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlarda Fondun hesabına köçürülmüş məcburi dövlət sosial sığorta haqları üzrə hər hansı bir məlumat aşkar edilməmişdir. Göründüyü kimi, X6 tərəfindən yalnız 2003-cü ilə dair məcburi dövlət sosial sığorta haqqı Fondun hesabına köçürülmüş, 2000-2002 və 2004-cü illərə dair Fondun hesabına köçürülmüş məcburi dövlət sosial sığorta haqları üzrə hər hansı bir məlumat aşkar edilməmişdir. Qeyd olunan sənədlərdə isə iddiaçıya aid hər hansı məlumat olmadığı üçün onun həmin dövrdə iddiaçının X3 işləməsi faktı öz təsdiqini tapmır. Eyni zamanda, Azərbaycan Respublikasının İqtisdadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bakı Apellyasiya Məhkəməsinə sorğuya cavab olaraq ünvanlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na əsasən özəlləşdirilən bütün orta və iri dövlət müəssisələri (və ya onların struktur bölmələri) əvvəlcə səhmdar cəmiyyətlərə çevrilir və sonradan özəlləşdirilir. Bu məqsədlə hər bir müəssisədə (birlikdə) müəssisə rəhbəri tərəfindən əmək kollektivinin rəyi nəzərə alınmaqla özəlləşdirmə komissiyası yaradılır. Özəlləşdirmə komissiyası müəssisə tərəfindən təqdim olunmuş sənədlər əsasında dövlət müəssisəsinin özəlləşdirmə planını və ona əlavə olunan sənədlər, o cümlədən səhmləri güzəştlə satın almaq hüququ olan işçilərin siyahısını hazırlayaraq təsdiq olunmaq üçün Xidmətə təqdim edir. Müəssisənin rəhbəri və baş mühasibi Xidmətə təqdim olunan sənədlərin dürüstlüyü üçün şəxsən məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 222 nömrəli sərəncamı ilə Metallurgiya Dövlət Şirkətinin tabeliyində olmuş Bakı X2 bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2020-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Xidmətin arxivində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş və müəssisənin direktoru tərəfindən təsdiq olunmuş Bakı X2 işçilərinin ümumi siyahısında İddiaçı adı qeyd edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarındakı göstərişlərinə uyğun olaraq "xxxx" ASC-nin 2000-2004-cü illərdə fəaliyyət göstəribgöstərməməsi və həmin dövrdə məcburi dövlət sosial sığorta haqlarının ödənilibödənilməməsi barədə məlumatların və müvafiq sənədlərin, iddiaçı ilə bağlı əmək haqqı cədvəllərinin və əmr kitablarından çıxarışların, habelə iddiaçının adının əmək kollektivinin siyahısında olmamasının səbəbləri barədə məlumatın məhkəməyə təqdim edilməsi üçün iddiaçının işlədiyi "xxxx" ASC-yə dəfələrlə sorğu göndərilməsinə baxmayaraq, "xxxx" ASC tərəfindən qeyd olunanlarla əlaqədar məhkəmə sorğusuna cavab verilməmişdir. Qeyd olunanlara əsasən iddiaçının Bakı Alümunium-Yayma Zavodunda işləməsi ilə bağlı əmək kitabçasındakı qeydlər mötəbər hesab edilmir. Belə ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 222 nömrəli sərəncamı ilə Metallurgiya Dövlət Şirkətinin tabeliyində olmuş Bakı X2 bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2020-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş və müəssisənin direktoru tərəfindən təsdiq olunmuş Bakı X2 işçilərinin ümumi siyahısında iddiaçının adı qeyd edilməmişdir. Halbuki müəssisələr özəlləşdirilərkən hər bir müəssisədə (birlikdə) müəssisə rəhbəri tərəfindən əmək kollektivinin rəyi nəzərə alınmaqla özəlləşdirmə komissiyası yaradılır və özəlləşdirmə komissiyası müəssisə tərəfindən təqdim olunmuş sənədlər əsasında işçilərin siyahısını hazırlayaraq təsdiq olunmaq üçün Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edir, müəssisənin rəhbəri və baş mühasibi Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim olunan sənədlərin dürüstlüyü üçün şəxsən məsuliyyət daşıyırlar. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı ilədək ümumi iş stajı 20 ildən, güzəştli iş stajı isə 10 ildən azdır. Bu səbəbdən də onun 52 yaşının tamam olduğu xx.xx.2019-cu ildən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2923/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar