Məhkəmə qərarları › İş №2-1(103)-1194/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1194/2023

31.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1194/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Səmədov Rəşid Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı1 və İddiaçı3 qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdeh Bakı şəhəri Cavabdeh2nə qarşı şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi haqqında iddia tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli, 2- 1(81)-4633/2014 saylı qərarından iddiaçıların qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı1 və İddiaçı3 qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh2nə qarşı iddia ilə məhkəməyə müraciət edərək, uşaqları İddiaçı1 və İddiaçı3 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi vəzifəsinin Cavabdeh2nə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2014-cü il tarixli, 2-1(81)-4633/2014 saylı qərardadı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qanuni nümayəndə 2008-ci ildə Shahzada Nafisa ilə nikaha daxil olmuşdur. 2009-cu ildə Azərbaycan Respublikasına gəlmiş və BMTQAK tərəfindən Himayə Sənədi ilə təmin edilmişdir. Azərbaycan Respublikasının ərazisində iddiaçının 28 iyun 2010-cu ildə İddiaçı1 adlı, 25 avqust 2011-ci ildə isə İddiaçı3 adlı uşaqları doğulub. Hər ikisi müvafiq qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edilib. Onların Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi üçün Cavabdeh2nə müraciət etsələr də, cavab olaraq bildirmişlər ki, vətəndaşlıq məsələlərinin həlli səlahiyyətləri daxilində olmadığı üçün eyni məzmunlu ərizə ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edilməlidir. Cavabdeh2 cavabını tamamilə qanunsuz hesab etdiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Belə ki, Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin etmək kimi bir səlahiyyəti yoxdur. Bakı İnzibati Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli, 2-1(81)-4633/2014 saylı qərarı (hakim Ş.Məmmədova) ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 aprel 2015-ci il tarixli, 2-1(103)-512/2015 saylı qərarı ilə (sədrlik edən K.Abıyeva; hakimlər M.Tağızadə və N.Mustafayev) İddiaçı1 və İddiaçı3 qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2014cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 22 sentyabr tarixli, 2-1(102)-1040/2015 nömrəli qərarı (hakimlər: X18 (sədrlik edən və məruzəçi), X11 və X19) ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 21 aprel tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi 2022-ci il 13 yanvar tarixli qərarında qeyd etmişdir ki, yerli məhkəmələr 2014-cü il 30 may tarixədək Azərbaycan ərazisində əcnəbi valideynlərdən doğulmuş uşağın Azərbaycan vətəndaşı sayılmaması barədə qərar çıxararkən hansı hüquqi əsasa istinad etdiklərini izah etməmişdir. Onlar, həmçinin aidiyyəti olan uşaqların hamısının Azərbaycanın dövlət orqanları tərəfindən verilmiş doğum haqqında şəhadətnaməyə və bu sənədin 2014-cü il 30 may tarixədək qüvvədə olan 1998ci il 30 sentyabr tarixli Qanunun 6-cı maddəsinə və Konstitusiya Məhkəməsinin 2003-cü il 31 yanvar tarixli qərarına əsasən vətəndaşlığı təsdiq edən sənəd statusuna malik olmasını nəzərə almamışlar. Qərara əsasən “İnsan Hüquqlarının və X9 haqqında” Konvensiyasının 8-ci maddəsi pozulmuş hesab edilmiş, cavabdeh dövlət tərəfindən dəymiş mənəvi zərərə görə ərizəçilərin hər birinə 2100 avro kompensasiya ödənilməsi qərara alınmışdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 2022-ci il 13 yanvar tarixli qərarına əsasən hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat qaydasında baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 sentyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015ci il 25 iyun tarixli, 2-1(102)-821/2015 nömrəli; 2015-ci il 2 iyul tarixli, 2-1(102)-851/2015 nömrəli; 2016-cı il 30 iyun tarixli, 2-1(102)-10/2016 nömrəli; 2015-ci il 22 sentyabr tarixli, 2- 1 (102)-1040/2015 nömrəli; 2016-cı il 17 fevral tarixli, 2-1 (102)-12/2016 nömrəli; 2015-ci il 3 noyabr tarixli, 2-1(102)-1215/2015 nömrəli və bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 1 aprel tarixli, 2-1(103)-449/2015 nömrəli; 2015-ci il 11 fevral tarixli, 2-1(103)-356/2015 nömrəli; 2015-ci il 5 may tarixli, 2- 1(103)-690/2015 nömrəli; 2015-ci il 21 aprel tarixli, 2-1(103)-512/2015 nömrəli, 2015-ci il 30 iyun tarixli, 2-1(103)-896/2015 nömrəli; 2015-ci il 14 iyul tarixli, 2-1(103)-968/2015 nömrəli qərarlarının ləğv edilməsi, iddiaçılar Məryəm Ehsani və Nəstaran Ehsaninin qanuni nümayəndəsi Ehsani X6; X2 və X3 qanuni nümayəndəsi Haidari X1; İddiaçı1 və İddiaçı3 qanuni nümayəndəsi Qanuni nümayəndə; Qureshi X7 qanuni nümayəndəsi Qureshi X5; X16 qanuni nümayəndəsi X33; X17 və X10 qanuni nümayəndəsi X4 tələbləri üzrə işlər yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üçüncü şəxs statusuna xitam verilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13-1(102)-1(a)/2022 nömrəli, 30 sentyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2015-ci il 22 sentyabr tarixli, 2-1(102)-1040/2015 nömrəli və bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 21 aprel tarixli, 2-1(103)-512/2015 nömrəli qərarlarının ləğv edilməsi, İddiaçı1 və İddiaçı3 qanuni nümayəndəsi Qanuni nümayəndə tələbləri üzrə işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin qərarında qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi 2014-cü il 30 may tarixədək Azərbaycan ərazisində əcnəbi valideynlərdən doğulmuş uşağın Azərbaycan vətəndaşı sayılıb-sayılmamasını Azərbaycan Respublikası Konstitusiyası və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun əsasında araşdırmalı, iddiaçıların Azərbaycan Respublikası tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrinin mövcud olması faktını müəyyən etməli və qiymətləndirməli, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarında ifadə olunmuş hüquqi mövqeləri nəzərə almalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşdən görünür ki, iddiaçı Qanuni nümayəndə 2008-ci ildə Shahzada Nafisa ilə nikaha daxil olmuşdur. 2009-cu ildə Azərbaycan Respublikasına gəlmiş və BMTQAK tərəfindən Himayə Sənədi ilə təmin edilmişdir. Azərbaycan Respublikasının ərazisində iddiaçının 28 iyun 2010-cu ildə İddiaçı1 adlı, 25 avqust 2011-ci ildə isə İddiaçı3 adlı uşaqları doğulmuşdur. Hər ikisi də Bakı şəhər Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin olunublar. Onların Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi üçün Cavabdeh2nə müraciət etsələr də, vətəndaşlıq məsələlərinin həllinin onların səlahiyyəti daxilində olmadığı üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etməsi tövsiyyə edilərək İddiaçı1 və İddiaçı3 Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, iddiaçının qanuni nümayəndəsi olduğu övladları Azərbaycan Respublikası vətəndaşı sayılmadıqlarından, Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi isə yalnız Azərbaycan Respublikası vətəndaşlarına verildiyindən iddia təmin edilə bilməz. İddiaçı tərəfindən onun övladlarının Azərbaycan Respublikası vətəndaşları sayılmasına dair sənəd Cavabdeh2nə təqdim edilmədiyindən, bununla da, cavabdehin imtinası əsaslı olduğundan iddia rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşdə olan AZ-İİ № 681374 və AZ-İİİ № 211779 saylı doğum haqqında şəhadətnamələrin notarial təsdiqlənmiş surətlərindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü İddiaçı1 və xx.xx.2011-ci il təvəllüdlü İddiaçı3 Azərbaycan Respublikasının ərazisində - Bakı şəhərində doğulmuşlar, valideynləri kimi atası Qanuni nümayəndə, anası Shahzada Nafisa qeyd olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsinə əsasən Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2014-cü il tarixdə edilmiş dəyişikliyə qədər olan redaksiyasında 11-ci maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir. Həmin Qanunun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır: 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2-1) 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; 3) Azərbaycan Respublikası vətəndaşının pasportu. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. 5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 2.5-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, vəsiqə verən orqan şəxsin bu Əsasnamənin 2.2-ci bəndində nəzərdə tutulan sənədlərinin surətlərini və "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı barədə məlumatları təsdiq edən rəsmi sənədini (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə) araşdırılmaq üçün dərhal Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərməlidir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həmin sənədlərə 10 gün müddətində baxaraq vəsiqə verən orqana şəxsin Azərbaycan Respublikasının vətəndaşı sayılıb-sayılmaması barədə yazılı cavab verir. Şəxs Azərbaycan Respublikasının vətəndaşı sayıldıqda, ona bu Əsasnamə ilə müəyyən edilmiş qaydada şəxsiyyət vəsiqəsi verilir (şəxsiyyət vəsiqəsinin verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin cavab məktubu vəsiqə verən orqana daxil olduğu andan hesablanır). İnsan hüquqları üzrə Avropa Məhkəməsi özünün 13 yanvar 2022-ci il tarixli qərarında göstərmişdir ki, “Konstitusiyanın 52-ci maddəsi və 1998-ci il 30 sentyabr tarixli Qanunun 11-ci maddəsi 2014-cü il 30 may tarixədək qüvvədə olan redaksiyada aydın şəkildə göstərilməklə və bu qaydaya əsasən hər hansı şərt və ya məhdudiyyət nəzərdə tutulmadan, Azərbaycan Respublikasının ərazisində doğulmuş şəxsin Azərbaycan vətəndaşı olduğunu qəbul etmişdir. Doğulduğu yer (Jus soli) əsasında Azərbaycan vətəndaşlığının qeyd-şərtsiz verilməsi Konstitusiya Məhkəməsinin 2003-cü il 31 yanvar tarixil qərarında da öz təsdiqini tapmışdır. Məhkəmə, həmçinin, hazırkı işlərdə daxili qanunvericiliyə verilən şərhin hökumət tərəfindən BMT qarşısında irəli sürülən Azərbaycan Respublikası ərazisində doğulan uşaqların heç bir əlavə şərt qoyulmadan Azərbaycan vətəndaşlığı almasına dair şərhinə zidd olduğunu qeyd edir. Bundan əlavə, Məhkəmə qeyd edir ki, yerli məhkəmələr 2014-cü il 30 may tarixədək Azərbaycan ərazisində əcnəbi valideynlərdən doğulmuş uşağın Azərbaycan vətəndaşı sayılmaması barədə qərar çıxararkən hansı hüquqi əsasa istinad etdiklərini izah etməmişdir. Onlar, həmçinin aidiyyəti olan uşaqların hamısının Azərbaycanın dövlət orqanları tərəfindən verilmiş doğum haqqında şəhadətnaməyə və bu sənədin 2014-cü il 30 may tarixədək qüvvədə olan 1998ci il 30 sentyabr tarixli Qanunun 6-cı maddəsinə və Konstitusiya Məhkəməsinin 2003-cü il 31 yanvar tarixli qərarına əsasən vətəndaşlığı təsdiq edən sənəd statusuna malik olmasını nəzərə almamışlar. Məhkəmə qeyd edir ki, daxili qanunvericiliyin müddəaları milli hakimiyyət orqanları tərəfindən düzgün şərh edilməmişdir və ərizəçilərin övladlarının Azərbaycan vətəndaşlığının rədd edilməsi nə qanuni, nə də zəruri prosessual təminatlara uyğun deyildir. Konvensiyanın 8-ci maddəsi pozulmuşdur”. Beləliklə iş hallarına və qanunvericiliyin tələblərinə əsasən müəyyən edilmişdir ki, iddiaçının övladları xx.xx.2010-cu il təvəllüdlü İddiaçı1 və xx.xx.2011-ci il təvəllüdlü İddiaçı3 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan Qanuni nümayəndə onun övladlarına Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilməsi barədə müraciətini vətəndaşlıq məsələlərinin həllinin səlahiyyətləri daxilində olmadığını əsas götürərək təmin etməkdən imtinası qanunsuz olmuşdur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (hüquq münasibətləri yaranan dövrdə qüvvədə olan redaksiyada) tələbləri baxımından, həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarında ifadə olunmuş hüquqi mövqeləri nəzərə alaraq belə nəticə hasil olunur ki, cavabdehin imtinası qanunsuz olmuş, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli, 2-1(81)-4633/2014 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, iddiaçı Qanuni nümayəndə övladları xx.xx.2010-cu il təvəllüdlü İddiaçı1 və xx.xx.2011-ci il təvəllüdlü İddiaçı3 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Cavabdeh2nə həvalə edilməlidir. Nəticə hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli, 2-1(81)- 4633/2014 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı Qanuni nümayəndə övladları xx.xx.2010-cu il təvəllüdlü İddiaçı1 və xx.xx.2011-ci il təvəllüdlü İddiaçı3 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Cavabdeh2nə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rəşid Səmədov Hakimlər Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar