Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1185/2022 29.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya ödənişinin dayandırılmasının qanunsuz hesab edilərək, həmin tarixdən pensiyanın bərpa edilməsi və yaranmış fərq məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(112)-9402/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin noyabr ayından iddiaçının güzəştli şərtlərlə pensiya ödənişinin dayandırılmasının qanunsuz hesab edilərək, ona həmin tarixdən pensiyanın bərpa edilməsi və yaranmış fərq məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək dayandırılmış pensiyanın bərpa edilməsi və bu müddətdəki ödənilməyən məbləğin ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1964-cü il tarixdə Azərbaycan Respublikası Füzuli rayonunda anadan olmuş, l/İT-i seriyalı ******* saylı əmək kitabçasına əsasən 23.07.1981-ci il tarixində 87 saylı əmrə əsasən toxuculuq istehsalatında 5-ci dərəcəli toxucu vəzifəsinə işə qəbul edilmiş və 14.04.2003-cü il tarixdə 04 saylı əmrə əsasən işdən azad edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)- 3093/2017 saylı 21 iyul 2017-ci il tarixli qərarına əsasən iddia tələbi təmin edilərək, iddiaçının 23.07.1981-ci il tarixdən 14.04.2003-cü il tarixədək işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq 24.07.2016-cı il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qərar 02 oktyabr 2017-ci il tarixdə qanuni qüvvəyə minmiş və məhkəmə tərəfindən icra edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə göndərilmişdir. İddiaçıya pensiya təyin edilərək ödənilsə də, 2020-ci ilin noyabr ayından naməlum səbəbdən dayandırılmış, səbəbi barədə iddiaçıya rəsmi məlumat verilməmişdir. İddiaçı məsələyə aydın gətirmək üçün cavabdehə müraciət etmiş, lakin müraciətinə 28 iyul 2021-ci il tarixli **********6 nömrəli imtina məktubu ilə cavab verilərək bildirilmişdir ki, ona vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılır, araşdırmanın nəticəsi barədə müvafiq məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra baxılacaqdır. Odur ki, cavabdeh orqanın hərəkətləri qanunsuz və əsassızdır. İddiaçıya pensiya məhkəmə qərarı əsasında təyin edilmiş və cavabdeh orqan tərəfindən əsassız olaraq dayandırılması özbaşınalıqdır. Belə ki, iddiaçının əmək kitabçasında göstərilmişdir ki, iddiaçı 01.09.1980-ci ildən 20.07.1981-ci ilədək Bakı şəhəri 26 №-li texniki peşə məktəbində təhsil almış, 23.07.1981-ci ildən 14.04.2003-cü ilədək V.İ.Lenin adına Toxuculuq Kombinatında 5-ci dərəcəli toxucu peşəsində işləmiş, eyni zamanda H.Z.Tağıyev adına X4 Kombinatı tərəfindən verilmiş 05 iyun 2017-ci il tarixli 44 saylı arayışdan və əmək kitaçasından görünür ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşələrdə işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda darama-toxuma avadanlığının operatorları peşəsi 2200200a-16167 kodu ilə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr sırasına daxil edilmişdir. İddiaçı pensiyaya çıxarkən “Əmək pensiyaları haqqında” Qanunun heç bir tələbini pozmamışdır. Buna baxmayaraq cavabdeh hərtərəfli araşdırmadan onun pensiyasını əsassız olaraq dayandırmışdır. Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(112)-9402/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı dayandırılmış pensiyanın bərpa edilməsi və bu müddətdəki ödənilməyən məbləğin ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarı ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılması məqsədilə adıçəkilən şəxsə əmək pensiyasının ödənişi 2020-ci ilin noyabr ayından dayandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.07.2017-ci il tarixli 2-1(82)-3093/2017 saylı qərarından görünür ki, iddia təmin edilərək İddiaçı 23.07.1981-ci il tarixdən 14.04.2003-cü il tarixədək işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq 24.07.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə həvələ edilmişdir. İddianı təmin edən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, qanunvericiliyin sadalanmış müddəaları işin müəyyən edilmiş hallarına tətbiq baxımından qiymətləndirildikdə iddiaçının 2006-cı il 1 yanvar tarixədək azı 20 il ümumi iş stajının oldugu, bunun 10 ilinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış oldugu, beləliklə də güzəştli şərtlətlə əmək pensiyası ala bilmək üçün “Əmək pensiyaları haqqında» Qanununda tələb olunan zəruri sığorta stajına malik olduğu müəyyən olunur. Məhkəmə qərarı icra olunaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 22.08.2017-ci il tarixli 410 saylı qərarı ilə iddiaçıya 01.10.2017-ci il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusu ilə tələb edilmiş iddiaçıya aid pensiya işindən görünür ki: Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 24.02.2017-ci il tarixli 410 saylı qərarı ilə iddiaçıya güzəştli şərtlərlə tələb olunan sosial sığorta stajı olmadığından pensiya təyin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 22.08.2017-ci il tarixli 410 saylı qərarı ilə iddiaçıya 01.10.2017-ci il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya işində iddiaçıya məxsus olmaqla ИТ-İ seriyalı ******* saylı əmək kitabçası, güzəştli arayış və digər sənədlər əlavə olunmuşdur. Lakin, pensiya ödənişi 2020-ci ilin noyabr ayından iddiaçıya məlum olmayan səbəbdən dayandırılmışdır. İddiaçı pensiyasının bərpa edilməsi məqsədilə cavabdehə müraciət etsə də, ərizəsi təmin edilməmişdir. Cavabdehin iddiaçının müraciətlərinə baxılaraq ünvanlanmış 28.07.2021-ci il tarixli **********6 saylı və 16.09.2021-ci il tarixli **********8 saylı eyni məzmunlu cavab məktubları ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılır. Əmək pensiyasının bərpa edilməsi məsələsinə araşdırmanın nəticəsi barədə müvafiq məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra baxılacaqdır. Araşdırmanın nəticəsi barədə Xüsusi Şərtlər Təyinat üzrə Mərkəzi Filiala hər hansı məlumat daxil olmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının pensiya hüququnun yaranması 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.07.2017-ci il tarixli 2-1(82)- 3093/2017 saylı qərarı ilə təsdiq edilmişdir. Qərarın icrası qanunverciliyin tələblərinə əsasən fiziki və hüquqi şəxslər üçün, o cümlədən, cavabdeh üçün məcburi xarakter daşıdıgından qanuni olaraq həmin vaxt səlahiyyətli olan pensiya təyinatı orqanı tərəfindən icra edilmişdir. Lakin məhkəmə qərarında göstərilən əsaslarla iddiaçıya pensiya təyin edilsə də, sonradan cavabdeh qurum məhkəmə qərarının icrasından yayınmışdır. Belə olan halda cavabdehin hərəkətləri qanunsuz xarakter daşımışdır. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Məhkəmə qərarının icrası məqsədilə həmin vaxt səlahiyyətli pensiya təminatı orqanının (Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyası) qərarı ilə iddiaçıya ömürlük yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş və həmin qərar da cavabdehin hər hansı qərarı ilə ləğv edilməmişdir. Hazırda həmin qərarın hüquqi qüvvəsi movcuddur. Qərarın hüquqi nəticəsi isə iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə ömürlük əmək pensiyasının təyin edilməsidir. Hazırda cavabdeh qanunsuz olaraq iddiaçının hüquqi statusunu dəyişdirəcək hərəkətlərə yol vermiş və iddiaçının pensiya ödənişinin verilməsini dayandırmışdır. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, iddiaçıya pensiya məhkəmə qərarı əsasında təyin edildiyi üçün və həmin qərar hazırda qüvvədə olduğu üçün cavabdeh tərəfindən pensiya təyinatının dayandırılması barədə qəbul edəcəyi hər hansı inzibati akt da məhkəmə qərarına zidd olduğu üçün qanunsuzdur. Bundan başqa, dəfələrlə cavabdehin nümayəndəsindən iddiaçının pensiya ödənişinin dayandırılmasının səbəbləri və sübutları məhkəmə təqdim etmək tələb edilsə də, iddiaçının pensiyasının dayandırılması ilə bağlı aparılmış inzibati icraat barədə, buna əsas olmuş hallar barədə mötəbər əsaslar aşkar edilməmiş, pensiyanın dayandırılmasının əsaslı olmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə inzibati orqan fiziki və ya hüquqi şəxslərin ərizəsi, özünün təşəbbüsü, habelə inzibati aktdan şikayət verildiyi halda inzibati icraata başlamalı (28-ci maddə), bu barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli (21-ci maddə), maraqlı şəxsi inzibati icraat materialları ilə tanış etməli (38-ci maddə), yazılı formada qəbul edilmiş inzibati aktı əsaslandırmalı (61-ci maddə), inzibati aktda həmin akta qarşı mümkün müdafiə vasitələrini əks etdirməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Hazırkı işin hallarından isə aydın olur ki, iddiaçının pensiyası dayandırılarkən, bu barədə cavabdeh inzibati orqan tərəfindən hər hansı inzibati akt (qərar) qəbul edilməmişdir. İddiaçının pensiyası inzibati icraatın aparılması qaydalarının tələbləri pozulmaqla, hər hansı qərar qəbul edilmədən dayandırıldığından, iddiaçının tələbi, artıq formal-hüquqi baxımdan əsaslı olmuşdur. Beləliklə, iddiaçının hüquqi vəziyyətinə müdaxilə inzibati icraat haqqında qanunvericiliyin tələblərini pozmaqla müvafiq əsaslandırılmış inzbati akt qəbul edilmədən həyata keçirilmişdir. Bu hal isə həm inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməməsinə səbəb olmuş, həm də iddiaçının hüquqlarının müdafiəsi imkanlarını məhdudlaşdırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiyası məhkəməsi qərarında iddianı təmin edərək dayandırılmış pensiyanın bərpa edilməsini qeyd etmiş, lakin pensiya məbləğinin hansı tarixdən bərpa edilməsini müəyyən etməmişdir. Halbuki, Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İşdən görünür ki, pensiya ödənişi 2020-ci ilin noyabr ayından dayandırılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı –“İddiaçı dayandırılmış pensiyanın” sözlərindən sonra “2020-ci ilin noyabr ayından” sözləri əlavə edilməklə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(112)-9402/2021 saylı qərarı –“İddiaçı dayandırılmış pensiyanın” sözlərindən sonra “2020-ci ilin noyabr ayından” sözləri əlavə edilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1185/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1185/2022
29.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver