Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1193/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, İddiaçı və onun vəkili X1 iştirakı ilə cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı ehtiyata buraxılmaq haqqında əmrə dəyişiklik edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-249/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41-ci maddəsinin 41.0.6-cı bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı haqqında AR Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli 906 ş/h nömrəli əmrinin ona aid hissəsində dəyişiklik edilərək, onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41-ci maddəsinin 41.0.9-cu bəndinə əsasən (öz arzusu ilə) Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 2001-ci ildən 2018-ci ildə ehtiyata buraxılana qədər Xidmətin orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. Son xidmət yeri Xidmət Sərhəd Nəzarəti İdarəsinin “Şıxlı” X3 mühafizə bölməsinin rəisi vəzifəsi olmuşdur. Bu vəzifədə xidmət edərkən xx.xx.2018-ci il tarixdə Xidmətin Tibb Xidməti rəisi və Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının laboratoriya rəisi X5 Məntəqəsinin hərbi qulluqçu heyətindən (o da daxil olmaqla) qan və sidik analizlərinin nümunələrini götürmüş və xx.xx.2018-ci il tarixdə Sərhəd Nəzarətinin rəisi onu yanına çağırıb bildirmişdir ki, qan analizinin nəticələrinə görə onun qanında narkotik maddələrin izləri aşkar olunmuş və bununla əlaqədar Xidmətin Hərbi Həkim Komissiyasına göndərilir. 2 gün Hərbi Həkim Komissiyasında müayinə olunduqdan sonra onun tərəfindən narkotik və psixotrop maddələrin qəbul edilib-edilməməsinin müəyyən olunması üçün o, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Xidmətin Hərbi Hospitalının sinir-əsəb şöbəsində müayinə olunmuş və müayinənin nəticələrinə görə onun narkotik və psixotrop maddələri qəbul etməyi təsdiq olunmamışdır. Lakin bütün bunlara baxmayaraq Xidmət rəisinin xx.xx.2018ci il tarixli 906 ş/h nömrəli əmri ilə qanunsuz olaraq “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41-ci maddəsinin 41.0.6-cı bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin əsaslarına görə, xx.xx.2018-ci il tarixdə Xidmətin ixtisaslı həkimləri tərəfindən sabiq hərbi qulluqçu İddiaçı sidik analizindən narkotik tərkibli morfin maddəsinin izləri aşkar olunmuşdur. Bundan başqa, ondan götürülmüş sidik nümunəsi Daxili İşlər Nazirliyinin A.Heydərov adına Hospitalın klinik laboratoriyasında da müayinə olunarkən narkotik maddə olan morfin aşkar olunmuşdur. Buna görə də iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq Xidmət rəisinin xx.xx.2018-ci il 906 ş/h saylı əmri ilə xidməti uyğunsuzluğa görə Xidmətdə həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı narkotik vasitə qəbul etməklə hərbi qulluqçuya yaraşmayan əməllərə yol vermiş, hərbi nizamnamələrin tələblərini kobud surətdə pozmuşdur. İddiaçı məhkəmədə narkotik tərkibli maddə qəbul etdiyini inkar etsə də, onun qəbul etdiyi qeyd olunan analizlərlə sübuta yetirilir. Bundan başqa, iddiaçının təqdim etdiyi sonradan müayinədən keçməsi barədə saxta analizlərin cavabını sübut kimi qəbul etməklə məhkəmə mövcud qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə işin hallarının araşdırılması prinsipinə düzgün riayət etməmiş, əsassız qərar qəbul etmişdir. Qərar qanuni və əsaslı hesab oluna bilməz. Çünki maddi və prosessual hüquq normalarını pozaraq, sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirmədən, işin hallarına uyğun olmayan əsassız qərar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-2361/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 2-1(102)-468/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İİK-nın xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı və vəkili birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsaslıdır. İşdə olan, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli 906 ş/h nömrəli əmri ilə iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) uyğun olaraq “Şıxlı” sərhəd nəzarəti məntəqəsi 2-ci bölmənin rəisi vəzifəsindən azad olunmaqla, Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “Hazırkı iddia mübahisələndirmə haqqında iddiadır. İddiaçı cavabdehin xx xxxx 2018-ci il tarixli əmrini mübahisələndirir. Məhkəmə tərəfindən cavabdehin əmri verilən vaxt hansı hüquq normasının tələblərinin pozmasına aydınlıq gətirilməmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0-cı maddəsinə əsasən, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (...); 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (...) 41.0.9. öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; (...). İddiaçı barəsində mübahisə olunan inzibati akt qəbul edilənədək iddiaçı öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmasını xahiş etməmişdir.” İPM-in 96.11-ci maddəsinə görə, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin qərarında əks olunan göstərişlərin icrası ilə bağlı məhkəmə kollegiyası bildirir ki, hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Bu baxımdan, cavabdehin mübahisəli əmri formal-hüquqi baxımdan qanunidir. Belə ki, həmin əmrin (inzibati aktın) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlumdur, həmin orqan buna müvafiq səlahiyyəti olan inzibati orqandır, əmr qanunvericiliyə əsasən müəyyən rəsmi sənəd formasında qəbul edilmə tələbinə cavab verən inzibati aktdır, əmrin icrası mümkündür və kimə ünvanlandığı aydındır. Mübahisəli inzibati aktın qanuniliyi maddi-hüquqi baxımdan yoxlanılarkən isə müəyyən olunmalıdır ki, həmin aktda qüvvədə olan qanunvericilik aktlarının tələblərinə əməl olunmuşdurmu? Bunun üçün ilk növbədə hərbi qulluqçuların öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılması prosedurunu tənzimləyən qanunvericiliyin müvafiq müddəaları təhlil edilməlidir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun: 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X2”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin:
162. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir;
168. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 - 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Hərbi qanunvericiliyin sadalanan normalarının mənasına görə, hərbi qulluqçuların öz arzusu ilə yaxud xidməti uyğunsuzluqla həqiqi hərbi xidmətdən ehtiyata buraxılması müxtəlif faktiki və qanuni əsaslara söykənir. Bu eyni zamanda buraxılmağa təqdim olunmazdan qabaq bilavasitə rəis tərəfindən tərtib olunan buraxılma haqqında təqdimatın (raportun) əsaslarının da fərqli olması deməkdir. Lakin iddiaçının öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün bilavasitə rəisinə raportla müraciət etməsi, sonuncunun isə həmin əsasla yuxarı komandanlıq qarşısında təqdimatla çıxış etməsi (bu barədə vəsatət qaldırması) iş materialları ilə təsdiqini tapmır, iddiaçı belə bir raportla bilavasitə rəisinə müraciət etdiyini irəli sürmür. Belə olan halda, cavabdehin mübahisəli əmrinin iddiaçının öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına istinadən qəbul edilmədiyi əsası ilə qanunsuz sayılmasına dair iş üzrə hər hansı dəlil müəyyən edilmir. Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin mübahisəli əmri qəbul etməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.1), cavabdehə səlahiyyət verən normanın dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin mübahisəli əmri qanunauyğun olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır (İPM-70.1), əmr mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Lakin şikayət olunan qərardan görünür ki, birinci instansiya məhkəməsi işin müzakirə edilən hallarına düzgün hüquqi qiymət verməmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, qanunsuz qərar qəbul etmişdir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgün deyil, apellyasiya şikayəti qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul olunmalı, iddia əsassız olduğu üçün təmin edilməməli, şikayət təmin edilməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-249/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41-ci maddəsinin 41.0.6-cı bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı haqqında AR Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli 906 ş/h nömrəli əmrinin ona aid hissəsində dəyişiklik edilərək, onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41-ci maddəsinin 41.0.9-cu bəndinə əsasən (öz arzusu ilə) Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov