Məhkəmə qərarları › İş №2-1(103)-1192/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1192/2021

29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1192/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X5 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “mülkiyyət hüquqlarının qorunması və faktiki pozulmasının qarşısının alınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3239/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 29 aprel 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasına əsaslanaraq mülkiyyətçi qismində mülkiyyət hüquqlarının qorunması və faktiki pozulmasının qarşısının alınması üçün qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdeh inzibati orqan Cavabdeh hərəkətlərinin onun mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilərək qanunsuz hesab edilməsi, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətçisi olduğu daşınmaz əmlakın sökülməsi nəticəsində bərpa dəyəri həcmində, yəni 72400 (yetmiş iki min dörd yüz) AZN məbləğində maddi zərərin (daşınmaz əmlakdakı payının dəyəri 38400 (otuz səkkiz min dörd yüz) + qızıl-zinət əşyalarının dəyəri 30000 (otuz min) AZN + məişət texnikası və cehizlik əşyalarının minimal dəyəri ən aşağı dəyərləndirmə ilə 4000 (dörd min) AZN və 50000 (əlli min) AZN məbləğində mənəvi zərərin ödənilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 01.09.2020-ci il tarixli qərardadına əsasən iddiaçının iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətçisi olduğu daşınmaz əmlakın sökülməsi nəticəsində bərpa dəyəri həcmində, yəni 72400 (yetmiş iki min dörd yüz) AZN məbləğində maddi zərərin (daşınmaz əmlakdakı payının dəyəri 38400 (otuz səkkiz min dörd yüz) + qızıl-zinət əşyalarının dəyəri 30000 (otuz min) AZN + məişət texnikası və cehizlik əşyalarının minimal dəyəri ən aşağı dəyərləndirmə ilə 4000 (dörd min) AZN və 50000 (əlli min) AZN məbləğində mənəvi zərərin ödənilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulsun kimi icraata qəbul edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən evin paylı mülkiyyətçilərindən biridir. Həmin daşınmaz əmlakın onunla yanaşı digər mülkiyyətçiləri X6 və X7r. Həmin daşınmaz əmlaka dair Bakı Şəhər İcra Hakimiyyətinin Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat İdarəsi tərəfindən verilmiş 28.04.2010-ci il tarixli MA-0063654 nömrəli Qeydiyyat Vəsiqəsi və 27.04.2010-cu il tarixli **********87-1-3-1 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki Pasportu ilə hər birinin mülkiyyət hüququnu təsdiq edir. Çıxarışa əsasən, ümumi sahəsi 85.1 kv. metr olan evin 1/2 hissəsinin 1/6 hissəsi onun mülkiyyətindədir. Həmçinin, həmin sənədə əsasən sözügedən daşınmaz əmlak 1,7 sot torpaq üzərində yerləşir və həmin torpaq onların istifadəsindədir. 2019-cu ilin sonunda Yasamal İcra Hakimiyyəti 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, kompensasiya qarşılığında mülkiyyətçilərdən biri olan Yaşar Əliyevin istifadə və mülkiyyət hüququna xitam verilməsi və mənzilin boşaldılması barədə qərar verilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi 22 aprel 2019-cu il tarixli qərarla Cavabdeh iddia ərizəsini təmin etmiş və qərara almışdır ki, “ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan Cavabdeh tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilsin. Daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdeh X4 75223 (yetmiş beş min iki yüz iyirmi üç) manat məbləğində kompensasiya ödənilərək mənzil boşaldılsın.” Bu məhkəmə prosesindən və hüquqlarına toxunan məhkəmə qərarından nə onun, nə də digər mülkiyyətçi Orxan Əliyevin məlumatı olmamış və onlar Yasamal İH-nin iddia ərizəsi və onunla bağlı məhkəmə qərarı barədə yalnız may ayının sonunda təsadüf nəticəsində xəbər tutmuşlar. 31 may 2020-ci il tarixdə cavabdeh Yaşar Əliyev Bakı İnzibati Məhkəməsinin 22 aprel 2019-cu il tarixli qərarından apellyasiya şikayəti vermişdir. Həmin şikayətə baxılan zaman o özü və digər mülkiyyətçi Orxan Əliyev Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, həmin qərarla onların mülkiyyət hüququnun pozulmasını bildirmiş və işə cəlb olunmalarını tələb etmişlər. Bakı Apellyasiya Məhkəməsi onların müraciətini nəzərə almamışdır. 09 sentyabr 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsi Yaşar Əliyevin şikayətini rədd edərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Yaşar Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti vermiş, onunla yanaşı o və digər paylı mülkiyyətçi Orxan Əliyev də ərizə verərək bildirmişlər ki, onlar da mübahisəli daşınmaz əmlakın mülkiyyətçiləridir və hüquqlarının qorunması məqsədi ilə işə cəlb olunmalarını tələb etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi də onların ərizələrinə məhəl qoymamış, Yaşar Əliyevin kassasiya şikayətini isə 29 yanvar 2020-ci il tarixli qərarla rədd etmiş və qərar icraya yönəlmişdir. 12 fevral 2020-ci il tarixdə o, Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, mülkiyyət hüquqlarının qorunmasını və bərpaedilməz zərərin dəyməsinin qarşısının alınamasını xahiş etmişdir. Bununla yanaşı, 11 fevral 2020-ci il tarixli ərizə ilə məhkəmədən xahiş etmişdir ki, Yasamal RİH-ə qarşı verdiyi həmin iddia ərizəsi üzrə yekun qərar qəbul edilənədək Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli qərarının icrası dayandırılsın və əmlakın sökülməsi qadağan edilsin. Məhkəmə həmin ərizəylə bağlı heç bir tədbir gösməmiş və ona ərizənin baxılıb-baxılmaması barədə ümumiyyətlə heç bir məlumat verilməmişdir. 18 fevral 2020-ci il tarixdə Yasamal rayon İcra şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli qərarı icra edilmişdir. İş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3239/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi məhkəmə mübahisəsində o, ümumiyyətlə tərəf olmamış, o işdə iddiaçı qismində Yasamal RİH, cavabdeh qismində X6 və üçüncü şəxs qismində AR Maliyyə Nazirliyi olmuşdur. İddia ərizəsində detallı şəkildə bildirmişdir ki, o, mübahisə predmeti olan daşınmaz əmlakın paylı mülkiyyətçisidir. Həmin əmlakın paylı mülkiyyətçiləri Əliyev Yaşar, Əliyev Orxan və odur. Buna baxmayaraq, yalnız bir mülkiyyətçi - Əliyev Yaşar işin baxışına cəlb edilmişdir. Həmin məhkəmə prosesindən və hüquqlarına toxunan məhkəmə qərarından nə onun, nə də digər mülkiyyətçi Orxan Əliyevin məlumatı olmamışdır və onlar Yasamal RİH-in iddia ərizəsi və onunla bağlı məhkəmə qərarı barədə yalnız yarım il sonra (may ayının sonlarında) təsadüf nəticəsində xəbər tutmuşlar. 31 may 2020-ci il tarixdə cavabdeh Yaşar Əliyev Bakı İnzibati Məhkəməsinin 22 aprel 2019-cu il tarixli qərarından apellyasiya şikayəti vermişdir. Həmin şikayətə baxış zamanı o və digər mülkiyyətçi Orxan Əliyev Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, həmin qərarla mülkiyyət hüquqlarının pozulmasını bildirmişlər və işə cəlb olunmalarını tələb etmişlər. Bakı Apellyasiya Məhkəməsi onların müraciətlərini nəzərə almamışdır. 09 sentyabr 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsi Yaşar Əliyevin şikayətini rədd etmiş və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Yaşar Əliyev AR Ali Məhkəməsinə kasasiya şikayəti vermiş, onunla yanaşı o və digər paylı mülkiyyətçi Orxan Əliyev də ərizə verərək bildirmişlər ki, onlar da mübahisəli daşınmaz əmlakın mülkiyyətçiləridirlər və mənzilin ona məxsus hissəsini o hissəyə dair heç bir məhkəmə qərarı olmadan sökmüşlər və əşyalarının, o cümlədən qızıl-zinət əşyalarının məhv edilməsi və oğurlanmasına şərait yaradılmışdır. Bakı İnzibati Məhkəməsinə verdiyi iddia ərizəsinin də məğzi məhz Yasamal RPİ-nin bu qanunsuz hərəkətlərindən hüquqi müdafiə tələbi idi. Lakin hakim iş materialları ilə və onun təqdim etdiyi dəlillərlə tanış olub işi araşdırmaq əvəzinə Yasamal RİH-in yazılı şəkildə təqdim etdiyi absurd və heç bir qanuni əsası olmayan etirazını qərardada köçürmüş və bununla da müstəqil araşdırma aparmaq və müstəqil qərar qəbul etmək ixtiyarında olmadığını bir daha nümayiş etdirmişdir. 10 mart 2020-ci il tarixdə küçədə qalmaqlarından, köməksiz vəziyyətlərindən və çıxış yollarının olmamasını bilən Yasamal RİH öz inzibati səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində o və digər paylı mülkiyyətçi X14 RİH ilə Yaşar Əliyev arasında bağlanan daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə razılıq imzalamağa məcbur olmuşlar ki, Yaşar Əliyevə ödənilən kompensasiyaya mənzil alınsın və onlar da heç olmasa müvəqqəti olaraq orada məskunlaşsınlar. Lakin mülkiyyət hüquqlarını sona qədər müdafiə etməkdə israrlı olduğundan Yasamal Rayon Məhkəməsinə AR Mülki Məcəlləsinin 339-cu maddəsinə əsasən 10 mart 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və məcburən imzaladığı Razılığın etibarsız sayılması tələbinə dair iddia ərizəsi vermişdir. Hal-hazırda həmin iş Yasamal Rayon Məhkəməsinin (hakim Toğrul Axundov) icraatındadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə 3-cü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Cavabdeh “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan əmlakın qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici cəlb etmişdir. ünvan 1 ünvanında yerləşən əmlaka yerində baxış keçirilmiş və həmin əmlakın İddiaçı, iddiaçının atası X2 və qardaşı X5 mülkiyyətlərində olmuş sahələrə görə müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007 ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə, habelə köçmə ilə əlaqədar digər xərclər nəzərə alınaraq ümumi 75 223 manat məbləğində kompensasiya məbləği hesablanmışdır. Kompensasiya məbləğini almaqdan imtina etdikləri üçün Cavabdeh iddiaçının atası X4 qarşı “kompensasiya ödənilərək mənzilin boşaldılması” barədə iddia ərizəsi ilə 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 aprel 2019-cu il tarixli, 2-1(81)- 1599/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan Cavabdeh tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş, həmin daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı X4 75 233 manat məbləğində kompensasiya ödənilərək mənzilin boşaldılması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti versə də, Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 avqust 2019-cu il tarixli, 2- 1(103)-1656/2019 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Apelyasiya Məhkəməsinin qeyd olunan qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04.12.2019-cu il 2- 1(102)-3155/2019 saylı qərarı ilə kassasiya şikayəti rədd edilmiş, Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 avqust 2019-cu il tarixli 2-1(103)-1656 saylı qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. İddiaçı, X6 və X10 ilə Cavabdeh arasında 10 mart 2020-ci il tarixində AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlanaraq ünvan 1 ünvanında yerləşən paylı əmlakın 1/4 hissənin qalan hissəsindən 4/6 hissəsinə görə X4, 1/4 hissənin qalan hissəsindən 1/6 hissəsinə X8 və 1/2 hissənin qalan hissəsindən 1/6 hissəsinə görə İddiaçı ümumi 60 223 manat kompensasiya məbləği ödənilmişdir. 75 223 manat kompensasiya məbləğindən qalan 15 000 manat kompensasiya məbləği 09 iyul 2020-ci il tarixində Cavabdeh ilə həmin ünvanda qeydiyyatda olmaqla uzun müddət istifadə edən X3 arasında bağlanmış müqaviləyə əsasən həmin şəxsə ödənilmişdir. Bundan başqa, Cavabdeh ilə X6, X10 və İddiaçı arasında bağlanılmış 10 mart 2020-ci il tarixli maddi yardım haqqında razılaşmaya əsasən mülkiyyətçilərə kompensasiya məbləğindən əlavə olaraq 15469.50 (on beş min dörd yüz altmış doqquz) manat məbləğində pul ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlsə də hüquqi qiymətləndirmə əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı mümkünsüz hesab edərkən qərardadını belə əsaslandırmışdır ki, onun hazırkı tələbinə artıq yuxarı instansiya məhkəməsində məhkəmə icraatı qaydasında baxılaraq mahiyyəti üzrə hüquqi qiymət verildiyindən iddia mümkün sayılmamalıdır. Bundan əlavə iddiaçının zinət əşyaları, məişət texnikası və cehizlik əşyaların məhv olunmasına görə zərərin ödənilməsi, eyni zamanda mənəvi zərərin ödənilməsi tələbinə gəldikdə birinci instansiya məhkəməsi hesab etmişdir ki, bu hissədə iddiaçının iddia tələbi əsassız hesab edilməlidir, belə ki, bunu əks etdirən hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İş materiallarından da görünür ki, hazırkı iş üzrə İddiaçı yuxarıda qeyd edilən məhkəmə işi üzrə tərəf olmadığından həmin iş üzrə qəbul edilən məhkəmə qərarı da onun üçün məcburi xarakter daşımır. İddiaçının zinət əşyaları, məişət texnikası və cehizlik əşyaların məhv olunmasına görə zərərin ödənilməsi, eyni zamanda mənəvi zərərin ödənilməsi tələbinə gəldikdə isə kollegiya qeyd edir ki, həmin iddia tələblərinin əsaslı olub-olmamasına işə mahiyyəti üzrə baxıldıqdan sonra qərar verilə bilər. Kollegiya həmçinin qeyd edir ki, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməmişdən öncə iddia tələbi ilə bağlı müvafiq ərizə ilə cavabdehə müraciət etməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu barədə iş materiallarında hər hansı bir sübut aşkar edilməmişdir. Həmçinin məhkəmə iclasında iddiaçının nümayəndəsi cavabdeh inzibati orqana müraciət etmədiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı cavabdeh orqana hazırkı iddia tələbi ilə bağlı müraciət etməmiş, həmin orqan tərəfindən imtina almamış, lakin, buna baxmayaraq mövcud iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. İnzibati orqanın iddiaçının müraciətindən imtina etdiyi və ya hərəkətsizlik göstərdiyi hallarda hüquqları pozulmuş şəxsin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq iddia növü ilə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, iddiaçı cavabdehə müraciət etmədiyindən, müraciətdən imtina olunması barədə yazılı məlumatı almadığından, bununla da hazırkı iddianın mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkün sayılmamalıdır Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəsinin hüquqi qiymətləndirməsi qismən əsaslı olduğundan, lakin əldə edilmiş nəticə düzgün olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3239/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar