Məhkəmə qərarları › İş №2-1(103)-1189/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1189/2022

29.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1189/2022 29.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X22 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X6 və cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(112)-3421/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X16 və X1 16.09.2005-ci il tarixdən 21.02.2007-ci il tarixədək işlədiyi dövrdə aldığı əmək haqqı məcburi dövlət sosial sığortasına cəlb edildiyi üçün həmin müddətdəki iş stajı da nəzərə alınmaqla 14 may 2018-ci il tarixdən başlayaraq ona pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 14.05.2018-ci il tarixdən (63 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 0, xx.xx.1954-cü ildə doğulmuşdur. O, 1971ci ildən 1976-ci ilədək Azərbaycan Dövlət Universitetində təhsil almış, əyani təhsilini başa vuran kimi, 09.08.1976-cı ildən əmək fəaliyyətinə başlamışdır. Dövlət qurumlarında son iş yeri olan Azərbaycan X16 və X2 ləğvi ilə bağlı iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 21.02.2007-ci il tarixdə xitam verilmişdir. 14 may 2018-ci il tarixdə ümumi əsaslarla pensiyaya çıxmaq uçun zəruri olan yaş həddinə (63 il 6 ay) çatması və zəruri iş stajına malik olması ilə bağlı iddiaçı pensiya təyin edilməsinə dair cavabdehə müraciət etmişdir. Lakin pensiya təyin edilməsindən imtina olunmuşdur. İddiaçının müraciətinə cavab olaraq 26.10.2020-ci il tarixli məktubla bildirilmişdir ki, pensiya təyin edilməsi üçün zəruri iş stajı olmadığından iddiaçıya pensiya təyin edilə bilməz. Belə ki, sonuncu iş yerində, dövlət qurumu olan X16 və X1 16.09.2005-ci il tarixdən 21.02.2007- ci il tarixədək işləsə də, həmin qurum tərəfindən 2006-2007-ci illərdə Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara (Forma B1) uyğun Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) vaxtında və dürüst təqdim edilmədiyi üçün qeyd olunan dövrə aid məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də iddiaçının xeyrinə ödənmiş məcburi dövlət sosial sığorta haqları üzrə ona dair məlumatlar fərdi şəxsi hesabında əks olunmamışdır. Ona görə də sığortaedən Azərbaycan X16 və X4 müracət etməlidir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan X16 və X5 adlı dövlət qurumu ləğv edildiyi üçün iddiaçı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət etməli olmuşdur. X23 və X14 verdiyi 05.04.2019-cu il tarixli 328/357 saylı arayışdan görünür ki, 2005-ci ilin sentyabr ayından 2007-ci ilin mart ayına kimi Azərbaycan X16 və X5 tərəfindən mütəmadi olaraq DSMF-na xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənmişdir. DSMF-nun iddiaçıya verdiyi rəsmi cavabdan da əslində onun xeyrinə məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi inkar edilmir. Lakin göstərilir ki, kimlərinsə günahı üzündən iddiaçının xeyrinə ödənmiş məcburi dövlət sosial sığorta haqları üzrə iddiaçıya dair məlumatlar fərdi şəxsi hesabında əks olunmamışdır. Yəni pul vəsaiti faktiki DSMF-nun bank hesabına daxil olsa da iddiaçıdan asılı olmayan səbəblərdən şəxsi hesabında öz əksini tapmamışdır. Ona görə də iddiaçının X16 və X1 16.09.2005-ci il tarixdən 21.02.2007-ci il tarixədək işlədiyi dövrdə aldığı əmək haqqı məcburi dövlət sosial sığortasına cəlb edildiyi üçün həmin müddətdəki iş stajı da nəzərə alınmaqla 14 may 2018-ci il tarixdən iddiaçıya pensiya təyin edilməlidir. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçının müraciətinə Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentində baxılmışdır. Müraciətlə bağlı araşdırma zamanı məlum olmuşdur ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı olmadığı üçün əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Eyni zamanda iddiaçı X16 və X1 16.09.2005-ci il tarixdən 21.02.2007-ci il tarixədək işləsə də, həmin qurum tərəfindən 2006-2007-ci illərdə Məcburi dövlət sosial sığorta haqqı üzrə rüblük hesabatlara (Forma B1) təqdim edilsə də, Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) vaxtında və dürüst təqdim edilməmişdir. Bu səbəbdən iddiaçının həmin dövrə aid məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabında əks olunmamışdır. Eyni zamanda qeyd edilmiş dövrlərə aid “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ların (Forma B3) təqdim edilməsi üçün “Elektron hökumət portalı”nda (e - gov.az) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmətlər bölməsində sığortaedən X16 və X4 müvafiq funksionallıq verilmişdir. Həmin quruma funksionallıq verildiyi üçün asan imza və ya elektron imza vasitəsilə müəssisələr, yəni sığortaedənlər tərəfindən “X17”da (e gov.az) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmətlər bölməsinə daxil olub qeyd olunan dövrlərə aid Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) təqdim edilməlidir. Bütün bu proseslər həyata keçirildikdən sonra iddiaçının məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabında öz əksini tapacaqdır. Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(112)-3421/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 14.05.2018-ci il tarixdən (63 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, 2005- 2007-ci illərdəki iddiaçının stajını mübahisələndirirlər. Həmin illər nəzərə alınmayanda 25 il 8 ay 23 gün stajı olur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. O, 1971-ci ildən 28.06.1976-cı ilədək Azərbaycan Dövlət Universitetində təhsil almış, 09.08.1976-cı ildə 16 saylı müəssisə SSRİ Nİ yanında geodeziya və kartoqrafiya baş idarəsində 321 saylı ekspedisiyaya sahə işlərinə coğrafiyaşünas vəzifəsinə qəbul olunmuş, 27.01.1977-ci ildə Ekspedisiya xəritələrinin yenilənməsi üzrə 322 saylı qrupa keçirilmiş, 29.08.1980-cı ildə öz xahişi ilə işdən azad edilmiş, 01.09.1980-cı ildə Azərbaycan SSR EA Coğrafiya institutunda 3 il müddətinə təbiətin mühafizəsi bölməsi üzrə əyani aspiranturaya qəbul olunmuş, 01.09.1983-cü ildə təhsil müddətinin bitməsi ilə əlaqədar əyani aspiranturadan xaric olunmuş, 20.12.1983-cü ildə Azərbaycan SSR M və KTN AZ Su problemləri ETİ-də Filtrasiya laboratoriyasına laborant vəzifəsinə qəbul olunumuş, 03.05.1984-cü ildə öz xahişi ilə işdən azad olunmuş, 04.05.1984-cü ildə Təbiətin mühafizəsi üzrə Azərbaycan SSR Dövlət Komitəsində Dövlət komitəsinin Torpaq, yerin təki, flora və landşaftların mühafizəsi şöbəsinə baş mühəndis vəzifəsinə qəbul olunmuş, 01.07.1989-cu ildə Dövlət Komitəsinin Komitənin Mərkəzi Aparatının yeni strukturunun işə salınması ilə əlaqədar olaraq, Torpaq, yer təki, flora və təbiət abidələrinin mühafizəsi şöbəsində tullantıların istifadə olunmasına nəzarət qrupuna aparıcı mühəndis təyin olunmuş, 14.11.1989-cu ildə Mərkəzi Aparat işçilərinin vəzifələrin adlarının dəyişdirilməsi ilə əlaqədar olaraq, tullantıların istifadə olunmasına nəzarət sektorun rəhbəri hesab olunmuş, 25.06.1991-ci ildə işdən azad edilmiş, 15.07.1991-ci ildə “Şəms" kiçik müəssisəsində Elm və tətbiq şöbəsinin baş mütəxəssis vəzifəsinə qəbul olunmuş, 09.08.1991-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 12.08.1991-ci ildə “Savalan" çoxprofilli şirkətdə sex müdiri vəzifəsinə qəbul olunmuş, 14.09.1994-cü ildə yeni struktur quruluşu və “Savalan” firmasının “Əl Said” kiçik müəssisəsinə dəyişdirilməsi ilə əlaqədar marketinq üzrə direktor müavini təyin edilmiş, 12.09.2005-ci ildə öz xahişi ilə işdən azad olunmuş, 16.09.2005-ci ildə AzETETİİ Azərbaycan Elmi Tədqiqat X19 və X12 İnstitutunda bağlanmış əmək müqaviləsinə əsasən “ETİ tələbatlarının öyrənilməsi və resurslarının formalaşdırılması (aqrokompleks üzrə) söbəsinə sektor müdiri vəzifəsinə qəbul edilmiş, 21.02.2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin 28.12.2006-cı il tarixli 504 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İİN-in AzETETİ TİTİ ləğv edildiyi üçün Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış 26.10.2020-ci il tarixli məktubda qeyd olunur: Sizin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlıyınin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna daxıl olmuş müraciətinizə baxılmışdır. Müraciətinizlə bağlı bildiririk ki, sığortaedən "Azərbaycan ETET İnformasiya və TİT” (SUN: **********7) tərəfindən 2006- 2007-cı illərdə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”lara (Forma B1) uyğun “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3) vaxtında və dürüst təqdim edilmədiyi üçün qeyd etdiyiniz dövrlərə dair məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləriniz, eləcə də xeyrinizə ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlarınız fərdi şəxsi hesabınızda əks olunmamışdır. Bildiririk ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə dovlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etmək sığortaedənin vəzifəsi olduğundan müraciətinizdə qaldırdığınız məsələ ilə bağlı sığortedən "Azərbaycan ETET İnformasiya və TİT”-yə müraciət etməyiniz məqsədəuyğundur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Elm və X14 05.04.2019-cu il tarixli 328/357 saylı arxiv arayışından görünür ki, daxil olmuş 18 mart 2019-cu il tarixli vətəndaş ərizəsi əsasında Azərbaycan Respublikası Dövlət Elm və X15 mühafizə olunan “X20 və X5”nun sənədləri arasında İddiaçı iş stajını və ona hesablanmış əmək haqqını təsdiq edən aşağıdakı məlumatlar aşkarlandı: İddiaçı bağlanmış müqaviləyə əsasən 16.09.2005-ci ildən ETİ tələbatlarının öyrənilməsi və resurslarının formalaşdırılması (aqrokompleks) şöbəsinin ETİ tələbatlarının öyrənilməsi sektoruna 16-cı dərəcə sektor müdiri vəzifəsinə işə götürülmüşdür. İddiaçı institutun 21.02.2007-ci il tarixli 01 №-li əmri ilə tutduğu vəzifəsindən azad edilmişdir. İşlədiyi 2005- 2007-ci illərdə İddiaçı hesablanmış əmək haqqı aşağıdakı qaydada olmuşdur: 2005-ci il üzrə cəmi: sentyabr ayı 157500, DSMF ödəniş 4725, oktyabr ayı 270000, DSMF ödəniş 8100, noyabr ayı 400000, DSMF ödəniş 12000, dekabr ayı 634000, DSMF ödəniş 19020; 2006-cı il üzrə cəmi: yanvar ayı 100,50, DSMF ödəniş 3,01, fevral ayı 99,00, DSMF ödəniş 2,97, mart ayı 95,00, DSMF ödəniş 2,85, aprel ayı 97,00, DSMF ödəniş 2,91; may ayı 97,50, DSMF ödəniş 2,93; iyun ayı 125,00, DSMF ödəniş 3,75; iyul ayı 168,16, DSMF ödəniş 2,96; avqust ayı 42,83, DSMF ödəniş 2,29; sentyabr ayı 132,00, DSMF ödəniş 3,96; oktyabr ayı 156,00, DSMF ödəniş 4,68; noyabr ayı 189,00, DSMF ödəniş 5,67; dekabr ayı 160,00, DSMF ödəniş 4,30; 2007-ci il üzrə cəmi: yanvar ayı 100.00, DSMF ödəniş 3,00; fevral ayı 87,50, DSMF ödəniş 2,62; mart ayı 155,93 manat. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış 19.03.2021-cu il tarixli məktubdan görünür ki, İddiaçı "xxxx" MMC-də 01.07.2019-cu ildən 01.07.2020-ci ilədək 5934,22 manat əmək haqqı hesablanmış, 1483,56 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqinə 01.01.2006-cı il tarixdən başlandığı üçün 01.09.2005-ci il tarixdən 01.01.2006-cı il tarixədək sığortaolunan, İddiaçı hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə olan məlumatların verilməsi Filial tərəfindən mümkün olmamışdır. Sığortaolunan İddiaçı 01.01.2006-cı il tarixdən 01.07.2019-cu il tarixə və 01.07.2020-ci il tarixdən 01.01.2021-ci il tarixədək “X3 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində “Sığortaolunanların hesabları” bölümündə heç bir məlumatı yoxdur. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 17.12.2019-cu il tarixli, **********1 saylı imtina məktubu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə istinad etmiş, qeyd olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (23040 manat kapital) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə və ya azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququnun olduğu, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmadığından və ya 25 il sığorta stajnın olmadığından ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir: dövr 01.07.2017 - 30.06.2018, kişilər üzrə pensiya yaşı 63 il 6 ay. Həmin Qaydaların 2 nömrəli əlavəsinin 1-ci bəndinə əsasən növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti; ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçının xx.xx.1954-cü il tarixdə doğulduğu nəzərə alındıqda, onun 63 yaş 6 ayının tamam olduğu vaxtdan - 14.05.2018-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının 1971- 1976-cı illərdə Azərbaycan Dövlət Universitetində, 01.09.1980-cı ildən 01.09.1983-cü ildə Azərbaycan SSR X7 institutunda əyani aspiranturada aldığı təhsil dövrünü sosial sığorta stajına hesablamaqda haqlı olmuşdur. Belə ki, şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın iddiaçının X16 və X1 16.09.2005-ci il tarixdən 21.02.2007-ci il tarixədək işlədiyi dövrə aid məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabında əks olunmadığı üçün müraciətinin təmin edilməsindən imtinasına münasibətdə qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçının həmin dövr iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir. Bundan başqa, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Elm və X14 05.04.2019-cu il tarixli 328/357 saylı arxiv arayışından görünür ki, İddiaçı bağlanmış müqaviləyə əsasən 16.09.2005-ci ildən ETİ tələbatlarının öyrənilməsi və resurslarının formalaşdırılması (aqrokompleks) şöbəsinin ETİ tələbatlarının öyrənilməsi sektoruna 16-cı dərəcə sektor müdiri vəzifəsinə işə götürülmüş, institutun 21.02.2007-ci il tarixli 01 №-li əmri ilə tutduğu vəzifəsindən azad edilmiş, işlədiyi 2005-2007-ci illərdə 2005-ci ilin sentyabr-dekabr, 2006-cı ilin yanvar-dekabr, 2007-ci ilin yanvar-fevral ayları üçün iddiaçıya əmək haqqı hesablanmış və məcburi dövlət sosial sığorta haqları tutulmuşdur. Bununla belə, iddiaçının təhsil müddəti (1971-1976, 01.09.1980-01.09.1983) və mübahisələndirilən dövr (16.09.2005-21.02.2007) nəzərə alınmasa belə, (09.08.1976- 29.08.1980, 20.12.1983-03.05.1984, 04.05.1984-25.06.1991, 15.07.1991-09.08.1991, 12.08.1991-12.09.2005) 25 il 08 ay 23 gün sığorta stajına malikdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı təhsil dövrü də daxil olmaqla 25 ildən artıq sığorta stajına malikdir. Göründüyü kimi, iddiaçının 63 yaş 6 ayı 14.05.2018-ci ildə tamam olmuşdur və iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və iddia tələbi əsaslıdır və təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 63,5 yaşının tam olduğu 14.05.2018-ci ildən yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(112)-3421/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar