Məhkəmə qərarları › İş №2-1(103)-1187/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1187/2022

21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1187/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6585/2021 saylı, 11.11.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı öhdəliyin ijrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 21.08.197l-ci il tarixdən 02.07.1976-cı il tarixədək Azərbaycan Texniki Universitetində təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1)). İddianın əsaslarına görə iddiaçıya 01.03.2012-ci il tarixindən 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Lakin əmək pensiaysı təyin olunarkən təhsil müddəti iş stajı kimi nəzərə alınmamışdır. Belə ki, 21.08.1971-ci il tarixdən 02.07.1976-cı il tarixədək Azərbaycan Texniki Universitetində təhsil almış, bundan sonra 15.11.1976-cı il tarixdən 19.08.2019-cu il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. O, cavabdehə Azərbaycan Texniki Universitetində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və pensiyanın yenidən hesablanması, yaranmış fərqin ödənilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu 1 mart 2021-ci il tarixli cavab məktubu ilə həmin müddətin onun əmək stajına daxil edilməsini mümkünsüz hesab edərək ərizəsinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, «Əmək pensiyaları haqqında» Qanununun 21-ci maddəsində təhsil müddətinin sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6585/2021 saylı, 11.11.2021-ci il tarixli qərarı ilə İddiaçı 21.08.197l-ci il tarixdən 02.07.1976-cı il tarixədək Azərbaycan Texniki Universitetində təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilərək, ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini Azərbaycan Respublikası ”Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 21-ci maddələrinə istinadən onunla əsaslandırmışdır ki, təhsil müddəti əmək stajına daxil edilmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Əhmədov apellyasiya şikayətini müdafiə etdiyini bildirərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının 21.08.197l-ci il tarixdən 02.07.1976cı il tarixədək Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) təhsil aldığı dövrün onun sığorta stajına daxil edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6585/2021 saylı, 11.11.2021-ci il tarixli qərarı ilə təmin edilmişdir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qeyd olunan qərarı ilə iddianın təmin olunmasını maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Birincisi, işin faktiki hallarından göründüyü kimi, iddiaçının Azərbaycan Politexnik İnstitutunda 1971—1976 –cı illərdə əyani təhsialma formasında təhsil aldığı, 01.03.2012ci il tarixində ona güzəştli şərtlərlə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edildiyi və pensiya hesablanarkən həmin təhsil müddətinin nəzərə alınmadığı işin mübahisələndirilməyən halıdır. Apellyasiya şikayətində cavabdeh tərəfindən «Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə istinadən mübahisələndirilir ki, təhsil müddəti əmək stajına daxil edilmir. Qanunun qeyd olunan 21.1-ci maddəsi isə nəzərdə tutur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd olunan əsasla, yəni, «Əmək pensiyaları haqqında» Qanunun iddiaçının ali təhsil müəssisində təhsil müddətinin iddiaçının sığorta stajına kimi nəzərə alınmaması əsassızdır. Belə ki, Azərbaycan Texniki Universitetinin işə əlavə olunmuş 06.01.2021-ci il tarixli 022- 269 nömrəli arxiv arayışına və 30 iyun 1976-cı il tarixində iddiaçıya verilmiş 016183 saylı diplomun (qeydiyyat №-si 218) surətinə əsasən müəyyən olunur ki, İddiaçı 21.08.1971-ci il tarixli əmrlə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (hal-hazırki Azərbaycan Texniki Universiteti) əyani şöbəsinə qəbul olmuş 02.07.1976-cı il tarixli əmrə əsasən həmin İnstitutun “Mexanika" fakültəsinin “Avtomobil nəqliyyatı" ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçının təhsil aldığı dövrdə 01.10.1956-cı ildən 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin «v» bəndi nəzərədə tuturdu ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. Eyni zamanda, SSRİ dağıldıqdan sonra, 23.09.1992-ci il tarixdə qəbul olunmuş və 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin «ğ» bəndi nəzərədə tuturdu ki, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçının ali təhsil aldığı vaxt qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyinin tələblərinə görə ali təhsil müddəti sığorta stajına daxil edilirdi. Hazırda qüvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 21-ci maddəsindən isə göründüyü kimi, ali təhsil müddətinin sığorta stajına daxil edilməsi nəzərdə tutmur. Konkret halda da məhz, cavabdeh həmin normaya istinadən hesab edir ki, hazırkı mübahisəyə qüvvədə olan qanunun qeyd olunan norması tətbiq olunmalıdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi isə nəzərdə tutur ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiyanın qeyd olunan normasından göründüyü kimi, vətəndaşın hüquqi vəziyyətini yaxşılaşdırmayan, başqa sözlə, ağırlaşdıran normativ hüquqi aktın qüvvəsi geriyə şamil edilmir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının təhsil aldığı vaxt, 01.10.1956-cı ildən 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin «v» bəndi tətbiq olunmaqla, iddiaçının 1971-1976-ciı illər üzrə ali təhsil müddətinin onun sığorta stajına daxil edilməsi barədə qərara gəlməsi əsaslıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının ali təhsil müddəti nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması ilə yanaşı yaranmış pensiya fərqinin ona ödənilməsinin cavabdehə həvalə edilməsi də əsaslıdır. Belə ki, 01.07.2017-ci il tarixindən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında qeyd olunan hüquqi mövqeyinə əsasən “pensiya təyin edilərkən və ya yenidən hesablanarkən, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi məhkəmələr tərəfindən birmənalı tətbiq edilməməli, aidiyyəti inzibati orqanlara müraciət edilməməsinin səbəblərini əks etdirən sübutlar tam və ətraflı araşdırılmalı, onlara əsaslı hüquqi qiymət verilməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul edilməlidir. Kontitusiya Məhkəməsinin Plenumunun qeyd olunan hüquqi mövqeyi baxımından məhkəmə kollegiyası qeyd edir ki, 01.03.2012-ci il tarixində güzəştli şərtlərlə əmək pensiyası təyin olunarkən, iddiaçının ali təhsil müddəti də onun sığorta stajına daxil edilməklə, əmək pensiyasının hesablanması aparılmalı olduğu halda, qanunvericilyin tələblərini pozaraq cavabdeh həmin müddəti onun sığorta stajına daxil etmədən hesablama aparmışdır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yaranmış pensiya fərqinin ödənilməsi hissəsində də qərarı ilə razılaşır. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6585/2021 saylı, 11.11.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6585/2021 saylı, 11.11.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar