Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1191/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi X1, Cavabdehin vəkili X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 03.12.2020-ci il tarixli, 2-1(112)- 364/2020 saylı qərarından cavabdehin vəkili C.Əhmədov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 03.12.2020-ci il tarixli, 2-1(112)-364/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələbinə uyğun olaraq İddiaçı 57 yaşının tamam olduğu 11.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim M.Qarayeva). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 01.01.12.1982-ci ildən 10.08.2006-cı il tarixə kimi “xxxx”nin İstehsalat Təmir müəssisəsinin Turbin Avadanlıqlarının təmiri üzrə çilingər və usta peşələrində və “xxxx” ASC-nin Əlibayramlı DRES-ində usta işlədiyi illərin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısı”na daxil olunaraq onun güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olmasına dair müvafiq qərarın qəbul edilməsi öhdəliyinin DSMF-nin üzərinə bir vəzifə olaraq qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Hazırlıq icraatının gedişində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edərək, 11.12.2017-ci il tarixdən əmək kitabçası, iş materiallarında olan arayışlarda göstərilən iş stajının nəzərə alınması və ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-4345/2019 saylı, 25.12.2019-cu il tarixli qərardadına əsasən ərizə icraata qəbul edilmiş, nəticədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əvəzinə əsl cavabdeh kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi qəbul edilmişdir. Sonradan iddiaçının nümayəndəsi yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələbinə uyğun olaraq İddiaçı 57 yaşının tamam olduğu 11.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1960-cı ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olmuş, əmək fəaliyyətinə 1979-cu ildə başlamış, 16.01.1979-cu ildə “Muğanmeliovodstroy” Trestinin 16 saylı Təmir Tikinti İdarəsinə 2-ci dərəcəli fəhlə qəbul olunmuş, 1981-ci ildə hərbi xidmətə getmiş, 1982-ci ildə hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra Əli-Bayramlı şəhəri Cihazqayırma zavoduna Plastmas sexinə 3-cü dərəcəli fəhlə qəbul olunmuşdur. 1982-ci ildə “xxxx”nin İstehsalat- Təmir müəssisəsinin turbin avadanlıqlarının təmiri üzrə Əli-Bayramlı daimi təmir sexinə çiligər peşəsinə qəbul olunmuş və sonradan usta işinə keçirilmişdir. 2002-ci ildə həmin yerdən öz xahişi ilə işdən azad olunmuşdur. 14.02.2002-ci ildə “xxxx” ASC-nin Əlibayramlı DRESİN-ə 7-ci dərəcəli usta vəzifəsinə qəbul olunmuş və 10.08.2006-cı ildə öz xahişi ilə işdən azad olunmuşdur. 12.03.2007-ci ildə “Monoton-elektrik” İdarəsinə usta vəzifəsinə qəbul olunmuş və 21.12.2009-cu ildə həmin işdən öz razılığı ilə azad olunmuşdur. 26.05.2010-cu ildə “xxxx” ASC-nin Quraşdırma sahəsinə 6-cı dərəcəli quraşdırıcı işinə qəbul olunmuş, 2015-ci ildə həmin İdarə MAQ və T. İdarəsi adlandırılmışdır. İddiaçı güzəştli şərtlərlə pensiya yaşına çatdığından pensiyaya çıxmaq üçün aidiyyəti üzrə Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. 18 sentyabr 2019-cu il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, onun “xxxx”nin İstehsalat Təmir müəssisəsində və “xxxx” ASC Əlibayramlı DRESİ-nin təmir quraşdırma sexində işlədiyi çilingər və usta peşələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermir. İddiaçı həmin halın aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikası “xxxx” ASC-yə rəsmi müraciət etmiş və ona 05.09.2019-cu il tarixdə rəsmi cavab verilmişdir ki, 01.12.1982-ci ildən 10.08.2006-cı il tarixə kimi “xxxx”nin İstehsalat-Təmir müəssisəsində və Əlibayramlı DRES-nin Təmir Quraşdırma sexində işlədiyi vəzifələr güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən sahələrdir. Bu səbəblərə görə də iddiaçı məhkəmədə iddia qaldırmışdır. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili X6 apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, iş materiallarından da göründüyü kimi 01.01.2006-cı il tarixədək İddiaçının topladığı güzəştli iş stajı da 12 il 6 aydan azdır.Belə ki, iş materiallarında olan iddiaçının əmək kitabçasında qeyd olunan peşələr (“çilingər” və “usta”) Nazirlər Kabinetinin müvafiq qərarındakı peşələr ilə üst-üstə düşmür. Bundam başqa, “xxxx” ASC tərəfindən təqdim edilmiş 05.09.2019-cu il tarixli Güzəştli arayışda Nazirlər Kabinetinin müvafiq qərarının 24 və 29-cu fəsillərinə istinad edilmiş, lakin peşənin konkret kodu göstərilməmişdir. Göründüyü kimi 01.01.2006-cı il tarixədək İddiaçının topladığı güzəştli iş stajı 12 il 6 aydan azdır. Belə olan halda, İddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Salyan RPŞ tərəfindən 10.06.2017-ci il tarixdə verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, yaşayış yeri üzrə Salyan rayonu, Kərimbəyli kəndində qeydiyyatda olan İddiaçı xx.xx.1960-cı il tarixdə Salyan rayonunun Qarabağlı kəndinə doğulmuşdur. - İddiaçıya məxsus olmaqla 16.01.1979-cu ildə açılmış İT-İ seriyalı ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı 16 TMİ-nə daxil olana qədər əmək stajı olmamış, 9/k saylı 16.01.1979-cu il tarixli əmrlə “Muğanmeliorasiyasutikinti” trestinin 16 saylı TMİ-yə 16.01.1979-cu il tarixdən 2-ci dərəcəli fəhlə işinə qəbul olunmuş, 02.11.1979-cu il tarixdə Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılmaqla əlaqədar işdən azad edilmiş, HЗ № ******* saylı hərbi biletə əsasən 09.11.1979-cu il tarixdən 25.11.1981-ci il tarixədək Sovet Ordu sıralarında xidmət etmiş, 2-k saylı 05.01.1982-ci il tarixli əmrə əsasən 05.01.1982-ci il tarixdən Plasmas sexinə üçüncü dərəcəli fəhlə işinə qəbul olunmuş, 118/k saylı 04.12.1982-ci il tarixli əmrlə 16.08.1982-ci il tarixdən Mexanika sexinə dördüncü dərəcəli çilingər işinə qəbul edilmiş, 225-k nömrəli 16.11.1982-ci il tarixli əmrlə 15.11.1982ci il tarixdən şəxsi arzusuna əsasən işdən azad edilmiş, 129-ok saylı 30.11.1982-ci il tarixli əmrə əsasən 01.12.1982-ci il tarixdən Əli Bayramlıda yığma qazan təmiri üzrə sexinə dördüncü dərəcəli çilingər işinə qəbul edilmiş, 02-1 saylı, 03.01.1986-cı il tarixli əmrlə 02.01.1986-cı il tarixdən beşinci dərəcəli çilingər işinə qəbul edilmiş, 126 saylı 12.04.1991ci il tarixli əmrə əsasən 17.04.1991-ci il tarixdən Qazanxana sexlərinin avadanlıqlarının təmiri üzrə altıncı dərəcəli çilingər işinə qəbul edilmiş, 01.12.1995-ci il tarixdən 71-Ш saylı 23.11.1995-ci il tarixli əmrə əsasən həmin sahədə birinci dərəcəli usta vəzifəsinə keçirilmiş, 28-kş saylı 13.06.2002-ci il tarixli əmrə əsasən 13.06.2002-ci il tarixdən başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə işdən azad edilmiş, 07- n/125 saylı 14.06.2002-ci il tarixli əmrə əsasən 14.06.2002-ci il tarixdən təmir quraşdırma sexinin istehsalat sahəsinə 7-ci dərəcəli usta vəzifəsinə işə qəbul edilmiş, 393 saylı 10.07.2002-ci il tarixli əmrə əsasən 14.06.2002-ci il tarixdən həmin sexdə 9-cu dərəcəli usta vəzifəsinə işə qəbul edilmiş, 799 saylı 18.12.2002-ci il tarixli əmrə əsasən 18.12.2002-ci il tarixdən “xxxx” ASC-nin prezidentinin idarəetməni təkmilləşdirmək məqsədilə 10.12.2002-ci il tarixdə Əli Bayramlı DRES-in yeni təşkilat strukturunun təşkili ilə əlaqədar 787 saylı, 11.12.2002-ci il tarixli əmrilə TQS ləğv edildiyi üçün yeni yaradılmış qazan avadanlığının təmiri sexinə 9-cu dərəcəli usta vəzifəsinə keçirilmiş, 41-ci saylı 11.08.2006-cı il tarixli əmrə əsasən 10.08.2006-cı il tarixdən əmək müqaviləsinə öz xahişi ilə xitam verilmişdir. - HЗ seriyalı, ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı 09.11.1979-cu il tarixdən 25.11.1981-ci il tarixədək Sovet Ordu sıralarında xidmət keçmişdir. - “xxxx” ASC tərəfindən məhkəməyə təqdim edilmiş 01-71/285 saylı, 28.10.2020-ci il tarixli arayışdan müəyyən edilir ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı 01.12.1982-ci il tarixdən 01.12.1995-ci il tarixədək “xxxx" İstehsalat-Təmir müəssisəsinin Əli-Bayramlı Dövlət Rayon X2 avadanlıqlarının təmiri sexində çilingər, 01.12.1995-ci il tarixdən 13.06.2002- ci il tarixədək həmin sexdə usta vəzifəsində işləmişdir. İddiaçı “xxxx” İstehsalat-Təmir müəssisəsinin Əlibayramlı DRES-in Qazanxana avadanlıqlarının təmiri sexində işlədiyi çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının Xİİİ fəslinin (bənd: 21400000; “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı”), 2140000a- 18455 yarımbəndinə (qazanxana, turbin, (buxar turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri), onun həmin sexdə işlədiyi usta vəzifəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının Xİİİ fəslinin (bənd: 21400000; “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı”), 2140000b-23362 yarımbəndinə (avadanlığın qoyulmuş yerdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin, (buxar turbini) yanacaq ötürmə tozhazırlama) uyğundur. İddiaçı “xxxx” İstehsalat- Təmir müəssisəsinin Əlibayramlı Qazanxana avadanlıqlarının təmiri sexində (01.12.1982ci il tarixdən 13.06.2002-ci il tarixədək) güzəştli şərtlərlə iş stajının cəmi 19 il, 06 ay, 12 gündür. İddiaçı 13.06.2002-ci ildə başqa işəgötürənlə əmək müqaviləsi bağlayaraq “xxxx” İstehsalat-Təmir müəssisəsinin Əlibayramlı DRES-in Qazanxana avadanlıqlarının təmiri sexində işlədiyi usta vəzifəsindən azad olunmuşdur. - “xxxx” ASC tərəfindən verilmiş çıxış nömrəsi “20” olan 05.09.2019-cu il tarixli arayışın surətindən müəyyən edilir ki, İddiaçı 10.04.1982-ci ildən hal-hazırkı dövrədək “xxxx” İstehsalat-Təmir Müəssisəsində və “xxxx” ASC-də işlədiyi müddət ərzində ödənişsiz məzuniyyətdə olmamışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********2 saylı, 18 sentyabr 2019-cu il tarixli məktubda iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, təqdim etdiyi sənədlərdə əmək kitabçasında qeyd olunan “Azbaşenerjı” İstehsalat Təmir müəssisəsində və “xxxx” ASC-nin Əlibayramlı DRES-in təmir quraşdırma sexində işlədiyi çilingər və usta vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa gorə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Cavabdeh tərəfin mübahisələndirdiyi işin halları iddiaçının çalışdığı müvafiq vəzifələrin (çilingər və usta) güzəştli vəzifələrin siyahısına aid edilməsi ilə bağlıdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar— 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu 11.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. İşin araşdırılan hallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 13-cü, yəni “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” fəslinin a yarımbəndində 2140000a— 18455 şifri ilə “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” vəzifələri, b yarımbəndində 2140000b—23362 şifri altında isə “avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaq ötürmə, tozhazırlama” peşələri təsbit edilmişdir ki, İddiaçı da müvafiq sahədə çilingər və usta vəzifələrində işləməklə riyazi hesablamanın nəticəsinə əsasən 01.01.2006-cı il tarixədək 19 il 06 aydan artıq güzəştli iş stajını toplamışdır. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Göstərilən normanın tələbləri baxımından iddiaçının Sovet Ordu sıralarında 09.11.1979-cu il tarixdən 25.11.1981-ci il tarixədək müddətli həqiqi hərbi xidmət müddəti də ümumi iş stajı kimi nəzərə alınmalıdır. Beləliklə, yuxarıda şərh edilənlərin nəticəsi olaraq iddiaçının 2006-cı il 01 yanvar tarixədək 25 ildən artıq (riyazi hesablamanın nəticəsi olaraq 25 il 10 aydan artıq) ümumi iş stajı vardır və bunun 12 il 6 aydan ildən artığını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş işlərdə çalışmışdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh inzibati orqan iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahısı”na əsasən 12 il 6 aydan artıq güzəştli iş stajının olmasını, eyni zamanda, 11.12.2017-cı il tarixdə isə iddiaçının 57 yaşının tamam olmasını, onun güzəştli şərtlərlə işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın deyil, məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nın təsir dairəsinə düşməsini nəzərə almadan formal mülahizələrlə iddiaçının haqlı tələbini təmin etməmişdir. Birinci instansiya məhkəməsi, həmçinin, qeyd etmişdir ki, iddiaçının məhkəməyədək cavabdeh pensiya təyinatı orqanına təqdim etdiyi arayışda onun işlədiyi güzəştli vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»na uyğunlaşdırılmış, bu yalnışlıq cavabdeh orqana bəlli olsa da, müvafiq çatışmazlıqların inzibati icraat çərçivəsində aradan qaldırılması istiqamətində müraciət edən şəxsə heç bir hüquqi yardım göstərilməmiş, cavabdeh orqan imtinaya üstünlük verərək, məsələnin həllindən yayınmışdır. Halbuki, «İnzibati icraat haqqında» Qanunun: 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Birinci instansiya məhkəməsi yuxarıda şərh edilənlərə əsasən cavabdehin nümayəndəsinin iddiaya qarşı etirazında qeyd edilənləri də əsassız hesab etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Məhkəmə kollegiyası cavabdehin vəkilinin apelyasiya şikayətində göstərilən iddiaçının əmək kitabçasında qeyd olunan peşələr (“çilingər” və “usta”) Nazirlər Kabinetinin müvafiq qərarındakı peşələr ilə üst-üstə düşməməsi dəlillərini qəbul etmir, çünki iddiaçının “qazanxana sexlərinin avadanlıqlarının təmiri üzrə çilingər” işlədiyi peşə birinci instansiya məhkəməsi tərəfindən qərarında qeyd edildiyi kimi 2-li Siyahının “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” fəslinin “a” yarımbəndində 2140000a— 18455 şifri ilə “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” peşələrində, həmin sahədə işlədiyi digər - “usta” peşəsi Siyahıının “b” yarımbəndində 2140000b—23362 şifri altında isə “avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaq ötürmə, tozhazırlama” peşələrində nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin vəkili C.Əhmədov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03.12.2020-ci il tarixli, 2-1(112)-364/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Xumar Mərdanova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1191/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1191/2021
19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver