Məhkəmə qərarları › İş №2-1(103)-1184/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1184/2024

26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1184/2024 26.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2803/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli, **********4570 saylı və xx.xx.2021-ci il tarixli **********4578 saylı qərarın ləğv edilməklə 21.000 manat borcun silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya xx.xx.2021-cı il tarixli **********4570 saylı qərarı ilə 20.000 manat və xx.xx.2021-cı il tarixli **********4570 saylı qərarla 1000 manat maliyyə sankisiyası tətbiq edilmişdir. Vergilər Departamenti qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, guya o, fəaliyyət göstərdiyi dərzi sexində işçilərlə əmək müqaviləsi bağlamadan fəaliyyət göstərmiş və kassa aparatı olmamışdır. Vergi əməkdaşları xx.xx.2021-ci il tarixdə qəfil obyektə daxil olarkən o, orada olmamışdır. Onlar təxminən elə 10 nəfərə yaxın adamla obyektə daxil olmuş və orada olan aidiyyəti olan və olmayan şəxsləri məcbur edərək burda guya işlədiklərini əsas gətirərək izahatlar yazdırmışlar. Yuxarıda qeyd etdiyi kimi o, vergi yoxlaması zamanı orada olmamışdır. Bacısı orada olmuşdur. Ona zorla akta imza etdirmək istəyiblər. Digər şəxsləri isə aldadaraq onlara özləri yazmaqla imza etdiriblər. Orada olan şəxslər işçi olmayıblar. Bəziləri parça dalınca gəlmiş, bəziləri hər hansı aksesuar götürməyə gəlmişdilər. Onları işçi kimi qeydiyyata almışlar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2803/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya və kassasiya instansiya məhkəmələrindəki icraat Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandılmış və əlavə olaraq qeyd edilmişdir ki, vergi əməkdaşları 10 nəfərə yaxın adamla qəfil obyektə daxil olmuş və orada olan aidiyyəti olan və olmayan şəxsləri məcbur edərək burada guya işlədiklərini əsas gətirərək izahatlar yazdırmışlar. Orada olan şəxslər işçi olmayıblar. Bəziləri parça dalınca gəlmiş, bəziləri hər hansı aksessuar götürməyə gəlmiş, bir çox insan isə yas mərasiminə yığışmışlar. Məhkəmə cinayət işi üzrə qərara istinad edərək həmin qərarda iddiaçının cinayəti etiraf etdiyini bildirir, halbuki iddiaçı cinayəti etiraf etməmiş, həmin ərizəni o imzalamamışdır, iddiaçıya başqa ərizə imzaladılmışdır, ona görə məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsinə zərurət var. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2023-cü il tarixli, 2- 1(103)-1346/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2803/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2128/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2023-cü il tarixli, 2- 1(103)-1346/2023 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi sözügedən qərarında qeyd etmişdir ki, işin materiallarına görə, cavabdehin xx.xx.2021-ci il tarixli, **********3320 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən fiziki şəxs Nümayəndə sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanda yerləşən “SHANTİ” moda evində operativ vergi nəzarətinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Eyni ilə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”-da da yoxlanılan təsərrüfat obyekti kimi 10002 “SHANTİ” MODA EVİ göstərilmişdir. Bunun əksinə olaraq, “Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 006832 №-li Aktda və “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə dair” xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 004791 №-li Aktda operativ vergi nəzarətinin “JANOR” moda atelyesində, DVX seriyalı, 004791 №-li Akta Əlavədə isə “Janoor” tikiş sexində həyata keçirildiyi göstərilmişdir. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 10 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********4570 nömrəli qərarda da qeyd edilir ki, ünvan 1 ünvanda yerləşən “Janoor” moda atelyesində keçirilən operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 10 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək nəticəsi aktla rəsmiləşdirilmiş və akt vergi ödəyicisi tərəfindən imzalanmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən ziddiyyətli məqamlarla bağlı araşdırma aparmamış, yuxarıda qeyd olunan rəsmi sənədlərdə, o cümlədən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”-da təsbit edilmiş təsərrüfat obyekti ilə operativ vergi nəzarətinin faktiki həyata keçirildiyi obyektin bir ünvanda yerləşən eyni və ya fərqli təsərrüfat obyektləri olmaları məsələsinə aydınlıq gətirməmişdir. Təkrar baxış zamanı apellyasiya instansiya məhkəməsinin mövqeyi : Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli, **********3320 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fiziki şəxs Nümayəndə sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanda yerləşən “SHANTİ” moda evində operativ vergi nəzarəti həyata keçirilməsi nəzərdə tutulmuşdur. İddiaçıya əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 10 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********4570 nömrəli qərarla 20.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. 3. İddiaçıya əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarını pozduğuna görə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********4578 nömrəli qərarla 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı cavabdeh tərəfindən qəbul edilən qərarlar ilə razılaşmayaraq qeyd edilən qərarları məhkəmə qaydasında mübahisələndirərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin rədd edilməsi ilə yekunlaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verildiyindən doğru nəticəyə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən, Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; 44-cü maddəsinə əsasən, əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; ... 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2-ci maddəsinə əsasən, operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir; 50.4-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir; 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: - 1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. - 1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. - 1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 2.1-ci bəndinə görə operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 2.2-ci bəndinə görə operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. - 2.4-cü bəndinə əsasən operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. - 2.5-ci bəndinə görə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. - 2.6-cı bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. -7-ci bəndinə əsasən, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi: 7.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. 7.2. Əhali ilə pul hesablaşmaları aparmaqla fəaliyyət göstərən obyektlərdə qanunvericilikdə nəzarət-kassa aparatının (bundan sonra – “NKA”) və ya ciddi hesabat blanklarının, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrin (sayğacın) quraşdırılması və ya ciddi hesabat blanklarının tətbiqinin nəzərdə tutulduğu müəyyən edilir. 7.3. Vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatından və ya ciddi hesabat blanklarından, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrdən və ya ciddi hesabat blanklarından istifadə edilib-edilməməsi müəyyənləşdirilir. 7.4. NKA-nın çeklərində vergi ödəyicisinin adının, VÖEN-inin, çekin vurulması tarixinin və saatının, təsərrüfat subyektinin (subyektlərinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və xidmətin (işin) adının, ölçü vahidinin, miqdarının, bir vahidinin qiymətinin, yekun məbləğin, nəzarət-kassa aparatının fiskal rejiminin nişanının (əlamətinin), malın sürətli məlumat kodunun (X26), gün ərzində vurulmuş çeklərin sayının və nömrəsinin, nəzarət-kassa aparatının markasının və zavod nömrəsinin, ödənilmiş məbləğin, müştəriyə qaytarılan məbləğin (malın dəyərindən artıq ödənilən hissə üzrə), nisyə satış zamanı ödəniləcək məbləğin (qalıq borcun), ödənişin forması və üsulunun (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr), çekin növünün (satış, geri qaytarma və ya ləğvetmə), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsinin, geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvolların əks etdirilməsi araşdırılır və hər hansı məlumatın NKA-nın fiskal yaddaşına daxil edilməməsi aşkar edildikdə, həmin məlumatların fiskal yaddaşa daxil edilməsinin vergi ödəyicisinə tövsiyə edilməsi barədə nəzarətin nəticələrinə dair tərtib edilən aktda qeydiyyat aparılır. 7.5. Alıcıya verilən nəzarət-kassa aparatının çekində göstərilən məbləğin ödənilmiş məbləğə uyğunluğu yoxlanılır. 7.6. İstifadə edilən nəzarət-kassa aparatının vergi orqanlarında qeydiyyata alınması və vergi orqanı tərəfindən verilmiş qeydiyyat vərəqəsindəki məlumatların düzgünlüyü araşdırılır. 7.7. Nəzarət-kassa aparatının texniki tələblərə uyğunluğu, markası və zavod nömrəsi, qanunsuz müdaxilə hallarının qarşısının alınması məqsədi ilə servis texniki xidmət mərkəzinin plombunun mövcudluğu və toxunulmazlığı araşdırılır. 7.8. Nəzarət-kassa aparatından fiskal yaddaşın dövri “Z” (bundan sonra “Z”) hesabatlarının alınması, həmin hesabatların və nəzarət lentlərinin saxlanılması yoxlanılır. 7.9. Nəzarət-kassa aparatından istifadə edilməsi mümkün olmadıqda nağd pul əməliyyatlarının “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”na qeyd edilib-edilməməsi araşdırılır. 7.10. Nəzarət zamanı vergi ödəyicisi nəzarət-kassa aparatının hər hansı səbəbdən təmirə aparıldığı barədə məlumat verdikdə, həmin məlumatın düzgünlüyü vergi ödəyicisinin servis texniki xidmət mərkəzinə (bundan sonra “STXM”) və nəzarət-kassa aparatının qeydiyyata alındığı vergi orqanına rəsmi qaydada müraciət edib-etməməsi və STXM-in səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş texniki xidmət jurnalında aparatın təmirə götürülməsi barədə qeydinin olub-olmaması ilə dəqiqləşdirilir, bununla bağlı 17 nəzarətin nəticələri barədə tərtib olunan aktda müvafiq qeydlər edilir. 7.11. Ciddi hesabat blankları istifadə etməklə əhali ilə pul hesablaşmaları aparmalı olan obyektlərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”na uyğun ciddi hesabat blanklarının mövcudluğu araşdırılır. 7.12. İşlərə (xidmətlərə) görə ödənilmiş pulun alınmasını təsdiq edən sənədin istehlakçılara verilib-verilməməsi, istehlakçılara verilmiş sənədlərdə göstərilən məbləğlərin ödənilmiş məbləğə uyğunluğu araşdırılır. 7.13. Sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində biletlərin mövcudluğu və onların qanunvericiliklə müəyyən olunmuş formalara uyğunluğu araşdırılır. 7.14. Ödənilmiş gediş haqqına görə sərnişinlərə biletlərin verilib-verilməməsi yoxlanılır. 7.15. Əhali ilə pul hesablaşmaları zamanı nəzarət-kassa aparatından istifadə olunmadığı aşkar edildikdə, nəzarət qaydasında mal alışının həyata keçirilməsi zamanı alınmış mal və ödənilmiş nağd pul məbləği barədə vergi ödəyicisi məlumatlandırıldıqdan sonra, onun və ya səlahiyyətli nümayəndənin iştirakı ilə nəzarət-kassa aparatından operativ yaddaşın “X” (bundan sonra “X”) hesabatı alınır, nəzarət-kassa aparatına mədaxil edilməmiş məbləğ bərpa edilir və yenidən “X” hesabatı alınaraq, həmin sənədlər nəzarətin nəticələri barədə tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır. 7.16. Əhali ilə pul hesablaşmaları zamanı ciddi hesabat blanklarından istifadə olunmadığı aşkar edildikdə, ödənilmiş məbləğ vergi ödəyicisinin istifadə etdiyi və qanunvericiliyə müvafiq qaydada çap edilmiş ciddi hesabat blankı ilə, üzərində “Bərpa edilmişdir” qeydi edilməklə rəsmiləşdirilir və həmin blankın müştəriyə verilməli hissəsi nəzarətin nəticələri barədə bu Qaydalara uyğun olaraq tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır. İş materiallarında olan: - “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********3320 nömrəli qərar ilə, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ Qəzənfər Musabəyov (Rəsulzadə qəs.) 1 ünvanda yerləşən Nümayəndə məxsus “Shanti” Moda Evində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır. - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2021-ci il tarixli, KY211598181 nömrəli Çıxarışda plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsinin əsası kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə istinad olunmuşdur. - DVX seriyalı 006832 nömrəli, 13 avqust 2021-ci il tarixli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 10:15-də fərdi sahibkar Nümayəndə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Janor” moda atelyesində həyata keçirilən operativ vergi nəzarəti zamanı obyektdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 52 №-li Qərarının müəyyən etdiyi meyarlara cavab verməyən, AR Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmayan və Vergi Məcəlləsinin 58.7-ci maddəsinin tələblərinə cavab verməyən nəzarət kassa aparatının quraşdırıldığı müəyyən edilmişdir. -DVX seriyalı 004791 nömrəli, 13 avqust 2021-ci il tarixli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi halların aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında akt”dan görünür ki, fərdi sahibkar Nümayəndə (VÖEN: **********) məxsus “Janor” moda atelyesində operativ vergi yoxlaması zamanı 10 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi müəyyən edilmişdir, həmin aktın əlavəsinə əsasən X4, X14, X10, X11, X17, X5, X6, X2, X16 və X7 əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş şəxslər sırasında göstərilmişlər. -“Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********4570 nömrəli qərara əsasən, Nümayəndə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 20.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2021-ci tarixədək 20.000 manat məbləğin büdcəyə ödənilməsi qərara alınmışdır. -“Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********4578 nömrəli qərara əsasən, Nümayəndə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1.000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2021-ci tarixədək 1.000 manat məbləğin büdcəyə ödənilməsi qərara alınmışdır. -“Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********4571 nömrəli tələbnamədən görünür ki, Nümayəndə büdcəyə ödənilməli olan 20.000 manat vəsait xx.xx.2021-ci il tarixə kimi Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin AZ17CTRE******************** №-li hesabına ödənilməsi tələb edilmişdir. -“Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********4579 nömrəli tələbnamədən görünür ki, Nümayəndə büdcəyə ödənilməli olan 1.000 manat vəsait xx.xx.2021-ci il tarixə kimi Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin AZ17CTRE******************** №-li hesabına ödənilməsi tələb edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən 16 iyun 2022-ci il tarixli məktubla fiziki şəxs Nümayəndə (VÖEN: **********) tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatlar məhkəməyə təqdim edilmişdir. Həmin məlumatlara əsasən, yuxarıda istinad edilən aktda adları qeyd edilmiş şəxslərdən X10, X2, X11, X14 ilə bağlanmış əmək müqaviləsi üzrə bildirişlər 16 avqust 2021-ci il tarixdə elektron informasiya sisteminə daxil edilmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. İşin faktiki hallarına əsasən iddiaçının 10 nəfər fiziki şəxsi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən ona məxsus olan obyektdə müxtəlif işlərin görülməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin pozulması aşkar edildiyi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10cu maddəsinin tələblərinə əsasən iddiaçıya iddiaçının mübahisələndirdiyi qərar ilə maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, vergi əməkdaşları 10 nəfərə yaxın adamla qəfil obyektə daxil olmuş və orada olan aidiyyəti olan və olmayan şəxsləri məcbur edərək burada guya işlədiklərini əsas gətirərək izahatlar yazdırmışlar. Orada olan şəxslər işçi olmayıblar. Bəziləri parça dalınca gəlmiş, bəziləri hər hansısa aksessuar götürməyə gəlmiş, bir çox insan isə yas mərasiminə yığışmışlar. Apellyasiya şikayətinin qeyd edilən dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, operativ vergi nəzarətinin keçirilməsi ilə bağlı təqdim olunmuş icraat materiallarına iddiaçı tərəfindən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş 10 (on) nəfər fiziki şəxsin siyahısı tərtib edilmiş, 9 nəfərin (X3, X4, X10, X14, X11, X17, X6, X5, X16), həmçinin Nümayəndə izahat alınmış, alınmış izahatlar iş materiallarına əlavə edilmiş, bir nəfər izahat verməkdən imtina etmişdir (X7). Eyni zamanda iddiaçının xx.xx.2021-ci il tarixli izahatında qeyd edilmişdir ki, “Fəaliyyət göstərdiyim obyektdə ümumilikdə 11 nəfərdən 1 nəfərinin əmək müqaviləsi var. Digərləri ilə əmək müqaviləsi və ya xidmət müqaviləsi bağlanılmayıbdır. Lakin qısa zamanda onlarla aramda əmək müqviəsinin bağlanacağı və hüquqi qüvvəyə minəcəyi tərəfimdən təmin ediləcək. Əmək haqqı işçilərə nəğd ödənilibdir, 250 manat olaraq.Obyektdə işə götürdüyü işçilərlə əmək müqaviləsinin bağlanılmamasının səbəbi anamın vaxtsız vəfati ilə əlaqədar işçiləri qeydiyyata salmaq məsləsində yubanma olmuşdur.” Xüsusi ilə qeyd edilməlidir ki, izahatı alınan şəxslər izahatlarında adıçəkilən obyektdə konkret gördükləri işi, aldıqları əmək haqlarını, iş qrafikini, işəgötürənin Nümayəndə olduğunu bildirməklə yanaşı, onlarla birlikdə çalışan digər şəxslərin adlarını bildirmişlər ki, bu məlumatlar yalnız həmin dərzi sexində işləyən şəxslərin malik ola biləcəkləri informasiyalardır. İzahat verməkdən imtina edən bir nəfər fiziki şəxsə gəldikdə isə həmin şəxs birinci instansiya məhkəməsində 11 may 2022-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilərkən ifadəsində bildirmişdir ki, 13 avqust 2021-ci il tarixdə atelyedə olmuşdur, Nümayəndə onun qardaşıdır və atelyeni etibarnamə əsasında o idarə edir. Əlavə olaraq Kollegiya qeyd edir ki, iş materiallarında olan videodiskə baxış keçirildikdə iddiaçının apellyasiya şikayətində qeyd edilənlərin əksinə vergi əməkdaşları sahibkarliq subyektinin obyektinə daxil olan zamanı orda olan şəxslərin əksəriyyətinin tikiş maşının arxasında olduğu, hər hansı yas mərasiminin təşkil edilmədiyi müəyyən edilmişdir. İddiaçı izahatların Baş İdarənin əməkdaşlarının özləri tərəfindən yazıldığını və orada olan şəxsləri aldadaraq imza etdirdiklərini bildirsə də, həmin halları təsdiq edən sübutları nə birinci, nədə apellyasiya instansiya məhkəmələrinə təqdim etməmişdir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarında göstərilən göstərişlərinə uyğun olaraq, “Janoor” tikiş sexi ilə “SHANTİ” moda evinin eyni təsərrüfat obyekti olub-olmaması istiqamətində araşdırma apararaq aşağıdakı nəticəyə gəlmişdir. İlk növbədə Kollegiya bildirir ki, iş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, “SHANTİ” moda evinin və “Janoor” tikiş sexinin ünvanı eyni ünvandır. Yəni hər iki obyektin hüquqi ünvanı ünvan 4-dir. Həmçinin iş materiallarında əlavə edilmiş iddiaçı Nümayəndə Dövlət Vergi Xidmətinə ünvanladığı şikayət ərizəsindən görünür ki, iddiaçı “Janoor” atelyesinin ona məxsus olduğunu və həmin obyektin Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Qəzənfər Musabəyov küçəsi, ev 1-də yerləşdiyini qeyd etmişdir. Eyni zamanda iş materiallarında olan izahatlardan görünür ki, bəzi işçilər operativ yoxlama keçirilən obyektin adını “Janoor moda” atelyesi, bəziləri isə “SHANTİ” moda evi kimi qeyd etmişdir. Məhkəmə kollegiyasının iclası zamanı cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən obyekt 2017-ci ilin may ayında “Şanti” Moda evi kimi qeydiyyata alınmış, operativ vergi nəzarəti isə 2021-ci ildə həyata keçirilmişdir və vergi nəzarəti həyata keçirilən zaman obyektin adı “Janor” adlandırılıb. Vergi Məcəlləsində vergi orqanına aid belə bir vəzifə nəzərdə tutulmamışdır ki, vergi ödəyicisinin ərizəsi olmadan onun məlumatlarında hər hansı bir dəyişiklik etmək mümkün olsun. Bu cür dəyişiklik yalnız vergi ödəyicisinin özü tərəfindən könüllü şəkildə ərizə təqdim etməklə mümkün ola bilərdi. Beləliklə, obyektdə fəaliyyət göstərən işçilərin izahatlarından, cavabdeh tərəfindən təqdim edilmiş obyekt haqqında məlumatlardan, eyni zamanda cavabdehin nümayəndəsinin izahatlarından belə qənaətə gəlinir ki, “Janoor” moda atelyesi və “Şanti” Moda evi eyni bir obyekt olmaqla iddiaçıya məxsusdur. Məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. İddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillər formal xarakterli olmaqla hazırda mübahisələndirilən qərarların ləğv olunması üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2803/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar