Məhkəmə qərarları › İş №2-1(103)-1186/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1186/2021

02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1186/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə. İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(112)-7583/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faktiki istifadəsində olmuş Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 üvanında yerləşən binanın 19 saylı mənzilinə görə 35000 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 25.11.2020-ci il tarixli 2-1(112)-7583/2020 saylı qərardadı ilə iddianın mümkün sayılmamışdır (hakim E.Əliyev). Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə cavabdeh eyni tələb, eyni predmet üzrə mülki məhkəmə icraatında iddiaçı, inzibati məhkəmə icraatında isə cavabdeh qismində iştirak etmişdir. Odur ki, onun əsl cavabdeh olmadığına dair iddiası əsassızdır. Kompensasiya tələbinə dair iddia üzrə əsl cavabdeh Suraxanı rayon İcra Hakimiyyətidir. Odur ki, məhkəmənin qərardadı ləğv olunmalıdır. İddiaçı, cavabdeh Suraxanı Rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan İddiaçı, cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. İş materiallarından görünür ki, Suraxanı Rayon İcra Hakimiyyətinin iddiaya dair yazılı münasibətində bildirmişdir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri tərəfindən ünvan 1 ünvanında yerləşən yataqxanaya baxış keçirilmiş və 21.10.2016-cı il tarixli rəydə binanın mövcud texniki vəziyyətinin yolverilməz olduğu göstərilmişdir. Bununla bağlı Suraxanı rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli 31.07.2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən sözügedən qəzalı yataqxana binasında yaşayan ailələrin sayının dəqiqləşdirilməsi və siyahısının tərtib olunması məqsədilə keçirilən baxış zamanı həmin yataqxanada 71 ailənin yaşadığı müəyyən edilsə də onların arasında bu iş üzrə İddiaçı yaşaması müəyyən edilməmişdir. Məlumat üçün bildirilmişdir ki, komissiya tərəfindən aparılan inventarlaşma işləri zamanı dövlət büdcəsindən əlavə vəsaitin əldə edilməsi məqsədi ilə bəzi sakinlər tərəfindən süni olaraq mənzillərin otaqlarının bölünərək sənədləşdirilməsi və bu kimi hərəkətlər edildiyi aşkar olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsaitdən Bakı Şəhər İcra Hakimiyyətinin 26.09.2017-ci il tarixli 7-430/4g saylı məktubu ilə verilmiş təklif Maliyyə Nazirliyinin 23.10.2017-ci il tarixli 07/03-317-5172 saylı məktubu ilə razılaşdırılmış və BŞİH başçısının 491nömrəli, 25.10.2017-ci il tarixli Sərəncamı ilə hər ailəyə ödəniləcək vəsait Suraxanı rayon İcra Hakimiyyətinə deyil, Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ayrılmışdır. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 491 nömrəli 25.10.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərdiyi Şəhər İcra Hakimiyyətinin 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsaitdən Suraxanı Rayon İcra Hakimiyyətinin xəzinə hesabına 2.660.150 (iki milyon altı yüz altmış min bir yüz əlli) manatın köçürülməsinə göstəriş verilməsi barədə 2017-ci il 26 sentyabr tarixli 7-430/4g nömrəli məktubundakı təkliflə Maliyyə Nazirliyi 2017-ci il 23 oktyabr tarixli 07/03-317-5172 nömrəli məktubu ilə razılıq verərək, qaldırılan məsələnin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həll edilməli olduğunu bildirmişdir. Həmçinin, Sərəncamın 1-ci bəndində göstərilmişdir: “Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi (T. Həsənov): 1.1 Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə 2.660.150 (iki milyon altı yüz altmış min bir yüz əlli) manat məbləğində vəsaitin ayrılmasını Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1, 2, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı birliklərinə və Şəhərin rayon Mənzil Kommunal Təsərrüfatı birliklərinə 2017-ci ilə mənzil fondunun əsaslı təmiri üçün nəzərdə tutulmuş vəsait daxilində həll etsin; 1.2. Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1, 2, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı birlikləri və Şəhərin rayon Mənzil Kommunal Təsərrüfatı birlikləri üzrə azaldılan məbləğlərin 2018-ci il yerli büdcə xərcləri hesabına ödənilməsini təmin etmək məqsədi ilə onların növbəti ilə keçirilməsi və 2017-ci ilin borc öhdəliyi kimi qəbul edilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi qarşısında vəsatət qaldırılmasını həll etsin.” “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin, məhkəmə qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası iddia növünə aiddir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir: “Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.” Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddia tələbi əsl olmayan, yəni iddiaya cavab verməli olmayan cavabdehə qarşı yönəldiyindən və iddiaçı iş üzrə əsl olmayan cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinin əsl cavabdeh Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti ilə əvəz edilməsinə hər hansı münasibət bildirmədiyindən, həmçinin müvafiq ərizə ilə əvvəlcə iddiaya cavab verməli olan cavabdehə (əsl cavabdehə) müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmadığından, hazırkı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə kolegiyası hesab edir birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq düzgün nəticəyə gəlməmişdir. Belə işdə olan sənədlərdən görünür ki, İddiaçı 1 saylı Təmir tikinti tresti tərəfindən 16.05.2006-cı il tarixdə ünvan 2 ünvanda yerləşən 1 saylı TTİ-nin yataqxanasında 14,5 kv.m olan 1 otaqlı 19 nömrəli mənzilə 15 nömrəli order verilmişdir. İşdə olan Suraxanı RPİ tərəfindən 09.02.2005-ci il tarixdə verilmiş şəxsiyyət AZE 0******* nömrəli vəsiqəsindən görünür ki, İddiaçı yaşayış yeri Bakı şəhəri, Hövsan qəsəbəsi 1 №-li TTİ-nin yataqxanası, R.Abdullayev küçəsi, ev 24 qeyd edilmişdir. İşdə olan digər sənədlərlə müəyyən edilir ki, 1 saylı Təmir Tikinti İdarəsi və 1 saylı TTİ-nin balansında olan yataqxanada yaşayan İddiaçı arasında 10.09.2005-ci il tarixdə yataqxanada yaşayan sakinlərin mənzil və kommunal xidmətlərin ödənilməsinə dair müqavilə bağlanmışdır Məəhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında iddia tələbin qanunvericiliklə həmin tələbə cavab verməli olan cavabdehə qarşı yönəldilməməsi dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında qanuni qüvvəsini almış və icrayə yönəlmiş iddiaçı Suraxanı rayon İcra Hakimiyyətinin cavabdeh X1 qarşı birdəfəlik maddı yardım əvəzində qəzalı vəziyyətdə düşmüş yataqxana binasındaki (Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küşəsi 24) otağın boşaldılması tələbinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12.10.2018-ci il tarixli, 2(010)-55411/2018 saylı qətnaməsi var. Həmin qətnamədə məhkəmə AR Maliyyə Nazirliyinin 23.10.2017-ci il tarixli Bakı şəhər İcra Hakimiyyətinə ünvanlandığı məktuba istinad edərək, göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küşəsi 24 ünvanda yerləşən 4 mərtəbəli yataqxana və ünvan 5 ünvanında yerləşən yaşayış binalarının sakinlərinin köçürülməsi və ərazilərin abadlaşdırılıması məsələləri barədə məktubda aidiyyəti üzrə yenidən baxılmışdır. Nazirlər Kabinetinin 27.07.2017-ci il tarixli, 17/17/3266-12 nömrəli dərkənarı ilə 2017-ci il dövlət büdcəsinin yerli xərclərində Bakı şəhərinə “Mənzil və kommunal təsərrüfatı bölməsində mənzil fondunun əsaslı təmiri” üçün nəzərdə tutulmuş 10,0 milyon manatdan Suraxanı və Sabunçu rayonlarında qəzalı vəziyyətdə olan binada yaşayan ailələrə birdəfəlik maddı yardım ödənilməklə köçürülməsi, binaların sökülərək ərazilərin abadlaşdırılması işlərinin həyata keçirilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin təklifi razılaşdırılmışdır. Qeyd olunanalarla əlaqədar olaraq qaldırılan məsələ Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həll olunmalıdır. Həmçinin, həmin qətnamədə məhkəmə Bakı şəhər İcra Hakimiyyəti Başçısı H.Abutalıbovun 26.09.2017-ci il tarixli məktubu ilə AR Maliyyə Nazirinə ünvanlanmış məktuba istinad edərək göstərmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsaitdən Suraxanı rayon İcra Hakimiyyətinin xəzinə hesabına ******* manat məbləğində vəsaitin köçürülməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmamışdır. Həmçinin,məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında iddiaçının müvafiq ərizə ilə əvvəlcə iddiaya cavab verməli olan cavabdehə (əsl cavabdehə) müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmadığı dəlillərini qəbul etmir. İşmateriallarında olan zərfin surətindən görünür ki, İddiaçı Suraxanı İcra Hakimiyyətinə 04.02.2020-ci il tarixdə məktub göndərmişdir. Lakin birinci instansiya məhkəməsi məktubun məzmunu barədə məlumat əldə etməmişdir. İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları,ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi icraatı zamanı qeyd olunan prosessual normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, bütün faktiki halları müəyyən olunmamış qalmışdır, qəbul edilmiş qərar əsaslandırılmamışdır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-nin 87.7-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. İPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İPM-in 80, 85, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(112)-7583/2020 saylı qərardadı ləğv edilsin və iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəi verilmir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar