Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1190/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı (xx.xx.1967-ci il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi ” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2020ci il tarixli, 2-1(112)-6206/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 02.09.2020-ci il tarixdə cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının faktiki istifadəsində olmuş Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 saylı evin 26 saylı mənzilinə görə 35.000 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən iki girişdən ibarət 4 mərtəbəli yataqxana Bakı Dəniz Balıq limanı İdarəsinə məxsus olmuşdur. O, uzun müddət həmin idarənin nəzdində olan 1 saylı TTİ-də fəhlə işləmişdir.Yaşayış sahəsinə ehtiyacı olduğu üçün ərizə ilə rəhbərliyə müraciət etmiş, müraciəti əsasında 2004-cü ilin aprel ayında yataqxanada otaqla təmin olunmuşdur. 01.10.2005-ci il tarixdə Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi. 24 ünvanında yerləşən yataqxananın faktiki yaşadığı 26 saylı mənzilinə dair onun adına 12 saylı order verilmiş, istifadə hüququ tanınmışdır. 2004-cü ilin aprel ayından 2018-ci ilin avqust ayına qədər həmin mənzildə ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşamışdır. Qəzalı vəziyyətdə olması müəyyən edilmiş yataqxananın sakinlərinin kompensasiya ödənilməklə köçürülməsi cavabdehə Suraxanı Rayonu İcra Hakimiyyətinə tapşırılmışdır.Yataqxana binasında inventarlaşdırma işləri aparılması və orada faktiki yaşayan ailələrin sayının dəqiqləşdirilməsi və siyahısının tərtib olunması məqsədilə Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 89 saylı. 31.07.2017-ci il tarixli Sərəncamı ilə müvafiq Komissiya yaradılmışdır. Lakin "Komissiya” tərəfindən sakinlərin siyahıya alınmasında, kompensasiyanın ödənilməsində, sakinlərin köçürülməsində bir sıra qanun pozuntularına yol verİLmişdir. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2-1(112)-6206/2020 nömrəli qərardadı ilə (hakim E.Əliyev) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan cavabdeh 12.02.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2-1(112)-6206/2020 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə 12 fevral 2021-ci il tarixdə daxil olduğundan məhkəmə kollegiyası tərəfindən 19.03.2021-ci il tarixində “xxxx” MMC-nin Baş direktor müavini cənab Sübhan Kazımova apellyasiya şikayətinin həqiqətən 14.12.2020-ci il tarixində qəbul edilib-edilməməsi, hansı səbəblərdən 2 ay gec məhkəməyə göndərilməsi barədə məlumat verilməsi üçün göstəriş verilməsi barədə sorğu ünvanlanmış, “xxxx” MMCnin 05.04.2021-ci il tarixli, 103-2-11-1-1018 nömrəli cavab məktubuna əsasən qeyd edilmişdir ki, “Poçt haqqında Qanun”un 1-ci maddəsinin 1.0.9-cu yarımbəndinin tələblərinə əsasən sadə poçt göndərişi-göndərilmək üçün istifadəçidən qeydiyyat aparılmadan və qəbz verilmədən qəbul olunan, çatdırılan zaman isə ünvan sahibindən heç bir imza tələb olunmayan poçt göndərişi sayılır. Belə ki, sözü gedən məktub sadə (qeydiyyatsız) kateqoriyasına aid olduğu üçün 123 saylı poçt şöbəsində (PŞ) zərfin üzərinə vurulmuş ştampın və ya xidmət ərazisi üzrə 22 saylı PŞ-də vurulmuş ştampın mexaniki səhv olduğu və ya məktubun ünvanı üzrə gecikmə ilə çatdırılmasının müfəssəl araşdırılması imkanımız xaricindədir. Bu səbəbdən məhkəmə tərəfindən verilmiş sorğuya dəqiq cavab verilmədiyi üçün apellyasiya şikayəti məhkəmə tərəfindən mümkün sayılmışdır. İddiaçı, onun birinci instansiya məhkəməsində nümayəndəsi və vəkili olmuş Vəkil (Bakı şəhəri 22 saylı Vəkil Bürosu) və cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 06.10.2020-ci il tarixində 3 il müddətinə İddiaçı tərəfindən X2 və Vəkil verilmiş etibarnamədə (Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən imzalanmışdır, reyestrdə 7E-4158 nömrəsi ilə qeyd edilmişdir) etibarnaməni imzalayan şəxsin adı, soyadı və atasının adı qeyd edilsə də, etibarnamə iddiaçı tərəfindən imzalanmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: İş materiallarında olan: - Suraxanı Rayon İcra Hakimiyyətinin 1/1233 nömrəli, 18.09.2020-ci il tarixli məktubunda göstərilmişdir: “İddiaçı Suraxanı RİH-ə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair icraatınızda olan inzibati işlə bağlı bildiririk ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri tərəfindən ünvan 5 ünvanında yerləşən yataqxanaya baxış keçirilmiş və 21.10.2016-cı il tarixli rəydə binanın mövcud texniki vəziyyətinin yolverilməz olduğu göstərilmişdir. Bununla bağlı Suraxanı rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli 31.07.2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən sözügedən qəzalı yataqxana binasında yaşayan ailələrin sayının dəqiqləşdirilməsi və siyahısının tərtib olunması məqsədilə keçirilən baxış zamanı həmin yataqxanada 71 ailənin yaşadığı müəyyən edilsə də onların arasında bu iş üzrə İddiaçı yaşaması müəyyən edilməmişdir. Məlumat üçün bildiririk ki, komissiya tərəfindən aparılan inventarlaşma işləri zamanı dövlət büdcəsindən əlavə vəsaitin əldə edilməsi məqsədi ilə bəzi sakinlər tərəfindən süni olaraq mənzillərin otaqlarının bölünərək sənədləşdirilməsi və bu kimi hərəkətlər edildiyi aşkar olunmuşdur. Eyni zamanda bildiririk ki, 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsaitdən Bakı Şəhər İcra Hakimiyyətinin 26.09.2017-ci il tarixli 7-430/4g saylı məktubu ilə verilmiş təklif Maliyyə Nazirliyinin 23.10.2017-ci il tarixli 07/03-317-5172 saylı məktubu ilə razılaşdırılmış və BŞİH başçısının 491nömrəli, 25.10.2017-ci il tarixli Sərəncamı ilə hər ailəyə ödəniləcək vəsait Suraxanı rayon İcra Hakimiyyətinə deyil, Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ayrılmışdır”. - Bakı Şəhər İcra Hakimiyyətinin 491 nömrəli 25.10.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərdiyi Şəhər İcra Hakimiyyətinin 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsaitdən Suraxanı Rayon İcra Hakimiyyətinin xəzinə hesabına 2.660.150 manatın köçürülməsinə göstəriş verilməsi barədə 2017-ci il 26 sentyabr tarixli 7-430/4g nömrəli məktubundakı təkliflə Maliyyə Nazirliyi 2017-ci il 23 oktyabr tarixli 07/03-317-5172 nömrəli məktubu ilə razılıq verərək, qaldırılan məsələnin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həll edilməli olduğunu bildirmişdir. Sərəncamın 1-ci bəndində göstərilmişdir: “Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi (T. Həsənov): 1.1 Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə 2.660.150 manat məbləğində vəsaitin ayrılmasını Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1, 2, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı birliklərinə və Şəhərin rayon Mənzil Kommunal Təsərrüfatı birliklərinə 2017-ci ilə mənzil fondunun əsaslı təmiri üçün nəzərdə tutulmuş vəsait daxilində həll etsin; 1.2. Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1, 2, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı birlikləri və Şəhərin rayon Mənzil Kommunal Təsərrüfatı birlikləri üzrə azaldılan məbləğlərin 2018-ci il yerli büdcə xərcləri hesabına ödənilməsini təmin etmək məqsədi ilə onların növbəti ilə keçirilməsi və 2017-ci ilin borc öhdəliyi kimi qəbul edilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi qarşısında vəsatət qaldırılmasını həll etsin.” Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, “hazırkı iddia tələbi əsl olmayan, yəni iddiaya cavab verməli olmayan cavabdehə qarşı yönəldiyindən və iddiaçı iş üzrə əsl olmayan cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinin əsl cavabdeh Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti ilə əvəz edilməsinə hər hansı münasibət bildirmədiyindən, həmçinin müvafiq ərizə ilə əvvəlcə iddiaya cavab verməli olan cavabdehə müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmadığından, hazırkı iddia mümkün sayılmamalıdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarında birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Hüquqi yardım haqqında bildirişin göndərilməsi müəyyən edilsə də, 03 sentyabr 2020-ci il tarixli bildirişin iddiaçı tərəfindən qəbul edilməsi iş materialları ilə müəyyən edilmir.Həmçinin məhkəmə tərəfindən qeyd edilən bildiriş iddiaçının Suraxan ray., Hövsan qəs., R.Abdullayev küç., ev 24 ünvanında yerləşən mənzilinə göndərilmişdir ki, iddiaçı iddia ərizəsində hal-hazırda həmin binanın kommunikasiya sistemlərinin fəaliyyət göstərmədiyini, binaya giriş-çıxışın tam məhdudlaşdırıldığını , bu səbəbdən həmin mənzildən çıxdığını bildirmişdir.Göründüyü kimi iddiaçının qeyd edilən bildiriş alması iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya məhkəməsi işin xüsusi hüquqi əhəmiyyətə malik hallarına düzgün qiymət vermədən iddia tələbinin mümkün sayılmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, işin yenidən birinci instansiya icraatı zamanı yuxarıda qeyd edilən hal məhkəmə tərəfindən araşdırılmalıdır. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2- 1(112)-6206/2020 nömrəli qərardadı ləğv edilməli və iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2-1(112)-6206/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “faktiki istifadəsində olmuş Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 saylı evin 26 saylı mənzilinə görə 35.000 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1190/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1190/2021
21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver