Məhkəmə qərarları › İş №2-1(103)-1189/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1189/2023

21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1189/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Həşim Rəşad Əlisahib oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X13, X5 və X15 üçüncü şəxs qismində cəlb olunmaqla) “şəhadətnamənin ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1490/2021saylı, 23 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X13 üçüncü şəxs qismində cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X6 adına xx.xx.2004-cü il tarixdə verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» JN-12198 saylı şəhadətnamənin ləğv edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ona ayrılmış 600 (altı yüz) kv.metr torpaq sahəsinin texniki pasportunun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X6 adına xx.xx.2004-cü il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-12198D KOD00400016 saylı şəhadətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «Səbail Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı 06 yanvar 1995-ci il tarixli Sərəncamında qismən dəyişiklik edilməsi barədə» 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamına əsasən X6 razılıq ərizəsi və onun torpağa olan tələbatı nəzərə alınaraq Səbail Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı 06 yanvar 1995-ci il tarixli Sərəncamı ilə fərdi evin tikintisi üçün E.Əfəndiyevə ayrılmış 600 (altı yüz) kv.metr torpaq sahəsi qarşılıqlı razılaşma əsasında iddiaçının adına sənədləşdirilmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi üzərində hər mərtəbəsi 99 kv.metr olmaqla ikimərtəbəli fərdi yaşayış evi inşa etdirərək bu günədək ailə üzvləri ilə birlikdə yaşamışdır. 2016-ci ildə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə torpaq sahəsinin texniki pasportunun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi barədə müraciət olunduqda torpaq sahəsinin situasiya planı və sxemi tərtib olunmadığından sənədlər icraata qəbul edilməmişdir. Qeyd olunan torpaq sahəsinin situasiya planı və sxeminin tərtib edilməsinin Səbail Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qarşısında tərəfindən tələb irəli sürülmüş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli 2- 1(81)-3492/2016 nömrəli qərarı əsasında iddia təmin olunmuşdur. Həmin Qərar qanuni qüvvəyə mindikdən sonra 10 noyabr 2017-ci il tarixdə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamı ilə istifadəsinə verilmiş torpaq sahəsinin situasiya planı və sxemi tərtib olunaraq ona təqdim edilmişdir. 23 noyabr 2017-ci il tarixdə cavabdehə ərizə ilə müraciət olunaraq, ona Səbail Rayon İcra Hakimiyyəti Başçısının 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ayrılmış 600 (altı yüz) kv.metr torpaq sahəsinin situasiya planı və sxemi təqdim olunmaqla həmin torpaq sahəsinin texniki pasportunun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi xahiş olunmuşdur. Cavabdeh isə 13 dekabr 2017-ci il tarixli **********02 nömrəli «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasına imtina edilməsi barədə» bildirişində elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş Səbail Rayon İcra Hakimiyyəti Başçısının 647 saylı, 01 avqust 2000-ci il tarixli sərəncamında istinad edilmiş Səbail Rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli, 124 saylı Sərəncamı əsasında digər fiziki şəxsin adına torpağın mülkiyyətə verilməsi barədə JN12198D nömrəli şəhadətnamə verildiyi və torpaq sahəsi üzərində tikintialtı sahəsi 110 kv.metr olan ikimərtəbəli yaşayış evi və həyət tikililərinin mövcudluğunu əsas gətirərək ərizənin icrasından imtina etmişdir. Qeyd olunan torpaq sahəsinin texniki pasportunun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qarşısında tərəfindən tələb irəli sürülmüş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli 2-1(81)-1031/2018 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, idarənin elektron kadastr baza məlumatlarına əsasən Səbail Rayon İcra Hakimiyyəti Başçısının 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamında istinad edilmiş Səbail Rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli 124 saylı Sərəncamı əsasında keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər fiziki şəxs - X6 adına «Torpağın mülkiyyətə verilməsinə dair» JN12198 saylı şəhadətnamə verilmişdir. Bundan əlavə, torpaq sahəsi üzərində tərəfindən inşa edilmiş tikintialtı sahəsi 110.0 kv.metr olan iki mərtəbəli fərdi yaşayış evi və həyətdəki tikililərə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-2245/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 229/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(103)-2245/2019 qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmə işin hallarına münasibətdə, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən E.Əfəndiyevə 04 may 2004-cü il tarixdə verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» JN-12198D nömrəli şəhadətnamə mübahisələndirildiyi təqdirdə, torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınmasının mümkünlüyünü qeyd etmişdir. Həmin işlər üzrə keçirilmiş məhkəmə-torpaqşünaslıq ekspertizası rəyinə əsasən faktiki istifadəsində olan və naturada koordinatları müəyyən edilmiş 600 kv.metr torpaq sahəsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş X6 adına «Torpağın mülkiyyətə verilməsinə dair» JN-12198 saylı şəhadətnamədəki torpaq sahəsi ilə üst-üstə düşmədiyi və şəhadətnamədə göstərilən torpaq sahəsinin onun istifadəsində olan torpaq sahəsindən 3150 metr şimal istiqamətində yerləşdiyi müəyyən edilmişdir. X2 Rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli 124 saylı Sərəncamı ilə fərdi evin tikintisi üçün ona ayrılmış torpaq sahəsini 2004-cü ildə qeydiyyata aldırmış, bu barədə ona xx.xx.2004-cü il tarixdə «Torpağın mülkiyyətə verilməsinə dair» JN-12198D nömrəli şəhadətnamə verilmişdir. Sənədlərə Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1724 nömrəli 600 kv.metr torpaq sahəsinin Səbail Rayon İcra Hakimiyyətinin Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib olunmuş xx.xx.2004-cü il tarixli, RİH başçısının təsərrüfat şöbəsinin müdiri və memarı tərəfindən təsdiq edilmiş yerləşmə cizgisi əlavə edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən göründüyü kimi, X6 adına «Torpağın mülkiyyətə verilməsinə dair» JN-12198 saylı şəhadətnamənin verilməsi zamanı kobud qanun pozuntularına yol verilmiş, şəhadətnamənin verilməsinə əsas verən 06 yanvar 1995-ci il tarixli 124 saylı Sərəncamın Səbail Rayon İcra Hakimiyyəti Başçısının 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamı ilə faktiki olaraq qüvvədən düşməsi nəzərə alınmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2019-cu il tarixli M-311 nömrəli məktubundan görünür ki, Səbail RİH-nin arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli 124 saylı sərəncamına heç bir cizgi əlavə edilməmişdir. Qeyd olunanlardan göründüyü kimi X13 aralarında olan qarşılıqlı razılaşma əsasında Səbail Rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli 124 saylı Sərəncamı ləğv edilərək 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamı ilə dəyişdirildikdən sonra, 2004-cü ildə yenidən onun istifadəsində olan Badamdar qəsəbəsinin 1-ci massivində yerləşən torpaq sahəsindən 3150 metr şimal istiqamətində 3-cü massivdə yerləşən digər bir torpaq sahəsi əldə edərək faktiki olaraq qüvvədən düşmüş 124 nömrəli sərəncam və aralarında açıq-aşkar uyğunsuzluq olan, birbirinin mötəbərliyini inkar edən sənədlər əsasında, habelə bütün zəruri sənədlər təqdim olunmadan «Torpağın mülkiyyətə verilməsinə dair» JN-12198 saylı şəhadətnamə əldə etmişdir. Hesab etmişdir ki, məmurun səhlənkarlıqdan və ya bilərəkdən saxtalaşdırılmış sənədləri təqdim etmiş vətəndaşa «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə verməsi səbəbindən bütün zəruri sənədləri təqdim etmiş, vicdanlı vətəndaşın 20 il ərzində istifadəsində olan torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməsi ədalətsizdir, qanunsuz və yolverilməzdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, sözügedən torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin 124 sayl, xx.xx.1995-ci il tarixli sərəncamı əsasında keçmiş DTXK tərəfindən X6 adına JN-12198 saylı şəhadətnamə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1490/2021 saylı, 23 avqust 2021-ci il tarixli qərarı ilə (hakim F.Mədətli) iddianın təmin edilməsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X6 adına xx.xx.2004-cü il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-12198D KOD-00400016 saylı şəhadətnamənin ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1490/2021saylı, 23 avqust 2021-ci il tarixli qərarının ləğv edilərək iddianın təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti cavabdehin iddiaya qarşı təqdim etdiyi yazılı etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Badamdar qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 124 saylı sərəncamı əsasında X6 adına JN-12198D nömrəli, Kod 00400016 olan xx.xx.2004-cü il tarixli şəhadətnamə tərtib edilmişdir. Daha sonra şəhadətnamədə göstərilən torpaq sahəsi 7 saylı DNK tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli, 4ə- 2/354 və 4ə-2/432 saylı müqavilərə əsasən X16 adına özgəninkiləşdirilmiş və 0.12 ha torpaq sahəsinə dair JN-2085D nömrəli, Kod 00400016 olan şəhadətnamə tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərardadı ilə X21 üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və C.A.Yusifov) 4 may 2022-ci il tarixli, 2-1(103)- 571/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1490/2021 nömrəli, 23 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1682/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli, 2-1(103)-571/2022 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayətin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Üçüncü şəxslər X8, X3 və X10 şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, «Səbail Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı 06 yanvar 1995-ci il tarixli Sərəncamında qismən dəyişiklik edilməsi barədə» 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamına əsasən X6 razılıq ərizəsi və iddiaçının torpağa olan tələbatı nəzərə alınaraq Səbail Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı 06 yanvar 1995-ci il tarixli Sərəncamı ilə fərdi evin tikintisi üçün E.Əfəndiyevə ayrılmış 600 (altı yüz) kv.metr torpaq sahəsi qarşılıqlı razılaşma əsasında iddiaçının adına sənədləşdirilmişdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı 23 noyabr 2017-ci il tarixdə cavabdehə müraciət etmiş, müraciəti təmin edilmədiyindən məhkəməyə müraciət etmiş, iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarları əsasında yekunda iddiaçının tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 229/2020 saylı, 17 mart 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli, 2-1(103)-2245/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərarın təsviri hissəsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb olunmaqla, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 01 avqust 2000-ci il tarixli, 647 saylı Sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ona ayrılmış 600 kv.metr torpaq sahəsinin texniki pasportunun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli, 2-1(81)- 1031/2018 saylı qərarı ilə (hakim Aygün Abdullayeva) iddia təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2019-cu il tarixli, 2-1(103)-878/2019 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 iyul 2019-cu il tarixli, 2-1(102)-2465/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi qərarında Səbail Rayon İcra Hakimiyyətinin 06 yanvar 1995-ci il tarixli, 124 saylı sərəncamına istinad etmiş, lakin həmin sərəncamın İcra Hakimiyyətinin 01 avqust 2000-ci il tarixli, 647 saylı sərəncamı ilə qüvvədən düşməsini nəzərə almamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli, 2-1(103)-2245/2019 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia olunan torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli, 124 saylı sərəncamına əsasən Eldar Əfəndiyev tərəfindən özəlləşdirilmiş və torpağın mülkiyyətə verilməsinə dair JN-12198D saylı şəhadətnamə verilmişdir. Torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilə bilinməsi üçün sərəncamın E.Əfəndiyevə aid hissəsi ilə birlikdə həmin şəhadətnamənin də qüvvədən düşməsinin zəruri olmasına baxmayaraq, həmin şərt ödənilməmiş və mübahisənin predmetini təşkil etməmişdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-229/2020 saylı, 17 mart 2020-ci il tarixli qərarında məhkəmə kollegiyası hesab etmişdir ki, torpaq üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən şəhadətnamə ilə rəsmiləşdirilməlidir ki, sonuncu sənəd dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində torpaq üzərində qeydə alınmış hüququ təsdiq edən hüquqmüəyyənedici sənəddir. Həmin reyestrin məzmunu mübahisələndirilmədiyi halda həqiqi hesab olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Göstərilənlərə əsasən iddiaçı hazırki iddia tələbi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, X6 adına xx.xx.2004-cü il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN12198D KOD-00400016 saylı şəhadətnamənin ləğv edilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi məhkəmə araşdırması dövründə iş üzrə zərurət yarandığından JN-12198D Kod 00400016 saylı, 04 may 2004-cü il tarixli X6 adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, həmin şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətini sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb etmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********41 saylı məktub əsasında X6 adına verilmiş JN-12198D nömrəli, Kod 00400016 olan xx.xx.2004-cü il tarixli şəhadətnamənin və şəhadətnamənin verilməsinə əsas olan sənədlərin surəti göndərilmiş və məlumat üçün bildirilmişdir ki, şəhadətnamədə göstərilən torpaq sahəsi 17 saylı DNK-nın xx.xx.2004-cü il tarixli, 4Ə-2/354 və 4ə-2/432 saylı müqavilələrə əsasən X16 adına özgəninkiləşdirilmişdir. Həmin məktuba əlavə edilmiş JN-12198D Kod 00400016 saylı torpağın mülkiyyətə verilməsinə dair 04 may 2004-cü il tarixli şəhadətnamədən görünür ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli 124 saylı sərəncamına əsasən Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün X6 mülkiyyətinə verilmişdir. Həmin məktuba Səbail Rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli 124 saylı sərəncamı və torpaq sahəsinin yerləşmə cizgisi əlavə edilmişdir. Birinci instansiya məhkəməsi məhkəmə araşdırması dövründə X6 adına torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı, 06 yanvar 1995-ci il tarixli sərəncamının, həmçinin “Səbail Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı, 06 yanvar 1995-ci il tarixli Sərəncamında dəyişiklik edilməsi barədə” Səbail Rayon İcra Hakimiyyəti Başçısının 647 saylı, 01 avqust 2000-ci il tarixli Sərəncamının, həmin sərəncamların verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətini sorğu ilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialından tələb etmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 22 oktyabr 2020-ci il tarixli, 793 saylı məktubuna əsasən Səbail RİH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 647 saylı sərəncamının və xx.xx.1995-ci il tarixli, 124 saylı sərəncamının və həmin sərəncamına əlavə edilmiş sənədin təsdiq edilmiş kserosurətləri məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş Səbail Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı, 06 yanvar 1995-ci il tarixli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamından görünür ki, Badamdar qəsəbəsində 600 kv.metr fərdi ev tikmək üçün X8 ayrılmışdır. Həmin məktuba əlavə edilmiş Səbail Rayon İcra Hakimiyyəti Başçısının 647 saylı, 01 avqust 2000-ci il tarixli “Səbail Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı, 06 yanvar 1995-ci il tarixli sərəncamında qismən dəyişiklik edilməsi barədə” sərəncamından görünür ki, X6 razılıq ərizəsini, İddiaçı torpağa olan tələbatını nəzərə alaraq, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı, 06 yanvar 1995-ci il tarixli sərəncamı ilə fərdi evin tikintisi üçün X8 ayrılmış 600 kv.metr torpaq sahəsi qarşılıqlı razılıq əsasında İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Beləliklə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli 124 saylı sərəncamına əsasən X6 adına xx.xx.2004-cü il tarixdə rəsmiləşdirilərək, bu barədə ləğv olunmuş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sonuncuya “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 12198D KOD-00400016 saylı şəhadətnamə verilmişdir. Halbuki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 647 saylı, 01 avqust 2000-ci il tarixli “Səbail Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı, 06 yanvar 1995-ci il tarixli sərəncamında qismən dəyişiklik edilməsi barədə” sərəncamına əsasən X6 razılıq ərizəsi, İddiaçı torpağa olan tələbatı nəzərə alınaraq, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı, 06 yanvar 1995-ci il tarixli sərəncamı ilə fərdi evin tikintisi üçün X8 ayrılmış 600 kv.metr torpaq sahəsi qarşılıqlı razılıq əsasında İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Həmin sərəncamdan da göründüyü kimi X2 Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı, 06 yanvar 1995-ci il tarixli sərəncamı əsasında ona ayrılmış torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsinə razılıq verərək, həmin torpaq sahəsi üzərində olan hüquqlarından imtina etmişdir. Bununla da Səbail Rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli 124 saylı sərəncamı 01 avqust 2000-ci il tarixdən X8 münasibətdə faktiki olaraq öz hüquqi qüvvəsini itirmişdir. Göründüyü kimi X20 Rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli, 124 nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsindən iddiaçının xeyrinə Səbail Rayon İcra Hakimiyyəti Başçısının 01 avqust 2000-ci il tarixli 647 nömrəli sərəncamına əsasən imtina etsə də, sonradan həmin sahə üzərində 2004-cü ildə qüvvədən düşmüş Səbail Rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli 124 nömrəli sərəncamına əsasən xx.xx.2004-cü il tarixdə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-12198D KOD- 00400016 saylı şəhadətnamə əsasında öz mülkiyyət hüququnu qeydə aldırmışdır. Belə ki, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən torpaq üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən şəhadətnamə ilə rəsmiləşdirilirdi. Həmin sənəd dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində torpaq üzərində qeydə alınmış hüququ təsdiq edən hüquqmüəyyənedici sənəd hesab olunurdu. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) tərəfindən verilən dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçirilməlidir. Dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquqmüəyyənedici sənəddir. Birinci instansiya məhkəməsinin düzgün olaraq qeyd etdiyi kimi hazırda qanuni əsaslar olmadan X6 adına xx.xx.2004-cü il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-12198D KOD00400016 saylı şəhadətnamənin mövcud olması iddiaçının hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına və qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının həyata keçirilməsinə maneə yaradır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0, 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin, hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqları təsdiq edən şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu isə X13 tərəfindən gələcəkdə həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində çıxarışın əldə edə biləcəyini istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 oktyabr 2022ci il tarixli, 2-1(102)-1682/2022 saylı qərarında qeyd olunmuş göstərişlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 fevral 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 11 sentyabr 2023-cü il taixli, 10/5226 saylı ekspert rəyinə görə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********37 saylı mütəxəssis rəyinə əsasən, vahid elektron kadastr baza məlumatlarında Səbail Rayon İcra Hakimiyyətinin 647 saylı, xx.xx.2000-ci il tarixli sərəncamında istinad edilmiş Səbail Rayon icra Hakimiyyətinin 124 saylı, xx.xx.1995-ci il taixli sərəncamı əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər fiziki şəxsin adına JN-12198 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir (X7). Həmin şəhadətnamə əsasında İddiaçı faktiki istifadəsində olan torpaq sahəsindən 3200 metr kənarda digər torpaq sahəsi dövlət qeydiyyatından keçərək sonradan özgəninkiləşdirilmişdir. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə **********06 nömrəli çıxarış sənədi əsasında X9 adına qeydiyyata alınmış 0,04 ha torpaq sahəsinin üst-üstə düşmədiyi, torpaq sahələrinin bir-birindən 3100-3200 metr aralıda yerləşdiyi müəyyən edilmişdir. X5nun (0,02 ha) mülkiyyətlində olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər iş materiallarına əlavə edilmədiyindən və ekspertizaya təqdim edilmədiyindən X5nun (0,02 ha) mülkiyyətində olan torpaq sahəsinin iddiaçı X1 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin əsas dəlili Badamdar qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 124 saylı sərəncamı əsasında X6 adına JN-12198D nömrəli, Kod 00400016 olan xx.xx.2004-cü il tarixli şəhadətnamə tərtib edilmişdir. Daha sonra şəhadətnamədə göstərilən torpaq sahəsi 7 saylı DNK tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli, 4ə- 2/354 və 4ə-2/432 saylı müqavilələrə əsasən X16 adına özgəninkiləşdirilmiş və 0.12 ha torpaq sahəsinə dair JN-2085D nömrəli, Kod 00400016 olan şəhadətnamə tərtib edilməsindən ibarətdir. Halbuki, iş materiallarından da göründüyü kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Səbail rayon İcra hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 124 saylı sərəncamı əsasında X6 adına JN-12198D nömrəli, Kod 00400016 olan xx.xx.2004cü il tarixli şəhadətnamə tərtib edilərkən, artıq xx.xx.1995-ci il tarixli, 124 saylı sərəncam Səbail Rayon İcra Hakimiyyəti Başçısının 01 avqust 2000-ci il tarixli 647 nömrəli sərəncamına əsasən X8 münasibətdə faktiki olaraq öz hüquqi qüvvəsini itirmişdir. Belə olan halda hazırki cavabdehin sələfi olan Dövlət Torpaq və Xəritçəkmə Komitəsi tərəfindən lazımı qədər inzibati araşdırma aparmaq vəzifəsi olduğu halda, aparmadan qüvvədə olmayan sərəncama istinad etməklə X6 adına JN-12198D nömrəli, Kod 00400016 olan xx.xx.2004-cü il tarixli şəhadətnamə tərtib edilmişdir ki, bununla da hazırkı iş üzrə İddiaçı Səbail Rayon İcra Hakimiyyəti Başçısının 647 saylı, 01 avqust 2000-ci il tarixli sərəncama istinad etməklə qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə dair şəhadətnamə almasına maneə yaratmaqla hüququnu pozur. Halbukı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Göründüyü kimi, qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzərdə tutulmuşdur. Lakin hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir. Ali Məhkəmənin 18 oktyabr 2022-ci il tarixli, 2-1(102)-1682/2022 saylı qərarında qeyd olunmuş iddiaçının ləğv edilməsini tələb etdiyi “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə”dəki torpaq sahəsinin koordinatları ilə iddiaçının faktiki istifadəsində olan və naturada koordinatları müəyyən edilmiş 600 kv.m torpaq sahəsinin koordinatlarının üstüstə düşməməsi, iddia olunan torpaq sahəsinin Şəhadətnamədə göstərilən torpaq sahəsindən kənarda yerləşməsi, bu halda isə iddiaçının ləğvini tələb etdiyi Şəhadətnamə ilə hüquqlarının pozulduğunu iddia edə bilməməsi ilə bağlı mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işin materiallarında olan Ali Məhkəmənin digər qərarında (2-1(102)-229/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərar) öz əksini tapmış hüquqi mövqeyə görə E.Əfəndiyevə 2004-cü ildə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə İddiaçı tərəfindən mübahisələndirildiyi təqdirdə, həmin torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüququnun qeydə alınmasının qanunauyğunluğuna qiymət verilə bilər. Bununla əlaqədar, kollegiya qeyd etməyi zəruri hesab edir ki, İddiaçı məhz Ali Məhkəmənin 2-1(102)-229/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərarında öz əksini tapmış hüquqi mövqeyə əsaslanaraq hazırki iddianı qaldırmış və hazırda onun tərəfindən mübahisələndirilən “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ləğv olunmadığı halda İddiaçı ona qanuni əsaslarla verilmiş torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün olmayacaq. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının ləğvini tələb etdiyi “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin mövcudluğu onun hüquqlarının aşkar şəkildə pozulmasına səbəb olur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qanunvericiliyin tələblərinə və işin hallarına əsasən yoxlayıb qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə keçirilmiş tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1490/2021 saylı, 23 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar