Məhkəmə qərarları › İş №2-1(103)-1194/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1194/2021

18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1194/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı (15.06.1981-ci il tarixində Lənkəran rayonunun Boladi kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2-1(112)-2005/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 28.11.2019-cu il tarixdə cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona hər ay üçün 150 manat olmaqla torpaq sahəsi və ya mənzil sahəsi ayrılanadək kırayə haqqının ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1998-ci ildən 2019-cu ilə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət etmişdir. Hazırda Biləcəri qəsəbəsində kirayədə yaşayır. Ailəlidir, 2 övladı var. O, hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh orqan müraciətini təmin etməmiş və imtinanı onunla əsaslandırmışdır ki, o, öz arzusu ilə tərxis edildiyinə görə güzəştli şərtlərlə mənzil növbəsinə götürülmə ilə əlaqədar qanunvericiliyin müddəaları ona şamil edilmir. Hesab edir ki, imtina əsassızdır. Buna gorə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin 05 mart 2020-ci il tarixli məhkəmə iclas protokoluna əsasən iddiaçı sədrlik edənin sualına cavab olaraq iddia ərizəsinin xahiş hissəsində texniki səhv olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yazıldığını, cavabdehin Cavabdehin olduğunu bildirmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun ailə üzvləri ilə birlikdə (özü, arvadı, 2 nəfər övladı) mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 27 oktyabr 2020-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2-1(112)-2005/2020 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmiş, İddiaçı ailə üzvləri ilə birlikdə (özü, arvadı, 2 nəfər övladı) mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehin üzərinə qoyulması qərara alınmışdır. 04.02.2021-ci il tarixdə cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2-1(112)-2005/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericilikdə nəzərdə tutulan güzəştlər yaş, xəstəlik, ştatların ixtisarı, ailə vəziyyəti ilə bağlı olduğundan və iddiaçı da öz arzusu ilə ehtiyata buraxıldığından iddia əsassızdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2-1(112)-2005/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan : - Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 15.11.2019-cu il tarixli məktubda qeyd olunur: Sizin ehtiyata buraxılmış hərbi qulluqçu kimi güzəştli şərtlərlə mənzil növbəsinə götürülməyiniz və müvəqqəti mənzil kirayə xərclərinin verilməsi barədə Cavabdehə ünvanladığınız ərizəyə tərəfimizdən baxılmışdır. Məlumat üçün bildiririk ki, 25 dekabr 1991-ci il tarixli "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun (№ 36) 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidməti hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin maddənin 3-cü hissəsinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən qaydada bələdiyyələr pulsuz torpaq sahəsilə ilk növbədə, lakın mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən gec 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular gostərilən qaydada mənzillə və ya torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar. “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 №-li qərarının 1-ci bəndinə görə yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə və miçmanlara, habelə 15 təqvim ili daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri 3 aydan mənzil və ya fərdi yaşayış evinin tikintisi uçun torpaq sahəsi ayrılanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə kompensasiya ödənilir: 1.1. Bakı şəhərində - 150 manat. 2. Qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən kompensasiya məbləğinə 50%-i (75 manat) miqdarında əlavə ödənilir. Ərizənizə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov Rayon İdarəsinin 08.10.2019-cu il tarixli 333 №-li arayışına əsasən Siz 15.08.1998-ci il tarixdən 26.08.2002-ci ilədək AAHM-də müdavim, 26.07.2002-ci il tarixdən 26.04.2019-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişsiniz və MN-nin 0338 №-li əmrinə əsasən öz arzunuzla 26.04.2019-cu il tarixdə tərxis olunmuşsunuz. Yuxarıda sadalanan qanun normalarının müddəaları öz arzusu ilə tərxis olunmuş hərbi qullquçulara şamil olunmadığından Sizin güzəştli şərtlərlə mənzil növbəsinə götürülməyiniz və müvəqqəti mənzil-kirayə xərclərinin verilməsi mümkünsüzdür. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon idarəsi tərəfindən verilmiş 28.10.2019-cu il tarixli 333 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən 15.08.1998-ci il tarixdən 26.08.2002ci ilədək AAHM-də müdavim, 26.07.2002- ci il tarixdən 26.04.2019-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət edib. Azərbaycan Respublikası MN-nin 0338 №-li əmrinə əsasən 26.04.2019- cu ildə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndinə əsasən öz arzusu ilə tərxis olunmuşdur. 18.06.2019-cu il tarixdən SHXÇDX-nın Nərimanov rayon idarəsində qeydiyyatdadır. - İddiaçı məxsus EZ №0011825 nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 15.08.1998-ci il tarixdən 26.08.2002-ci ilədək AAHM-də kursant, 26.07.2002-ci il tarixdən 26.04.2019-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmiş, Azərbaycan Respublikası MN-nin 0338 №-li əmrinə əsasən 26.04.2019-cu ildə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndinə əsasən öz arzusu ilə ehtiyata buraxılmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən məhkəməyə ünvanlanmış 06.05.2020-ci il tarixli məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində mövcud olan arxiv materiallarına əsasən İddiaçı adına ünvan 5ində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,20 ha həyətyanı və 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən 04.09.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı adına ünvan 5i ünvanında yerləşən, 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaqlar ümumi birgə mülkiyyət, ünvan 5i ünvanında yerləşən, 0,2 ha yaşayış məntəqələrinin torpaqları ümumi birgə mülkiyyət qeydiyyata alınmışdır (ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi tam olmayan elektron məlumatlar bazası). - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən 24.09.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı adına Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. - JN-1245F seriyalı, kod 80200028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Lənkəran rayonu Boladi kənd sakini X1 Lənkəran rayon Aqrar İslahat Komissiyasının 20.12.1997-ci il tarixli 12 saylı qərarı ilə 0,20 hektar torpaq sahəsi (həyətyanı sahə) mülkiyyətinə verilmişdir. Ailə üzvləri X2, X3, X4, İddiaçı. - nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı ilə Əhmədova (Cabbarova) Gülgün Habil qızı 22.12.2008-ci ildə nikaha daxil olmuşlar, onların birgə nikahlarından 26.04.2009-cu il tarixdə X5, 13.09.2011-ci il tarixdə X6 doğulmuşdur. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olduğu iş materialları ilə öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan JN-1245F seriyalı, kod 80200028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən həmin torpaq sahəsi X1 Lənkəran rayon Aqrar İslahat Komissiyasının 20.12.1997-ci il tarixli 12 saylı qərarı ilə verilmişdir və ailə üzvləri X2, X3, X4, İddiaçı qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı (arvadı, 1 nəfər oğlu, 1 nəfər qızı olmaqla 3 nəfər ailə üzvü ilə birlikdə) mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi xidmət müddətinin 15 ildən çox olması və onun ailə üzvləri ilə birlikdə mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin edilməməsi hazırkı iddia tələbinin əsaslı olmasını sübut edir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2-1(112)-2005/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Bakı şəhəri Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2-1(112)-2005/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar