Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-119/2020 28.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əhmədov İlham Bayram oğlunun sədrliyi və məruzəsi ilə, Seyidova Səriyyə Seyid qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibаrət tərkibdə; Məhkəmə iclas katibi Rəcili Aysel Naib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə; İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “yenilənmiş məlumat vərəqəsinin müvafiq quruma göndərilməsi” tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3937/2019 saylı, 08 oktyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı İddiaçı Eldar oğluna pullu xidmət göstərdiyinə görə aylıq pul təminatının 2018-ci ildə əlavə olaraq DSMF-yə ödənilmiş məbləğlərdə nəzərə alınmaqla təyin edilməsi üçün məlumat vərəqəsinin düzəliş edilərək göndərilməsi öhdəliyinin AR Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin “İddiaçı Eldar oğlunun 2018-ci ildə büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər nəzərə alınmaqla məlumat vərəqində düzəliş edilərək yenilənmiş məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-un Xüsusi Şərtərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilməsini xahiş etmiş və ərizə icraata qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Eldar oğlu 12.05.2003-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirinin 0217 saylı əmri ilə tibb xidməti leytenantı rütbəsi verilmişdir. Hərbi təhsili Türkiyə Respublikası Gülhanə Tibb Akademiyası Hərbi Tibb Fakültəsində almışdır. 12.05.2003-ci il tarixdən 26.12.2018-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalında xidmət etmişdir. AR Müdafiə Nazirinin 0857 N2- İİ, 26.12.2018-ci il tarixli əmri ilə 28.12.2018-ci il tarixdə AR MN Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ürək-damar cərrahiyyə bölməsinin cərrahı vəzifəsindən ehtiyata buraxılmışdır. AR MN Maliyyə və Büdcə İdarəsi tərəfindən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmiş məlumat vərəqinə əsasən ürək-damar cərrahiyyə bölməsinin cərrahı vəzifəsinin vəzifə maaşı əsas götürülməklə əmək pensiyası təyin edilmişdir.Pullu xidmət hesabına görə iddiaçı 2018-ci il ərzində 31964,87 manat pullu xidmət göstərmiş və hər ay buna görə əlavələr edilmişdir. 2018-ci ilin dekabr ayında isə aylıq maaşa göstərdiyi pullu xidmətə görə 5135 manat əlavə edilmişdir. Lakin AR Müdafiə Nazirliyi həmin məbləği nəzərə almamışdır.07.06.2019-cu il tarixdə əmək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edilmişdir. 20.06.2019-cu il tarixli imtina məktubunda, əlavə ödənilmiş məbləğləri göstərmək şərti barədə yeni məlumat vərəqinin tərtib olunaraq DSMF-nin Xüsusi şərtlərlə təyinat idarəsinə göndərilməsi imtina edilmişdir. Səbəb olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Pensiyaları haqqında qanunun 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefayaburaxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.“Büdcədən kənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla” sözü Azərbaycan Respublikası Əmək Pensiyaları haqqında qanununa əlavə olunması qüvvəyə minməsi 01.01.2019-cu il tarixdən etibarən olmuşdur, inzibati orqan isə ehtiyyatda və pensiya təminatı yaranmış iddiaçıya bu qanunun müddəalarını əsas götürərək əsassız imtina vermişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3937/2019 saylı, 08 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3937/2019 saylı, 08 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Baş Klinik Hospitalda xidmət etdiyi dövrdə öz xidməti vəzifələrinin icrası ilə yanaşı Müdafiə Nazirliyində xidmət etməyən digər vətəndaşlara pullu tibbi xidmət göstərmə işinə cəlb olunmuş və qarşılığında ona daxil olmuş büdcədənkənar vəsaitlər hesabına ödəniş həyata keçirilmişdir. Büdcədənkənar vəsaitlər hesabına ödəniş hərbi qulluqçunun vəzifə maaşından hesablanılmır. Bu ödənişin miqdarı pullu xidmətdən daxil olmuş ümumi məbləğlərdən təyin edilmiş faiz nisbəti ilə müəyyən olunur. Büdcədənkənar vəsaitlər hesabına ödəniş “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində göstərildiyi kimi hərbi qulluqçunun təminat xərcliyinə (pul təminatına), həmçinin vəzifə maaşından hesablanan digər əlavələrə və artımlara daxil deyildir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Sahib Qarayev apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarından görünür ki: - İddiaçı Eldar oğlu 12.05.2003-cıi il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirinin 0217 saylı əmri ilə tibb xidməti leytenantı rütbəsi verilmişdir. Hərbi təhsili Türkiyə Respublikası Gülhanə Tibb Akademiyası Hərbi Tibb Fakültəsində almışdır. 12.05.2003-ci il tarixdən 26.12.2018-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalında xidmət etmişdir. - EZ seriyalı ******* nömrəli Hərbi Biletə əsasən İddiaçı Eldar oğlu Azərbaycan Respublikası Müdafiə nazirinin 0857 N-li, 26.12.2018-ci il tarixli əmri ilə 28.12.2018-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ürək-damar cərrahiyyə bölməsinin cərrahı vəzifəsindən ehtiyata buraxılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Klinik Hospitalın 3672 nömrəli Arayışına əsasən ürək-damar cərrahiyyə bölməsinin cərrahı İddiaçı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında 2018-ci il ərzində pullu xidmət hesabına köçürülən məbləği 31964.87 manat və bu məbləğdən DSMF-yə köçürülən məbləği 7991.23 manat təşkil edir. İşin faktiki hallarından da görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaçının müraciətini təmin etməkdən imtina edərək 20.06.2019-cu il tarixli 12/1928 nömrəli məktubda bildirmişdir ki, “Sizin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanladığınız ərizənizə aidiyyəti üzrə Maliyyə və Büdcə idarəsində baxılmışdır. Bildiririk ki, Sizə təyin olunmuş pensiyanızın düzgünlüyünü yoxlamaq məqsədi ilə şəxsi (pensiya) işinizə tərəfimizdən yenidən baxılmış və məlum olmuşdur ki, pensiyanızın hesablanmasında heç bir səhvə yol verilməmişdir. Sizin pensiyasının yenidən hesablanması üçün tərəfimizdən yeni “Məlumat vərəqi”nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsinə göndərilməsi qanuna müvafiq deyil.” Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ürək-damar cərrahiyyə bölməsinin cərrahı vəzifəsindən 28.12.2018-ci il tarixdə ehtiyata buraxıldığından, onun hərbi qulluqçu kimi pensiya hüququ 01.01.2019-cu ilə qədər yaranmışdır, belə olan halda “Əmək pensiyaları haqqında” Azerbaycan Respublikası Qanunun, həmçinin “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 01.01.2019-cu ilə qədər qüvvədə olan normaları tətbiq edilərək müvafiq təminat xərcliyi hesablanmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşmır və aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”nun 1.1-ci maddəsinə əsasən 1.0.5-ci maddəyə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmişdir. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının 25.12.1991-ci il tarixli 36 nömrəli Qanununun 10-cu maddəsinin 2-ci bəndindində hərbi qulluqçulara təminat xərcliyi verilməsinin qaydası və bu xərcliyin normalarının dəyişdirilməsinin müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 31.03.1992-ci il tarixli 633 nömrəli Fərmanının icrası ilə bağlı qəbul edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.10.1992-ci il ttarixli 562 nömrəli Qərarında hərbi qulluqçuların aylıq maaşlarına üstəlik verilən pul təminatı növlərinə büdcədənkənar vəsaitlər hesabına ödənişlər daxil edilməmişdir. Cavabdeh orqanın şikayətindən də göründüyü kimi İddiaçı 28.12.2018-ci il tarixdə hərbi xidmətdən tərxis olarkən ona hərbi xidmətdən buraxıldığı günə aldığıvəzifə maaşından, rütbə maaşından,xidmət illərinə görə faiz əlavəsindən,ərzaq payı əvəzinə verilən pul kompensasiyasından,vəzifə maaşından hesablanan xüsusi xidmət şəraitinə görə üstəlik əlavədən,vəzifə maaşından hesablanan ixtisas dərəcəsinə görə pensiya təyin olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanmış qanunvericilik normalarından da görünür ki, büdcədənkənar vəsaitlər hesabına ödəniş hərbi qulluqçunun vəzifə maaşından hesablanılmır. Büdcədənkənar vəsaitlər hesabına ödəniş "Əmək pensiyaları haqqında" Qanunun 1.0.5. maddəsində göstərildiyi kimi hərbi qulluqçunun təminat xərcliyinə (pul təminatına), həmçinin vəzifə maaşından hesablanan digər əlavələrə və artımlara daxil deyildir. 01.01.2019-cu ildən əvvəl də hərbi qulluqçulara pensiya təyin edilərkən büdcədənkənar vəsaitlər hesabına edilmiş ödənişlər nəzərə alınmırdı. Qeyd olunan Qanunun 1.0.5-ci maddəsinə və Qərarın 2-ci bəndinə əsasən hərbi qulluqçulara pensiya yalnız aşağıda qeyd olunan ödənişlərdən hesablanırdi və hal-hazırda bu qaydada davam edir, o cümlədən: aylıq vəzifə maaşından; rütbə maaşından;xidmət illərinə görə əlavədən;ərzaq payı əvəzinə verilən pul kompensasiyasından; vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları"nın 2-ci "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 1,0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdardan, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir" bəndinə "(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)" sözlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli Qərarı ilə sonradan əlavə olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda cavabdehin imtinasının əsasları qanunvericilik normalarına əsasən olduğundan cavabdeh orqanın hərəkətləri qanunsuz hesab edilməməlidir. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır. Buna görə də cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3937/2019 saylı, 08 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “yenilənmiş məlumat vərəqəsinin müvafiq quruma göndərilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №2-1(103)-119/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-119/2020
28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver