Məhkəmə qərarları › İş №2-1(103)-1184/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1184/2023

09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1184/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12738/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasındakı hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdehin 02 avqust 2022-ci il tarixli KA-1603 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdehin üzərinə iddiaçının 05 iyul 2022-ci il tarixli vəsatətini təmin edərək iddiaçıya və onun ailəsinə qaçqın statusu verilməsi vəzifəsinin qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 45 yaşlı Suriya Ərəb Respublikasının vətəndaşıdır, onun üç qızı və iki oğlu var. 3 övladı Azərbaycanda doğulmuş və bütün ailə üzvləri Azərbaycan dilini yaxşı bilir, özlərini azərbaycanlı kimi hiss edirlər. Bu da iddiaçının və onun ailəsinin nə dərəcədə Azərbaycana bağlı olduğunu göstərir. İddiaçı 2000-ci ilin əvvəllərindən Azərbaycanda yaşayır. 2010-cu ildə öz ölkəsinə qayıtmışdır. 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlamışdır. Vətəndaş müharibəsi başlanandan sonra iddiaçı müxalif olduğuna görə 2013-cü ildə nikahından sonra əks qüvvələr tərəfindən təqib ediləcəyi qorxusu ilə mənşə ölkəsini tərk etdiyini iddia edir. Onun sözlərinə görə 2011-ci ildən vətəndaş müharibəsi başlanıldığına görə əks qüvvələr tərəfindən dəfələrlə hədələnib və həmin vaxtdan müəyyən edilib öldürüləcəyindən qorxduğundan 2013-cü ildən Suriyanı tərk etmişdir. Onun Suriyada yaşadığı evə çağırış arayışı gəlmişdir. X7 Respublikası Daxili İşlər Nazirliyi Baş Kəşfiyyat İdarəsi tərəfindən göndərilib. Həmin arayışa əsasən guya iddiaçı istintaqa cəlb olunmalıdır, lakin reallıqda iddiaçı Suriyaya qayıdacağı halda digər soydaşları kimi taleyi naməlum olacaq və öldürüləcəkdir. İddiaçı 2013-cu ildən Azərbaycana gəlib. İddiaçı sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini qeydiyyata alıb və iddiaçı ilə müsahibə aparıb. O bildirib ki, təqib ediləcəyindən qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmir. 02 avqust 2020-ci ildə Dövlət Miqrasiya Xidməti K/A-1603 saylı qərarı ilə onun sığınacaq vəsatətini rədd edib. Dövlət Miqrasiya Xidməti qərarını onunla əsaslandırıb ki, iddiaçının iddiaları əsaslı deyil və yeni hal aşkar edilməyib, halbuki çağırış arayışının yeni hal kimi nəzərə alınması zəruridir. İş materiallarına əlavə olunan poçt qəbzindən də göründüyü kimi iddiaçı Dövlət Miqrasiya Xidmətinin qərarını 8 sentyabr 2022-ci il tarixində qəbul etmişdir. Ona görə müddəti ötürməmişdir. Cavabdeh etirazında göstərmişdir ki, iddiaçı 01 iyul 2019-cu il tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Müsahibə zamanı o, Suriya Ərəb Respublikasının Al-Raqqa şəhərində doğulduğunu, milliyyətcə ərəb, dini etiqadına görə müsəlman (sünni) olduğunu, 1983-1988-ci illərdə Hələb şəhərində “Tofi əl-Ələbi” adlı məktəbdə ibtidai təhsil aldığını, ailəsinin maddi vəziyyəti ağır olduğu üçün erkən yaşlarından işləməyə məcbur qaldığını, bu səbəbdən də təhsili yarımçıq saxladığını söyləmişdir. O, əvvəl ölkəsində “Ramusi” şirkətində (kolbasa istehsalı ilə məşğul olan), sonra Türkiyənin Adana şəhərində kolbasa istehsal edən şirkətdə çalışdığını, 2000-ci ildə Azərbaycana gələrək 2008-ci ilə qədər kolbasa sexində işlədiyini, sonra ailə qurmaq məqsədilə yenidən ölkəsinə qayıtdığını bildirmişdir. Ərizəçi daha sonra 2012-ci ildə yenidən işləmək məqsədilə Azərbaycana gələrək bir müddət (təxminən 4 ay) Gəncə şəhərində kolbasa sexində çalışdığını, lakin Suriyada ümumi vəziyyət pisləşdiyi üçün Suriyaya qayıtmalı olduğunu qeyd etmişdir. İddiaçı Suriyaya qayıtdıqdan sonra hərbi mükəlləfiyyətli olduğu üçün hökumət tərəfindən məcburi şəkildə müharibəyə cəlb edildiyini, 2 ay döyüşdükdən sonra ailəsi ilə görüşmək məqsədilə 4 günlük icazə aldığını, həmin müddətdə ailəsi ilə birlikdə qeyri-qanuni yolla Türkiyənin Qaziantep şəhərinə qaçdıqlarını, təxminən 2-3 ay orada qaldıqdan sonra münasib iş tapa bilmədiyinə görə Misirə getdiyini, 4 ay orada işləyib pul topladıqdan sonra ailə üzvlərini də Misirə gətirdiyini, 27 avqust 2013cü il tarixdə isə ailə üzvləri ilə birlikdə qanuni yolla Azərbaycana gəldiklərini bildirmişdir (həmçinin ərizəçinin arvadı Sana Aljanid ilə keçirilən müsahibə zamanı o, da ərinin dediklərini təkrar edərək Suriyada ümumi vəziyyətin qeyri-stabil olduğunu, müharibə getdiyini, həmçinin ərinin hökumət tərəfindən döyüşlərə cəlb edildiyini, bu səbəbdən də Suriyanı tərk etdiklərini qeyd etmişdir). İcraat zamanı inandırıcılığın qiymətləndirilməsi üzrə ərizəçinin söylədiyi faktlarda bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, ərizəçinin 2013-cü ildə qaçqın statusu verilməsi ilə bağlı vəsatəti qeydiyyata alınarkən ölkəsini tərk etməsinin səbəbləri ilə bağlı dedikləri ilə 2019-cu il tarixdəki müraciəti zamanı dedikləri arasında bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, İddiaçı ilkin müraciəti zamanı ölkəsini qeyri-stabil vəziyyətə görə tərk etdiklərini bildirmiş, axırıncı dəfə (2012-ci ildə) Suriyaya qayıdarkən müharibədə iştirak etməsi və ya hökumət tərəfindən döyüşlərə cəlb olunması barədə hər hansı məlumat verməmişdir. Sonuncu müraciət zamanı müsahibəsində isə döyüşlərə cəlb olunduğu barədə məlumat verməsi onun dediklərini inandırıcılıq baxımından şübhə altına almışdır. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra onun şəxsi işi “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası Qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 12 saylı protokolu). Beləliklə, şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından DMX tərəfindən əcnəbi şəxsə münasibətdə əsaslı olaraq qərar qəbul edilmişdir. Həmin qərar şəxsə xx.xx.2019-cu il tarixdə şəxsə təqdim edilmişdir. Şəxs həmin qərarı məhkəmə qaydasında mübahisələndirmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-604/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Şəxsin xx.xx.2022-ci il tarixli vəsatətinə gəldikdə isə bildirilir ki, ərizədə qaçqın statusunun verilməsi ilə bağlı yeni hallar aşkar edilmədiyindən (həmçinin, şəxs hal-hazırda BMT QAKın himayə sənədi əsasında yaşaması nəzərə alınaraq) onun müraciəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12738/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qərardadı (hakim H.Ağalarov) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki qərardad vətəndaşın vəziyyətini pisləşdirir, çünki iş materiallarına əlavə olunan Suriya Ərəb Respublikası Daxili İşlər Nazirliyi Baş Kəşfiyyat İdarəsi tərəfindən göndərilən arayışa əsasən guya ərizəçi istintaqa cəlb olunmalıdır lakin reallıqda ərizəçi Suriyaya qayıdacağı halda digər soydaşları kimi taleyi naməlum olacaq və Əsəd qüvvələri tərəfindən öldürüləcəkdir. Suriya Ərəb Respublikası Daxili İşlər Nazirliyi Baş Kəşfiyyat İdarəsi tərəfindən göndərilən arayış 2 ay əvvəl Türkiyədəki Suriyalı qohumları tərəfindən iddiaçıya çatdırılıb. Bu arayış bundan öncəki məhkəməyə müraciətində iş materiallarına əlavə olunmayıb və yeni hal kimi meydana çıxıb. Bakı İnzibati məhkəməsinin 1(112)-604/2021 saylı, xx.xx.2021 -ci il tarixli qərarından da görünür ki, bu arayışa istinad olunmayıb ona görə də yeni hal kimi nəzərə alınması zəruridir. Arayışın məzmunu yuxarıda qeyd olunub və əsassız olaraq iddiaçının istintaqa cəlb olunacağı bildirilib. Vətəndaş müharibəsi başlanandan sonra ərizəçi müxalif olduğuna görə 2013-cü ildə nikahından sonra Bəşər Əsəd qüvvələri tərəfindən təqib ediləcəyi qorxusu ilə mənşə ölkəsini tərk etdiyini iddia edir. Ərizəçinin sözlərinə görə O, 2011-ci ildən vətəndaş müharibəsi başlanıldığına görə Əsəd qüvvələri tərəfindən dəfələrlə hədələnib və həmin vaxtdan müəyyən edilib öldürüləcəyindən qorxub ona görə 2013-cü ildən Suriyanı tərk etmişdir. Məhkəmə təqib qorxusunun olmadığını qeyd etsə də, Suriya Ərəb Respublikası Daxili İşlər Nazirliyi Baş Kəşfiyyat İdarəsi tərəfindən göndərilən arayışda açıq aşkar görünür ki, Bəşər Əsəd qüvvələri tərəfindən axtarılır və təslim olacağı halda öldürülmə riski mövcuddur. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək, ona uyğun hüquqi məsələlərə dair izahat verərək, təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. İzahatında bildirdi ki, çağırış arayışı 2017-ci il tarixli olsa da, həmin arayış sonradan iddiaçı tərəfindən əldə edilmiş və notarial qaydada tərcümə edilərək inzibati orqana təqdim edilmişdir. Lakin inzibati orqan İnzibati İcraat haqqında Qanunun normaları pozaraq ərizə üzrə icraatı başlamamışdır. Halbuki, həmin arayışın məzmunu yeni hal kimi nəzərə alınaraq icraat təzələnməli idi. Məhkəmə iclasında iştirak edən iddiaçı vəkilinin dedikləri ilə razı olduğunu bildirərək, apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, 2011-ci ildən vətəndaş müharibəsi başlanandan sonra müxalif olduğuna görə əks qüvvələr tərəfindən dəfələrlə hədələnmiş və 2013-cü ildə təqib ediləcəyi qorxusu ilə ölkəni tərk etmişdir. Onun Suriyada yaşadığı evə çağırış arayışı gəlmişdir. X7 Respublikası Daxili İşlər Nazirliyi Baş Kəşfiyyat İdarəsi tərəfindən göndərilib. Həmin arayışa əsasən o istintaqa cəlb olunmalıdır, lakin reallıqda Suriyaya qayıdacağı halda digər soydaşları kimi taleyi naməlum olacaq və öldürüləcəkdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin olunmaması, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq izahatında bildirmişdir ki, iddiaçı ilk dəfə ona qaçqın statusunun verilməsi ilə bağlı müraciət edən zaman çağırış arayışını təqdim etməmişdir. Hətta müsahibə zamanı da bu arayış barədə məlumat verməmişdir. Həmin arayış onun cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı xəbərdarlıq olmuşdur. İnzibati icraat materiallarında şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məlumat yoxdur. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12738/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilməli, şikayət təmin edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2019-cu il tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. 08 oktyabr 2019-cu il tarixdə qaçqın statusu verilməsindən imtina edilmişdir. Həmin qərardan inzibati qaydada şikayət vermiş və 14 dekabr 2019-cu il tarixli qərarla şikayət təmin edilməmişdir. Daha sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-604/2021 nömrəli, 30 mart 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Daha sonra iddiaçı 05 iyul 2022-ci il tarixli ərizə ilə cavabdehə yenidən müraciət etsə də, qaçqın statusunun verilməsi ilə bağlı yeni hallar aşkar edilmədiyindən icraat başlanılmamışdır. İş materiallarına əlavə olunmuş Suriya Ərəb Respublikası Daxili İşlər Nazirliyi Baş Kəşfiyyat İdarəsinin xx.xx.2017-ci il tarixli 97 nömrəli 92/0114 arayışının notarial qaydada təsdiq olunmuş və Azərbaycan dilinə tərcümə olunmuş surətindən görünür ki, xx.xx.1977ci ildə doğulmuş X8 və anası Enaam xx.xx.2017-ci il tarixində şəxsiyyət vəsiqəsi ilə X1 İstintaq İdarəsində istintaqa cəlb olunmuşdur. Həmçinin, arayışda vaxtında getmədiyi halda ona qarşı qanuni prosedurlar tətbiq olunacağı da qeyd edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı üç ildən sonra yenidən eyni əsaslarla, qaçqın statusunun verilməsi ilə bağlı yeni hallara istinad etmədən müraciət etmiş və hazırkı iddianı irəli sürmüşdür. İddiaçının istinad etdiyi 2017-ci il tarixli çağırış arayışı yeni hal və ya yeni sübut kimi qiymətləndirilə bilməz. Belə ki, üç il əvvəlki müraciətində də hərbi xidmətdən yayındığı üçün axtarışda olduğunu və həbs ediləcəyini bildirmişdir. Hansı ki, həmin hallara da qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə hüquqi qiymət verilmişdir. Göründüyü kimi, inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş çağırış arayışının yeni hal olmamasına istinad edərək, icraatı başlamamış, birinci instansiya məhkəməsi də sözügedən arayışın iddiaçının hərbi xidmətdən yayındığı üçün axtarışda olması ilə bağlı olduğunu qeyd etmiş və yeni hal hesab etməmişdir. Hansı ki, inzibati icraat zamanı qeyd edilən arayışın məzmunu və arayışın məhz iddiaçının hərbi xidmətdən yayındığı ilə bağlı olduğu araşdırılmamışdır. Məhkəmə kollegiyası tərəfindən araşdırma zamanı da cavabdehin səlahiyyətli nümayəndəsi iddiaçı tərəfindən ilkin icraat zamanı qeyd edilən çağırış arayışı barədə məlumatın təqdim edilmədiyini bildirmişdir. Həmçinin, iş materiallarında olan ilkin müraciət üzrə inzibati icraat materiallarından görünür ki, müsahibə zamanı iddiaçı sözügedən çağırış arayışının mövcudluğu, həmçinin, onun məzmunu, istintaqa cəlb edilməsi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati icraat haqqında Qanununun ərizənin baxılmamış saxlanılması və icraatın təzələnməsi ilə bağlı normalarına nəzərə yetirir. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ərizə səlahiyyətli inzibati orqan tərəfindən aşağıdakı hallarda baxılmamış saxlanıla bilər: 34.1.1. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizə vermiş şəxs (şəxslər) barəsində və ərizədə göstərilmiş həmin əsaslar üzrə həmin inzibati orqan və ya müvafiq yuxarı inzibati orqan tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə; 34.1.2. həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda; 34.1.3. bu Qanunun 30-cu və 35.5-ci maddələrində nəzərdə tutulmuş tələblərə əməl olunmadıqda. 34.2. Ərizənin baxılmamış saxlanılması barədə inzibati orqan tərəfindən inzibati akt formasında qərar qəbul edilir. 34.3. Bu Qanunun 34.1.3-cü maddəsində nəzərdə tutulmuş nöqsanlar aradan qaldırıldıqdan sonra inzibati orqana yenidən ərizə ilə müraciət edilə bilər. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. 35.3. Ərizə yalnız o halda qəbul edilir ki, maraqlı şəxs icraatı təzələmək üçün bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş bu və ya digər əsasın əvvəlki icraat zamanı təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 35.4. Ərizə 3 ay müddətində təqdim olunmalıdır. Müddətin axımı icraatı təzələmək üçün əsas olan halların maraqlı şəxsə məlum olduğu gündən başlanır. 35.5. İnzibati icraatı təzələmək üçün təkrar ərizə ilə müraciət etmək imkanı verən əsaslar ərizədə qeyd olunmalıdır. Həmin əsaslar ərizədə qeyd olunmadığı halda inzibati orqan ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir. Qanunvericilik normalarından da aydın olduğu kimi, yeni hallar aşkar edildikdə inzibati orqan icraatı təzələməli, ərizəni yoxlamalıdır. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası araşdırmanın nəticəsi olaraq qeyd edir ki, inzibati icraat materiallarında iddiaçının istintaqa cəlb edilməsi ilə bağlı məlumata rast gəlinməmiş, cavabdeh tərəfindən də bununla bağlı hər hansı sübut əlavə edilməmişdir. Odur ki, sözügedən çağırış arayışı yeni hal kimi nəzərə alınmalıdır. Həmçinin, Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçının hazırki tələbi məcburetmə haqqında iddia olduğundan, inzibati orqan tərəfindən isə ərizə əsasında mahiyyəti üzrə qərar qəbul edilmədiyindən, iş üzrə araşdırma zamanı məhkəmə İnzibati Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən inzibati orqana müddət təyin edə bilər. NƏTİCƏVİ HİSSƏ: İnzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, məhkəmə qərardadının əsaslandırıcı hissəsindəki hüquqi mövqelər nəzərə alınmaqla iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12738/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar