Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1188/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9220/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçu kimi yaşayış sahəsi ilə təmin olunması üçün mənzil növbəsinə qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9220/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyi Cavabdeh üzərinə qoyulmuşdur. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərbi qulluqçunun yaşayış sahəsi ilə təmin olunması, buna qədər isə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi üçün 3 şərt tələb olunur: 1). 15 təqvim ili və daha çox xidmət etməsi. 2). yaşayış sahəsinin olmaması; 3). yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış hərbi qulluqçusu olması ;İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 5 il xidmət keçmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 7-ci hissəsində göstərilən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış hərbi qulluqçusu kimi qanunvericilikdə nəzərdə tutulmuş güzəştlər ona şamil edilmir. Bakı şəhəri, Nəsimi rayonu, E.Tağızadə küçəsi 7 saylı evin 88 saylı mənzili iddiaçının mülkiyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini əsassız hesab edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Kollegiya iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarından müəyyən edilir ki: - İddiaçı ailəlidir, 05.12.1994-cü il təvəllüdlü qızı X6, 23.06.1993-cü il təvəllüdlü X5, 28.08.1999-cu il təvəllüdlü X4 adlı övladları var. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyyat haqqında ******* nömrəli arayışa əsasən müəyyən edilir ki, İddiaçı 08 yanvar 2009-cu il tarixdən ünvan 1 ünvanda ailəsi ilə birlikdə qeydiyyatdadır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən verilmiş 02.04.2021-ci il tarixli arayışdan görünür ki, 1966-ci il təvəllüdlü İddiaçı həqiqətən 27.05.1992-27.09.1997-ci il tarixlərinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət keçmişdir və Azərbaycan Respublikası Müdafiə Nazirinin 27.09.1997-ci il tarixli 0944 nömrəli əmri ilə “Hərbi xidmət haqqında” Qanununun 18-ci maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdən ehtiyata təxris olunmuşdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən verilmiş 25.10.2021-ci il tarixli təkrar arayışa əsasən, 1966-cı il təvəllüdlü ehtiyyatda olan leytenant İddiaçı həqiqətən 27.05.1992-ci il tarixdən 27.09.1997-ci il tarixinədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyində zabit qismində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 27.09.1997-ci il tarixli 0922 nömrəli əmri ilə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyyata buraxılıb. - İddiaçıya məxsus 032791 saylı vəsiqənin surətindən müəyyən edilir ki, İddiaçı 13 iyun 2000-ci il tarixdən əlilldir. - Əmək və əhalinin Sosial müdafiəsi Nazirliyi yanında 4 saylı Zona Tibbi-Sosial Ekspert Koissiyası tərəfindən verilmiş 263037 nömrəli arayışdan müəyyən edilir ki, İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 2-ci qrup əlildir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 05.11.2003-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, Bakı şəhəri Nəsimi RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət keçərkən, 24.06.1996-cı ildə aldığı travma - diaqnoz: «Sol qamış sümüyünün proksimal kondilusunun çoxqəlpəli, oynaqdaxili sınığı nəticəsində sol diz oynağının osteoartrozu və kontrakturası, funksiyanın mülayim dərəcədə pozulması ilə», nə səbəbə ki, 24.06.1996-cı ildən 28.07.1996-cı ilə kimi Bakı şəhəri X3 İnstitutunda müayinə və müalicə olunmuşdur (ETTİ-nun 28.07.1996-cı il təarixlı çıxarış epikrizi, Bakı şəh. Nəsimi RHK-nın 61.10.2003cü il tarixli 3/537 saylı arayışı, Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin rəisinin 18.11.1997-ci il tarixli 895 saylı arayışı), “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”. - Bakı şəhəri Nəsimi rayon RHK tərəfindən verilmiş 029387 saylı vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 04.03.1999-cu ildən müharibə veteranları üçün müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. - Azərbaycan Respublikası İqtisadiyyat Naizrliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı bakı Ərazi İdarəsi tərəfindən verilmiş 26.10.2021-ci il tarixli elektron arayışdan müəyyən olunur ki, İddiaçı adına daşınmaz əmlak aşkar edilməmişdir. - Cavabdeh 16.05.2021-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, qeydiyyatda olduğu ünvandan forma №2 arayışı, ailə üzvlərini adına Azərbaycan Respublikası üzrə mənzil və ya torpaq sahəsi olub- olmaması barədə arayışı, kirayənişin yaşamağı barədə müqaviləni, ehtiyata buraxılması barədə əmri, qeydiyyata olduğu mənzilə dair hüquq müəyyənedici sənədin surəti və ailə üzvlərin şəxsiyyət vəsiqələrtinin surəti təqdim etdikdən sonra ərizəsində qeyd edilən məsələyə baxıla bilər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. İşdən aydındır ki, İddiaçı 5 il 4 aylıq hərbi xidmət sonrasında hərbi xidmətlə əlaqədar əlil olmasına və ehtiyyata buraxılmasına əsaslanaraq, hərbi qulluqçu kimi ailə üzvləri ilə birlikdə yaşayış yeri üzrə mənzil növbəsinə qeydiyyata alınmasını tələb edir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Qeyd edilən normalardan da göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada yaşayış sahəsi ilə təmin olunması üçün iddiaçıya münasibətdə şərt ödənilməlidir: yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış olması; yaşayış sahəsinin olmaması. Hazırki işin hallarından göründüyü kimi, iddiaçının hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilməsi və bununla əlaqədar hərbi xidmətdən buraxılmış olması işin mübahisəsiz halıdır və cavabdeh də bunu mübahisələndirmir. Cavabdeh apelyasiya şikayətində iddiaçının 15 təqvim ili hərbi xidməti olmadığından, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, mənzil növbəsinə salınmamalı olmasını bildirmişdir. Kollegiya cavabdehin bu mövqeyi ilə razılaşmır və bildirir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “... hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin növbədənkənar verilməsinə dair qanunun müddəasının hərbi qulluqçunun xidmət müddəti və ya ailə vəziyyəti ilə bağlı tətbiq oluna bilməz.” Eyni zamanda, cavabdeh şikayətində mövqeyini iddiaçının mülkiyyətində daşınmaz əmlak olması ilə əsaslandırmışdır. İnzibati iş materiallarından iddiaçının hazırda hər hansı yaşayış sahəsinin olmaması müəyyən edilsə də, işin hallarından mənzil şəraitinin pisləşməsinə səbəb olan məqsədli hərəkətlərə yol verdiyi də müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 21 aprel 2022-ci il tarixli **********79 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı adına ünvan 2 ünvanı 02.03.1999-cu il tarixdə ilkin qeydiyyata alınmışdır, lakin ünvan 3 13.07.2007-ci il tarixli 4Ə-1/121 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən həmin mənzil X2 adına özgəninkiləşdirilmişdir. Sonradan ünvan 3 4Ə-1/64 reyestr nömrəli 04.06.2009-cu il tarixli bağışlama müqaviləsinə əsasən 06.08.2009-cu il tarixdə qeyd olunan mənzil üzərində İddiaçı mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınsa da, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 4ə-82 reyestr nömrəli 02.02.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən həmin ünvan Məhərrəmov Teymur Elşən oğlunun mülkiyyətinə keçmişdir. Məlumat üçün bildiririk ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı adına Bakı şəhəri üzrə qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçının xüsusi mülkiyyətində fərdi mənzil olmuş, 02.02.2021-ci ildə həmin mənzili oğlunun adına özgəninkiləşdirmişdir. Bundan qısa müddət sonra isə yaşayış yeri olmaması əsası ilə ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə qeydiyyata salınması tələbilə cavabdeh orqana müraciət etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Yuxarıda qeyd edilən məqamlar Məcəllənin 52-ci maddəsinin dispozisiyasında qeyd edildiyi kimi, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə mənzil vəziyyətini qəsdən pisləşdirmiş olması nəticəsinə gəlməyə imkan verir. AR Mənzil Məcəlləsinin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - 53.1.1 bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - 53.1.2 müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Belə olan halda kollegiya bildirir ki, hazırki mübahisə üzrə cavabdehin hər hansı hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və maraqlarının pozulmuş olması müəyyən edilmir. İnzibati orqan İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə qeydiyyata alınmasından imtina etməkdə haqlı olmuşdur. Beləliklə, yuxarıda qeyd edilənlərə məcmu halda qiymət verən kollegiya bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin həlli üçün əhəmiyyətli olan hallar araşdırılmadan yekun nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti əsasli olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9220/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1188/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1188/2022
22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver