Məhkəmə qərarları › İş №2-1(103)-1185/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1185/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1185/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı (xx.xx.1987-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Təhsildə X2rşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, e-2-1(82)-2554/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 19.06.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona təltif olunan Türkiyə Respublikasının Anadolu Universitetinin Bakalavr Diplomunun tanınması haqqında müvafiq ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün öhdəlik qoyulması və buna dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı diplomunun tanınması üçün cavabdeh orqana elektron portal vasitəsi ilə müraciət etmiş, lakin onun tələbi cavabdeh orqan tərəfindən təmin edilməkdən imtina edilmişdir. İmtinaya səbəb kimi iddiaçının həmin təhsili almaq üçün Türkiyə Respublikasında tədris normativi üzrə tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və əsassızdır. Belə ki, iddiaçı ona verilən diplomu və ona əlavəni apostil edilərək leqallaşdırmışdır. Həmçinin təhsil almaq üçün tələb olunan müddətin qarşılığını cavabdeh deyil Universitet təyin edir. İddiaçının təhsil forması qiyabi olduğundan, təhsil aldığı müddət ərzində Azərbaycan Respublikasında tam ştat çalışdığından, Türkiyədə hər il fərqli tarixlərdə, yay aylarında belə yalnız imtahanlarda iştirak etmişdir. Lazım olan təhsil materialları və proqramı kifayət qədər mənimsəmək üçün Universitetin elektron portalından istifadə edərək imtahanlara kifayət qədər hazırlaşa bilmişdir. Cavabdehin bu qanunsuz imtinası nəticəsində Təhsilin növbəti mərhələsinə (Magistr) qəbul imtahanlarına buraxılmır və vətəndaşı olduğu ölkədə Təhsil almaq konstitusiya hüququ pozulur. İddia ərizəsinin məzmununda həmin məqam qeyd olunsa, birinci instansiya Məhkəməsi öz qərarında bu məqamı tamamilə diqqətsiz qoyub bununla bir daha işə qərəzli və qeyri obyektiv yanaşmağını təsdiqləyir. Hər bir halda məhkəmə öz qərarında iddia ərizəsində olan dəlillərə və istinad olunan qanunlara dair öz münasibətini bildirməlidir. Buna baxmayaraq tərəfindən işə əlavə olunan bəzi materiallar ümumiyyətlə nəzərdən keçirilməyib və qərarda öz əksini tapmayıb. 27 aprel 2018-ci il tarixdə onun Türkiyədə aldığı X7, Dünyanın ən nüfuzlu universitetlərindən biri olan Toronto Universiteti tərəfindən, təhsil sahəsində öndə gedən ölkələrdən birində tanınıb və nostrifikasiya olunub, 11 aprel 1997-ci il tarixli Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında X1 əsasən, Azərbaycan Respublikasında bu Beynəlxalq Konvensiyaya qoşulub. Bununla həmin ölkənin rəsmi qurumları onun Türkiyədə aldığı təhsilini və diplomu tanıyıb. Lakin Təhsil Nazirliyi (Cavabdeh) məsələyə biganə, birbaşa üzərinə düşən vəzifələri yerinə yetirmək üçün kifayət qədər cəhd göstərmədən yanaşır. Bununla savadlı gənclərin Azərbaycan naminə gələcəkdə çalışmalarına maneələr yaradaraq onları digər ölkələrdə təhsili davam etdirməklə həmin ölkələrdə qalıb çalışmaları üçün məcburiyyət qarşısında qoyur. “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı var. Həmin təsnifatdan görünür ki, İqtisadiyyat və idarəetmə ixtisasları qrupunda 66 sıra nömrəsi ilə Biznesin idarə edilməsi ixtisası mövcuddur, yəni onun Türkiyə Respublikasında aldığı ixtisas Azərbaycan Respublikasında da tanınır. 2009-cu ildən başlayaraq Azərbaycan qanunvericiliyində distant təhsil növü var və bu qanunla təhsil forması kimi müəyyən olunmuşdur. Nazirlər Kabinetinin 2003-cü il 13 may 64 saylı qərarı "Xarici dövlətlərin Ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları" var ki, bu günkü gündə həmin qaydalara əsasən tənzimlənir. Lakin göründüyü, həmin qaydalar 2003-cü ildə hazırlanmışdır, distant təhsil isə qanunda öz əksini 2009-cu ildə tapmışdır. Buna görə də, bu gün distant formada məzun olmuşların diplomunun nostrifikasiya edilməsində hüquqi problem yoxdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-1(82)-2554/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qərarı ilə (hakim Z.Tağıyev) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv еdilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-687/2020 saylı, 28.02.2020-ci il tarixli qərarı ilə (hakimlər S.Seyidova,A.Nuriyeva,V.Ağayev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2- 1(82)-2554/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1359/2020 saylı, 15.09.2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Hüseynov,N.Rəsulbəyova,K.Bədəlov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 fevral tarixli 21(103)-687/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı apellyasiya icraatı zamanı Məhkəmənin 08.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı “ona təltif olunan Türkiyə Respublikasının Anadolu Universitetinin Bakalavr Diplomunun tanınması haqqında müvafiq ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” üzrə müraciətinə yenidən baxmaqla əsaslandırılmış cavabının verilməsi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyət Təminatı Agentliyinə həvalə edilmiş, İddiaçının müraciətinə əsaslandırılmış cavab verilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyət Təminatı Agentliyinə 2 (iki) ay müddət təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq, o, iş yerindən xüsusi icazə tələb olunmadığını, məzuniyyəti olduğunu, iş yerindən çıxışını adi qaydada rəsmiləşdirərək, öz hesabına məzuniyyət götürdüyünü, həmin tarixlərdə imtahanlarda iştirak etdiyini, orada təhsil formalarının nəzərdə tutulduğunu, müqavilə olmadığını, Diplomda və çıxarışda təhsilin forması təsdiq olunduğunu, diplomun tanınmasının Azərbaycanda magistraturanı davam etdirmək üçün lazım olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq,o, iddiaçının distant təhsil almadığını, onlayn dərslərə qoşulmadığını, onun təhsili distant kimi tanınmamalı olduğunu, açık öyretim formasının tanınmadığını, belə bir təhsil formasının qanunvericilikdə nəzərdə tutulmadığını, onlarda təhsil formasının standart olduğunu,. əyani və qiyabi şəkildə olduğunu,müsbət ekspert rəyi verə bilmədiklərini, yenidən icraat aparılan zaman sərhəd məlumatlarının araşdırılmamalı olduğunu, şəxsin tədris aldığı universitetə sorğu verdiklərini, Universitetin şəxsin açık öyretim formasında təhsil aldığını bildirdiyini qeyd etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, e-2-1(82)-2554/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Anadolu Universitetinin bakalavr diplomunun surətindən görünür ki, İddiaçı biznesin idarə edilməsi fakultəsinin 4 illik təhsilini 08.06.2016-cı ildə müvəffəqiyyətlə tamamlayaraq diplom əldə etmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinin 14.06.2019-cu il tarixli, N-394/09-ANİ saylı imtina məktubunda qeyd olunmuşdur ki, iddiaçı Türkiyə Respublikasının Anadolu Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. - Eyni zamanda işin hazırkı apellyasiya icraatı zamanı qəbul edilmiş 08.06.2021ci il tarixli qərardada uyğun olaraq cavabdeh tərəfindən təqdim edilmiş 20 avqust 2021-ci il tarixli, NA00002405 №-li cavab məktubuna əsasən ərizəçinin xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab olunmamışdır. - Tanıma və X9 Başkanlığı Başkan, ENİC-NARC Türkiye Ofisi/APNNİC X5 Kurulu (Fatma Öztürk şube Müdürü) tərəfindən cavabdehə ünvanlanmış cavab məktubunda qeyd edilmişdir ki, “1- Açıköğretim, distant ya da part-time eğitim anlamına gelmiyor. Başka bir anlama geliyor: Açıköğretim bizim için “Open Education” olarak tanımlanıyor. Bu eğitim modelinde öğrenci ve öğretmenlerin aynı mekanda bulunmadan ve karşılıklı iletişim ve etkileşime dayanmadan gerçekleşdirdikleri eğitim-öğretim türü olarak tanımlanıyor. Eğitimin tamamı açıköğretim olarak alınmışsa tanımıyoruz/ not recognized. Ancak bir kısmı açıköğretim bir kısmı örgün (on campus/ayani) ise tanıyoruz.2- Distant eğitim ise “Uzaktan öğretim” demek. Bu eğitim modelinde iletişim teknolojileri kullanılarak, öğrenci ve öğretmenin karşılıklı iletişim ve etkileşimine dayalı ve derslerin eşzamanlı yürütüldüğü eğitim demek. Bu eğitimi tanıyoruz/recognized. 3- Part-time eğitim tanımı bizim mevzuatımızda yok. Part time yani “Yarı zamanlı” eğitim eğer örgün (on campus/ayani) olarak alınmışsa değerlendiriliyor ve tanınıyor.” - İddiaçıya məxsus 02.02.2008-ci il tarixdə açılmış, ******* №-li əmək kitabçasının təsdiq edilmiş surətinə əsasən İddiaçı 02.02.2008-ci il tarixdə MMC “Mobishop” Tərcümə Mərkəzinə komputer xidmətlərinə işə qəbul edilmiş, 01.03.2009-cu il tarixdə öz ərizəsi ilə işdən azad edilmiş, 13.09.2010-cu il tarixdə “İmpresa” S.P.A. Azərbaycan filialına İT mühəndis vəzifəsinə təyin edilmiş, 01.10.2011-ci il tarixdə vəzifəsi İT menecer vəzifəsinə dəyişdirilmiş, 31.05.2013-cü il tarixdə işdən azad edilmiş, 07.08.2013-cü il tarixdə Azercell Telekom MMC-nin Müştərilərlə Əlaqələr Departamentinin X3 şöbəsinin Daxil olan Müraciətlərin İdarə edilməsi X10 Mərkəzi qrupunun təmsilçisi vəzifəsinə işə qəbul edilmuş, 01.07.2014-cü il tarixdə X12 qrupunun təmsilçisi vəzifəsinə keçirilmiş, 12.12.2014-cü il tarixdə X13 Xətti qrupunun təmsilçisi vəzifəsinə keçirilmiş, 05.05.2015-ci il tarixdə X8 Strukturu Yeni Texnologiyalar Layihə və Partnyorluq İdarəetmə şöbəsinin Partnyorluq İdarəetmə bölümünün kiçik mütəxəsssisi vəzifəsinə keçirilmiş, 04.11.2015-ci i il tarixdə X13 Xəttinin təmsilçisi vəzifəsinə keçirilmiş, 17.10.2016-cı il tarixdə X13 Xətti qrupunun təmsilçisi vəzifəsinə keçirilmiş, 22.12.2016-cı il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti İdarəsi tərəfindən verilmiş İddiaçı 2011-2017-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS baza məlumatlarına əsasən: 24.08.2012- çıxış Türkiyə; 03.09.2012-giriş Türkiyə; 24.03.2014-çıxış Gürcüstan; 25.03.2014-giriş Gürcüstan; 20.05.2014-çıxış Türkiyə; 30.05.2014-giriş Türkiyə; 23.11.2014-çıxış Rusiya; 04.01.2015-giriş Rusiya; 23.02.2015-çıxış X6; 27.02.2015-giriş X6;07.12.2015-çıxış Türkiyə; 30.12.2015-giriş Türkiyə; 01.09.2016-çıxış Türkiyə; 08.09.2016-giriş Türkiyə; 10.11.2016-çıxış Ukrayna; 15.11.2016-giriş Ukrayna; 12.01.2017-çıxış Türkiyə; 22.06.2017-giriş Türkiyə. - 2016-137038 №-li diploma əlavənin ( 000005№) tərcümə və təsdiq edilmiş surətinə əsasən ixtisas sahibi – İddiaçı; ixtisasın adı və dərəcə - Biznes, bakalavr; ixtisasın əsas sahə təhsili – biznesin idarə edilməsi; dərəcə verən müəssisənin adı – Anadolu Universiteti, Dövlət Universiteti; tədris dili –Türk dili; ixtisas dərəcəsinin səviyyəsi – birinci pillə (bakalavr dərəcəsi); proqramın rəsmi müddəti – 4 il (bir il üçün 2 semestr, bir semestr üçün 14 həftə) 240 AKTS; təhsil forması – Açıq və distant. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.43-cü maddəsinə əsasən təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın: 4.1-ci maddəsinə əsasən «Bakalavr» dərəcəsi almış məzunlar: - təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı; - humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı; - təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı; - əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı; - peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalı; - əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.4-cü bəndinə əsasən Ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: - əyani; qiyabi; - distant (məsafədən); - sərbəst (eksternat). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici övlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasıya) Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir; Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: 1. ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; 2. təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Hazırkı iş üzrə müəyyən edilir ki, iddiaçı Türkiyə Respublikasının Anadolu Universitetinin Bakalavr Diplomunun tanınması haqqında müvafiq ekvivalentlik haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, cavabdehin 14.06.2019-cu il tarixli, N-394/09-ANİ saylı və 20 avqust 2021-ci il tarixli, NA00002405 №-li cavab məktubları ilə iddiaçıya imtina verilmişdir. Cavabdeh tərəfindən verilmiş imtinanın əsasını iddiaçının Türkiyə Respublikasının Anadolu Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyrimümkün olması təşkil etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Türkiyə Respublikasının Anadolu Universitetində təhsilalma forması hazırkı iş üzrə mübahisəli haldır. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edilən universitetdə qiyabi formada təhsil adığını qeyd etsə də, sonrakı məhkəmə icraatları zamanı təhsilalma formasının distant, yekun olaraq isə açıköğretim formalarında olduğunu bildirmişdir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, qiyabi və distant təhsilalma formaları «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsində təsbit olunmaqla tamam fərqli təhsilalma formaları olduğu müəyyən edilir. Eyni zamanda “Formal təhsilin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2010-cu il tarixli, 147 №-li Qərarının 5.4-cü bəndində qeyd edilmişdir ki, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), əsas (baza ali) tibb təhsili səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma formaları nəzərdə tutulmuşdur. Məhkəmə Kollegiyası qeyd edir ki, “açıköğretim” (open education) təhsilalma forması Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmamışdır. İşin hazırkı apellyasiya icraatı zamanı cavabdehin nümayənddəsi tərəfindən məhkəməyə təqdim edilmiş, Tanıma və X9 Başkanlığı Başkan, ENİC-NARC Türkiye Ofisi/APNNİC X5 Kurulu (Fatma Öztürk şube Müdürü) tərəfindən cavabdehə ünvanlanmış cavab məktubuna əsasən müəyyən edilmişdir ki, “1- Açıköğretim, distant ya da part-time eğitim anlamına gelmiyor. Başka bir anlama geliyor: Açıköğretim bizim için “Open Education” olarak tanımlanıyor. Bu eğitim modelinde öğrenci ve öğretmenlerin aynı mekanda bulunmadan ve karşılıklı iletişim ve etkileşime dayanmadan gerçekleşdirdikleri eğitim-öğretim türü olarak tanımlanıyor. Eğitimin tamamı açıköğretim olarak alınmışsa tanımıyoruz/ not recognized. Ancak bir kısmı açıköğretim bir kısmı örgün (on campus/ayani) ise tanıyoruz.” Göründüyü kimi iddiaçının qeyd etdiyi “açıköğretim” (open education) təhsilalma forması distant təhsilalma formasından fərqlənməklə, tələbə və müəllimlərin eyni məkanda olmadan və qarşılıqlı əlaqə qurmadan həyata keçirilən təhsilalma formasıdır. Və yalnız göstərilən təhsilalma formasının bir qismi əyani şəkildə həyata keçirildiyi təqdirdə diplomun müvafiq qurum tərəfindən tanınmasının mümkünlüyü qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasıya) Qaydaları”nın 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının yekun olaraq qeyd etdiyi “açıköğretim (open education)” təhsil forması Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmadığından cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, e-2-1(82)-2554/2019 nömrəli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, e-2-1(82)- 2554/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar