Məhkəmə qərarları › İş №2-1(103)-119/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-119/2021

11.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-119/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-844/2020 saylı qərarından cavabeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının xx xxxxxxxx 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşı tamam olduğu xx xxxx 2019-cu il tarixindən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1967-ci il tarixdə doğulmuşdur, xx.xx.1982-ci il tarixdən xx xxxx 1985-ci il tarixədək Bakı şəhəri 79 saylı Texniki Peşə Məktəbində təhsil almış, xx xxxxxxxx 1985-ci il tarixdən xx xxxxxxx 1985-ci il tarixədək Bakı zərgərlik zavodunda dəzgahçı-çilingər vəzifəsində işləmiş, xx xxxxxxx 1985- ci il tarixdən xx xxxxxx 1988-ci il tarixənədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, xx xxxxxx 1989-cu il tarixdən xx xxxx 1989-cu il tarixinədək “Xəzərqazmaneftqazsənaye” İB-nin “Şelf-3” üzən qazma qurğusunda takelajçı, xx xxxx 1989-cu il tarixdən xx xxx 1991-ci il tarixinədək həmin buruqlara xidmət üzrə çilingər (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod 1100000a-19497), xx xxx 1991-ci il tarixdən xx xxxx 1997-ci il tarixinədək həmin qurğuda və “Şelf”-5 qurğusunda radioelektroncihazçısı, xx xxxx 1997-ci il tarixdən xx xxxxxx 2007-ci il tarixinədək həmin qurğuda həmçinin “Xəzər-4” və “Xəzər-5 ” qurğularında buruqlara xidmət üzrə elektrik montyoru (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod 1100000a- 19838) peşəsində işləmiş, xx xxxxxx 2007-ci il tarixdən bu günə kimi “xxxx” MMC-də qazma şlamının yığılması avadanlığı üzrə operator və baş operator vəzifələrində işləyir. xx xxxxxx 2006-ci il tarixinə ümumi iş stajı, həqiqi hərbi xidmət illəri də daxil olmaqla 23 il 25 gün təşkil etmiş və həmin staj illərinin 10 il 7 ay 26 gün müddətini güzəştli əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahıya daxil olan işlərdə çalışmışdır. İddiaçı 52 yaşı tamam olduğu xx xxxx 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-844/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasından və xx.xx.2019-cu il tarixli, SOCAR **********80020115X00112 nömrəli arxiv arayışından müəyyən olunur ki, iddiaçı dənizdə üzən qazma qurğularında buruqlara xidmət sahəsində çalışmışdır. Bu isə, adıçəkilən siyahının 1100000a-11294 şifrinə (dənizdə üzən buruq aqreqatlarının qazmaçıları) uyğun gəlir. Göründüyü kimi dənizdə üzən qazma qurğularında buruqlara xidmət sahəsinin təkcə qazmaçı peşəsi əmək şəraiti xüsusilə zəzərli və xüsusilə ağır olan iş hesab edilmişdir. İddiaçı isə həmin sahədə başqa peşələrdə - buruqlara xidmət üzrə çilingər və buruqlara xidmət üzrə elektrik montyoru vəzifələrində çalışmışdır. Bununla əlaqədar məhkəmə təcrübəsində vardır ki, güzəştli şərtlərlə pensiya təyini zamanı sui-istifadə hallarına yol verməmək üçün iddiaçının çalışdığı peşələrin siyahıda göstərilən peşələrin adları (hərf yazılışları) ilə dəqiq uyğunluq təşkil etməsi tələb olunur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı kimi qəbul edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun: - 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər; - 4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. İş materialarına əlavə olunmuş iddiaçının şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının, hərbi biletinin, texniki peşə təhsili haqqında diplomun surətlərindən, həmçinin SOCAR-ın xx.xx.2019-cu və xx.xx.2020-ci il tarixli arxiv arayışlarından görünür ki, iddiaçı xx.xx.1967cı il təvəllüdlüdür. xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilə qədər hərbi xidmətdə olmuşdur. xx xxxxxxxx 1982-ci il tarixindən xx.xx.1985-ci il tarixədək Bakı şəhəri 79 saylı Texniki peşə məktəbində təhsil almış, xx xxxxxxxx 1985-ci il tarixdən xx xxxxxxx 1985-ci il tarixədək Bakı zərgərlik zavodunda dəzgahçı-çilingər vəzifəsində, xx xxxxxx 1989-cu il tarixdən xx xxxx 1989-cu il tarixinədək “Xəzərqazmaneftqazsənaye” İB-nin “Şelf-3” üzən qazma qurğusunda takelajçı, xx xxxx 1989-cu il tarixdən, xx xxx 1991-ci il tarixdən xx xxxx 1997-ci il tarixinədək həmin buruqlara xidmət üzrə çilingər, xx xxx 1991-ci il tarixdən xx xxxx 1997ci il tarixinədək həmin qurğuda və “Şelf”-5 qurğusunda radioelektron çihazçısı, xx xxxx 1997-ci il tarixdən xx xxxxxx 2007-ci il tarixinədək həmin qurğuda həmçinin “Xəzər-4” və “Xəzər-5 ” qurğularında buruqlara xidmət üzrə elektrik montyoru peşəsində, xx xxxxxx 2007-ci il tarixdən bu günə kimi “xxxx” MMC-də qazma şlamının yığılması avadanlığı üzrə operator və baş operator vəzifələrində işləyir. xx.xx.2006-ci il tarixinə ümumi iş stajı 23 il, həmin stajın 10 il 07 ay 28 gün güzəştli staj təşkil etdiyindən iddiaçı 52 yaşından ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı ona güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 52 yaşının tamam olduğu xx.xx.2019cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunmasını tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində deyilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, “ğ” ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin İ – Vİİ hissələrinə müvafiq olaraq hesablanır. İddiaçı 1982-ci ildən 1985-ci ilə qədər Bakı şəhəri 79 nömrəli texniki peşə məktəbində təhsil almışdır. Yuxarıda istinad olunan və iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş pensiya qanunvericiliyinin normalarından göründüyü kimi təhsil müddəti onun iş stajına, hazırkı halda sığorta stajına daxil edilir. İddiaçının təhsil müddətinin onun sosial sığorta stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Bundan əlavə yuxarıda qeyd edilən qanunvericilik normasına, həmçinin hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunun 21-ci maddəsinə əsasən hərbi xidmət müddəti də sığorta stajına daxil edilir. İddiaçının işlədiyi peşələr, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda “buruqlara xidmət üzrə çilingərlər” (kod: 1100000a-18497) və “buruqlara xidmət üzrə elektrik montyorları” (kod: 1100000a-19838) peşələrinə uyğundur. Beləliklə, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajı 23 (iyirmi üç) il (3 il hərbi xidmətdə olduğu müddət və texniki peşə təhsili müddəti nəzərə alınmaqla), xx.xx.2006-cı ilə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında (kod 1100000a-18497 və 1100000a-19838) nəzərdə tutulan peşələrdə iş stajı 10 ildən çox olduğundan 52 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-844/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-844/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar