Məhkəmə qərarları › İş №2-1(103)-1191/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1191/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1191/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı « «iddiaçının müraciətinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4342/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixdə 2 dəfə Agentliyə edilən müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsi ilə müraciət edilən ünvana göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə İddiaçı xx.xx.2021-ci il tarixdə əyani müayinədən keçmiş, adına Laçın rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0280003AAFMA nömrəli forma 88 tibbi göndərişi sistemə yerləşdirilmiş və onun əlilliyinin səbəb əlaqəsi xx.xx.2021ci il tarixdə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olmaqla dəyişdirilərək 5 il müddətinə xx.xx.2026-cı il tarixədək ikinci dərəcə əlillik təyin edilmiş, bu barədə iddiaçının elektron kabinetində müvafiq qeyd aparılmışdır. İddiaçının mövqeyinə görə cavabdeh sonradan qeyd edilən əlillik qiymətləndirilməsini elektron sistemdən silmiş və onun əlillik müddətini xx.xx.2021-ci il tarixli qeyd etməklə diaqnozunu dəyişdirmişdir. Beləliklə, cavabdehə 11.1.0.2021-ci il tarixdə 2 dəfə müraciət etmiş, lakin müraciətləri cavablandırılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4342/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci və 10-cu maddələrinin tələblərini kobud şəkildə pozmuşdur, məhkəmə əsassız və qanunsuz qərardad qəbul etmişdir, belə ki, ona heç bir cavab məktubu rəsmi qaydada poçt vasitəsi ilə qeyd etdiyi tarixdə gəlməmişdir, bu səbəbdən də hesab edir ki, Bakı İnzibati Məhkəməsi düzgün araşdırma aparmamışdır, birtərəfli olaraq cavabdehin yalan cavablarına əsaslanmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2337/2022saylı xx.xx.2022-ci il qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2015/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyun 2022-ci il tarixli, 2- 1(103)-2337/20222 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclası barədə xəbərdar edilmiş iddiaçı onun iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmiş, cavabdeh tərəf isə məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası İPM-in 96.11-ci maddəsinin tələbi qaydasında Ali Məhkəmənin qərarında təsbit olunan hüquqi mövqeyi nəzərə alınmaqla, iş materiallarını təkrar apellyasiya qaydasında araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İddiaçının iddia ərizəsində cavabdehə qarşı irəli sürdüyü tələbindən göründüyü kimi, onun xx.xx.2021-ci il tarixində cavabdehə ünvanladığı müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsi ilə müraciət edilən ünvana göndərilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi qərardadında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlandığı məktubunda - onun əlillik vəziyyəti barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş müraciətinə Agentliyikə baxıldığı və «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda baxılmamış hesab edildiyi və ona il ərzində üç dəfə aidiyyəti üzrə cavab verildiyi və əlavə araşdırma tələb olunan məsələ olmadığı üçün növbəti müraciətiniz baxılmamış hesab ediləcəyinin nəzərinə çatdırıldığı qeyd olunaraq, İPM-in 67.1 - 67.3-cü maddələrinə istinadən, belə qənaətə gəlmişdir ki, iddiaçının arzuladığı hərəkət, yəni onun müvafiq müraciətinə cavab verilməsi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən, tərəflər arasında mübahisə mövcud olmur və bu səbəbdən də iş üzrə icraata xitam verilməlidir . Lakin məhkəmənin istinad etdiyi həmin məktubun məzmununda iddiaçının hansı müraciətinə baxıldığı və konkret olaraq hansı məzmunda əsaslandırılmış cavabın verildiyi barədə məlumat qeyd olunmamışdır. İşə əlavə olunmuş, əlillik haqqında arayış və iddiaçının xx.xx.2021-ci il tarixli müraciətlərinə dair elektron məlumatlar isə onun hazırkı iddia tələbi üzrə icraata xitam verilməsi üçün əsas ola bilməz. Çünki, iddia ərizəsində iddiaçı mübahisələndirir ki, xx.xx.2021-ci il tarixdə şəxsi kabinetinə baxış keçirərkən, onun ümumi səhifədə əlilliyin axırıncı qiymətləndirilməsi sistemdən silinmiş, əlillik müddəti və diaqnozun dəyişdirilmiş, bu səbəbdən dəfələrlə cavabdehə müraciət etmiş və hal-hazırda da xx.xx.2021-ci il tarixdə 2 dəfə cavabdehə etdiyi müraciətlərinə cavab verilməmiş, bununla da sonuncu tərəfindən “Vətəndaşların müraciətləri haqqında” Qanunun tələblərinin pozulmuşdur. Şərh olunanlardan ən azından belə anlaşılır ki, iddiaçının əlillik qiymətləndirilməsindən sonra, onun əlillik müddəti və əlliyinə əsas olan diaqnozu cavabdeh tərəfindən dəyişdirilmiş, bununla bağlı onun xx.xx.2021-ci il tarixli sonuncu 2 müraciətinə cavab verilməmişdir. Birinci instansiya məhkəməsinin qərardadından isə görünür ki, iddiaçının istinad etdiyi xx.xx.2021-ci il tarixli həmin müraciətlərinin məzmununun nədən ibarət olması məhkəmə araşdırmasının predmetini təşkil etməmişdir. Ümumiyyətlə, həmin tədqiqat obyekti işdə mövcud deyildir. İPM-in («İPM») 67.1-67.3-cü maddələrinin tələblərindən isə göründüyü kimi, məhkəmə, o halda icraata xitam verilməsi barədə qərardad qəbul edir ki, mübahisə ilə bağlı yekun qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunması üçün məhkəmənin müvafiq tədbirin görülməsi üçün cavabdehə təyin etdiyi müddət ərzində sonuncu tərəfindən iddiaçının tələbi təmin olunsun və mahiyyəti üzrə mübahisə artıq mövcud olmasın. Birinci instansiya məhkəməsi tərəfindən isə iddiaçının xx.xx.2021-ci il tarixli 2 müraciəti araşdırılmadan və həmin müraciətlərin əvvəlki müraciətlərlə eyni məzmunda olubolmadığına qiymət verilmədən, beləlikə də tərəflər arasındakı mövcud mübahisənin aradan qalxdığına yəqinlik gətirmədən iş üzrə icraata xitam verilmiş, bununla da prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Halbuki, İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 49.1.2-49.15-ci maddələrinə əsasən sədrlik edən hakim şifahi məhkəmə baxışı başlayana qədər - hazırlıq sənədlərini (ərizələrini, vəsatətlərini, izahatlarını, etirazlarını) tamamlamağı və ya aydınlaşdırmağı, iş üzrə materiallarda saxlanılması mümkün olan sənədlərin və predmetlərin məhkəməyə təqdim olunmasını proses iştirakçılarına təklif etmək, dəqiqləşdirmə tələb edən müəyyən halların izah olunması üçün müddət təyin etmək; zəruri sənədləri (arayışları, məlumatları) toplamaq; tələb olunan sənədlərin təqdim olunması barədə sərəncam hakim vermək; proses iştirakçılarının şəxsən məhkəməyə gəlmələrinə dair sərəncam vermək kimi - bütün zəruri tədbirləri görməlidir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə qərardadının əsassız olduğunu qanunvericiliyə uyğun olmadığını mübahisələndirən hissəsində dəllləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4342/2022 saylı, xx.xx.2022ci il tarixli qərardadı ləğv edilməli, qeyd olunan nöqsanlar nəzərə alınmaqla, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və İPM-in 80, 87, 90-cı maddələrini rəhbər tutuaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4342/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar