Məhkəmə qərarları › İş №2-1(103)-1190/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1190/2020

29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1190/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızından və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və buna dair çıxarış və plan-ölçünün verilməsi tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1492/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsindən ona ayrılmış 45 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı keçmiş Əzizbəyov (indiki “Koroğlu”) metrostansiyasının çıxışında yerləşən qeyri-yaşayış (ticarət) obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006- 2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın icrası ilə əlaqədar 2007-ci ilin may ayında ona məxsus olan həmin ticarət obyekti sökülmüşdür. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxx 2009-cu il tarixli, 77 saylı sərəncamı ilə qeyd edilən tədbirlər planının 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə Əzizbəyov metrostansiyası ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi üçün Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə icazə verilmişdir. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının xx xxxxxx 2009-cu il tarixli, 93 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsində iddiaçıya, X2 və X1 torpaq sahəsi ayrılaraq ticarət obyektinin tikintisinə icazə verilmişdir. İddiaçı tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsindən 45 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş, cavabdehin xx xxxxxx 2019-cu il tarixli, **********13 saylı cavab məktubu ilə ona imtina edilmiş, əsas kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin təqdim edilmədiyi, elektron baza məlumatlarına əsasən verilmiş koordinatlara uyğun olaraq sözügedən torpaq sahəsinin yaşayış binalarının qarşısındakı park tipli yaşıllıq ərazisinin bir hissəsi olması göstərilmişdir. Qeyd olunanlara əsasən iddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsindən ona ayrılmış 45 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi iddia ərizəsinə qarşı etirazını məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsindən ona ayrılmış 45 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası etirazla qarşılanır, sərəncamın icrası ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, poçt vasitəsilə idarəyə daxil olmuş sənədlər surətdir, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilməmişdir, elektron baza məlumatlarına əsasən verilmiş koordinatlara uyğun olaraq sözügedən torpaq sahəsi avtomobil yolunun kənarında yaşıllıq ərazisində yerləşir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********13 saylı, xx.xx.2019-cu il tarixli cavab məktubu ünvanlanmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1492/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2864/2019 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1492/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmişdir. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2864/2019 nömrəli qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(102)-867/2020 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2864/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. İş üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 93 nömrəli sərəncamdan çıxarışa əsasən B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv. metr torpaq sahəsində Nümayəndə Məhsul oğluna, İddiaçı və Zeynal Abdullayevə ticarət obyektinin tikintisinə icazə verilmişdir. İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 25 və 35 nömrəli binalarının arasında yerləşən torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir. DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********13 saylı cavab məktubunda bildirilmişdir ki, poçt vasitəsilə idarəyə daxil olmuş sənədlər surətdir. Torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilməmişdir. Elektron baza məlumatlarına əsasən verilmiş koordinatlara uyğun olaraq sözügedən torpaq sahəsi avtomobil yolunun kənarında yaşıllıq ərazisində yerləşir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Bundan sonra İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə (bundan sonra DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsindən ona ayrılmış 45 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin müəyyən olunmuş faktiki hallarına mübahisəyə tətbiq edilməli maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın hazırki vəziyyətdə iddiaçıya imtina etməsi və imtinaya əsas kimi göstərdiyi hallar qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakı hüquq normalarını qeyd edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Savalan» X5 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2016-cı il tarixli Qərarında «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, «… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.» Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün əlavə Tədbirlər Planı”na müvafiq olaraq Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 77 nömrəli sərəncamı ilə keçmiş Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələri sökülmüş, obyekt sahiblərinə ticarət obyektlərinin ayrı-ayrı ünvanlarda bərpa edilməsi üçün Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə icazə vermişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının qeyd edilən sərəncamında və həmin sərəncamın icrası ilə bağlı verilmiş Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 93 nömrəli, xx xxxxxx 2009-cu il tarixli sərəncamında İddiaçı torpaq sahəsinin ayrılması barədə bənd göstərilməmişdir. Belə ki, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı birini cavabdehə və Məhkəməyə təqdim etməmişdir. Onun belə bir əsas kimi istinad və təqdim etdiyi Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 93 nömrəli sərəncamı isə sözügedən kateqoriyaya aid hüquqi akt deyil. Çünki həmin sənəddə mübahisəli torpaq sahəsinin iddiaçıya özgəninkiləşdirildiyi yaxud onun icarəsinə və ya istifadəsinə verildiyi qeyd olunmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2-ci bəndinə əsasən, yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşəpark, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; 47-ci maddəsinin 2-ci bəndinə görə, bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır; 3-cü bəndinə əsasən, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir; 59-cu maddəsinin 2-ci bəndinə görə, ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir; 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Mübahisəli torpaq sahəsinin ayrıldığı vaxt yerquruluşu orqanları tərəfindən yerdə (naturada) hüdudlarının torpaqayırma qaydasında müəyyən edilməsi və müvafiq sənədlərin rəsmiləşdirib iddiaçıya verilməsi iş materialları ilə təsdiqini tapmır, iddiaçı da onda belə sənədlərin olduğunu irəli sürmür. Həmçinin, mübahisəli torpaq sahəsi ümumi istifadədə olan torpaqlara aiddir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlət daxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir. (Avropa Məhkəməsinin Kushoglu Bolqarıstana qarşı iş üzrə xx xxx 2007-ci il tarixli Qərarı). Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi və iddia tələbinin təmin edilməsi üçün əsas təşkil etmir. İddiaçı iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsini tələb etdiyi halda, onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tərkib hissəsi sayılan sahiblik və istifadə hüququ səbəbindən asılı olmayaraq mövcud deyildir.Qanunvericilik birmənalı olaraq tələb edir ki, hüququn dövlət qeydiyyatına alınması üçün ilkin şərt kimi həmin hüquq əldə edilməlidir. Sahiblik və istifadə hüququndan fərqli olaraq mülkiyyət hüququnun əldə edilməsi üçün əlavə olaraq həmin əmlak üzərində sərəncam vermək hüququ real olmalıdır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab olunaraq dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1492/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar