Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1192/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5588/2023 nömrəli, 16 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və övladları İddiaçı2, İddiaçı3 və İddiaçı4 ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin inzibati binasına, yəni ünvan 2 ünvanına qeydiyyata alınmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5588/2023 nömrəli, 16 may 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin inzibati binasına, yəni ünvan 2 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2954/2023 nömrəli, 25 avqust 2023-cü il tarixli qərardadı ilə cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5588/2023 saylı, 16 may 2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamış və cavabdehə geri qaytarılmışdır. Hazırda cavabdeh yenidən həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2954/2023 nömrəli, 25 avqust 2023-cü il tarixli qərardadı ilə cavabdehin Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 5588/2023 saylı, 16 may 2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamış və cavabdehə geri qaytarılmışdır. Həmin qərardadda qeyd olunur ki, apellyasiya şikayətini imzalayan şəxsin ad və soyadı, həmçinin vəzifəsi qeyd edilməmiş, onun səlahiyyətini təsdiq edən sənəd şikayətə əlavə edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə hüquqi yardım göstərilərək 11 iyul 2023-cü il tarixli bildirişlə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5588/2023 saylı 16 may 2023-cü il tarixli qərarından apellyasiya şikayətini imzalayan şəxsin onu vermək və imzalamaq səlahiyyətinin olmasını təsdiq edən sənədi (etibarnaməni) məhkəməyə təqdim etməyi təklif edilsə də, cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, 04 avqust 2023-cü il tarixli məktubla məhkəmə kollegiyasının 11 iyul 2023-cü il tarixli bildirişinə cavab olaraq bildirilmişdir ki, cavabdeh Yasamal Rayon Polis İdarəsinin apellyasiya şikayətində göstərilənləri nəzərə alaraq qərar qəbul edilməsi xahiş olunmuşdur. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti verərkən apellyasiya şikayətində şikayəti verən şəxsin adı, soyadı, atasının adı və ünvanı göstərilməli, şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd əlavə edilməli olduğu halda, edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya instansiyasında birinci icraat zamanı apellyasiya şikayətində yol verilən nöqsanları Bakı Apellyasiya Məhkəməsinin hüquqi yardımına uyğun olaraq aradan qaldırmalı olduğu halda bunu etməmişdir. Ona görə də cavabdehin verdiyi apellyasiya şikayəti mümkün sayılmamışdır. Daha sonra isə cavabdehin həmin qərardaddan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti vermək hüququ vardır. Lakin cavabdeh həmin qərardaddan kassasiya şikayəti verməmiş, apellyasiya şikayətinin mümkün sayılmaması barədə qərardad mövcud olduğu halda yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də cavabdehin qərardan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5588/2023 nömrəli, 16 may 2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1192/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1192/2024
24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver