Məhkəmə qərarları › İş №2-1(103)-119/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-119/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-119/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X12, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs X13 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan Bakı şəhəri,Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şossesi 80 ünvanında yerləşən 1,19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun planölçünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1419/2022 saylı, 17 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə (hazırki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı iddia ərizəsi ilə, daha sonra iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şosesi 80 ünvanında yerləşən 1,19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun plan ölçünün tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, "Az-İnşaat“ MMC-nin mülkiyyətində və sahibliyində olan Sabunçu rayonu, Binəqədi-Balaxanı şossesi 80 ünvanında yerləşən 1.2 hektar torpaq sahəsini 31 iyul 2008-ci ildə "AKSON “ şirkətindən “Az-İnşaat “ MMC şirkəti Bakı şəhəri 42 saylı notariat kontorunda alqı satqı müqaviləsi bağlamaqla almışdır. Alqısatqı müqaviləsindən sonra Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, BalaxanıBinəqədi şossesi 80 ünvanında yerləşən 4.2 ha torpaq sahəsinin 1.2 ha torpaq sahəsinin düzgün bölünməsi və mərclənmə nişanlarını düzgün işarələnməsi üçün mütəxəssis dəvət edilmişdir. Mütəxəssis tərəfindən bölgü eskizi hazırlamış və bölgü eskizi 16 avqust 2008-ci ildə Bakı şəhəri 38 saylı notariat Kontorunda təsdiq edilmişdir. Tərəflər bölgünü notarial qaydada təsdiq etdikdən sonra, mişar daşından hasar hörülərək mərclənmə nişanları çəkmişdirlər. "Az-İnşaat” MMC-nin sahibliyində və istifadəsində olan 1.19 torpaq sahəsinə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xüsusi mülkiyyətə dair çıxarış verilmişdir. "Az-İnşaat“ MMC 2008-ci ildən mülkiyyətində olan 1.2 ha torpaq sahəsi üzərində sahibkarlıq fəaliyyətinin davam etdirmək üçün 1863.74 kv.m əsaslı qeyri-yaşayış sahələri də inşa edilmişdir. Az-İnşaat MMC alqı-satqı yolu ilə mülkiyyətində olan 1.2 ha torpaq sahəsini mövcud vəziyyətdə koordinatlarını və döngə nöqtələrini qeyd etməklə həmin torpaq sahəsinə yeni texniki pasportun verilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə müraciət edilmişdir. Lakin müraciətə hal-hazırki vaxta qədər cavab verilməmişdir. İddiaçı hesab edir ki, Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin göstərilən əsaslarla müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır və göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cаvаbdеh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı idarəyə xx.xx.2021ci il tarixli müraciəti zamanı Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi Balaxanı şosesi 80 ünvanda yerləşən torpaq sahəsi üzərində qeyri-yaşayış sahələrinə yalnız texniki pasportun tərtib edilməsini xahiş etmişdir. İddiaçının cavabdehə müraciəti ilə iddia tələbi üst-üstə düşməmişdir. Həmçinin, mövcud vəziyyətlə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qeyd edilən əraziyə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş və eyni zamanda ərazidən 150 kV yüksək gərginlikli elektrik xətti keçir. Bu səbəbdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və bu barədə vətəndaşa **********45 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin (hakim M.T.Hacıbəyova) 2-1(112)-1419/2022 nömrəli, 17 mart 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şosesi 80 ünvanında yerləşən 1,19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun plan-ölçünün tərtib edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, "xxxx" MMC-nin adına Bakı Şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 1.1906 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində **********93 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Bununla bağlı “Az İnşaat’" MMCyə RX seriyalı ******* nömrəli çıxarış və müvafiq plan-ölçü verilmişdir. Bundan başqa həmin torpaq sahəsinin şimal və qərb hissələrində yerləşən 2.7508 torpaq sahəsi **********29 reyestr nömrəsi ilə Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş, həmin torpaq sahəsinin hazırda 2.2508 ha hissəsi İddiaçı MMC-nin, 0.5 ha hissəsi isə X11 daimi istifadəsindədir. İddiaçı MMC-nin xüsusi mülkiyyətində 1.1906 ha torpaq sahəsi olmasına baxmayaraq, plan-ölçünün tərtib edilməsi ilə bağlı İdarəyə müraciət edən zaman mülkiyyətində, daimi istifadəsində və digər ərazilər olmaqla ümumilikdə 4.0325 ha ərazini göstərmişdir. Əlavə torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qeyd edilən əraziyə dair hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Məlumat üçün bildiririk ki, göstərilən ərazidən 150 kV gərginlikli elektrik xətti keçir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində əvvəlki icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər: M.N.Tağızadə sədrlik edən, İ.Ə.Kərimli və E.C.Kazımov) 2-1(103)-2464/2022 nömrəli 7 oktyabr 2022-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 17 mart 2022-ci il tаrixli qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 449/2023 saylı, 01 mart 2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2464/2022 nömrəli, 7 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi apellyasiya şikayətinə etiraza edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinin üçüncü şəxs X16 məxsus 0,04299 ha torpaq sahəsinə aid hissədə təmin edilməsini, həmin hissədə iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən iddiaçının mülkiyyətində olan 1.1906 ha torpaq sahəsinin mövcud vəziyyətdə olan torpaq sahəsi ilə eyni olub-olmaması araşdırılmamışdır. İddiaçının qeyd etdiyi mövcud vəziyyətə uyğun olan torpaq sahəsi işdə olan hər hansı sxem, plan, cizgi və koordinatla müəyyən olunmur. Ümumiyyətlə işdə olan 7.6.2017-ci il tarixli çıxarışda qeyd olunan 1.1906 ha torpağın koordinantları ilə bağlı heç bir sübut yoxdur. Bundan başqa cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, "xxxx" MMC-nin adına Bakı Şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 1.1906 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində **********93 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Bununla bağlı "xxxx" MMC-yə RX seriyalı ******* nömrəli çıxarış və müvafiq plan ölçü verilmişdir. Cavabdeh tərəfindən 1.1906 ha torpağa dair tərtib edilmiş 6.6.2017-ci il tarixli plan ölçü və 7.6.2017-ci il tarixli çıxarış iş materiallarına əlavə edilmişdir (iş.v. 76-78). İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən tərtib edilmiş plan ölçü sənədi imzalanmamış, möhür vurulmamış və kadastr kitabında qeydiyyata alınmamışdır. Belə olduğu təqdirdə, mübahisənin düzgün həlli baxımından iddiaçının mülkiyyətində olan 1.1906 ha torpaq sahəsinin koordinatlarının iddiaçının iddia etdiyi torpaq sahəsi ilə eyni torpaq sahəsi, tam üst-üstə düşməsi apellyasiya instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia tələbi öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı subyektiv hüquqa malikdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindəki 1.1906 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdən xüsusi mülkiyyət olaraq İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı hazırda mülkiyyətində olan torpaq sahəsi üzərində mövcud mərclənmə nişanlarına uyğun (koordinatları) plan və ölçü sənədinin verilməsini tələb edir. Cavabdeh orqana müraciət etmiş cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 1.0.1-ci maddəsinə əsasən, daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 6-cı maddəsinə əsasən, cavabdeh inzibati orqan daşınmaz əmlaka dair hüquqları qeydiyyata alınarkən ona dair dair texniki sənədləri (pasport və plan ölçü) tərtib edir. 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 65-ci maddəsinə əsasən: - Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. - Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. - Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. - Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. - Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. - Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmr ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin: 3.1.16-cı bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq cavabdeh inzibati orqanın vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın: 3.9-cü bəndinə əsasən Qeydiyyat şöbəsi tərəfindən maliyyə və təsərrüfat fəaliyyətini həyata keçirən şöbə ilə birgə ərizəçinin müraciətinə əsasən dövlət rüsumu və xidmət haqları üzrə ödəniş sənədləri yoxlanıldıqdan sonra ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş dövlət reyestrindən elektron çıxarış “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş texniki sənədlər (texniki pasport, plan və ölçü) bu Qaydaların 2.5-ci bəndinə uyğun qaydada kağız formada ərizəçiyə təqdim olunması məqsədilə 1 (bir) gün müddətində sənədlərin qəbulu və verilməsi şöbəsinə göndərilir. 4.2-ci bəndinə əsasən mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri”: - Bu sənəddə torpaqlara dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü (bundan sonra - plan və ölçü) təsvir edilir. - Nümunəsi bu sənədə əlavə edilən plan və ölçünü Dövlət Xidmətinin tabeliyində olan qurum Azərbaycan Respublikasının dövlət dilində A4 formatlı xüsusi kağızda tərtib edir. - Plan və ölçü ciddi hesabat sənədidir, onun bir hərfdən ibarət seriyası və altı rəqəmdən ibarət nömrəsi olur. - Plan və ölçü itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə dublikat verilir. Bu halda plan və ölçünün yuxarı sağ tərəfində iri hərflərlə “DUBLİKAT” ştampı vurulur. Dublikat müvafiq vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq olunur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindəki 1.1906 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdən xüsusi mülkiyyət olaraq İddiaçı adına qeydiyyata alınmışdır. Hazırkı mübahisə İddiaçı MMC-nin 1.1906 ha torpaq sahəsi üzərində mövcud mərclənmə nişanlarına uyğun plan və ölçü sənədinin verilməsi ilə bağlıdır. Hansı ki, iş materialları ilə və məhkəmə araşdırmaları zamanı tərəflərin verdikləri izahatlarla müəyyən olunur ki, vaxtilə iddiaçıya verilmiş plan –ölçü sənədi lazimi qaydada imzalanmamış, təsdiq edilməmişdir. Cavabdeh iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qeyd edilən əraziyə dair hüquq müəyyənedici sənədlər iddiaçı tərəfindən təqdim edilməmiş və göstərilən ərazidən 150 kV gərginlikli elektrik xətti keçdiyinə görə müraciət təmin edilməsi qeyri-mümkündür. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. Belə ki, təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən X13 nümayəndəsi-vəkili Nümayəndə vəsatət verərək, X13 hazırkı iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarının X13 qanunla qorunan maraqlarına toxunduğunu bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2341/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X20 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan 1.1906 ha torpaq sahəsinin koordinatlarının iddiaçının iddia etdiyi torpaq sahəsi ilə eyni torpaq sahəsi olub-olmaması apellyasiya instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmalıdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində iddiaçının mülkiyyətində olan 1.1906 ha torpaq sahəsinin mövcud vəziyyətdə olan, yəni iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə eyni olub-olmamasının müəyyən edilməsi, eyni olmadığı halda üst-üstə düşməyən hissənin nə qədər təşkil etməsi, eyni zamanda eynilik təşkil etməyən hissəyə münasibətdə başqa şəxslərin mülkiyyət hüququnun qeydə alınıb-alınmamasının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa və həmin çıxarış əsasında tərtib edilmiş plan-ölçü sənədinə əsasən İddiaçı MMC-nin adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindəki 1.1906 ha torpaq sahəsinin koordinatları (sahə sərhədləri) müəyyən edilsin. - RX seriyalı ******* nömrəli çıxarışa əsasən və həmin çıxarış əsasında tərtib edilmiş plan-ölçü sənədinə əsasən İddiaçı MMC-nin adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindəki 1.1906 ha torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi eynidirmi? -Əgər RX seriyalı ******* nömrəli çıxarışa və həmin çıxarış əsasında tərtib edilmiş plan-ölçü sənədinə əsasən İddiaçı MMC-nin adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindəki 1.1906 ha torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşməzsə, üst-üstə düşməyən ərazinin sahəsi nə qədər təşkil edir və həmin əraziyə münasibətdə üçüncü şəxsin mülkiyyət hüquqları qeydə alınmışdırmı, plan-ölçü tərtib edilmişdirmi? AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2024-cü il tarixli 3-16-16/2- 10/9383 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: -Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-38699/2023 saylı mütəxəssis rəyinə əsasən, AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa və həmin çıxarış əsasında tərtib edilmiş plan və ölçü sənədinə əsasən İddiaçı MMC-nin adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindəki 1,1906 ha torpaq sahəsinin koordinatları aşağıdakı kimi müəyyən edilmişdir: X Y

1. 405560.630 4479850.990

2. 405588.600 4479872.490

3. 405604.760 4479853.450

4. 405587.930 4479798.210

5. 405573.800 4479642.420

6. 405512.010 4479753.080

7. 405508.040 4479819.630

8. 405521.200 4479834.540

9. 405547.700 4479848.000

10. 405555.450 4479850.990

- Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-38699/2023 saylı mütəxəssis rəyində elektron kadastr baza məlumatlarına əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 1,1906 ha torpaq sahəsi ilə iddia olunan sahə üst-üstə düşmədiyi qeyd olunmuşdur. Ekspert tərəfindən qeyd olunur ki, aparılmış müqayisəli tədqiqatla İddiaçı MMC- nin adına tərtib olunmuş xx.xx.2017-ci il tarixli, **********93 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan torpaq sahəsi ilə "xxxx" MMC-nin faktiki istifadəsində olan torpaq sahəsinin sərhəd hasarı arasında qalan, iddia olunan 0,4299 ha torpaq sahəsinin iş materiallarına əlavə edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi Balaxanı-Binəqədi şossesi 80 ünvanda yerləşən 4,2 hektar torpaq sahəsinə dair X14, X4 və X5 tərəfindən razılaşdırılmış Bölgü eskizində qeyd olunan ölçülərə uyğun olaraq X8 ayrılmış 1,2 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-38699/2023 saylı mütəxəssis rəyinə əsasən, vahid elektron kadastr baza məlumatlarında **********93 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə üst-üstə düşməyən, iddia olunan 0,04299 ha sahənin **********172-06301 reyestr nömrəsi ilə X13 mülkiyyətində olması müəyyən edilmişdir. Lakin mütəxəssis rəyinə həmin hissəyə dair plan-ölçü sənədinin tərtib edilib-edilməməsi, edilmişdirsə plan-ölçü sənədinin koordinatları barədə məlumat göstərilməmişdir. Beləliklə, ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, plan və ölçü sənədinin verilməsini tələb və iddia etdiyi 1.1906 ha torpaq sahəsinin 0,04299 ha hissəsi **********172-06301 reyestr nömrəsi ilə X13 mülkiyyətindədir. Belə olan halda, kollegiya hesab edir ki, nə qədər ki, iddia olunan torpaq sahəsinin 0,04299 ha hissəsinin X13 mülkiyyətində olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcuddur və həmin çıxarış ləğv edilməmişdir, iddiaçının iddia tələbi 1.1906 ha torpaq sahəsinin 0,04299 ha hissəsinə münasibətdə təmin edilə bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.3-cü maddəsinə əsasən əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmin Qanunun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Kollegiya qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə əsasən, 0,04299 ha torpaq sahəsinin X13 mülkiyyətində olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bakı Apellyasiya Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2-1(103)-119/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan Bakı şəhəri,Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şossesi 80 ünvanında yerləşən 1,19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun plan-ölçünün tərtib edilməsini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası X13 mülkiyyətində olan mübahisəli 0,04299 ha torpaq sahəsinə münasibətdə mümkün hesab edilməmişdir. Məhkəmə kollegiyası 1.1906 ha torpaq sahəsinin 0,04299 ha torpaq sahəsi istisna olmaqla cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan AN-İ saylı ******* nömrəli xx.xx.2008-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin notarial surətinə əsasən, “Akson” şirkəti adından satıcı qismində X14 və X1 rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şossesi 80 ünvanda yerləşən 4.2 hektar torpaq sahəsindən 1.2 hektar torpaq sahəsini alıcı qismində isə X7 mülkiyyətinə 49.200 (qırx doqquz min iki yüz) AZN-ə vermişdir. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şossesi 80 ünvanda yerləşən 4.2 ha torpaq sahəsinin eskizinə əsasən, X9 1.2 ha, X14 və X3 isə 3.0 ha torpaq sahəsi ayrılmışdır. xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən, Sabunçu rayonu, Balaxanı qəsəbəsindəki torpaq sahəsində icazəsiz qeyri-yaşayış tikili və qurğuları mövcuddur və inşa edilmiş qeyri-yaşayış tikililərinin sənədləşməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlər olduğu halda müraciət etmələri məqsədə uyğundur. Ərazidən 150 KV YGE xətti keçir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlətn reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindəki 1.1906 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdən xüsusi mülkiyyət olaraq İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı direktoru V.Muradovun 18 iyun 2021-ci il tarixli müraciət məktubundan görünür ki, İddiaçı MMC-nin mülkiyyətində və istifadəsində olan 1.1906 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri yaşayış sahələrini nəzərə alınmaqla müvcud mərclənmə nişanlarına uyğun (koordinatları) texniki pasportun verilməsi barədə göstəriş verilməsini cavabdehdən xahiş etmişdir. İş materiallarına İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı məktubun, xx.xx.2021-ci il tarixli 10/H nömrəli İddiaçınə Mütəxəssisin ayrılması barədə cavabdehin ünvanladığı məktubun, İddiaçı Nizamnaməsinin, Azərbaycan Vergilər Nazirliyi Vergi ödəyicisinin uçota alınması haqqında Şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 10/H nömrəli İddiaçı MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Daşınmaz Əmlakın Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisinə ünvanladığı məktubun surəti əlavə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək (3.0.23) Xidmətin vəzifəsidir. Cavabdeh apelyasiya şikayətində bildirmişdir ki, İddiaçı MMC-nin xüsusi mülkiyyətində 1.1906 ha torpaq sahəsi olmasına baxmayaraq, plan-ölçünün tərtib edilməsi ilə bağlı İdarəyə müraciət edən zaman iddiaçı tərəfindən mülkiyyətində, daimi istifadəsində və digər ərazilər olmaqla ümumilikdə 4.0325 ha ərazini göstərmiş, əlavə torpaq sahələri ilə bağlı hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Apelyasiya şikayətinin həmin dəlili iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 18 iyun 2021-ci il, həm də 18 iyul 2021-ci il tarixli məktublarla təkzib olunur. Belə ki, iddiaçı tərəfindən cavabdeh orqana edilmiş yuxarıda qeyd edilən müraciətlərinin məzmunundan aydın olur ki, İddiaçı MMC-nin mülkiyyətində və istifadəsində olan 1.1906 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahələri nəzərə alınmaqla mövcud mərclənmə nişanlarına uyğun (koordinatları) texniki pasportun verilməsi barədə göstəriş verilməsi cavabdehdən xahiş olunmuşdur. Göründüyü kimi cavabdehin apellyasiya şikayətində göstərilənlərin əksinə olaraq iddiaçı tərəfindən cavabdehə 4,0325 ha torpaq sahəsi ilə bağlı deyil, iddia ərizəsində də qeyd etdiyi 1,1906 (təqribi 1,2 ha) torpaq sahəsi ilə bağlı müraciət olunmuşdur. Bundan əlavə, iş materiallarından müəyyən olunur ki, mübahisəli torpaq sahəsi ilə bağlı həm əvvəlki mülkiyyətçi “Akson” şirkətinin, həm də hazırkı iş üzrə iddiaçının mülkiyyət hüququ cavabdeh tərəfindən dövlət reyestrində qeydə alınmışdır. Belə olan halda, cavabdehin iddiaçıya aid torpaq sahəsi ilə bağlı plan–ölçünün verilməsindən imtinasının, qeyd edilən ərazidən 150 KV gərginlikli elektrik xəttinin keçməsi ilə bağlı əsaslandırması anlaşılan deyildir. İddia ərizəsindən və məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsinin izahatından müəyyən edilmişdir ki, iddiaçıya aid 1,1906 ha torpaq sahəsinə yeni plan-ölçünün verilməsinə dair iddianın qaldırılmasını zəruri edən şərt, həmin sahədə yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması ilə bağlı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası diqqətə çatdırır ki, 1999- cu il 25 iyun tarixli Qanunla təsdiq edilmiş və hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarıxli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltdan yuxari olan elektrik şəbəkələrinin mühafizəsi» Qaydalarının 3-cü bəndində qeyd edilir ki, elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır. Həmin Qaydaların 5-ci bəndində qeyd edilir ki, hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində >1≤20 Un, KV gərginliyində 10 metr elektrik şəbəkəsinin mühafizəsi zonası müəyyən edilmişdir. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfındən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6-cı bənd); Elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə «Tikinti Normaları və Qaydaları»na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların yolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir (9-cu bənd); Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; Beləliklə, qüvvədə olan qanunvericilik elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadəyə verilməsini istisna etməsə də, mühafizə zonasına aid torpaq sahəsinin istifadəçisi qeyd olunan Qaydaların 12-ci bəndinə nəzərdə tutulmuş işləri elektrik şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan apara bilməz. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Analoji hüquqi mövqə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-239/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarında, 2-1(102)-1405/2020 saylı iş üzrə 01 iyul 2020-ci il tarixli qərarında, 2- 1(102)- 864/2020 saylı iş üzrə 02 iyun 2020-ci il tarixli qərarında, 2-1(102)-445/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il qərarında, 2-1(102)-1153/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarında da öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olub, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şossesi 80 ünvanında yerləşən torpaq sahəsinə üçüncü şəxs X13 mülkiyyətində olan 0,04299 ha torpaq sahəsi istisna olmaqla mövcud vəziyyətə uyğun plan-ölçünün tərtib edilməsindən imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər inzibati məhkəmə icraatının iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. İddia tələbi qismən təmin edildiyindən Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza xərcinin 50 manatı iddiaçının üzərinə, 50 manatı isə cavabdeh orqanın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, şikayət təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1419/2022 saylı, 17 mart 2022-ci il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şossesi 80 ünvanında yerləşən torpaq sahəsinə üçüncü şəxs X13 mülkiyyətində olan (reyestr nömrəsi **********172-06301) 0,04299 ha torpaq sahəsi istisna olmaqla mövcud vəziyyətə uyğun plan-ölçünün tərtib edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1419/2022 saylı, 17 mart 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şossesi 80 ünvanında yerləşən torpaq sahəsinə üçüncü şəxs X13 mülkiyyətində olan (reyestr nömrəsi **********172-06301) 0,04299 ha torpaq sahəsi istisna olmaqla mövcud vəziyyətə uyğun plan-ölçünün tərtib edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat İddiaçındən, 50 (əlli) manatı isə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar