Məhkəmə qərarları › İş №2-1(103)-1189/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1189/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1189/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Yusifov Cahangir Afər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X15 oğlunun katibliyi ilə, İddiaçının direktoru X7, İddiaçının nümayəndəsi və vəkili X8 iştirakları ilə, İddiaçı X5 cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə və üçüncü şəxs X6 qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 28.01.2021-ci il tarixli, 2-1(112)-1987/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı X5 cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin X6 təhkim edilməsinə dair Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 23 iyul 1998-ci il tarixli, 1221 saylı sərəncamının ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6897/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qərardadına əsasən X9 3-cü şəxs qismində işə cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 28.01.2021-ci il tarixli, 2-1(112)-1987/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim F.Mədətli). Həmin qərardaddan iddaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X16 apellyasiya şikayətini müdafiə edərək, çıxışında bildirmişdir ki, İddiaçı çoxsahəli kommersiya firması 11,09.2000-ci il tarixdə kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatdan keçmişdir. Hal-hazırda İddiaçı çoxsahəli kommersiya firması ********** saylı VÖEN əsasən fəaliyyət göstərir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində Hövsan çimərliyi adlanan ərazi 2001-ci il tarixdən İddiaçı X5 faktiki sahibliyi Başçısının 23 iyul 1998-ci il tarixli, 1221 saylı sərəncamına əsasən Hövsan qəsəbəsində yaşayan X6 təhkim edilmişdir. Həmin sahəni 2001-ci ilin may ayında qarşılıqlı razılıq əsasında X1 aldıqdan sonra Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 25.10.2001-ci il tarixli, 902 saylı sərəncamına əsasən torpaq sahəsi İddiaçı X5 adına keçirilmişdir. Qeyd edilən ərazi Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 25.10.2001-ci il jtarixli, 902 saylı sərəncamına əsasən İddiaçı X5 adına keçirilsə də, X2 adına olan Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 23 iyul 1998-ci il tarixli, 1221 saylı sərəncamı ləğv edilməmişdir. Bizə sərəncam verilərkən iddiaçı hesab etdi ki, əvvəlki sərəncam ləğv edilmişdir. Lakin sonradan məlum oldu ki, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 23 iyul 1998-ci il tarixli, 1221 saylı sərəncamı ləğv edilməmişdir. Bu da iddiaçının hüquqlarını pozur. İddiaçı qeyd edilən ərazini aldıqdan sonra orada tikinti və abadlaşdırma işləri aparmışdır. 17.10.2002-ci il tarixdən elektrik sayğacı qoyulmuşdur. “xxxx” ASC-nin Suraxanı Rayon Enerji Təchizatı İdarəsinin 28.09.2020-ci il tarixli arayışına əsasən Hövsan qəsəbəsində Xəzər sahilində, 11/1399 kodu altında Mehdiyev Qalib T.(Günəşli-sahil restoranı) adlı abonent kimi fəaliyyət göstərir. 01 yanvar 2006-cı il tarixli İcarə müqaviləsinə əsasən İddiaçı çoxsahəli kommersiya firması tərəfindən ərazi 31.12.2017-ci il tarixə kimi X13 icarəyə verilmişdir. Sonrakı dövrlərdə kommunal xidmətlərə dair sənədlər icarəçi kimi X12 adına rəsmləşdirilmişdir. Məhkəmə buraxılmış prosessual müddətin üzrlü olması məsələsini həll edərkən hesab etmişdir ki, İddiaçı X5 direktoru məhkəməyə mübahisələndiriləın sərəncamı təqdim etmişdir, yəni 2001-ci ildən sərəncamın mövcud olması barədə məlumatı olmuşdur. Lakin ididaçı həmin sərəncamı məhkəməyə ona görə təqdim etdi ki, X9 2001-ci ildə mübahisəli ərazini iddiaçıya satıb və sərəncamı da ona veribdir. Həmin ərazi Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 25.10.2001-ci il tarixli, 902 saylı sərəncamına əsasən İddiaçı X5 adına keçirilib. X2 adına olan Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 23 iyul 1998- ci il tarixli, 1221 saylı sərəncamı ləğv edilməmişdir. Biz yeni sərəncam alarkən hesab etdik ki, əvvəlki sərəncam ləğv edilmişdir. Lakin sonradan məlum oldu ki, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 23 iyul 1998-ci il tarixli, 1221 saylı sərəncamı ləğv edilməmişdir. İddiaçı məhkəməyə buraxılan müddətin üzürlü səbəblərdən ötürülməsi barədə ərizə verdi. Vəkil və nümayəndə apellyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının direktoru X14 apellyasiya şikayətini müdafiə edərək, vəkil və nümayəndə ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin vəkili X10 məhkəməyə 28.04.2021-ci il tarixli ərizə ünvanlayaraq, işə üçüncü şəxsin və onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti, üçüncü şəxs X9 və üçüncü şəxsin vəkili X10 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddianın verilməsi müddətinə riayət olunmasıdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfındən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İşdə olan Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 1221 saylı, 23 iyul 1998-ci il tarixli sərəncamından görünür ki, Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində dənizkənarı sahədə 200mx50m ölçüdə torpaq sahəsinin abadlaşdırılması və əhalinin rahatlığını təmin etmək təqdim olunmuş cizgi əsasında X6 təhkim olunmuşdur. İddiaçı hazırda Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 1221 saylı, 23 iyul 1998ci il tarixli sərəncamını mübahisələndirir. Hazırki iddia tələbi ilə 02 oktyabr 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçının direktoru X14 məhkəmə iclası zamanı verdiyi izahatında mübahisələndirilən sərəncamın təsdiq olunmuş surətinin 2001-ci il tarixdə X9 tərəfindən ona təqdim edildiyini bildirsə də, lakin sərəncamın qüvvədə olmadığını düşündüyü əsası ilə bu günədək mübahisələndirmədiyini, sərəncamın qüvvədə olmasından X3 Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı irəli sürdüyü inzibati mübahisə zamanı məlumatlı olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən buraxılmış prosessual müddətin üzrlü olması barədə gətirdiyi dəlillərə münasibətdə qeyd etmişdir ki, iddiaçının direktorunun özünün də etiraf etdiyi kimi iddiaçı tərəfin mübahisələndirilən sərəncamın mövcud olmasından 2001-ci il tarixdən məlumatı olmuşdur. Həmin sərəncamı qanunla müəyyən edilmiş 30 gün müddəti ötürməklə mübahisələndirmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, Hövsan çimərliyində İddiaçı çoxsahəli istehsalat kommersiya firmasına torpaq sahəsinin mövcud istifadə vəziyyətində təhkim olunması haqqında Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 902 saylı, 25 oktyabr 2001-ci il tarixli sərəncamında Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 1221 saylı, 23 iyul 1998-ci il tarixli sərəncamının ləğv edilməsi ilə bağlı hər hansı qeyd edilməmişdir. Buna görə də məhkəmə iddiaçının bu günədək sərəncamın qüvvədə olmadığını düşünməsi barədə gətirdiyi dəlilləri inandırıcı hesab etmir. Birinci instansiya məhkəməsi iddiaçının sərəncamın qüvvədə olmasından X3 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində qaldırdığı iddia tələbinə baxılan zaman məlumatlı olduğunu hesab etsə də, həmin halda da iddiaçı tərəfindən müəyyən edilmiş müddətin buraxılmışdır. Belə ki, işdə olan qanuni qüvvəsini almış məhkəmə qərarlarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-97/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qərarına əsasən iddiaçı X3 cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs İddiaçı çoxsahəli istehsalat kommersiya firması) qarşı Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 25 oktyabr 2001-ci il tarixli 902 saylı sərəncamının ləğv olunması və etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 863/2020 saylı, 17 sentyabr 2020-ci il tarixli qərardadına əsasən iddiaçının nümayəndəsi və vəkili X4 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-97/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qərarından verilmiş apelyasiya şikayəti geri qaytarılması barədə ərizəsi təmin edilmiş və şikayət geri qaytarılaraq, şikayət üzrə apelyasiya icraatına xitam verilmişdir. Qeyd olunan qərarlardan göründüyü kimi X11 tərəfindən İddiaçı çoxsahəli istehsalat kommersiya firması barəsində verilmiş 25 oktyabr 2001-ci il tarixli 902 saylı sərəncamı mübahisələndirilmiş, həmin mübahisə üzrə tələbinin hüquqi əsası kimi hazırda mübahisələndirilən Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 1221 saylı, 23 iyul 1998-ci il tarixli sərəncamına istinad etmişdir. Həmin iş üzrə İddiaçı çoxsahəli istehsalat kommersiya firması həmin iş üzrə üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdir. Qeyd olunan mübahisə üzrə İddiaçı çoxsahəli istehsalat kommersiya firması üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdir. İddiaçı çoxsahəli istehsalat kommersiya firması Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 25 oktyabr 2001-ci il tarixli 902 saylı sərəncamından ən geci həmin məhkəmə mübahisəsi gedən zaman məlumatlı olduğu halda, həmin müddətdən 1 ildən çox müddət keçdikdən sonra 02 oktyabr 2020-ci il tarixdə həmin sərəncamın ləğv edilməsi ilə bağlı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, yenə də iddia müddətini buraxmışdır. Birinci instansiya məhkəməsi tərəfindən həmçinin 07.10.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbi baxımından iddiaçıya hüquqi yardımın göstərilməsi barədə məktub ünvanlanaraq, Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddətə əməl edilməli olduğu, mübahisə predmeti olan inzibati aktın məzmunundan hansı vaxtdan məlumatlı olması barədə sübutu məhkəməyə təqdim etmək təklif edilmişdir. İddiaçı prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etsə də, müddətin buraxılmasına səbəb olmuş halların üzrlü olmasını əsaslandıra bilməmişdir. İPM-in 24-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir (maddə 24.1). Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (maddə 24.2). Təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz (maddə 24.4). Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir (maddə 24.5). İddiaçı tərəfindən müddətin buraxılmasına səbəb olmuş hallara dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə dəbirinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi qənaətinə gəlmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Sadalanan qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, iddiaçının pozulması müəyyən dərəcədə ehtimal olunan subyektiv hüququnun mövcudluğu və bu hal üzrə müəyyən edilmiş müddət ərzində inzibati aktdan və ya onun qəbulundan imtinadan şikaət edilməsi ddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdir. İddiaçı qanunvericliklə müəyyən edilmiş müddətdən sonra sərəncamı mübahisələndirmiş, bununla da həmin sərəncamı mübahisələndirmək imkanını itirmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq düzgün nəticəyə gəlmişdir, ona görə apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28.01.2021-ci il tarixli, 2-1(112)-1987/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar