Məhkəmə qərarları › İş №2-1(103)-1192/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1192/2023

31.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1192/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil3, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiya ödənilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-396/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi və sonradan iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına görə ona verilməli olan 17800 manat məbləğində kompensasiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının “ünvan 2 ünvanına görə ona verilməli olan kompensasiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddianın dəyişdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, yaşadığı və qeydiyyatda olduğu evin sökülməsinə görə kompensasiyanın verilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinin icrasından imtina edilmişdir. Hesab etmişdir ki, kompensasiyanın verilməsi üçün tələb olunan bütün sənədlər mövcud olsa da, cavabdeh əsassız olaraq onun müraciətini icra etmir. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktubunun dəlilləri ilə eynilik təşkil edən yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-396/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün işi birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı qanunsuz və haqsızdır. Belə ki, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1475/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qərardadı ilə (hakimlər C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və E.E.Nağıyeva) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-396/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2022ci il tarixli, 2-1(102)-1712/2022 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1475/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəfləri dinləyib, İPM-in 96.11-ci maddəsinin tələbi qaydasında Ali Məhkəmənin qərarından irəli gələn göstərişləri nəzərə almaqla, təkrar apellyasiya qaydasında iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2-1(112)- 396/2022 saylı qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2-1(102)-1712/2022 saylı qərarında qeyd olunmuşdur ki, obyektiv araşdırma prinsipinin tələbinə əsasən iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırma predmetini iddiaçının yuxarıda qeyd olunan mənzilə dair əmlak hüququnun olub-olmamağının müəyyənləşdirilməsi təşkil etməli idi. İddiaçının təkcə həmin mənzildə qeydiyyatda olması iddiaçının mənzilə əmlak hüququ olmasını ehtiva etmir. Mənzildə qeydiyyatda olan hər hansı şəxsin münasibətindən asılı olmayaraq, iddiaçının sözügedən mənzilə əmlak hüququnun mövcudluğu cavabdehə qarşı kompensasiya ödənilməsi ilə bağlı müraciət etməsi üçün yetərli sayıla bilər. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının formalaşdırdığı hüquqi mövqeyə görə iddiaçının subyektiv hüququnun olmaması iddianın mümkün sayılmaması üçün əsasdır. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının ünvan 1 ünvanında yerləşən mənzilə subyektiv hüququnun, o cümlədən də əmlak hüququnun olması ilə bağlı araşdırmanı tam aparmamışdır”. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Akademik Qarayev, dalan 16 ünvanda yerləşən 8 saylı evin onun mülkiyyətində olması ilə bağlı hər hansı hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etmədiyindən, İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Halbuki, birinci instansiya məhkəməsi İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə subyektiv hüququnun, o cümlədən də əmlak hüququnun olması ilə bağlı araşdırmanı tam aparmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlük şərtlərinə qiymət verilərkən işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuşdur. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən alınmanın təsirinə məruz qalan şəxs torpağa (əmlak) üzərində mülkiyyət və ya istifadə hüququna malik olan şəxslər hesab olunur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə subyektiv hüququnun, o cümlədən də əmlak hüququnun olması ilə bağlı ətraflı araşdırma apararaq (digər mümkünlük şərtləri ilə birlikdə) nəticəyə gəlməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2-1(112)-396/2022 saylı qərardadı ləğv edilsin. İş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Rəşid Səmədov Hakimlər Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar