Məhkəmə qərarları › İş №2-1(103)-1186/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1186/2022

07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1186/2022 07.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Elmira oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “müavinətin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2724/2021 saylı 03.11.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı 2006-cı ildən 2015-ci ilə qədər müalicə ilə əlaqədar ona verilməsi 2 (iki) aylıq əməkhaqqı həcmində birdəfəlik müavinətin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə İddiaçı 05.10.2000-ci ildən 30.11.2015-ci ilə kimi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində xidmət etmişdir. 8 saylı şəhər poliklinikasının çıxarışına əsasən o, 10.08.2007-ci il tarixdən şəkərli diabet tip- 2, orta ağırlıqda diaqnozu ilə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Poliklinikasında dispanser qeydiyyatına götürülmüşdür. 26.05.2006-cı ildə qəbul edilmiş «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Qanunun 23.2-ci maddəsinə əsasən, müalicə olunması ilə əlaqədar ildə bir dəfə 2 (iki) aylıq əmək haqqı həcmində birdəfəlik müavinət almalı idi. Xidmətdə olduğu müddətdə o, müayinə və müalicə almaq üçün müavinəti almasına görə hər il müəssisə rəislərinə raportla müraciət etməsinə baxmayaraq, raportları Penitensiar Xidmətə göndərilməyib və Penitensiar Xidmətdən ona xəstəlik müavinəti verməyib. 2011-ci il aprel ayından Penitensiar Xidmətə göndərilən sənədlərə dekabr ayına kimi müsbət cavab verilməmiş, dekabr ayının sonunda ona 1360 manat müavinət verilmişdir. Daha sonra ona müavinət verilməmiş, 2015-ci ildə məcbur olub təqaüdə çıxmaq üçün raportla müraciət etmişdir. Penitensiar Xidmətin rəhbərliyi ona qarşı qərəzli hərəkətləri ilə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.2-ci maddəsinin tələblərini kobudcasına pozmuşlar. Qeyd olunan hüquq pozuntuları haqqında tələbini 2020-ci ilin əvvəlindən Penitensiar Xidmətin yeni rəhbərliyinə dəfələrlə ünvanlandırmış və xahiş etmişdir ki, onun 2006-2015- ci illərədək pozulmuş hüquqlarını bərpa edib, ona, o illərdə almadığı birdəfəlik iki əməkhaqqı həcmində müavinətin verilməsini təmin etsinlər. Dəfələrlə müraciətinə, o cümlədən sonuncu 27.10.2020-ci il tarixli müraciətinə cavabdeh orqan əsassız olaraq eyni məzmunlu imtina cavabı yazmışlar. Beləliklə də, qulluq keçdiyi müddətdə ona cavabdeh orqan tərəfindən yalnız 2011-ci ildə müalicə olunması üçün birdəfəlik müavinətin yarısı verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in qeyd olunan norması baxımından, hazırkı iddia öhdəliyin icrası haqqında iddiadır, həmin Məcəllənin 35.1-ci maddəsinin tələblərinə uyğun verilmişdir, məhkəmə icraatı mümkündür. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, İddiaçı qulluq müddətində 2011-ci ildə müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilmişdir. 2012-ci ildə müraciət etmiş, lakin vəsait çatmadığına görə ödənilməmişdir. Digər illərdə müraciət etmədiyinə görə müavinət verilməmişdir. Müvafiq xərc maddəsinə mailiyə vəsaiti ayrılacağı təqdirdə cari ilin sonuna qədər 2012-ci il üzrə müalicə olunması ilə əlaqədar müavinətin ödənilməsi məsələsinə baxılacaq . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2724/2021 saylı 03.11.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş və İddiaçı 2012-ci ildə istifadə etmədiyi müalicə olunması ilə əlaqədar birdəfəlik müavinətin hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı 05.10.2000-30.11.2015-ci il tarixinədək Penitensiar xidmətində qulluqda olmuş, qulluq etdi müddətdə ona 2011-ci ildə müalicə üçün birdəfəlik müavinət verilmiş, 2012-ci ildə müraciət etmiş, lakin vəsait çatmadığına görə ödənilməmiş, digər ilərdə müraciət etmədiyinə görə verilməmişdir. Daha sonra, cavabdeh “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.2-ci və Azərbaycan Respublikası Ədliyyə Nazirinin 28.04.2008-ci il tarixli, 7- T nömrəli əmri ilə “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəflik müavinətin verilməsi Qaydaları” 1.3, 2.1, 4.1, 4.3-cü, Əmək Məcəlləsinin 296-cı və AR Konstitusiya Məhkəməsinin Plenumunun R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasınını Konstitusiyasına və qapnunlarına uyğunluğunun yoxlanılmasına dair» 30.10.2007-ci il tarixli və »Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27.12.2001-ci il tarixli - qərarlarına istinad edirək qeyd edir ki, iddiaçının qulluq keçməsinə 30.11.2015-ci il tarixdə xitam verilmiş, lakin o, iddia ərizəsi ilə 2020-ci ilin noyabr ayında müraciət etmiş, bununla da qanunla müəyyən edilən 1 illik iddia müddətini buraxmışdır. (Qeyd edilənlərə və Mülki Məcəlləsinin 375.2-ci maddəsinə istinadən qərarın ləğv olunması və iddianın rədd edilməsi məhkəmədən xahiş olunur) Məhkəmə kollegiyasının 17.03.2022-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, mübahisələndirilən illərdə ona xəstəliyi ilə əlaqədar müalicə olunması üçün müavinət verilmədiyini bildirmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun (26 may 2006-cı il № 119-İİİQ) 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirinin 28.04.2008-ci il tarixli, 7-T nömrəli əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəflik müavinətin verilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən müavinət xüsusi rütbəsi olan işçiyə müalicə olunması üçün verilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən müraciət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən 2.2. Müavinət verilməsi üçün müraciətə aşağıdakı sənədlərdən biri əlavə edilməlidir: 2.2.1. müalicə müəssisəsi (həkim) və ya nazirliyin tibb xidməti tərəfindən verilən müalicə olunmaq zərurəti barədə arayış və ya müvafiq müalicə, sanatoriya-kurort müəssisəsinə göndəriş; 2.2.2. müalicə müəssisəsi (həkim) tərəfindən verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsi və ya yerli, yaxud xarici müalicə müəssisəsində tibbi müayinədən və ya müalicədən keçmə haqqında sənəd; 2.2.3. sanatoriya-kurort müəssisəsinə putyovka və ya turizm xidməti müəssisəsinin müvafiq sənədi. 2.3. Müavinətin verilməsi barədə müraciət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aparatında, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində, habelə nazirliyin müstəqil balansa malik tabe qurumlarında fəaliyyət göstərən müavinət təyin edən komissiyalara (bundan sonra-komissiyalar) təqdim edilir. 2.4. Müavinətin verilməsi barədə müraciətə komissiyalar tərəfindən qısa müddətdə, daxil olma növbəliyi ilə baxılır. 2.5. Komissiyalar öz qərarların səs çoxluğu ilə qəbul edir və protokol formasında rəsmiləşdirirlər. 2.6. Protokol müvafiq komissiyanın sədri və katibi tərəfindən imzalanır. 2.7. Müavinətin verilməsi məsələsi müsbət həll edildikdə protokolun bir nüsxəsi icra üçün müvafiq ədliyyə orqanının maliyyə xidmətinə təqdim edilir. 2.8. İşçinin müraciətinə əsasən komissiyanın protokolunun bir nüsxəsi ona təqdim edilir. 2.9. Müavinətin verilməsi barədə müraciətə bu Qaydaların 2.2-ci bəndində göstərilən sənədlər əlavə edilmədikdə və ya müvafiq büdcə vəsaiti tükəndikdə müraciət baxılmamış saxlanılır və işçiyə bu barədə məlumat verilir. Müvafiq sənədlər müraciətə əlavə edildikdən və ya müvafiq büdcə vəsaiti ayrıldıqdan sonra müraciətə bu Qaydalara müvafiq baxılır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə, işdə olan Ədliyyə Nazirliyi Tibb Baş İdarəsini Poliklinikası tərəfindən verilmiş 22 fevral 2013-cü il tarixli və 10.08.2015-ci il tarixli arayışlara əsasən müəyyən etmişdir ki, Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinin böyük inspektoru ədliyyə mayoru İddiaçı həqiqətən Tibb Baş İdarəsinin Poliklinikasında “Şəkərli Diabet” diaqnozu ilə dispanser qeydiyyatındadır, tibbi müayinədən keçmiş və aşkar olunmuş xəstəliklərlə bağlı ambulator müalicə almışdır. Eyni zamanda, məhkəmə müəyyən etmişdir ki, 2011-ci ildə iddiaçının müraciəti əsasında ona 2 (iki) aylıq əmək haqqı məbləğində birdəfəlik müavinət ödənilmiş, digər illərdə isə, 2011-2012-ci illər istisna edilməklə, sözügedən müavinətin ödənilməsi ilə bağlı iddiaçının cavabdeh inzibati orqana müraciət etməsi (müvafiq sənədlər də əlavə edilməklə) müəyyən edilmir. Beləliklə də birinci instansiaya məhkəməsi iddiaçı tərəfindən cavabdehə, xəstəliyi ilə əlaqədar birdəfəlik müavinət ödənilməsi üçün yalnız 2011-2012-ci illərdə müraciət etdiyi və ona 2011-ci ildə müraciəti zamanı müavinət verildiyi müəyyən olunmuşdur. Cavabdehin hazırda araşdırılan apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi, 05.10.2000 - 30.11.2015-ci il tarixinədək olan dövrdə Penitensiar Xidmətdə qulluqda olan iddiaçıya, qulluq etdiyi müddətdə yalnız 2011-ci ildə müraciət etdiyini və həmin ildə ona müalicə üçün birdəfəlik müavinət ödənildiyi, lakin 2012-ci ildə müraciət etsə də vəsait çatmadığına görə ona müavinət ödənilmədyi etiraf olunur. Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində hər bir halda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 4-cü bəndlərinə istinadən mübahisələndirir ki, iddiaçı sözügedən birdəfəlik müavinətlə bağlı hazırkı pul tələbini irəli sürmək üçün 1 (bir) illik iddia müddətini buraxmışdır. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmayaraq, birincisi onu qeyd edir ki, iddiaçı Penitensiar Xidmətin mayor rütbəli hərbi qulluqçusu olmuşdur. Əmək Məcəlləsinin 6-cı maddəsi isə nəzərdə tutur ki, hərbi qulluqçulara Əmək Məcəlləsi şamil edilmir. Digər tərəfdən isə iş materiallarından görünür ki, cavabdeh orqan iddiaçıya ünvanladığı bütün cavab məktublarında, iddia ərizəsinə etirazında və hazırkı apellyasiya şikayətində, onun 2012-ci ildə etdiyi müraciəti zamanı vəsait çatışmadığına görə ona müavinət ödənilmədiyini və həmin müvinətin ödənilməsi məsələsinə baxılacağını bildirərək onu ümidləndirməklə borcunu etiraf etdiyi halda, hazırda Mülki Məcəllənin 373.2ci maddəsinə istinadən, iddianın rədd olunmasını tələb etməkdə haqlı hesab oluna bilməz. Çünki, sözügedən Məcəllənin 380-cı maddəsinin tələbinə görə borclu borcunu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir, fasilədən sonra müddət yenidən başlanır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin qismən təmin edilərək, onun 2012-ci ildə istifadə etmədiyi, müalicə olunması ilə əlaqədar birdəfəlik müavinətin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qəbul edildiyini mübahisələndirərək həmin qərarın tamamilə ləğv edilməsini tələb edən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2724/2021 saylı 03.11.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2724/2021 saylı 03.11.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar