Məhkəmə qərarları › İş №2-1(103)-1192/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1192/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1192/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (xx.xx.1955-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır, faktiki yaşadığı ünvan-ünvan 3inin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2-1(112)-7733/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 22.06.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 04 may 2021-ci il tarixli **********5 saylı məktubunun əsassız hesab edilməsinə, prokurorluq orqanlarının işçisi kimi yaşa görə pensiya təyin olunmasının mümkün hesab edilməsinə və həmin pensiyanın təyin edilməsi öhdəliyiyin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əmək fəaliyyətinə 17.01.1973-cü il tarixdən başlayıb, 13 fevral 1989-cu il tarixdən 16 sentyabr 2001-ci il tarixə kimi Azərbaycan Respublikasının prokurorluq orqanlarında cəmi 12 il 7 ay 3 gün, o cümlədən DQMV-nin prokurorunun 13.02.1989-cu il tarixli 06 saylı əmri ilə Şuşa rayon prokurorluğunda prokuror köməkçisinin stajoru, DQMV-nin prokurorunun 14.02.1990-cı il tarixli 10 saylı əmri ilə Şuşa rayon prokurorunun köməkçisi, DQMV-nin prokurorunun 01.06.1990-cı il tarixli 45 saylı əmri ilə Mardakert (indiki Ağdərə) rayon prokurorunun köməkçisi, Baş prokurorun 18.11.1992-cı il tarixli 1123 saylı əmri ilə Tərtər rayon prokurorunun köməkçisi, Baş prokurorun 23.05.1994-cü il tarixli 413 saylı əmri ilə Tərtər rayon prokurorunun müavini, Baş prokurorun 23.11.1995-ci il tarixli 698 saylı əmri ilə Zəngilan rayon prokurorunun köməkçisi, Baş prokurorun 08.11.1996-cı il tarixli 430 saylı əmri ilə Ağcabədi rayon prokurorunun köməkçisi vəzifələrində işləyib. Baş prokurorun 13.07.2001-ci il tarixli 03/671-k saylı əmri ilə aparılmış struktur dəyişiklərlə əlaqədar tutduğu vəzifədən azad olunub. Bundan sonra əmək fəaliyyətini Bərdə rayon İcra Hakimiyyətində 01.10.2001-ci il tarixdən hüquq şöbəsinin hüquqşünası, 28.10.2011-ci il tarixdən isə hal- hazıra kimi həmin şöbənin müdiri vəzifəsində işləməklə davam edir. xx.xx.1955-ci ildə anadan olduğuna görə onun prokurorluq orqanlarında yaşa görə pensiyaya çıxmaq hüququ 20.09.2015-ci il tarixdə yaranmışdır. Ona görə də o 25.01.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edib, cavabdeh vaxtında müraciətinə cavab vermədiyi üçün ona 2-ci dəfə 15.04.2021-ci il tarixdə müraciət edib. 20 may 2021-ci il tarixdə cavabdeh 04 may 2021-ci il tarixli **********5 saylı məktubu göndərib bildirib ki, “Əmək pensiyaları haqqında'" Azərbaycan Respublikası Qanununun 20.8.1. və 20.8.2- ci maddələrinə əsasən prokurorluq orqanlarının işçisi kimi yaşa görə əmək pensiyası prokurorluq orqanlarında 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir, onun isə stajı 15 ildən az (12 il 7 ay 3 gün) təşkil etdiyi üçün ona prokurorluq orqanlarının işçisi kimi əmək pensiyasının hesablanması mümkün hesab edilməmişdir. Hesab edir ki, cavabdeh ona göndərdiyi məktubla onun pensiya almaq hüquqlarını pozub və həmin məktubda gətirilən dəlillər tam əsassızdır. Belə ki, ona pensiya təyin olunmalı andan, yəni 20.09.2015-ci il tarixdən 2 il keçdikdən sonra qəbul edilmiş 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (‘‘Azərbaycan" qəzeti, 3 may 2017-ci il. № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. 2017-ci il. № 5, maddə 676) ilə ləğv edilmiş, lakin pensiya hüququ yaranan vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.3-cü maddəsi ilə isə aşağıda müəyyən edilmiş qaydada pensiya təyin olunmalıdır: - prokurorluq orqanlarında 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əmək haqqının 55 faizi miqdarında. 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, prokurorluq orqanlarının işçisi kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2-1(112)-7733/2021 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2-1(112)-7733/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2-1(112)- 7733/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış 04.05.2021-ci il tarixli yazılı imtinada bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.8.1- ci və 20.8.2-ci maddələrinə əsasən prokurorluq orqanlarının işçisi kimi yaşa görə əmək pensiyası prokurorluq orqanlarında 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin prokurorluq orqanlarında stajınız 15 ildən az (12 il 7 ay 3 gün) təşkil edir. Bu səbəbdən də ona prokurorluq orqanlarının işçisi kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən İddiaçı verilmiş 30.04.2020ci il tarixli arayışa əsasən, o, həqiqətən o 15 fevral 1989-cu ildən 14 fevral 1990-cı il tarixə kimi Şuşa rayon prokurorluğunun stajoru, 14 fevral 1990-cı ildən 01 iyun 1990-cı il tarixə kimi Şuşa rayon prokurorunun köməkçisi, 01 iyun 1990-cı ildən 18 noyabr 1992-ci il tarixə kimi Mardakert rayon prokurorunun köməkçisi işləmiş, 18 noyabr 1992-ci ildən 23 may 1994-cü il tarixə kimi Tərtər rayon prokurorunun köməkçisi, 23 may 1994-cü ildən 15 sentyabr 1995-ci il tarixə kimi Tərtər rayon prokurorunun müavini, 15 sentyabr 1995-ci ildən 23 noyabr 1995-ci il tarixə kimi sərəncamda, 23 noyabr 1995-ci ildən 08 noyabr 1996-cı il tarixə kimi Zəngilan rayon prokurorunun köməkçisi işləyərkən 200% əmək haqqı (vəzifə maaşı, xidmət ilinə görə əlavə) almışdır, 08 noyabr 1996-cı ildən 13 iyul 2001-ci il tarixə kimi Ağcabədi rayon prokurorunun köməkçisi vəzifələrində işləmiş, 13 iyul 2001-ci ildən 16 sentyabr 2001-ci il tarixə kimi sərəncamda olmuş, illər üzrə mükafatlar və maddi yardımlar almışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.2.1-ci yarımbəndinə əsasən İddiaçı 20.03.2020-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edildiyi üçün pensiya işi və ya pensiyaçının uçot vərəqi olmadığından məhkəmə sorğusunun icra edilməsi mümkün hesab edilmir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 9.4.1-ci maddədə “ 25” rəqəmləri “ 35” rəqəmləri ilə əvəz edilmişdir, 9.4.2-ci maddədə “ 25” rəqəmləri “ 35” rəqəmləri ilə, “12 il 6 ayını” sözləri “17 il 6 ayını” sözləri ilə əvəz edilmişdir. Həmin qanun 2017-ci il iyulun 1dən qüvvəyə minmişdir. Göründüyü kimi 01.07.2017-ci ilə qədər olan redaksiyasına əsasən 25 ildən az olduğu üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.4.2-ci maddəsinə əsasən prokurorluq işçisi kimi pensiya təyinatı üçün üç şərtin eyni vaxtda olması önəmlidir: - prokurorluq orqanlarında qulluğa yaşa görə xitam verilməli; - 25 il və daha çox ümumi iş staj olmalı; - bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş olmalıdır. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür, prokurorluq orqanlarında stajı 12 il 7 ay 3 gün, ümumi stajı əmək kitabçasına əsasən 25 ildən çoxdur. İddiaçının əmək kitabçasına əsasən müəyyən olunur ki, 16.09.2001-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə), prokurorluq orqanlarından xaric edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 25 ildən çox ümumi stajı, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş olsa da, prokurorluq orqanlarından işçilərin sayı və ya ştatları ixtisar edildiyinə görə xaric olunduğundan cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2-1(112)-7733/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2-1(112)-7733/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar