Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1186/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8126/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2022-ci ilin mart ayı üzrə ödənilməli olan əmək pensiyasının tam şəkildə ona ödənilməsi, habelə əmək pensiyasının cari ilin 1 yanvar tarixindən 1 aprel tarixinədək 3 aylıq müddət üzrə ödənilməli olan 10 faiz artımın tam şəkildə ona ödənilməsi öhdəliyinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 mart 2022-ci il tarixdə əmək qabiliyyətli hesab olunması barədə dövlət orqanı tərəfindən təsdiq edilmiş və bu məlumatlar rəsmi olaraq qeyd edilmişdir. İddiaçı qeyd edir ki, 350 AZN Prezident təqaüdü cari ilin 1 mart tarixindən 1 aprel tarixinədək (mart ayı üzrə) ödənildiyi halda, həmin müddət üzrə (mart ayı üzrə) 1506 AZN məbləğində əmək pensiyası və əmək pensiyasının 3 ay üçün (yanvar, fevral, mart ayları üzrə) 10 faiz artım ona ödənilməmişdir. Cavabdehə müraciətinə cavab olaraq bildirilmişdir ki, 11 mart 2022-ci il tarixdə əmək qabiliyyətli hesab olunması barədə qərar qəbul edilməsinə baxmayaraq, rəsmi əmək qabiliyyətli hesab edildiyi aydan yox, tibbi müayinə və komissiya müayinəsindən bir ay əvvəl keçməyə başladığı tarixdən hesablanacaqdır. İddiaçı qeyd edir ki, cavabdehin bu imtinası qanunsuzdur. Belə ki, rəsmi əmək qabiliyyətli hesab edildiyi 11 mart 2022-ci il tarix nəzərə alınmaqla əmək pensiyası həmin aydan sonrakı ayın, yəni 1 aprel tarixdən dayandırılmalı idi. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, 16 fevral 2022-ci il tarixli müayinə əsasında iddiaçının tam reabilitasiya olması barədə qərar qəbul edilərək ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edilib. Bunun nəticəsində iddiaçıya ödənilən əmək pensiyası 1 mart 2022-ci il tarixdən dayandırılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2022-ci ilin yanvar ayının 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavə alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilməsi təmin edilir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8126/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 1(112)-8126/2022-013 nömrəli qərarını qismən ləğv edib, iddianın 2022-ci ilin mart ayı üzrə ödənilməli olan əlilliyə görə əmək pensiyasının məbləğinin və 2022-ci ilin mart ayı üzrə aylıq əmək pensiyası məbləğinin 10 faizi məbləğində aylıq maddi yardım ödənilməsi öhdəliyinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya 18 oktyabr 2017-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə uyğun olaraq, “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin 80 faizi miqdarında əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya aid olan "Əlillik" alt sistemində qeyd edilən məlumatlara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 16 fevral 2022-ci il tarixli müayinəsində tam reabilitasiya olması barədə qərar qəbul edilərək ona əlillik dərəcəsi təyin edilməsindən imtina edilib. “Əmək pensiyaları haqqında” Qanunun 36.2-ci maddəsinə əsasən təkrar müayinədən keçirilən əmək pensiyaçısı əmək qabiliyyətli hesab edildikdə, əmək pensiyasının verilməsi əmək qabiliyyətli hesab edildiyi aydan sonrakı ayın 1-dən dayandırılır. Bu səbəbdən də əlilliyə görə iddiaçıya ödənilən əmək pensiyası 1 mart 2022-ci il tarixindən dayandırılıb. “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən əmək pensiyasının 10 faizi miqdarında iddiaçıya cari ilin yanvar və fevral ayları üzrə ödənilməli (hər ay 150,64 manat) olan ümumilikdə 301,28 manat maddi yardımın 2022-ci ilin noyabr ayında müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(112)-8126/2022-013 nömrəli qərarını qismən ləğv edib, iddianın 2022-ci ilin mart ayı üzrə ödənilməli olan əlilliyə görə əmək pensiyasının məbləğinin və 2022-ci ilin mart ayı üzrə aylıq əmək pensiyası məbləğinin 10 faizi məbləğində aylıq maddi yardım ödənilməsi öhdəliyinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, hazırkı mübahisə iddiaçıya 2022-ci ilin mart ayı üzrə əmək pensiyası məbləğinin, eləcə də 1 yanvar-1 aprel 2022-ci il tarixləri üzrə 3 ay üçün “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 3173 nömrəli, 4 mart 2022-ci il tarixli Sərəncamının 1.1-ci bəndinə əsasən 10 faizi məbləğində aylıq maddi yardımın ödənilib-ödənilməməsi ilə əlaqədardır. İş materiallarında olan elektron sistemdən çıxarışdan görünür ki, iddiaçıya əlilliyin təyin edilməsindən 2022-ci ilin 11 mart tarixində imtina edilmişdir. Əmək pensiyasıın dayandırılması barədə 25 aprel 2022-ci il tarixli qərardan da görünür ki, əmək pensiyası məbləği olan 1506,40 manat məbləğ 2022-ci ilin fevral ayının 28-i tarixinədək ödənilmiş, mart ayı üzrə ödəniş aparılmamışdır Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birinci instansiya məhkəməsinin sorğusuna vermiş olduğu 30 avqust 2022-ci il tarixli cavab məktubundan görünür ki, 16 fevral 2022-ci il tarixli müayinə əsasında iddiaçı tam reabilitasiya olunduğundan əlilliyin növbəti dəfə təyinindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyası xx.xx.2022-ci il tarixdə adları qeyd olunmuş 33 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və **********5 nömrəli, 05 mart 2022-ci il tarixli qərarı qəbul etmişdir. Həmin qərardan görünür ki, 16 fevral 2022-ci il tarixdə 33 nəfər şəxsin, o cümlədən iddiaçının əyani müayinəsi aparılmış və qərarın 23-cü hissəsinə əsasən iddiaçının tam reabilitasiya olunduğu qərara alınmışdır. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 16 fevral 2022-ci il tarixdə növbəti dəfə müayinədən keçirilmiş və tam reabilitasiya olunduğundan əlilliyin növbəti dəfə təyinindən imtina edilməsinə dair qərar qəbul edilmişdir. Həmin qərardan verilən şikayətlərə baxan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 05 mart 2022-ci il tarixli yekun qərarı ilə 16 fevral 2022-ci il tarixdə 33 nəfər şəxsin, o cümlədən iddiaçının əyani müayinəsi aparılmış və qərarın 23-cü hissəsinə əsasən iddiaçının tam reabilitasiya olunduğu nəticəsinə gəlmişdir. İnzibati orqan iddiaçı barəsində qərar qəbul edərkən iddiaçının tam reabilitasiya olunmasının 2022-ci ilin fevral ayında olması barədə hakimiyyət xarakterli tədbir həyata keçirməmiş, onun tam əmək qabiliyyətli hesab edilmə anının fevral ayından olması barədə hüquqi nəticə yaradan hər hansı akt və ya aktda əlavə müddəa nəzərdə tutmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qanunvericilik normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə əsasən təkrar müayinədən keçirilən əmək pensiyaçısı əmək qabiliyyətli hesab edildikdə, əmək pensiyasının verilməsi əmək qabiliyyətli hesab edildiyi aydan sonrakı ayın 1-dən dayandırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Xidmət tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Xidmətin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Xidmətin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə kollegiyası yuxarıda istinad olunan normaları və işin hallarını nəzərə alaraq cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin “Əmək pensiyaları haqqında” Qanunun 36.2-ci maddəsinə istinad etməklə əlilliyə görə iddiaçıya ödənilən əmək pensiyasının 1 mart 2022-ci il tarixdən dayandırılmalı olması barədə dəlillərinə münasibətdə bildirir ki, iddiaçının tam reabilitasiyası barədə yekun qərar 05 mart 2022-ci il tarixdə qəbul edilmişdir ki, inzibati orqanın iddiaçının əmək qabiliyyətli hesab edilmə barədə gəldiyi hüquqi nəticə məhz həmin ayda müəyyən edilmişdir. Belə ki, maddi yardımın ödənilməsi əmək pensiyasının ödənilməsi ilə əlaqədar olduğundan, əmək pensiyasının ödənişlərinin dayandırılmalı olduğu müddət də 2022-ci ilin mart ayı yox, aprel ayının 1-dən olduğundan maddi yardım da aprel ayının 1-dən etibarən dayandırılmalıdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8126/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1186/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1186/2023
07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver