Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1193/2022 11.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqinin göndərilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7629/N saylı, 14 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona pensiyanın təyin edilməsi üçün məlumat vərəqəsinin N saylı hərbi hissədə aldığı əmək haqqına uyğun olaraq tərtib edilərək göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Akademiyasında, xx.xx.2007-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Dövlət Sərhəd Xidmətinin N saylı Hərbi Hissəsində, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində zabit kimi qulluq etmişdir. xx.xx.2016-cı il tarixli Dövlət Sərhəd Xidmətinin Komandanın əmri ilə (xəstəliyə görə) ehtiyyata buraxılmışdır. İddiaçı N saylı Hərbi Hissədən səhhətinə görə digər N saylı hərbi hissəyə köçürülmüşdür. Daha sonra AR Dövlət Sərhəd Xidmətinin X2 xx.xx.2016-cı il tarixli 1945 saylı əmri ilə (əsasnamənin 41.0.3-cu laddəsinə əsasən xəstəliyə görə) İddiaçı ehtiyata buraxılmışdır. O, ehtiyata buraxılarkən pensiya təminatı N saylı hərbi hissədə aldığı əmək haqqına uyğun hesablanmış və məlumat vərəqi aldığı əmək haqqı və digər əlavələrə uyğun olaraq doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq bölməsinə göndərilmişdir. İddiaçı N saylı hərbi hissədə N ildən az xidmət etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, sabiq hərbi qulluqçu İddiaçı 2007-ci ilin avqust ayında MTN Heydər Əliyev adına Akademiyasını bitirdikdən sonra xidmətini davam etdirmək üçün Dövlət Sərhəd Xidməti rəisinin sərəncamına göndərilmiş və xx.xx.2007-ci il tarixdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətə qəbul edilərək X3 N nömrəli hərbi hissəsində müvafiq vəzifəyə təyin edilmişdir. Həmin hərbi hissədə bir sıra vəzifələrdə xidmət keçmişdir. Səhhətində yaranmış problemlərlə əlaqədar müayinə və müalicədən sonra Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və barəsində 13 avqust 2015-ci il tarixli 931 nömrəli arayış tərtib edilmişdir. Həmin arayışa əsasən İddiaçı səhhətində funksiyaların cüzi dərəcədə pozulması ilə onurğanın ikinci mərhələ skoliozu. Dural kisənin və sinir kökcüyünün sıxılması ilə C6-C7 fəqərəarası diskin yırtığı. C3- C4 fəqərəarası diskin protuziyası. L5S1 fəqərəarası diskin mərkəzi yırtığı. Funkisyaların pozulması olmayan davamlı zəif ağrı sindromu, hərəkət və hissi pozulmalar ilə müşayət olunan C6- C7diskogen, soltərəfli radikulopatiya. Dissosiativ-konversion reaksiyalar diaqnozlu xəstəliklə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 66c, 26ç maddələrinin İİİ qrafasına əsasən Sıradankənar hərbi xidmətə yararlı olması təsdiq edilmişdir. İddiaçı xidmət keçdiyi çevik hərəkət dəstəsində fiziki cəhətdən sağlam və hazırlıqlı hərbi qulluqçuların xidmət keçməsi zəruri olduğundan yuxarıda qeyd olunan (xx.xx.2015-ci il tarixli 931 nömrəli) Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı əsasında barəsində müvafiq sənədlər məruzə edilmiş və xidmət yeri xx.xx.2016-cı il tarixdə xəstəliyi ilə əlaqədar xidmət aparmasına uyğun olan Sahil Mühafizəsinin qərargahının qoşun hazırlığı bölməsinin baş zabiti vəzifəsinə dəyişdirilmişdir. İddiaçı 02 may 2016-cı il tarixdə raportla müraciət edərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələri ehtiyatına buraxılmasını xahiş etmiş və xx.xx.2016-cı il tarixdə 1945 ş/h nömrəli əmrlə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılan günədək 13 il 02 ay 12 gün təqvimi xidmət illəri hesablanmışdır. Qeyd olunan qanunun müvafiq maddəsinə əsasən xx.xx.2016-cı il tarixdə onun xidmət yerinin Sahil Mühafizəsinin qərargahının qoşun hazırlığı bölməsinin baş zabiti vəzifəsinə dəyişdirilərkən yaşa görə əmək pensiyası almaq hüququna malik olmamışdır. Bu səbəbdən də iddiaçı sabiq hərbi qulluqçu İddiaçı iddiasının əsassız olmasını hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7629/N saylı, 14 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 40-ci maddəsinin ikinci hissəsinə əsasən, səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün xidmət illərinə görə pensiya almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən onların pensiyası bilavasitə göstərilən köçürməyədək azı bir il çalışdıqları vəzifə üzrə maaşdan hesablanır. Lakin məhkəmə bu maddəni tətbiq etməmiş və “Əmək Pensiyaları” Haqqında qanunun 20.18-ci bəndini əsas tutaraq iddianı təmin etməmişdir. Bundan əlavə məhkəməyə hər iki qanunun müddəaları arasında kolliziyanın olması və bu iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu verilməsi ilə bağlı vəsatəti təmin olunmamışdır. Tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2007-ci il tarixdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətə qəbul edilərək X3 N nömrəli hərbi hissəsində müvafiq vəzifəyə təyin edilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 931 nömrəli qərarı əsasında xidmət yeri xx.xx.2016-cı il tarixdə xəstəliyi ilə əlaqədar xidmət aparmasına uyğun olan Sahil Mühafizəsinin qərargahının qoşun hazırlığı bölməsinin baş zabiti vəzifəsinə dəyişdirilmişdir. İddiaçı 02 may 2016-cı il tarixdə raportla müraciət edərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələri ehtiyatına buraxılmasını xahiş etmiş və xx.xx.2016-cı il tarixdə 1945 ş/h nömrəli əmrlə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçıya Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2017-ci il tarixli məlumat vərəqəsinə əsasən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı iddia edir ki, o, ehtiyata buraxılarkən pensiya təminatı N saylı hərbi hissədə aldığı əmək haqqına uyğun hesablanmış və məlumat vərəqi aldığı əmək haqqı və digər əlavələrə uyğun doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq bölməsinə göndərilmişdir. İddiaçı N saylı hərbi hissədə N ildən az xidmət etmişdir. Halbuki N saylı Hərbi Hissədə uzun müddət xidmət etmiş və səhhətinə görə digər N saylı hərbi hissəyə köçürülmüşdür. Bu səbəbdən onun barəsində təminat xərcliyi N saylı hərbi hissədə qulluq etdiyi dövrə uyğun hesablanaraq məlumat vərəqəsi müvafiq quruma təqdim edilməlidir. Cavabdeh Azərbaycan Respublikasının Əmək pensiyaları haqqında qanununun 20.18-ci maddəsinə istinad edərək, iddiaçının xx.xx.2016-cı il tarixdə xidmət yerinin Sahil Mühafizəsinin qərargahının qoşun hazırlığı bölməsinin baş zabiti vəzifəsinə dəyişdirilərkən yaşa görə əmək pensiyası almaq hüququna malik olmaması əsası ilə iddiaçının müraciətinə imtina vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin imtinasının qanuni olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hazirki iddia tələbinin qanuni əsasını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsi təşkil edir. - “Hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunununun 78-ci maddəsinə əsasən hərbi qulluqçuların xidmət yerinin dəyişilməsi aşağıdakı qaydada həyata keçirilir: a) yuxarı vəzifələrə — xidmət üzrə irəli çəkilmə qaydasında; b) bərabər vəzifələrə — xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün; ) tutduğu vəzifədən azad edilməklə təhsil müəssisəsinə daxil olmaqla əlaqədar, eləcə də təhsili bitirdikdən sonra vəzifəyə təyin edildikdə; q) aşağı vəzifələrə — bu Əsasnamənin 81-ci maddəsində nəzərdə tutulmuş əsaslarla. Həmin qanunun 81-ci maddəsinə əsasən hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda edilə bilər: a) ştatlar ixtisar olunduqda; b) hərbi-həkim komissiyasının rəyinə müvafiq olaraq səhhətinə görə; v) işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə; q) Azərbaycan Respublikası Silahlı X1 uyğun olaraq intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən; d) hərbi qulluqçunun razılığı ilə yaşa və ya ailə vəziyyətinə görə. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. - 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular - 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti vətəminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində xidmət edən hərbi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Apellyasiya şikayətinin dəlillərinə cavab olaraq Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçı xx.xx.1984-cü il təvəllüdlüdür, hazırda 37 yaşı var, Silahlı Qüvvələrin ehtiyatına buraxılan günədək 13 il 02 ay 12 gün təqvimi xidmət illəri hesablanmışdır. Qeyd olunan qanunun müvafiq maddəsinə əsasən xx.xx.2016-cı il tarixdə onun xidmət yerinin Sahil Mühafizəsinin qərargahının qoşun hazırlığı bölməsinin baş zabiti vəzifəsinə dəyişdirilərkən yaşa görə əmək pensiyası almaq hüququna malik olmamışdır. Belə ki, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ olan şəxslərin dairəsi qanunvericilikdə (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsi) dəqiq müəyyənləşdirilmişdir. İddiaçının apellyasiya şikayətində “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun normasının tətbiq edilməli olması ilə bağlı dəlilinə münasibət bildirilərək məhkəmə kollegiyası qeyd edir ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-İİİQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” 462-İİİQD saylı, 2007-ci il 19 oktyabr tarixli Qanunla qüvvədən düşmüş hesab edilmişdir. Hətta həmin Qanunun istinad olunan 40-ci maddəsinin ikinci hissəsində qeyd edilirdi ki, səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün xidmət illərinə görə pensiya almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən onların pensiyası bilavasitə göstərilən köçürməyədək azı bir il çalışdıqları vəzifə üzrə maaşdan hesablanır. Həmin Qanunun 12-ci maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna aşağıdakılar malikdirlər: a) xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular; b) xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslər; v) xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 ,təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmət keçmiş şəxslər; q) hərbi xidmətdə ,və ya orqanlarda xidmətdə 15 il iş stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Beləliklə, işin araşdırılmış hallarına əsasən Məhkəmə Kollegiyasının qənaətinə görə cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin imtinasının qanuna zidd sayılmaması və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməsi nəticəsinə gəlməkdə və hazırki mübahisəyə Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 20.18-ci maddəsini tətbiq etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7629/N saylı, 14 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: İlham Kərimli Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1193/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1193/2022
11.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver