Məhkəmə qərarları › İş №2-1(103)-1184/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1184/2021

27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1184/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Həmid Üzeyir oğlu Həmidovdan və Xumar Afət qızı Mərdanovadan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi, İddiaçı cavabdeh Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1527/2020 saylı 02 iyul 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 27 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarıqəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: AA seriyalı 374379 saylı 23.11.2019-cu il tarixliu məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 02/530 saylı 31 may 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı 1988-ci ildən 1991-ci ilə qədər Ağdam şəhərində təşkil olunmuş özünümüdafiə dəstələrinin tərkibində erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Əsas olaraq Ağdam şəhər Mənzil Kommunal İstismar İdarəsinin təqdim etdiyi siyahı və 07 may 2019-cu il tarixli 288 saylı arayış göstərilmişdir. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "xxxx" Departamentinin Ağdam Avtokombinat MMC tərəfindən verilmiş 35 saylı 31 may 2013-cü il tarixli arayışdan görünür ki, İddiaçı 01.08.1976-cı il tarixdən 01.04.1992-ci il tarixə kimi Ağdam 2711 saylı hərbiləşdirilmiş Avtodəstədə sürücü işləmişdir. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "xxxx" Departamentinin Ağdam Avtokombinat MMC tərəfindən verilmiş 38 saylı 31 may 2013-cü il tarixli arayışdan görünür ki, Ağdam 2711 saylı Avtodəstəyə məxsus möhür və ştamp 1992-ci ildə dəyişdirilərək Ağdam Avtokombinat, 2006-cı ildə Ağdam Avtokombinat MMC olmuşdur. Ağdam Rayon İcra Hakimiyyətinin 02/121 saylı 04 mart 2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin siyahısında xx.xx.1954-cü il təvəllüdlü Ağdam rayon sakini İddiaçı adı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmişdir. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış N/2895 saylı 09.08.20198-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 saylı qərarına istinad olunaraq, özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşlərdə iştirak etməsini sübut edən əsasverici sənədlər olduğu təqdirə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxıla bilər. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1988-1993-cü illərdə Ağdam rayonunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə fəal iştirak etmişdir. Müharibədə fəal iştirak etməsinə baxmayaraq ona hələ də “müharibə veteranı” adı və vəsiqəsi verilməmişdir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin edilməsindəın imtina olunmuşdu. Onun müharibədə iştirakını şahidlər və Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavinin 31.05.2019-cu il tarixli arayışı təsdiq edir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd olunan qanunvericilik aktının tələblərinə əsasən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. İddiaçı iddia tələbinin əsası kimi Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 31 may 2019-cu il tarixli müvafiq arayışa istinad edir. Həmin arayışdan başqa iddiaçının döyüşlərdə iştirakını sübut edən hər hansı digər sənəd mövcud deyildir. Həmin arayış isə İcra Hakimiyyəti olmadan və arxiv sənədlərinə istinad edilmədən tərtib edilmişdir. İddiaçının 1988-ci ildən 1991-ci ilədək döyüşlərdə iştirak etməsini, məlum hadisələrdən 28 il sonra, yəni 2019-cu ildə tərtib edilmiş siyahı ilə müəyyən edilməsi məhkəmə tərəfindən əsas və sübut kimi götürə bilməz. Həmin siyahı iddiaçının həqiqətən də qeyd etdiyi dövrdə döyüşlərdə iştirak etməsini təsdiq edən mötəbər sübut kimi hesab edilə bilməz. İddiaçı Ağdam rayon özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1527/2020 saylı 02 iyul 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı Mürsüb oğlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Ağdam rayon İcra Hakimiyyətinin verdiyi 31.05.2019-cu il tarixli arayış mötəbər sübut kimi qəbul edilməməklə səhvə yol verilərək mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1676/2020 saylı 21 oktyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1527/2020 saylı 02 iyul 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-256/21 saylı 13 yanvar 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1676/2020 saylı 21 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: 27.10.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdeh Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 15.09.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Ələkbərov Nizami Kamandar oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 09.08.2019-cu il tarixdir. İddiaçı iddia ilə məhkəməyə 10.09.2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı tələbi “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından onun döyüşlərdə iştirak etməsini sübut edən əsasverici sənədlərin təqdim edilməməsi səbəbi ilə imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin siyahısının surətinin, həmin siyahıda İddiaçı adının qeyd edilməsinə əsas olmuş sənədlərin qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməməsinə, həmçinin iddiaçının döyüşlərdə iştirakını təsdiq edən başqa sənədlərin mövcud olmamasına istinad edərək iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları diqqətə çəkir. Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin qeyd hissəsinə əsasən isə bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 25.04.2006-cı il tarixli Fərmanına əsasən «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsi və 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti, 7-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində (müharibə veteranı, Silahlı Qüvvələr veteranı adlarının verilməsi ilə əlaqədar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər. Həmin bəndin 11-ci yarımbəndinə görə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin (28 sentyabr 2018-ci il tarixə olan dəyişikliyə əsasən) 1-ci bəndinin tələbinə görə “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd 1.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.1.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin tələblərinə görə, hərbi biletdə olan qeydlər, müharibə veteranı vəsiqəsinin verilməsi üçün kifayət etmir, şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları cavabdeh inzibati orqana təqdim edilməlidir. Hazırki işdə cavabdeh inzibati orqan iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən sübutların təqdim edilməməsinə istinad edir. Birinci instansiya məhkəməsi və işə apellyasiya qaydasında birinci dəfə baxılarkən məhkəmələr iddianın rədd edilməsi qənaətinə gəlmişlər. Lakin iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış kassasiya intansiyası məhkəməsi həmin mövqe ilə razılaşmamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-259/21 saylı 19 yanvar 2021-ci il tarixli qərarında qeyd olunmuşdu ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi 21 oktyabr 2020-ci il tarixli qərarında göstərmişdir ki, “«Birinci instansiya məhkəməsi araşdırması dövründə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 noyabr 2016-cı il tarixli, 438 nömrəli Qərarının 2-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin siyahısına İddiaçı adının qeyd edilməsinə əsas olmuş sənədlərin qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərinin məhkəməyə göndərilməsi sorğu əsasında Ağdam Rayon İcra Hakimiyyətindən tələb edilmişdir. Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən 02/121 saylı, 04 mart 2020-ci il tarixli məktubla məhkəmə sorğusuna cavab olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin siyahısında xx xxxx 1954cü il təvəllüdlü Ağdam rayon sakini İddiaçı adı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmişdir. Lakin siyahının surəti və həmin siyahıda İddiaçı adının qeyd edilməsinə əsas olmuş sənədlərin qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilməmişdir».” Apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəyə baxarkən İnzibati Prosessual Məcəllənin həm 12.1-ci və həm də 82-ci maddələrini pozaraq birinci instansiya məhkəməsinin Ağdam rayon İcra Hakimiyyətinə göndərdiyi sorğu ilə və ona verilmiş cavabla kifayətlənmiş, halbuki sözügedən siyahının surəti və digər sənədlər lazım olduğu halda apelyasiya instansiyası məhkəməsi həmin sənədlərin əldə edilməsi üçün özü Ağdam rayon İcra Hakimiyyətinə müraciət etməli idi. Eyni ilə işin 3-cü səhifəsində olan cavabdehin iddiaçıya verdiyi 09 avqust 2019-cu il tarixli imtina məktubunda da deyilir ki, «yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)», lakin cavabdeh bu sənədlərin hansı sənədlər olmasını konkret yazmır və dəqiqləşdirmir. Lakin apelyasiya instansiyası məhkəməsi həmin məsələni ümumiyyətlə araşdırmamışdır. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəyə təkrar baxarkən işdə Ağdam rayon İcra Hakimiyyətinin Ağdam şəhər sakini İddiaçı 1988-ci ildən 1991-ci ilə qədər Ağdam şəhərində təşkil olunmuş özünümüdafiə dəstələrinin tərkibində erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etməsi barədə 31 may 2019-cu il tarixli, 02/530 saylı arayış (iş səhifəsi 4) və Ağdam şəhər Mənzil-Kommunal İstismarı İdarəsinin bu faktı təsdiqləyən siyahısı (iş səhifəsi 98–100) ki, həmin sənədlər Nazirlər Kabinetinin məlum 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarına uyğun verildiyi halda, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün daha hansı sənədlərin təqdim edilməsinin zəruri olduğunu (konkret maddi hüquq normalarına istinad etməklə) araşdırmalı və bunun nəticəsində iş üzrə qanuni və əsaslı qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bu məqsədlə hazırki işə apellyasiya qaydasında yenidən baxılarkən cavabdeh inzibati orqanla iddiaçının tələbinin təmin olunması üçün zəruri olan- onun döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən sübutların nədən ibarət olması məsələsi aydınlaşdırılmışdır. Bu barədə cavabdehin məhkəməyə təqdim etdiyi 17.07.2021-ci il tarixli məktubunun məzmunundan görünür ki, döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə, sidahların təhkim olunması barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, arxiv arayışları, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən öaşqa sənədlər nəzərdə tutulur. Bununla bağlı, həmçinin kassasiya instansiya məhkəməsinin qərarında qeyd olunanlarla bağlı Ağdam rayon Mənzil Kommunal İstismar İdarəsi tərəfindən verilmiş 01.02.1988-ci ildən 09.10.1991-ci ilə kimi rayonun müdafiəsi üçün özünümüdafiə dəstələrində iştirak etmiş sakinlərin siyahısında adı olan (adı siyahıda 24-cü sırada qeyd edilmişdir) İddiaçı özünümüdafiə dəstələrində iştiraka cəlb olunmasını və adıçəkilən siyahıya adının salınmasına əsas verən sənədlərin, o cümlədən onun döyüşlərdə iştirakını sübut edən Ağdam rayon İcra Hakimiyyətində mövcud olan digər sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı Ağdam rayon İcra Hakimiyyətinə müvafiq sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Ağdam rayon İcra Hakimiyyəti tərəfindən 15.07.2021ci il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 438 saylı 03.11.2016-cı il tarixli qərarının 2-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin siyahısında xx.xx.1954-cü il təvəllüdlü Ağdam rayon sakini İddiaçı adı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmişdir. Əsas olaraq Ağdam şəhər Mənzil Kommunal İstismar İdarəsinin təqdim etdiyi siyahı göstərilmişdir. Eyni zamanda məhkəmə tərəfindən 16.09.2021-ci il tarixdə təkrarən verilmiş sorğuya cavab olaraq 28.10.2021-ci il tarixdə verilmiş məktubdan görünür ki,xx.xx.1954-cü il təvəllüdlü Ağdam rayon sakini İddiaçı özünümüdafiə dəstələrində iştiraka cəlb olunmasını, adıçəkilən siyahıya onun adının salınmasına əsas verən sənədləri, silahın İddiaçı təhkim olunması barədə əmrin, onun döyüşlərdə yaralanması və ya təltif olunması haqqında sənədlərin, post kitabının təhvili, o cümlədən onun döyüşlərdə iştirakını sübut edən digər sənədlərin Ağdam rayon İcra Hakimiyyətində mövcud olmadığı bildirilmişdir. Beləliklə, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri olan iddiaçının döyüşlərdə iştirak etməsini təsdiq edən sübutlar mövcud olmadığından həmin şərt ödənilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, inzibati qanunvericiliyin tələbinə görə, hazırki işdə iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün əsas yaradan halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşdüyü halda, iddiaçı bu halları əsaslandıra bilməmiş və bu barədə lazımi sübutu da təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1527/2020 saylı 02 iyul 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1527/2020 saylı 02 iyul 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Həmid Həmidov Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar